Qəbulə xanım - tarixi şəxsiyyət, ədəbi obraz - Əli bəy AZƏRİ

Rus istilasına qarşı ilk dirəniş hərəkatı liderinin həyatı Azər Turanın araşdırmasında

 

 

2025-ci ildə nəşr olunan kitablar arasında bir neçəsi daha çox diqqətimi cəlb etdi. Onlardan biri "Qəbulə xanım və I Pyotr" adlanır. Adından göründüyü kimi, şəxsiyyətlə bağlı dərin araşdırmanın məhsuludur, çox güman ki, elmi monoqrafiyadır. Kitabın müəllifi cəmiyyətdə iradəsi, prinsipial mövqeyi ilə kifayət qədər yaxşı tanınan filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Azər Turandır.

Azər Turanın yazı manerasına az-çox bələd olanlar yaxşı bilir ki, o, müraciət etdiyi mövzuya necə fundamental və məsuliyyətlə yanaşır. Son iyirmi ildə onun araşdırma materialları ilə tanışlığım da belə deməyə əsas verir. Azər Turan şəxsiyyətlər barədə araşdırma yazılarında onları ən əziz bir adamı, sanki doğması kimi təqdim etməyi bacarır. Bu onun həmin şəxsiyyətə necə doğma biri kimi yanaşdığından xəbər verir. Azər Turan portretini cizgilədiyi qəhrəmanının hansısa beynəlxalq tədbirdə iştirakını, ictimaiyyət üçün faydalı hesab olunacaq onun çıxışını dəyərləndirməklə kifayətlənmir, qəhrəmanın konfransa kiminlə getdiyi, yolda aralarında baş vermiş səmimi müzakirələrə qədər, hər şeyi araşdırır, bir sözlə, müraciət etdiyi mövzunun köklərini üzə çıxarmağa çalışır. Odur ki, onun qələmə aldığı bütün mövzular böyük coşqu və rəğbətlə qarşılanır.

"Qəbulə xanım və I Pyotr" kitabına tez bir zamanda verilən reaksiyalar da bunun göstəricisidir. Kitabla tanışlıqda adamda dərhal çoxsaylı qəribə suallar yaranır. Bu sualların cavabını isə kitabla bütövlükdə tanış olmadan tapmaq çətindir.

Azərbaycan yaddaşında qəhrəmanlıqlar haqda az dastan həkk olunmayıb. Düzdür, kişi qəhrəmanlarımız haqda yadda qalanlar qadın qəhrəmanlarımızın sərgüzəştlərini həmişə üstələyib, burda da, sanki bir qısqanclıq hiss olunur. Azərbaycan qadını həmişə yurdunu sədaqətlə qoruyan əfsanəvi amazonka qadınların davamçısı deyilmi? Son anadək ölkəsini diplomatiya ilə, savaşsız, qan tökülmədən, itki vermədən qoruyub saxlamağa çalışan Sara xatunun, dünyanı fəth edən İsgəndəri (Aleksandr Makedonskini) ağıllı gedişi ilə mat qoyan əfsanəvi Nüşabənin, ölkəsinin bütövlüyü yolunda Qacarlar nəslindən yeddi igid oğul böyüdən, qılınc qurşayıb at belində əri Həsən xanla yürüşlərdə, savaşlarda bərabər hərəkət edən Ceyran xanımın, Koroğlunun Nigarının, Qaçaq Nəbinin Həcərinin və onlarla digərlərinin bütün dəyanətli addımları öyrənilib araşdırılıbmı ki, Qəbulə xanımın da milli qeyrət naminə atdığı addımlar araşdırılsın, öyrənilsin və cəmiyyətə çatdırılsın?

Əlbəttə ki, belə şəxsiyyətlərin həyatlarının öyrənilməsi mübahisəli məsələdir, konkret olaraq plana salınıb institutların üzərinə yönəldilməlidir. Ancaq təəssüf ki, belə bir planlı iş aparılmadığından bu missiya fərdi qaydada müəyyən imza sahibləri tərəfindən həyata keçirilməli olur, necə ki, Azər Turan növbəti dəfə belə vacib araşdırması ilə cəmiyyəti heyrətləndirib.

Əsər qısa zamanda cəmiyyətdə böyük əks-səda doğurub. İstər AMEA əməkdaşları, istər yazı-pozu adamları, istərsə də ölkə əhalisi Azər Turanın araşdırmasını alqışlayıb, rəğbətlə qarşılayıb və Qəbulə xanım kimi bir qəhrəman qadının o addımının xarakterik cəhətlərinin öyrənilməsinin vacibliyini vurğulayıb.

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Aynur Xəlilova qeyd edir ki, "cəmiyyətimiz tərəfindən çox az tanınan, yaxud unudulan, ya da qəsdən unutdurulan belə insanların həyatının araşdırılıb ictimaiyyətə təqdim olunması, xüsusilə, indiki dövrdə olduqca gərəklidir". Əslində elə hər dövrdə ölkənin, vətənin təhlükəsizliyi naminə əcdadlarımızın atdığı addımları öyrənməli, onlardan bəhrələnməli və həmişə ayıq-sayıq olmalıyıq.

