Akademik ədəbiyyatşünaslığın görkəmli siması - Bədirxan ƏHMƏDLİ

Professor Məmməd Qocayevin 85 illik yubileyinə

 

O, dahi yazıçı Fyodor Dostoyevski ədəbi irsindən keçib, onun oxucusu olub, daim mütaliə edib, mütaliə edə-edə tədqiqatçısına çevrilib, tərcümələr edib, bir sözlə, onu dərk edib, heç kimin bacara bilmədiyi bir işi görüb; hər tədqiqatçının Dostoyevskidən baş açmadığını, baş açmadığı üçün də onun tədqiqatçısı ola bilmədiyini nəzərə almış olsaq, onda onun Azərbaycan ədəbi mühiti, ədəbiyyatşünaslıq elmi üçün nə qədər əhəmiyyətli, lazımlı və gərəkli bir ağır işin altına girdiyini, böyük bir milli missiyanı şərəflə həyata keçirdiyini görmək mümkündür. Dünya bədii düçüncəsinin zirvələrindən biri (!) Dostoyevski irsi milli ədəbiyyatşünaslıq elmimiz üçün də bir sınaqdır. Çünki Dostoyevski ədəbi mətnləri son dərəcə çətin təhlil olunan mətnlərdir; riyazi dəqiqliyə, dəmir məntiqə, hərtərəfli elmi, nəzəri, fəlsəfi analitik təfəkkürə əsaslanır. Bu imtahandan keçənlər ədəbiyyatşünaslığın bütün sahələrində eyni dərəcədə elmi, nəzəri tədqiqat əsərləri qoya bilirlər və necə ki, onun şəxsində artıq ədəbiyyatşünaslığımızda bu baş vermişdir. Bədii düşüncədəki Dostoyevski zirvəsini eynən milli ədəbiyyatşünaslığa gətirmək və axıra qədər elmi yaradıcılığında buna sadiq qalmaq onun həyat kredosuna, yaradıcılıq amalına çevrilib. Azərbaycanın ilk və son dostoyevskişünası bunu özü, şəxsi karyerası üçün etməmiş, Azərbaycan mədəniyyətinin inkişafı üçün etmişdir. Dünya Dostoyevskişünasları içərisində onun tutduğu yer (bu da həm həcminə, həm də bədii mətnlərin elmi-nəzəri təhlilinə görə öndə gəlir!) Azərbaycan mədəniyyətinin tutduğu yerdir. Bu, həm də Azərbaycan ədəbiyyatşünaslığının dünyaya çıxması deməkdir. Akademik ədəbiyyatşünaslıq yollarında onun araşdırmaları yalnız Dostoyevski ilə məhdudlaşmamış, Azərbaycan ədəbiyyatının ayrı-ayrı şəxsiyyətləri və problemlərilə bağlı konseptual tədqiqatlar yazmışdır. Onun araşdırmaları Azərbaycan ədəbiyyatşünaslığının nüfuzunu qaldırır, ləyaqətini təmsil edir, ahəngini nizamlayır, milli humanitariyamızın, vicdanın səsinə çevrilir. O, geriyə baxmadan, gördükləri işin müqabilində heç kimdən heç nə gözləmədən yazıb yaradır...

Portretini yaratmağa çalışdığımız 85 yaşlı ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Məmməd Qocayevi, cüzi dəyişikliklərlə hamı belə tanıyır; buraya, hələ bəlkə də çoxlu əlavələr etmək, epitetlərin sayını artırmaq olar (bu, lap yerinə düşər, lakin təbiət etibarilə son dərəcə təvazökar olan professor bunları sevmir!), ancaq oradan hansısa bir fikri çıxarmaq onun obrazına xələl gətirmiş olar, uzun illərin zəhməti, alın təri ilə qazandığı halal haqqını danmağa gətirib çıxarar. Bu, Məmməd Qocayevin obrazıdır, hamı tərəfindən tanınan, heç kimdə etiraz doğurmayan, eyni dərəcədə qəbul edilən və illər uzunu dəyişməyən sabit obrazı...

