Əbədiyyətə qədər sevginin iztirabları da səadətmiş... - Vaqif OSMANLI

Şövkət Zərin Horovlunun "Əbədiyyətə qədər" romanı üzərində essevari düşüncələr

 

V.Q.Belinskiyə görə, roman cəmiyyətin güzgüsüdür, cəmiyyət ona baxıb özünü  görür və dərk edir. Şair, yazıçı Şövkət Zərin Horovlunun "Əbədiyyətə qədər" romanı məhz belə ədəbi güzgüdür, kim baxsa (oxusa), özünün çatışan və çatışmayan cəhətlərini bütün gerçəklikləri ilə aydın görər, özünü redaktə edər.

Əvvəlcədən qeyd edim ki, müəllif romanında həyat hadisələrinin əlaqələndirilməsini, bir sistemdə qurulmasını, başlanğıcını, inkişafını, düyün və pik nöqtələrini, hadisələrin tamamilə açılmasını və finalı çox zəngin təhkiyə, təxəyyül ilə çatdırır, sanki oxucu birbaşa hadisələrin içərisindədir - qəhrəmanın sevincinə sevinir, acı taleyini onunla birgə yaşayır. Hadisələrin axıcılığı mütaliəçini yormur, ona görə də əsər birbaşa oxunur. Ayrı-ayrı məqamların açılmasında istifadə edilən ədəbi priyomlar uğurludur, xüsusilə, Mehinin Nihada məktubları.

Romandakı müsbət və mənfi obrazların xarakterlərinin düzənlənən qonaqlıqlar, görüşlər, hətta iki xanımın dialoqu, Nihadın və Mehinin daxili iztirabları, onların xoşbəxtliyi yolunda qaratikan kolu kimi bitən Rənaların eqosu, tamahkarlığı, Reyhanların Mehinin saf sevgisini əlindən almaq üçün, hətta qanundankənar mücadiləsi, Nihadın atasının məmur, anasının məmur xanımı xislətləri, müharibə səhnələri açılması inandırıcı təsvir edildiyindən əsəri rus tənqidçisi N.Q.Çernışevskinin təbirincə desək, "həyat dərsliyi" səviyyəsinə qaldırır.  

Yaşamaq xatirinə sevgisiz, duyğusuz, hissiz, cəsarətsiz, qətiyyətsiz ömür sürmək, yaşamaq deyil. Məncə, romanın qayəsi budur. Nihadın diliylə cərəyan edən hadisələrin içində vurnuxa-vurnuxa qərara gəldim ki, qəhrəman Nihad deyil, Mehindir - taleyin oyunlarına qalib gələn, qürurunu itirməyən, saf eşqinin ilahiliyinə inanan Mehin. 

Sevgisi uğrunda cəsarətli addımlar atmayandan qəhrəman olmaz. Bu, Nihadın yox, mənsəbpərəst cəmiyyətin günahıdır. Milli ruhumuzun - böyüyün sözündən çıxmayıb əbədi sevgini "görməmək" özünə və "sevgini sədəqə kimi istəməyən, ruhən yanıb qurtaran bir ocağa, öləziyib son şöləsini saçan şama bənzəyən, uzaqdan-uzağa Nihadı sevməkdən də məhrum edilmiş"  saf məhəbbətin canlı heykəli Mehinə sui-qəsddir.

"Bütün dünya gözündə Mehinləşən, gözünü yumanda Mehinə daha yaxın olan" Nihadın və dünyaya ancaq Nihadı əbədiyyətə qədər sevmək üçün gələn, ömürboyu iztirabların burulğanında çabalayan Mehinin çəkdiklərini Nihadın nazir atası, nazir xanımı anası, tamahının qulu, xanımlar xanımı xülyasında olan ömür-gün yoldaşı Rəna anlaya bilməzdi. "Məhəbbət mühitdə olan sədlərdən, qadağalardan, cəmiyyətdəki təbəqə fərqindən üstün olmalıdır".

