1977-ci ildə mən təyinat sürgünündən azad olub, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına qəbul olunarkən o artıq İnstitutdan ayrılmışdı və başqa müstəvilərdə qələm çalırdı. Sonralar cəmi bir dəfə - o, Azərbaycan Sovet Ensiklopediyasının, ya baş redaktoru, ya da baş redaktor müavini olduğu zaman kabinetində üz-üzə görüşmüşdük. Az qala, 18 il yaş fərqimiz olsa da, mənimlə tay-tuş kimi danışmağı, özünün daha bilikli, daha təcrübəli, daha yüksək vəzifəli olduğunu qabartmamağı xoşuma gəlmişdi.
Deyəsən, ensiklopediya üçün klassik ədəbiyyat sahəsində hansısa oçerk sifariş etmək istəyirdi mənə, ancaq elə davranırdı ki, sanki mən həmin mövzunun ən böyük araşdırıcısıyam və o da həvəslə bu barədə bilgiləri məndən öyrənmək istəyir...
Docendo discimus - qədim romalı alimlər belə deyirdilər: öyrədərkən özüm də öyrənirəm və bir də dahi Nizaminin bu anlamda olan məşhur beytləri yadıma düşdü:
Hər kəs öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxarar.
Ancaq öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
Çox itizehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular.
Təlimə həvəskar çox korazehin
İqlimlər qazisi olmadı, deyin?
Əsərlərini hələ tələbəlik illərindən tanıdığım Araz Dadaşzadə ilk əyani insanlıq və ziyalılıq dərsini beləcə verdi mənə: heç zaman müsahibini özündən aşağı səviyyədə görmə! Ola bilər, onda elə bir bilik olsun ki, sən ondan öyrənə biləsən! Akademik Məmməd Arif Dadaşzadə ocağının layiqli yetirməsi məhz bu cür yüksək dərəcəli ziyalı olmalı idi və başqa cür də ola bilməzdi!
Və nə yazıq ki, bu möhtəşəm ocaqdan qalxan bu qor çox tez söndü: cəmi 54 il yaşadı. 54 yaş bir alim ömrünün çiçəkləndiyi dövrdür və fundamental "XVIII əsr Azərbaycan lirikası" monoqrafiyasından sonra Araz müəllim hələ çox əsərlərlə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirəcəkdi.
Ancaq tarix feilin şərt və arzu formasını sevmir və qəbul etmir; ona görə də görkəmli yaradıcı insanların nə qədər yaşaması ilə deyil, hansı parlaq izləri qoyub getməsi ilə barışmalı oluruq: məgər cəmi 29 il ömür sürmüş Mikayıl Müşfiqin sənət həyatı davam etmirmi? 49 il yaşamış Mirzə Ələkbər Sabirin ölməz əsərləri indi də dillər əzbəri deyilmi? 50 illik yubileyini ölüm yatağında qeyd etmiş Səməd Vurğunun poetik irsi yaşamırmı?
Araz Məmməd Arif oğlu Dadaşzadənin də gərgin zəhmət və səmərəli axtarışlar hesabına ərsəyə gətirdiyi tədqiqatlar bu gün də ədəbiyyatşünaslığımızın sanballı əsərləri kimi ədəbi toplumda yaşayır və bundan sonra da yaşamağa davam edəcəkdir. Bəs nə durur bu yaşamın əsasında?
Əlbəttə, hər şeydən öncə, araşdırma obyektinə qarşı dərin və ciddi məsuliyyət, saysız-hesabsız faktların və informasiyaların içində doğru yönü müəyyən edib düz yolla irəliləməklə obyektiv nəticə əldə edə bilmək bacarığı...
Sadə bir örnəklə Araz Dadaşzadənin fundamental monoqrafiyasının öz aktuallığını bu gün də saxlamasını göstərmək istərdik. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində və daha sonra yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinin müstəqil dövlətçilik şəraitində inkişafına və zənginləşməsinə, yad ünsürlərdən təmizlənərək saflaşmasına böyük önəm verərək, bu baxımdan humanitar elmimizin qarşısında məsul vəzifələrin durmasına xüsusi diqqət ayırmışdır. "Azərbaycanlı olması ilə həmişə fəxr edən" (ümummilli lider Heydər Əliyev) böyük bir azərbaycanlı kimi cənab Prezident öz narahatlığını ifadə edərək demişdi:
"Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm."
Azərbaycan dilinin təmizliyi, saflaşması probleminə tarixi müstəvidə nəzər salan Araz Dadaşzadə isə hələ 45 il bundan öncə yazırdı:
"XIX əsrdə Seyid Əzim Şirvani, XX əsrdə Sabir, sovet dövründə isə Əliağa Vahid kimi görkəmli nümayəndələrinə baxmayaraq, XVIII əsrdən etibarən əruz vəzni yeni mədəni-estetik qanunauyğunluqlar sayəsində tədriclə öz mövqeyini itirməyə başlayır. Əruzun get-gedə zəifləməsi Azərbaycan dilinin inkişafı, saflaşması, sadələşməsi, milli sözlər hesabına zənginləşməsi ilə də əlaqədar idi".
Şübhəsiz ki, milli dilin tarixi inkişaf və doğma materiallar əsasında zənginləşməsi prosesinin izlənilməsi və qanunauyğunluqların üzə çıxarılması bu gün Respublika Prezidentinin irəli sürdüyü ağrılı problemlərin həllində öz yardımını göstərə bilər.