Mən onu qiyabi olaraq tələbələrinin - keçmiş APİ Axundov - bugünkü Bakı Slavyan Universitetini bitirən iki qardaşımın "yaxşı müəllimdir", "gözəl mühazirə deyir", "insan adamdır", "savadlıdır" kimi fikirlərindən tanımış, 80-ci illərdə ədəbi, elmi məcmuələrdə məqalələrini oxumuşam. "Nizaminin insan fəlsəfəsi" monoqrafiyasında dövrün ədəbiyyatşünaslığı üçün yeni olan elmi üslub və yanaşma görmüşəm. Mövcud ədəbiyyatşünaslıq Nizami irsinin obraz və xarakterlərindən, əsərlərindəki konfliktlərdən yazarkən, M.Qocayev dahi şairin insan fəlsəfəsinə müraciət edir, onun fəlsəfəsinin, yaşarılığının sirlərini açır. Nizami irsində ədəbi-fəlsəfi fikrə böyük maraq və onu araşdırmaya cəlb etmək Məmməd Qocayevin adı ilə bağlıdır. Nizaminin ədəbi-fəlsəfi görüşlərini, estetikasını, insan konsepsiyasını açan bu monoqrafiya Nizamişünaslıqda yeni bir mərhələnin və istiqamətin əsasını qoydu. Yaradıcılıq qaynağını, mənbəyini iki dahi sənətkardan - Nizami Gəncəvi və Fyodor Dostoyevskidən alması onun mənəvi çeşməsinin elmiliyini, sabitliyini, nəzəriliyini, obyektivliyini, təfəkkür yeniliyini və s. xüsusiyyətlərini özündə ehtiva etmişdir.

Məmməd Qocayevin yaradıcılığının böyük bir hissəsi dahi yazıçı F.Dostoyevskinin ədəbi, bədii irsi ilə bağlıdır. Zamanında elmi mühitdə çox böyük əks-səda doğuran "F.M.Dostoyevski yaradıcılığında xarakter konsepsiyası" adlı doktorluq dissertasiyası (1990), "F.Dostoyevskinin xarakter və ideyaları" (rus dilində) monoqrafiyası ilə milli ədəbiyyatşünaslıqda dostoyevskişünaslığın əsasını qoydu. "Ədəbiyyatda obrazlar və xarakterlər" (rus dilində) məqalələr toplusu da onun bu sahədəki araşdırmalarını daha da zənginləşdirir. Bundan sonra da Dostoyevski əsərləri görkəmli alimin yaradıcılığının həmişəlik qaynağını təşkil edir. Onun bu sahədə gördüyü işlərin miqyasını təsəvvür etmək çətin olsa da, deməliyik ki, milli ədəbiyyatşünaslığımızda tərcümə etdiyi M.Baxtinin "Dostoyevski poetikasının problemləri", Lev Anninskinin "Cevizin içi" monoqrafiyaları nəzəri ədəbiyyatşünaslığımızı zənginləşdirən faktlardandır.

 

Artıq yüz əlli ildən çoxdur ki, dünyada təhlilçilər, cəmiyyətşünaslar, filosof və ədəbiyyatşünaslar Dostoyevski əsərlərindəki obrazların, konfliktlərin kodları üzərində çalışır. Dünyanın müxtəlif dillərinə tərcümə olunan Dostoyevski əsərlərindən qidalananlar, necə deyərlər, həm də onun çörəyini yeyirlər. Dostoyevskişünaslıq bir neçə mərhələdən keçib. Azərbaycan ədəbiyyatşünaslığında isə Dostoyevskişünaslıq Məmməd Qocayevin araşdırmaları ilə özünün yeni mərhələsinə daxil olub. Onun araşdırmaları Dostoyevski fikirlərini oxumaqda, gizlin kodlarını açmaqda dünya Dostoyevskişünaslığına böyük qatqılar verib. Bu mənada, Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" (2012) monoqrafiyası strukturu, yanaşma tərzi, fəlsəfi vüsəti ilə yeni bir istiqamətdir. Məmməd Qocayev burada ənənəvi araşdırma metodundan imtina edərək, yeni yanaşma sərgiləyir, yəni monoqrafiyada Dostoyevski yaradıcılığına bir tədqiqatçı kimi deyil, cəmiyyətşünas, filosof kimi yanaşır, əsərlərini və fikirlərini yeni aspektdə təhlilə cəlb edir. Burada ədəbiyyat göstəriciləri, mənbələrlə istinadların yer almaması da tədqiqatın xarakterindən irəli gəlir. Ömrünü Dostoyevski yaradıcılığına həsr edən ədəbiyyatşünasın yekunda bu cür əsər yazması gözlənilən olduğu kimi, mənalı həyatının, yaradıcılığının da məntiqi nəticəsidir. Elə müəllifin son cümləsi də fikrimizi təsdiq edir: "Mən bu kitabı Dostoyevski haqqında tədqiqat əsəri kimi təqdim etmək fikrindən uzağam. Bu, sadəcə olaraq Dostoyevski ilə bağlı düşüncələrimin ifadəsi hesab edilə bilər". Tədqiqatçı bununla, bəlkə də bədii düşüncənin sərhədsizliyilə tanınan Dostoyevski yaradıcılığını mövcud ədəbiyyatşünaslığın məhdud, dar anlayışları çərçivəsində anlatmanın mümkünsüzlüyünə işarə edir.