Cəsarətsizlik, çətin anlarda çıxış yolu tapmamaq sağalmaz mərəzdir.

Qarşılıqlı və saf ilk sevgisi, xoşbəxtliyi uğrunda həyatın bütün sınaqlarına dəyanətlə sinə gərərək mübarizə apara bilməyənlərə yazıq demək olarmı? Nihad ayıq düşüncəlidir, Vətən, torpaq sevgilidir, məmur oğlu olsa da, sadədir, mərhəmətlidir, dostcanlıdır. Belələri yazıqdırlarmı? Bu sual polemikaya həmişə açıqdır, fikir yürütməyə dəyər.

Nihadın daxilində vicdan həmişə oyaqdı, vicdanın səsinə qulaq asıb yaşamaq istəyir. Ancaq nazir ata, nazir xanımı ana, ananın qohumu, Nihadın ömür-gün yoldaşı, maddiyyatı düşünərək mənəvi dünyasının üstündən qara xətt çəkən Rəna onun istəyini gözündə qoyub. Hətta nazir oğlunun ucuz "Jiquli-07" sürməsi, Vətən torpaqlarını qorumaq üçün ön cəbhəyə getməsi bu ailə üçün eyib sayılır, onların nüfuzunu aşağı salır. "Bilən, eşidən, görən nə deyər?" düşüncəsi Nihadın qarşısında kabus kimi dolanır. Buna görə də Nihadın hələ tələbəlik günlərindən qarşılıqlı ilk sevgisini tapdığı Mehinlə ailə qurmasına mane olub, istəklərinə çatdığı bu duyğusuz, maddi zəngin ata və ana Rənanı özlərinə tezbazar gəlin etsələr də, Nihada ömürdaş edə bilmədilər. Çünki Rənanın da tamah dişləri bu ailəyə gəlin köçəndən sonra itiləşmişdi, Nihadın onunla birgəyaşayışı mümkün deyildi.

Cəsarətsizliyinə ilk sevgisini qurban verən Nihad günahkar idimi? Çağdaş zamanımız səhrada sərgərdan gəzib "Leyli, Leyli!" inləyən, kimdənsə imdad diləyən Məcnunlar dövrü deyil, ibn Salamlar indi daha harındı. Nihadın mübarizə aparmağına mane olanlar nə qədər əzazil, mənsəbpərəst, acgöz olsalar da, ona haqq qazandırmaq ədalətsizlik olar.

Nihad "korun-korun tərəddüdlər içində indiyə qədər susan ürəyinin səsini" eşidirdi. Ürəyi onu qəti addımlar atmağa, içindəki acizliyə qalib gəlməyə çağırırdı. Nihad bir ilahi "səsin cazibəsindəydi", ancaq bu səsin çağırışlarına əməl etməyin hünər olduğunu bilmirdi.

Nihad tənha idi, ilk sevgisinin ona ərməğan etdiyi iztirabları səadət səviyyəsinə qaldıran, onu anlaya bilməyənlərin əhatəsində quruya atılmış balıq kimi çabalaya-çabalaya nəfəsi təngiyən şikarı, hətta anası da anlamırdı, daha doğrusu, anlamaq iqtidarında deyildi. Dini-imanı maddi sərvət olanlarla bir evdə yaşamaq ölümdən betərdi, orda Nihad kimilərə yer yoxdur. Çünki o, doğmaları kimi düşünə, yaşaya bilmir. O ev həmişə zülmət içindədir, saysız-hesabsız çilçıraqları, işıqlı insanların portretləri olsa da. Bax, buna görə də "dünya işığına həsrət qalanların hissləri daha güclü olur". Nihad işıq axtarırdı - ilk sevgisinin işığını, Vətənin oğlu olmağın işığını.

Yaxşı ki, qəlbi limhəlim Vətən eşqi ilə döyünən, işğal altında inləyən torpaqlarımızı quduz düşmən tapdağından azad etmək üçün canını qurban verməyə hazır olan oğullar həmişə olub və olacaq. Qan damarlarımızda al qanla qeyrət birgə dövran edirsə, milli ruhumuz ölməzdirsə,  Vətən düşmən tapdağında uzun müddət qala bilməz.

