Aşıq ədəbiyyatımıza nəzəri rakursdan baxış - Gülbəniz BABAXANLI

 

Filologiya elmləri doktoru, professor Xatirə Bəşirlinin yeni monoqrafiyası folklorşünaslıq elmimizin nisbətən az öyrənilmiş bir sahəsinə - nəzəri aspektlərə sistemli yanaşma probleminə həsr edilmişdir.

Bir neçə yüz il ərzində Azərbaycan klassik ədəbiyyatının xüsusi bir qolunu təşkil etmiş aşıq ədəbiyyatı klassik poeziyaya nisbətən geniş xalq kütlələri arasında daha çox yayıldığına görə, təbii ki, onun tərbiyəvi-estetik əhəmiyyəti, özəlliklə, gənclərin bu yöndə tərbiyəsi üçün əhəmiyyəti böyük olduğundan, nəzəri yöndə də bu prosesin araşdırılmasına ehtiyacın duyulduğu heç kimə sirr deyil. Xüsusən, çağdaş dövrün qlobal təsirləri altında böyüməkdə olan nəslin milli dəyərlərdən uzaqlaşma təhlükəsinin aktuallaşdığı, artdığı bir zamanda milli qürur qaynaqlarımızdan birini təşkil edən, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş aşıq sənəti bu sahədə aparılan nəzəri araşdırmaların nə qədər böyük əhəmiyyət daşıdığını göstərir.

Nəzərdən keçirdiyimiz kitabda məhz aşıq sənətinin folklor, sosial antropologiya və tarix elmlərinin nəzəri tələblər baxımından təhlili aparılır, aşıq mühiti, aşıq məktəbləri, aşıq sənətinin qolları kimi problemlər nəzəri-poetik yöndə araşdırılır.

 

Onu da qeyd edək ki, aşıq sənətinə, özəlliklə, onun nəzəri problemlərinə həsr edilmiş bir çox araşdırmaların olmasına baxmayaraq, hələ də bir sıra məsələlərin öz nəzəri-poetik həllini tapmadığını etiraf etməliyik. Bütün bunları nəzərdə tutan tədqiqatçı yazır:

"İlk növbədə qeyd edilməlidir ki, folklorun digər sahələrində olduğu kimi, aşıq yaradıcılığı da bəzi regionlarda hələ də ənənəvi formaları ilə yaşamaqdadır. Bəzi məkanlarda usta-şagird münasibətlərinə əsaslanan təlim üsulunun izlərinə rast gəlinməkdədir. Lakin zaman keçdikcə klassik aşıq sənətindəki sinkretik elementlərin bir qismi, ya zəifləyib, ya da tamamilə aradan çıxmışdır."

Məhz aşıq sənətindəki bu sinkretizmin qanunauyğun inkişaf və tənəzzülünü izləmək nəzəriyyəçi alimlərin qarşısında duran mühüm problemlərdəndir.

Məlumdur ki, aşıq sənəti tarixən Azərbaycanın Qərb bölgələrində və xüsusən də Qərbi Azərbaycanda daha çox inkişaf etmişdir. Buna da səbəb - 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahiyanə sərkərdəliyi altında respublikamızın ərazi bütövlüyünün və tam suverenliyinin bərpasına qədər, 30 ildən artıq bir dövr ərzində Vətənimizin bu bölgələrindən qaçqın düşmüş əhali arasında aşıqların da xüsusi bir qrup halında öz sənətlərini davam etdirməsi olmuşdur.

Monoqrafiya giriş, dörd fəsil, nəticə və istifadə edilmiş nəzəri və ədəbi qaynaqların siyahısından ibarətdir.

Kitabın birinci fəsli aşıq ədəbiyyatının yaranmasının izlənilməsinə və əsas özəlliklərinin üzə çıxarılmasına həsr edilmişdir. Müəllif haqlı olaraq belə bir fikir irəli sürür ki, başlanğıcını XVI yüzillikdən alan aşıq sənəti "tarixin müxtəlif dövrlərində mürəkkəb sosial-siyasi, ictimai-mədəni, ədəbi-estetik şəraitlərdə inkişaf dialektikasını davam etdirmiş, sözün həqiqi mənasında, fikir dünyamızın, poetik yaddaşımızın, milli özünəməxsusluğumuzun bir növ qoruyucusuna və daşıyıcısına çevrilmişdir".

Aşıq sənətinin tarixi inkişaf dövrlərindəki mədəni-estetik-etik əhəmiyyətini izləyən Xatirə xanım, özəlliklə, XVIII yüzillikdən etibarən xalq arasında daha geniş şöhrət tapmasının səbəbini bu dövrdə ölkədə savadlılığın aşağı dərəcəsi ilə bağlayaraq yazır:

"Klassik divan ədəbiyyatının şəhərlərdə, özəlliklə də ərəb-fars dilini yaxşı bilən və təhsilli qruplar arasında yayılmasına baxmayaraq, aşıq ədəbiyyatı, əhalisinin böyük əksəriyyətini XX əsrə qədər kənd camaatı təşkil edən xalq arasında yayılmışdı. Ona görə də aşıq musiqisi xəlqiliyi, sadəliyi, səmimiliyi ilə böyük xalq kütləsinin zövqünü oxşamış, əsasən, mədrəsədən uzaq geniş kütləyə müraciət etmişdir".