"Dostoyevski ətrafında düşüncələr" həm də janr, struktur baxımından fəlsəfi traktatdır. Müəllif burada Dostoyevski əsərlərinin obraz və xarakterlərindən daha çox, onların daşıdığı həyat fəlsəfəsini, yazıçının özünün həyatını, kədərini, sevincini, düşüncələrini araşdırır. Kitabda ədəbiyyatşünaslıq problemlərini fəlsəfi araşdırmalar əvəz etmişdir. "Cənnət və gözəllik fədaisi", "Dostoyevskini sevmək olarmı?", "Yoxsul insanlar" və ya məhəbbətin iflası və qələbəsi", "Cənab Proxarçin və sosial dəyərin mənəvi dəyəri üstələməsi", "Mənəviyyatın sosial başlanğıc üzərində qələbəsi", "Cinayət və onun cəzası", "Gözəllik dünyanı xilas edəcək", "Eybəcərlik dünyanı məhv edəcək", "Həyati məsələlərin insani həlli İvan Karamazovu nəyə gətirib çıxardı" və s. fəsillərdə bir filosof kimi çıxış edərək, Dostoyevski fəlsəfəsinin kodlarını açmağa çalışır. Ömrü boyu üzü gülməyən, amma son anda, ölümü zamanı çəkilən fotoda dodaqlarında ilişib qalan xəfif bir təbəssümün nədənlərini axtarır: "Dostoyevski daim insanın yer üzündəki cəhənnəmə bənzər həyatını, əzab-əziyyətini təsvir etməklə yanaşı, daim gözəllik və cənnət haqqında düşünən, o əbədi səadətə inanan bir yazıçı idi. Dünyada Dostoyevski qədər zülməti duyan və işığa can atan ikinci bir yazıçı göstərmək çətindir. O, zülmət içində işığa, cəhənnəm içində cənnətə sidq-ürəkdən inanan bir yazıçı idi. Dostoyevski gözəllik və cənnət fədaisi idi. Cənnəti də, gözəlliyi də o, insanın ruhunda axtarıb tapırdı".

Məmməd Qocayev Dostoyevskinin dünyada məşhur olan "Gözəllik dünyanı xilas edəcək" sözlərindən yola çıxaraq, "İdiot" romanının məhz bu məsələyə - "yəni gözəlliyə, onun həyatdakı missiyasına, acı aqibətinə" həsr olunduğu fikrinə bizi eyni dərəcədə inandırır. Tədqiqatçı bunu izah edərkən romanla Dostoyevskinin düşüncələri arasındakı uyğunluğa istinad edir, yazıçının "gözəllik idealdır, ideal isə - nə bizimki, nə də sivil Avropanınkı - hələ yaranmamışdır" fikrinə istinad edərək, belə bir doğru qənaətə gəlir: "Gözəlliyin bu dünyadakı faciəsi bitdi, amma onun gələcək qələbəsinə bir ümid və inam da yarandı. Nə qədər ki, dünyada insan deyilən bir məxluq vardır, bu ümid və inam itməyəcəkdir. Bu da Dostoyevskinin pessimizm içindəki optimizmi, ümidsizlik içindəki inamıdır".