I Pyotr dünyanın quru hissəsinin altıda birinə sahiblik edən Rusiyanın tərəqqisində, inkişafında, imperiyaya çevrilib hegemon gücə malik olmasında müstəsna xidmətləri ilə seçilən bir hökmdar kimi bəllidir. Onun Avropada dənizçilik elminə yiyələnməsindən sonra Rusiyanı dörd bir tərəfdən əhatə edən dənizlərdən bəhrələnərək iqtisadiyyatını inkişaf etdirərək gücləndirməsi kimi geniş addımları ucqarlara, o cümlədən, Xəzər dənizinə də gəlib çıxmışdı. Xəzər dənizinin Azərbaycana aid əsas üç liman şəhərinə - Dərbənd, Bakı və Salyan şəhərlərinə yiyələnmək I Pyotrun ən ümdə arzusu olmuşdu. Bəs ictimaiyyətin bu gün də hələ yaxşı tanımadığı Qəbulə xanım kim idi və hansı hərəkəti ilə böyük Pyotru heyrətləndirmiş, bütün Rusiyanı vəlvələyə salmışdı?

Azər Turan bir institutun görəcəyi işi təkbaşına görmüş, bir tədqiqatı ilə Azərbaycanın, eləcə də Rusiyanın tarixinə təsir göstərə biləcək Qəbulə xanımın tarixi şəxsiyyətini araşdıraraq cəmiyyətə təqdim etmişdir.

"Qəbulə xanım və I Pyotr" əsərinə Ön söz yazan filologiya elmləri doktoru Elnarə Akimova Qəbulə xanımı Azərbaycanda rus istilasına qarşı ilk dirəniş hərəkatının lideri adlandırır.

Qəbulə xanımın I Pyotra məktubunda deyilir: "Salyan mahalı 122 ildir ki, mənim əcdadlarım tərəfindən idarə olunur".

Azər Turan ilk məxəz kimi, Abbasqulu Ağa Bakıxanovun 1841-ci ildə qələmə aldığı "Gülüstani İrəm" əsərinə müraciət edib. Hadisə təkcə bu mənbədə öz əksini tapmayıb. Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkin I Pyotrun hakimiyyəti illərində baş verən hadisələri xronoloji qaydada ardıcıllıqla 1835-ci ildə qələmə aldığı "I Pyotrun tarixi" əsərində də Azərbaycanın Salyan bölgəsində baş vermiş hadisəni qeyd etmişdir. Rus qoşunlarının cənub istiqamətində naviqatoru (istiqamətləndiricisi) general-leytenant Saymonov da öz xatirələrində (jurnal-səyahətnaməsində) Salyan quberniyasında Qəbulə xanım tərəfindən törədilmiş qətl hadisəsinin araşdırmasını xatırlatmışdır. 1869-cu ildə Peterburqda nəşr olunmuş "1722-1803-cü illərdə Qafqazın yeni tarixi barədə materiallar" kitabının müəllifi Butkov da Salyanda baş vermiş hadisənin təfsilatını açıqlamışdır. Başqa mənbələrdə də hadisənin qeyd olunması mümkündür. Sonuncu araşdırmaçı tarixçi-alim Sara Aşurbəyli olmuşdur. Azər Turan bütün mənbələr üzrə araşdırmaları dəqiqləşdirmiş və belə bir mühüm əsər ərsəyə gətirmişdir.

1721-ci ildə İsveçlə müharibədə qələbə qazanan I Pyotr cənub ucqarların işğalı sevdasına düşür. İlk olaraq Xəzər dənizini hədəfə alır. Şərqlə Qərb arasındakı İpək yoluna çıxmaq, mərkəzi bazarlarda tamhüquqlu dövlət olaraq iştirak etmək üçün Xəzər dənizinin liman şəhərlərini ələ keçirməyi qarşısına məqsəd qoyur. Bu məqsədlə 1722-ci ilin mayında yürüşə başlayır. Dərbənd və Bakı limanlarını asanlıqla ələ keçirir. Həmin dövrün tarixi hadisələrinə nəzər yetirsək, Azərbaycanın bu bölgəsi, elə başqa bölgələr də Osmanlı və Qacarlar hakimiyyətinin yürüşlərindən təngə gəlmiş, heç bir istilaçı ilə savaşa girib qırğına səbəb olmaq istəmirdilər. Odur ki, Dərbənd və Bakı şəhərlərinin rus istilaçılarına asanlıqla təslim olması anlaşılandır. Salyan hakiminin də müqavimət göstərib-göstərmədiyi bəlli məsələdir. Kiçik bir quberniyanın nə qədər qoşun-mühafizə saxlamaq imkanı vardı ki, rus istilaçılarına qarşı müqavimət göstərsin? Mənbələrdə Salyan naibi Həsən bəyin (Qəbulə xanımın həyat yoldaşı) Bakıya gəlib rus imperatoruna sədaqət andı içməsi qeyd olunur. Beləliklə, 1724-cü ilin payızında rus ordusunun zabiti - podpolkovnik Zambulatovun komandiri olduğu 500 nəfərlik bir tabor Salyanda yerləşdirilir. Əlbəttə ki, 50 min əhalisi olan Salyan bölgəsində rus istilaçılarına qarşı müqavimət olub. Lakin ölkənin pərakəndə şəkildə yaşamasında bu müqavimət yetərli alınmayıb. Yaxud da, Qəbulə xanımın planına uyğun hərəkət olunub. Belə ki, az sonra, taborun zabitləri naibin evinə ziyafətə dəvət olunub və qonaqlıq zamanı onları zəhərləyiblər. Bəzi mənbələrdə 22 zabitin zəhərlənmədən öldüyü göstərilib.