O da maraq doğurur ki, Xatirə Bəşirli Azərbaycan aşıq sənətini təcrid olunmuş regional bir ədəbi-mədəni hadisə kimi deyil, Anadoluda təşəkkül tapan və inkişaf edən analoji ədəbi-mədəni hadisə ilə müqayisəli şəkildə təhlil süzgəcindən keçirir və orijinal elmi nəticələrə gəlməyə nail olur. Özəlliklə, aşıq sənətinin tarix boyu həm Anadoluda, həm də Azərbaycanda dövlətçiliyə xidmət etməsi bu ədəbi-mədəni hadisənin tarixi əhəmiyyətinin daha dərindən vurğulanmasına şərait yaradır. Bu baxımdan müəllifin belə bir qənaəti maraq doğurur ki:

"XVI-XVII əsrlər aşıq sənətinin həm Anadoluda, həm də Azərbaycanda zirvəyə ulaşdığı çağdır. Bunun başlıca səbəbi aşıqlıq sənətinin yarandığı ilk gündən həm Osmanlı, həm də Səfəvi dövlətinin orduda və qismən də xalq arasında nüfuzlarını qorumaq üçün aşıqlardan istifadə etdiyində görürük. Aşıqlar bu iki dövlətin orduda qələbə, zəfər, yenilməzlik aşılayan əsas mənəvi qüvvəsini təşkil edirdi... Məhz buna görə də aşıqlar tarix səhnəsinə çıxdıqları gündən iqtidarmeyilli olmuşdur və bu tendensiya XXI əsrdə də davam etməkdədir."

Əlbəttə, aşıq sənətinin ilkin qaynaqlarından nəzəri aspektdə söz açarkən, bu sənətin bir növ paradiqmini təşkil edən ozanlardan bəhs etməmək mümkün deyildir və kitabda bu məsələyə də xüsusi bir paraqraf ayrılmışdır. Bu yöndə özündən öncəki araşdırıcılarla polemikaya girən Xatirə xanım doğru olaraq belə bir fikir irəli sürür ki:

"Azərbaycan folklorşünaslığında dominant olan yanlış qənaətlərdən biri də ozan və aşıq terminlərinin bir məfhum kimi eyniləşdirilməsi və ya ozan yaradıcılığının aşıq sənətinə transformasiya olunduğu fikridir. Bu yanaşma aşıq ədəbiyyatı ilə bağlı araşdırmalarda geniş yayılsa da, folklorun təbiətinə uyğun deyildir. İnkişaf, dəyişim, dönüşüm folklorun təməl qanunu olsa da, bu, ozanın inkişaf edib aşığa çevrilməsi mənasında başa düşülməməlidir."

Kitabda nəzəri aspektdə aydınlıq gətirilən mübahisəli məsələlərdən biri də "aşıq sənəti" və "aşıq ədəbiyyatı" terminləri arasındakı köklü fərqlərin üzə çıxarılması olmuşdur. Belə ki, bir sıra tədqiqatçılar belə hesab edirlər ki, əgər hansısa bir aşığın yaradıcılığı toplanılıb nəşr edilirsə, artıq o, folklor hadisəsi olmaqdan çıxaraq yazılı ədəbiyyat hadisəsinə çevrilir. İlk baxışdan burada müəyyən həqiqətin olduğu təsəvvürü yarana bilər. Ancaq sistemli nəzər saldıqda, aşıq sənəti ilə aşıq ədəbiyyatı arasındakı fərqin məhz birincinin sinkretik xarakter daşımasından doğduğu üzə çıxır. Başqa yöndən, aşıq ədəbiyyatını ancaq ustad-yaradıcı aşıqlar ərsəyə gətirir, halbuki aşıq sənətinin bir çox nümayəndələri özləri poetik yaradıcılıqla məşğul olmayıb, ancaq ustadların əsərlərini saz və rəqslə ifa etməkləri ilə bu sənətin davamçıları sayılır. Bu sinkretizmin detallarını daha ətraflı şəkildə nəzərdən keçirən müəllif yazır:

"Aşıq sənətinin başlıca xüsusiyyətlərindən biri və bəlkə də birincisi onun sinkretik xüsusiyyətə malik olub, özündə musiqi, şeir, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementlərini üzvi şəkildə birləşdirməsidir."

Aşıq sənətinin inkişafında və yeni-yeni örnəklərlə zənginləşməsində yalnız aşıq ədəbiyyatının yaradıcıları olan el şairlərinin rolunu da yüksək qiymətləndirən Xatirə Bəşirli, bu ədəbiyyatın bir neçə yüzillik inkişaf yolunu izləyərək bu qənaətə gəlir ki:

"Kitabda aşıq və el şairlərinin yaradıcılığı, onların bədii-estetik mövqeləri, ifadə tərzi və janr seçimi müasir elmi-nəzəri baxımdan araşdırılmış, həmçinin qismən də olsa, müasirliklə ənənə arasında mövcud olan qarşılıqlı təsir və münasibətlərin təhlili aparılmışdır".

Monoqrafiyanın son fəsli Azərbaycanda yaranmış əsas aşıq mühitlərinin elmi-nəzəri baxımdan araşdırılmasına həsr edilmişdir. Azərbaycan aşıq sənətinin 14 regional aşıq mühitini müəyyənləşdirən müəllif onu da xüsusi vurğulamağı unutmur ki, aşıq sənətinin "mühit", yoxsa "məktəb" termini ilə qruplaşdırılması məsələsi indiyə qədər də mübahisəli olaraq qalır.

Professor Xatirə Bəşirlinin "Azərbaycan aşıq ədəbiyyatının nəzəri problemləri: folklor, sosial antropologiya və tarix kontekstində" adlı monoqrafiyası son dövrlərdə bu sahədə aparılmış qiymətli tədqiqatlardan biri kimi, aşıq sənətinin ictimai-mədəni həyatımızda daha önəmli yer tutaraq, müstəqil dövlətçiliyimizin inkişafında öz rolunu oynaması baxımından gələcək araşdırmaların aparılması üçün önəmli bir qaynaq kimi nəzərə çarpır. Bu sahədə müəllifə yeni-yeni uğurlar diləyirik!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!