Romanda Birinci Vətən müharibəsi dövrünün acı reallıqları ilə yanaşı, şərəfli döyüş tariximiz, Vətən övladlarının hünəri real hadisələr fonunda təqdim edilir. Nihad, Mehin, Qüdrət, Benyamin, Vəli və başqaları ölümün gözünün içinə dik baxan döyüşçülərdir. Onların yarımçıq qalmış müqəddəs missiyasını igidlərimiz 44 günlük İkinci Vətən müharibəsində şərəflə yerinə yetirdilər, başımızı uca, üzümüzü ağ etdilər. Qazi şair Rəfail Tağızadə demişkən, məğlub adımızı üstümüzdən götürdülər.

Yazıçı Nihadın dili ilə torpağın Vətənə çevrilməsini vətənsevərlərə anladır:

"...Yaş torpaqdan qalxan nəmişlik şirin bir duyğu kimi canıma yayılırdı. "Nədən sən bu qədər şirin, bu qədər əzizsən, qaraca torpaq?" - deyə yerdən bir ovuc torpaq götürüb bərk-bərk sıxdım...

...İçimdən bir nida qopdu: "İç, axıtdığın göz yaşlarından, tökülən qanımızdan doyunca iç, ana torpaq! Sinəni qanımızla suladıqca, bəlkə, günahlarımız azala, bizi nə vaxtsa, bağışlayasan. Sənin yolunda nə qədər qurban versək, yenə azdır. Uğrunda şəhid verilməyən torpaq Vətən deyil!"

Romanda hadisələrin mərkəzində dayanan Nihad ədəbiyyatımızın, bəlkə də, ilk qazi nazir oğludur. Bununla belə, subyektiv düşüncəmə görə, əvvəl yazdığım kimi, atasız böyüyən, xəstə anası üçün yaşayan, kövrək ürəyində ilk və saf sevgisini əbədi qorumağı bacaran Mehin ikiqat qəhrəmandır. Hətta uzaqdan belə, Nihadı sevməkdən məhrum edilmiş Mehinin "bircə qorxusu vardı, onun başına bir iş gəlsəydi, anası kimsəsiz qalardı". Anasını da qoruya bilmədi. Yaxın qohumu Reyhanın işləkləri övlad sevgisi yolunda cəfa çəkən Məleykə xalanı qızından nigaran, vaxtsız haqq dünyasına apardı. Cinayətkar, amansız cəmiyyət və zaman ana ilə balanın çiyninə, hətta fil çəkə bilməyən dərdlər yükləmişdi.

Nə yaxşı ki, ana və balanı tale təsadüfən Mehini iki dəfə intihardan xilas edən Qüdrət kimi qoruyucu mələklə rastlaşdırmışdı. "Məleykə xanım ilə Mehini özünə ailə bilən" kimsəsiz Qüdrəti "layiq olduğu qədər sevməyi bacarmayan, Qüdrətlə arasında yaranan dostluğu məhəbbət telləri ilə bağlamağa tələsməyən, canlı varlıqdan çox, ruhsuz, cansız müqəvvaya bənzəyən" Mehin ilahi eşqinin, ilk sevgisinin canlı heykəlidir - əbədiyaşar qürurlu, əyilməz heykəli.

"Könül həmdəmi olmayan Mehin" ümidsiz, onu tənha qoyan sevginin əlçatmazlığında bir sevgi ilahəsi kimiydi. Buna ürəkmi dözərdi? O, Nihada sevgisini Vətən sevgisinəmi dəyişdi, şərəfli ölümə doğru addım-addım irəlilədi? Yox, onun yumruq boyda ürəyində iki ilahi sevgi yaşayırdı - Vətən eşqi və Nihad eşqi.