Məmməd Qocayevin ədəbiyyatşünaslıq və tənqid sistemində obyektivliyi başlıca meyarlardandır; məsələnin qoyuluşunda və ona yanaşmasında da akademizm, dərinlik və dünya ədəbiyyatşünaslığı ilə səsləşmə səciyyəvidir. Onun dəyərləndirmələrində ümumdünya ədəbi-tarixi prosesinin vahid problemi, Qərb-Şərq əlaqələri kontekstində baş verir, dünya ədəbiyyatını dərindən bilməsi, problemə elmi-nəzəri cəhətdən yanaşması tədqiqatlarının əhəmiyyətini artırır. Onun tənqidi məqalələrində, tədqiqatlarında müraciət etdiyi şairləri, yazıçıları (Nizami, Dostoyevski, Sabir Azəri, Kamal Abdulla və b.), bədii əsərləri yenidən dərk edirsən. Yazıçı Kamal Abdullanın son illərin ədəbi hadisəsi olan "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" romanları haqqında tənqidin ən yaxşı sözünü deyənlərdən biri də Məmməd Qocayev oldu. Sonuncu "Unutmağa kimsə yox" romanı ilə bağlı yazdığı "Tarixi reallıq və mif" məqaləsində onu yaradıcılıq təkamülündə "yeni mərhələ" adlandıran tənqidçi bütövlükdə yazıçının tarixə baxış konsepsiyasına münasibətini ifadə etdi: "K.Abdullanın özünün tarixə baxış konsepsiyası vardır. Bunu yazıçı ilk dəfə "Yarımçıq əlyazma"da nümayiş etdirdi".

Professor Məmməd Qocayevin ədəbiyyatşünas, tənqidçi keyfiyyəti üzərində düşünərkən bir məsələni xüsusi qeyd etmək lazımdır; o, son dərəcə məsuliyyətli və özünə qarşı tələbkar bir elm fədaisidir. Hər mövzuda yazmadığı kimi, yazdığı fikrin də məsuliyyətini dərk edir, axıra qədər onun arxasında dayanmağı bacarır, çünki onun dəyərləndirməsində mənafe və şişirtmə yoxdur, fikirlərini zərrəbinlə ölçərək ifadə edir. "Resept"çilik səviyyəsində dəyərləndirmələr, "saxta nəzəriyyəçilik" onun araşdırmaları üçün yaddır. Məmməd Qocayevin nəzəri, praktik səviyyəsi istənilən problemə münasibət bildirməyə imkan versə də, mövzu problematikasını tez-tez dəyişmir və hər problem ətrafında araşdırma aparmır.

Məmməd Qocayevi tərcümə problemləri də həmişə düşündürmüş, yaradıcılığında bədii və elmi tərcümə sənəti və problemlərinə geniş yer vermişdir. O, Dostoyevskinin "Yoxsul insanlar", "Yeniyetmə", "Şeytanlar" romanlarını, "Yazıçının gündəliyi" fəlsəfi-nəzəri qeydlərini və bir sıra povest və hekayələrini yüksək sənətkarlıqla tərcümə edib, "Karamazov qardaşları" romanının Azərbaycan dilinə tərcüməsinin (tərcüməçi Telman Vəlixanlıdır) redaktoru olub.

Professor Məmməd Qocayev əsasən rus ədəbiyyatı ilə bağlı araşdırmalar aparsa da, Azərbaycan ədəbiyyatına aid bir çox tədqiqat və məqalələrin də müəllifidir. Hər görüşümüzdə Azərbaycan ədəbiyyatının müxtəlif problemləri ilə bağlı (Azərbaycan renessansı, ədəbiyyat tarixinin dövrləşdirilməsi və s.) maraqlı mülahizələr yürüdərək, bu problemlərin hələ də öz həllini tapmamasıına diqqət çəkir.

Vətəndaşlıq hər hansı bir ədəbiyyatşünasın, tənqidçinin yazılarında çox nadir hallarda təzahür etməsinə rəğmən, Məmməd Qocayevin tədqiqatlarında və Slavyan Universitetinin professoru kimi gündəlik işində həmişə boy verir. Bu, hər şeydən əvvəl, onun saf, təmiz şəxsiyyətindən, büllur kimi şəffaf təbiətindən irəli gəlir. Alimin azadlığı, vətəndaş "mən"i, ziyalı əxlaqı və vicdanı, sahib olduğu mənəviyyatı, insanlığı şəxsiyyətini səciyyəvi edən cəhətlərdəndir.

Professor Məmməd Qocayevin akademik ədəbiyyatşünaslıq yollarında son dayanacaq ünvanı professordur, ancaq qəti əminliklə deyirəm ki, onun yaradıcılığı, şəxsiyyəti layiq olduğu akademik ünvanını almağa layiqdir, hətta deyərdim ki, haqqıdır.

Hörmətli Məmməd müəllimi, ədəbiyyatşünaslığımızın patriarxını, Dostoyevskişünas və Nizamişünası yubileyi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!