Professor Araz Dadaşzadə klassik ədəbiyyatşünaslığımızın görkəmli nümayəndələrindən biri kimi, öz elmi yaradıcılığında akademiklər - Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov, Həmid Araslı, Məmməd Cəfər Cəfərov, professor Mir Cəlal Paşayev; rus alimlərindən - Yevgeni Bertels, Aqafangel Krımski və b. elmi məktəblərinin layiqli davamçısı kimi çıxış edir. Bu elmi məktəblərin əsas özəlliyi isə mötəbər elmi faktlara söykənməklə obyektiv nəticələr əldə etmək, populizmdən, sxolastikadan uzaq durmaq, humanitar elmi düşüncəyə öz töhfələrini verməklə dünya səviyyəsində ciddi qəbul edilmək cəhdlərindən ibarətdir. Əlbəttə, bu sırada polemika mədəniyyətini də yaddan çıxarmaq olmaz.
Bu baxımdan Araz Dadaşzadə özündən öncəki alimlərin fikirlərinə tənqidi yanaşaraq öz mövqeyini əsaslı dəlillərlə sübuta yetirməyə nail olur. Çağdaş anlamda elmi ədəbiyyat tarixçiliyinin prinsiplərinə böyük önəm verən Araz Dadaşzadə bu baxımdan ədəbiyyat tarixçiliyimizin beşiyi başında duran Firidun bəy Köçərli və Salman Mümtaz kimi görkəmli ədəbiyyatşünasların yaradıcılığına da tənqidi baxımdan yanaşmağı lazımlı sayaraq yazır:
"Firidun bəy Köçərli və Salman Mümtazın XVIII əsr poeziyasının tədqiqi sahəsində gördükləri işlər bütün sonrakı mətnşünaslıq və ədəbiyyat tarixi kitabları üçün bünövrə rolu oynasa da, nə Firidun bəy Köçərli, nə də Salman Mümtaz hələ sistemli, ardıcıl ədəbiyyat tarixi yaratmaq işinə girişməmiş, müəyyən əsrlərdəki bədii inkişaf lövhəsinin təsvirindən daha çox, məhəlli prinsip üzrə ayrı-ayrı görkəmli ədiblərdən söhbət açmağı üstün tutmuşlar."
Əlbəttə, bu, başqa cür ola da bilməzdi: Şərq təzkirəçiliyi ənənəsində təlim-tərbiyə almış ilk ədəbiyyatşünaslarımız məhz bu ənənəni rəhbər tutmalı idilər və tuturdular da! Yalnız bolşevik işğalından sonra dünya və rus ədəbiyyatşünaslıq elminin təsiri altında Azərbaycan ədəbiyyatşünasları da həmin modeldən istifadə yolu ilə öz elmi tədqiqatlarını yaratmağa başladılar.
Araz Dadaşzadəni klassik ədəbiyyatşünaslıq məktəblərinə yaxınlaşdıran cəhətlərdən biri də onun ərəb əlifbasına dərindən bələdliyi və bu əlifbada heç də asan görünməyən əlyazma əsərlərini asanlıqla oxumaq bacarığı olmuşdur. Bəlkə də doğru olaraq güman edirəm ki, bu bacarığı ona məhz ata ocağında akademik Məmməd Arif Dadaşzadə aşılamışdır. Alim özü bir çox əsərlər üzərində işini məhz əlyazma nüsxələri əsasında aparmasını göstərməklə gözlərimiz önündə həm də istedadlı bir mətnşünas kimi canlanır.
Onu da qeyd etmək istərdim ki, Araz Dadaşzadənin əlyazma nüsxəsi əsasında araşdırdığı bir çox əsərlər sonralar çağdaş əlifbaya transfoneliterasiya edilərək çap edilmişdir ki, bu da, ilk növbədə, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşlarının xidmətinin məhsuludur.
Professor Araz Dadaşzadə bütün istedadlı adamlar kimi dar bir sahəyə qapılıb qalmamış, başqa sahələrdə də qələmini sınayaraq uğur qazanmağa nail olmuşdur. Bu gün bizim istifadəmizdə onun gözəl tərcümələri, müxtəlif filmlərə yazdığı ssenarilər, ədəbi-tənqidi məqalələri və başqa əsərləri vardır.
Araz Dadaşzadə tay-tuşları arasında sayılıb-seçilən, dostlarının hörmət və məhəbbətini qazanmış, gözəl ailə başçısı olmuşdur. Mən onun oğlu, gözəl ədəbiyyatşünas Aqşin Dadaşzadə ilə uzun müddət eyni institutda çalışmış və bu nəslin ən gözəl xüsusiyyətlərini onda görməklə ziyalılıq ənənəsinin yaşarılığının şahidi olmuşam. Anasının adını şərəflə daşıyan qızı Zümrüd xanımla da yaradıcılıq əlaqələrimiz az olmayıb.
Azərbaycan humanitar elminin və ədəbiyyatının 60-cılar nəslinin görkəmli nümayəndələrindən biri olmuş Araz Dadaşzadənin adı bu gün həmin nəslin Anar, Elçin, Vaqif Səmədoğlu, Yaşar Qarayev, Azadə Rüstəmova və b. ilə bir sırada çəkilməkdədir. O bunu öz əsərləri, öz şəxsiyyəti, vətənə, xalqa böyük məhəbbəti ilə haqq etmişdir. İnanırıq ki, bundan sonrakı nəsillər də Araz Dadaşzadə adını həmişə hörmət və izzətlə yad edəcəklər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