"Qüruba gedən Günəş, buludlar arasında itib-görünən ulduzlar kimi Mehin son şüalarını saçıb sönən" anda Mehinin son pıçıltıları Vətən, torpaq eşqinin, xain, nankor düşmənə sonsuz nifrətin və qisas hissinin pik nöqtəsidir; "Heyif, çox heyif ki, alçaqların hamısını..."

Nihadın "heç vaxt ürək eləmədiyi, həsrəti dodaqlarını yandıran yarımçıq busəyə cəsarəti" Mehinin son nəfəsində çatdı. "Son nəfəsində Mehin Nihadın busəsindən sonra gülümsədi, odlu bir ah çəkdi. O ah Mehinin Simurq quşuna dönən ruhu idi".

Qəlbimdə Mehin və Nihadla müştərək çəkdiyim həsrətin, iztirabın sonunda bir ilahi təsəlli tapdım - Qüdrət balaca şahzadə qızının adını Mehin qoymuşdu.

Mehin yaşayırdı...

"Sevgi əzab çəkməkdir, sevməmək isə ölmək (Aristotel).

Mehinin məktublarından:

"Eh, Nihad, səni bu qədər həsrətlə görmək istədiyimi, qürurumu sındıran məhəbbətimin sənə nə qədər ehtiyacı olduğunu bilsəydin?! Ürəyimi deşib sinəmi dağlayan, izah edə bilmədiyim kədərimdən xəbərin olaydı. Sənə bu addımı atmağa mane olmayan qürurumu kaş indi yox, onda sındıraydım. Bu qürur özümün, anamın əzabını artırmaqdan savayı heç nəyə dəyməz. Qürur məhəbbətin düşməniymiş, Nihad"...

Mehin qürurunu sındıra bilməzdi, belələri əyilmək, sınmaq üçün dünyaya gəlməyib...

Müqəddəs kədər sevəni mətinləşdirir. Məhz buna görə də Mehin qanlı-qadalı ön cəbhəni seçdi.

Mehin əmin deyildi ki, Qüdrəti Qüdrət onu sevdiyi qədər sevə bilər. Bu, Mehinin günahı idimi?

Qüdrətin səsi Mehini əbədiyyətə qədər izləyəcəkdi:

"Səni bir də görmək xoşbəxtliyindən məni məhrum eləmə, Mehin! Nə qədər buradayam, heç olmasa, mənə baş çək. Siz Məleykə xanımla mənə doyunca üzünü görüb, qayğısını hiss eləmədiyim ailə əvəzisiniz. Mən sağalan kimi birbaşa yenə cəbhəyə gedəcəm. Kim bilir, başıma nə iş gələcək. Söz ver, Mehin, söz ver, - deyə acizanə yalvarışları qulağımdan getmirdi".

"Dünyada yeganə var-dövləti Nihada yazılan məktublar olan" Mehinin günahı ilahi eşqini qorumaqdısa, kim belə günaha batmaq istəməz? Şövkət xanımın bizə - insanlığa göndərdiyi ismarışı belə anladım. Düzmü, səhvmi? Qoy bunu təmənnasız sevənlər cavablandırsın.

Əslində, günahsız insan yoxdu. Nə idi Mehinin, Nihadın, Qüdrətin, lap elə Reyhanın günahı? Sevməkmi? Sevginin əbədiliyinə inanmaqmı? H.Heynenin fikrindən mənəvi qidalanaraq deyim ki, mələklər bu ali hissi ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırır.

Niyə sevənlərin qarşısını çox vaxt dünyanı cəhənnəm əzabına döndərən məkrli şeytanlar kəsir?

Şövkət xanıma görə, "ruhun sərhədi olmur", təki ruh yaşasın!

Müəllifin ülvi arzusu: "kaş təbiətdəki təmizlik insanların da qəlbində olaydı".

Məhəbbət bəşəriyyət yaranandan qalibdir. "Əsl xoşbəxtlik cismani qovuşmaqdadırmı" ki...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!