Hadisədən dərhal sonra Qəbulə xanımın əmri ilə rus əsgərlərinin üzərinə hücum olub. Rus istilaçılardan qırılanlar qırılıb, qalanlar kiçik qayıqlar vasitəsilə qaçıb Bakıya getmişlər. 1724-cü il noyabrın 9-da yola çıxmış I Pyotrun sevimlisi general Matyuşkin Bakıya gəlir və 500 nəfərlik bir taborun sağ qalmış yeganə zabiti kapitan Kazlovla görüşür, hadisənin təfərrüatlarını ondan öyrənir.

Əlbəttə, rus istilaçıları itki ilə barışmırlar və öz çirkin niyyətlərindən əl çəkmirlər. Hətta Qəbulə xanımı da cəzalandırırlar, özü də elə cəzalandırırlar ki, 1724-cü ildən sonra onun adı heç bir yerdə çəkilmir. Hətta sovet dönəmində heç bir araşdırmaçı onun tədqiqatı ilə məşğul olmamışdır.

Azər Turan bu araşdırmasında daha bir neçə istiqamətverici mövzular hədəfləmişdir. Onlardan biri Övliya Çələbinin Stepan Razinin Salyana yürüşü barədədir. Təxminən, əlli il əvvəl baş tutmuş bu yürüşün sonunda - 1667-ci ildə Stepan Razin Salyandan gözəl bir qızı əsir götürərək Rusiyaya qayıdır. O, Volqa çayı ilə üzüyuxarı üzəndə "gözəl və əsilzadə qızı" su ilahəsinə hədiyyə olaraq çaya atmışdır. Azər Turanın Sara Aşirbəyliyə istinadən təxmininə görə, həmin qız Qəbulə xanımın nəslindən olub və bu intiqamı xanım qəlbində uzun müddət yaşatmışdır. Belə ki, Sara Aşurbəyli "Bakı şəhərinin tarixi" əsərində bildirir: "...əlli ildən sonra rus hərbçilərinə bu cür divan tutulması yalnız yaxın qohumların intiqamının alınması ilə izah edilə bilər". Məncə, intiqam təkcə bu deyil. Qəbulə xanım başqa çıxış yolu tapmadığından belə bir addım atmışdır. Onun bu hərəkəti istilaya qarşı bir dirəniş kimi qiymətləndirilməli, milli qeyrət simvolu kimi dəyərləndirilməlidir. Başqa nə cür hərəkət etmək mümkün idi ki?

İkinci istiqamət Bakının mərkəzində Salyan kazarmalarının mövcudluğudu. Ora bu gün də camaat arasında belə adlandırılır. Niyə Bakı yox, Salyan kazarmaları? Deməli, həmin vaxt Salyandan canını götürüb qaçmış rus hərbçiləri gəlib bir müddət burda qalmışlar. Elə o vaxtdan da bura "Salyan kazarmaları" adlandırılmağa başlayıb.

Üçüncü istiqamət Salyan şəhərinin yerləşdiyi coğrafi ərazidir. Əlbəttə, indi Kür çayının yaxınlığında yerləşən Salyan şəhərindən birbaşa Xəzər dənizinə çıxış yoxdur. Azər Turanın araşdırmasından bəlli olur ki, o dövrdə Salyan şəhəri indiki yerindən 28 kilometrlik məsafədə - indiki Xıllı qəsəbəsinin yerində yerləşirmiş. Xəzər dənizinin tam sahilində olduğundan liman şəhəri kimi çox əhəmiyyətli hesab olunurmuş.

Kitab, monoqrafiya adlandırsaq, daha yaxşı olar, tarixi hadisələrlə çox zəngindir. Həm tarixçilər, həm də ədəbiyyat adamları bəhrələnə bilər. Qəbulə xanım təkcə bir tarixi şəxsiyyət kimi dəyərləndirilməməlidir, o, həm də tarixi romanın baş qəhrəmanı olmağa layiqdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!