"Gizli Dədə Qorqud" - yeni mənalar axtarışında" - Musa QARAXANLI

 

Kamal Abdullanın məşhur "Gizli Dədə Qorqud" əsərinin özünəxas, diqqətçəkən odisseyası var.

Süjet və fabula peripetiyaları baxımından deyil, düşüncə və mətn səviyyəsində qurulan "odisseya"dan, mətnin mənadan-mənaya, mifdən yazıya, aşkar qatdan gizli qata doğru uzun və maraqlı yolçuluğundan söhbət gedir. Mənə görə, əsərin əsas hərəkətverici qüvvəsi də məhz bu intellektual səfərdir.

Bu, əsərin illər ərzində davam edən inkişaf tarixində də özünü göstərir: 1991-ci ildən başlayaraq, müxtəlif adlar ("Gizli Dədə Qorqud", "Gizli Dədə Qorqud-2", "Taynıy Dede Korkud", "Mifdən yazıya və yaxud gizli Dədə Qorqud", "Gizli Dədə Qorqud" - yeni mənalar axtarışında"...), nəşrlər, əlavələr, yeni fəsillər və dillər vasitəsilə mətn daim "yolda" olmuş, tamamlanmış forma iddiasından uzaq durmuşdur. Bu baxımdan, "Gizli Dədə Qorqud" sabit nəticəyə çatmaq yox, davam edən axtarış vəziyyətini qorumaq məqsədini sərgiləməkdədir. Bu yanaşma tədqiqatı statik izah mətnindən çıxararaq dinamik intellektual prosesə çevirir və əsərin elmi, estetik dəyərini əhəmiyyətli dərəcədə artırır.

Yenicə çapdan çıxmış "Gizli Dədə Qorqud" - yeni mənalar axtarışında" kitabı müəllifin nəzəri ümumiləşdirmələrini daha da dərinləşdirərək tədqiqatın konseptual çərçivəsini bir növ tamamlayır. Oxucuya təqdim edilən bu monoqrafiya əvvəlki bütün nəşrlərin məntiqi və konseptual ümumiləşdirilmiş formasıdır.

Kamal Abdulla "Kitabi-Dədə Qorqud" mətninin dərin və gizli qatlarını üzə çıxarmaq, bu qatlarda formalaşan mənaların aşkar mətn strukturu ilə qarşılıqlı əlaqəsini təhlil etmək və dastanı dünya mifoloji düşüncəsi kontekstində yenidən oxumaq kimi mübarək bir missiyanı həyata keçirir. Bu, müasir Azərbaycan və Türkiyə humanitar düşüncəsində "Kitabi-Dədə Qorqud" irsinə münasibətdə formalaşmış ənənəvi yanaşmaları yenidən nəzərdən keçirməyə imkan verən fundamental tədqiqat əsəridir.

Kamal Abdulla klassik eposu hazır və dəyişməz mətn kimi deyil, açıq, dialoji və çoxqatlı mədəni fenomen kimi oxuyur. Bu əsər Dədə Qorqudun "gizli" tərəflərini üzə çıxarmaqla yanaşı, oxucunu da fəal şərhçiyə, hətta həmmüəllifə çevirir.

Kamal Abdullanın "Gizli Dədə Qorqud"u onun həm filoloq, həm də yazıçı kimliyinin sintez məhsuludur. Müəllif bu əsərdə nə sırf akademik tədqiqatçı, nə də yalnız bədii təxəyyülə söykənən nasir kimi çıxış edir. O, Dədə Qorqudla dialoq quran müasir düşüncə sahibidir.

Əsərin mərkəzi anlayışı olan "gizli" sözü yalnız sirr və ya ört-basdır edilmiş informasiya anlamında işlədilmir. Burada "gizli" mətndə mövcud olan, lakin açıq şəkildə ifadə edilməyən mənalar sistemidir.

Əsərin ən mühüm tərəflərindən biri onun milli yaddaşa yanaşmasıdır. Kamal Abdulla Dədə Qorqudu keçmişin donmuş abidəsi kimi yox, bu gün də yaşayan düşüncə modeli kimi təqdim edir. Bu baxımdan, Dədə Qorqud nə tarix kitabıdır, nə də yalnız folklor nümunəsi; o, milli şüurun canlı yaddaşıdır. Bu yanaşma "Dədə Qorqud"u sabit həqiqətlər toplusu kimi deyil, dəyişən mənalar məkanı kimi dərk etməyə imkan verir və mədəni yaddaş, milli identiklik və epik düşüncə ilə bağlı bir sıra fundamental problemlərə yeni işıq salır.

Bu xüsusiyyətlər əsəri Umberto Ekonun "açıq mətn" konsepsiyası, Borxesin mətn-labirint anlayışı ilə yaxınlaşdırır. Oxucu mətni oxumur, mətndə yol gedir. Əsər klassik eposu yenidən oxumağın, ona yeni suallarla yanaşmağın mümkünlüyünü sübut edir.

Burada Kamal Abdullanın "Dədə Qorqud və qeyri-səlis məntiq" kitabını da xatırlamaq yerinə düşür: bu iki əsər birlikdə götürüldükdə aydın olur ki, Kamal Abdullanın məqsədi bir çoxları kimi Dədə Qorqudu müasir elmi terminlərlə "izah etmək" deyil, əksinə, müasir düşüncənin özünü qədim mətnin çoxqatlı məntiqinə uyğunlaşdırmaqdır. Məlum olur ki, hələ illər öncədən "qeyri-səlis məntiq" anlayışı müəllifin yalnız nəzəri mövqeyini yox, həm də onun bədii interpretasiya strategiyasını müəyyənləşdirirmiş.

Beləliklə, "Gizli Dədə Qorqud" Kamal Abdullanın elmi və bədii düşüncəsində yalnız bir tədqiqat obyekti kimi çıxış etmir, bu, davam edən intellektual yolçuluğun özüdür. Bu yolçuluq nə yekun nəticə, nə də son söz iddiası daşıyır; əksinə, klassik mətni hər dəfə yeni suallar işığında oxumağın mümkünlüyünü nümayiş etdirir. Müəllif "Kitabi-Dədə Qorqud"u nə sadəcə milli epos, nə də ümumbəşəri arxetiplərin lokal nümunəsi kimi təqdim edir; o, bu mətni qlobal mifoloji düşüncənin aktiv iştirakçısı səviyyəsinə qaldırır. Müəllifin yanaşması göstərir ki, "Kitabi-Dədə Qorqud" keçmişdə qapanmış mətn deyil, bu gün də düşünən, cavab verən və sual yaradan canlı mədəni yaddaşdır. Məhz bu xüsusiyyətinə görə "Gizli Dədə Qorqud" ümumən müasir humanitar təfəkkür üçün mətnlə düşünməyin, miflə dialoqun və milli irsi qlobal kontekstdə yenidən dərk etməyin nümunəvi modelinə çevrilir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!