Ruhu, əməli, düşüncəsi ilə təpədən dırnağa - Nəzakət - Əsmətxanım MƏMMƏDOVA

 

Nəzakət Məmmədli ilə dostluğumuzun tarixi elə də uzun illərə dayanmır. İşlədiyi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən tədbirlərdə dəfələrlə rastlaşsaq da, ötəri xarakterli bu görüşlər dar zaman çərçivələrində baş tuturdu. Lakin 2021-ci ilin martında Xəzər Universitetindəki Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin ev sahibliyi ilə keçirilən "Mövlana fəlsəfəsi və poeziyası" adlı Beynəlxalq Elmi Simpozium ərəfəsində onu yaxından tanımaq imkanı əldə etdim. Görüşlərimiz intensivləşdi. Demək olar ki, hər gün yazışır, zəngləşirdik. Ruhuna hopmuş, həyat fəlsəfəsini formalaşdırmış klassik bədii irs nümunələrinin təhlilindən istiqamət alan söhbətlərimizin mövzu çələngi elə həmsöhbətimin daxili dünyası kimi rəngarəng olurdu. Ünsiyyətimiz əsnasında zamansızlaşan zaman onu mənə daha yaxından tanıdır, hər dəfə onu yenidən, yenidən, yenidən kəşf edirdim. Dönə-dönə söylədiyi: "Siz Rəbbimin lütfü kimi qarşıma çıxmısınız" ifadəsi, mənim də birəbir eyni düşüncəyə sahib olmağım aramızdakı cazibə, bağlılıq, ünsiyyət asılılığının məhz ruhun tələbatı olması reallığını ortaya qoyurdu. Əlaqə saxlamadığımız günlər bir boşluq, yarımçılıq hissi ilə müşayiət olunurdu. İndi o vaxtlara boylanıb baxanda Musa Yaqubun:

 

Heç vaxt yollarında dayanmadığın,

Heç həndəvərində dolanmadığın

Gəlib birdən sənə nə əziz olur,

Ömrünün içində ömür doğulur

 

- misraları fikirlərimə yoldaşlıq edir.

Hə, yuxarıda "zamansızlaşan zaman" ifadəsini də elə-belə, sözgəlişi işlətmədim. Çünki, elə insanlar olur ki, onu tanımaq, daxili dünyasının ənginliklərinə vaqif olmaq üçün böyük zaman məsafəsinə, uzun illərə ehtiyac da olmur. Hər ünsiyyət bir dejavü, təhtəlşüurunda donub qalmış hissin gün işığında oyanışı, hansısa zaman kəsimində yaşanmış duyğuların təkrar doğuşu kimi assosiasiyalanır zehnində. Sanki onu çoxdan, lap çoxdan tanıyırdın. Elə bizim Nəzakət kimi.

 

Nəzakət xanım düşüncə, danışıq və incə davranışı ilə hamıdan fərqlənirdi. Bu fərqliliyin formalaşmasında, nəcibliyi ilə hamını heyran qoyan Nəzakət obrazının yaranmasında sözsüz ki, böyüdüyü ailə mühiti, aldığı tərbiyə, daşıdığı genetik kod və qurduğu ocaqda elm, bilik, savadın prioritet kimi dəyərləndirilməsinin müstəsna əhəmiyyəti var idi. Lakin mənə görə bu unikallığın, özünəməxsusluğun təməlində məhz bütün şüurlu ömrünü tədqiq və təhlilinə həsr etdiyi klassiklərin, şeyx, mürşid və övliyaların örnək həyat fəlsəfəsi dururdu. Bəli, məhz Mövlananın hikmət dənizindən, Əttar elminin mistikliyindən, Füzulinin ilahi eşqindən bəhrələnmələr şərtləndirirdi bu fərqliliyi. Xasiyyətini yansıdan adının haqqını verməsində sufi davranış tərzindən doğan işartıları sezməmək mümkün deyildi. Nəzakət xanımı tanıyanlar onun təvazökarlığı, qayğıkeşliyi, səmimi gülüşü və ötürdüyü müsbət enerjini unuda bilmirdilər.

Onu elmi cameədə fərqləndirən başqa bir özəllik elm yükünü çiynində deyil, ruhunda daşıması idi. Tədqiq etdiyi mövzuya canı, sağlamlığı, yuxusuz gecələri ilə yanaşı, ruhunu qatması heç kimə sirr deyildi. Nəzakət xanım hər hansı bir mövzunu yalnız mənbələr əsasında araşdırmır, mənanın mahiyyətinə enir, dəlil, fakt, beytlərin alt qatındakı gizli hikməti, düşüncəni arayır, könül qulağı ilə dinləyir, duyurdu.

Onu tanıyan hər kəs bilirdi ki, iştirak etdiyi elmi simpozium, konfransların proqramlarında Nəzakət Məmmədli adı sözün, şeiriyyətin sirli-sehrli dünyasına səyahət, ruhun dincəlməsinə zəmanət talonu kimi bir şey idi. Hər kəs emosiyalardan uzaq, quru, sxolastik çıxışlardan sonra nəhayət ki, elmin məhəbbət ilə çulğaşdığı, mühüm elmi məlumatların sevgi fonunda təqdiminə şahidlik edəcəyi anı gözləyirdi. Səs tembri, mövzuya yanaşması, seçdiyi ifadələrin poetik təsir gücü Nəzakət möhürü vurulmuş tam fərqli formatın təqdimatı idi. Qəribədir, onun çıxışlarında proza ilə poeziyanın sərhədləri əriyirdi. Nəsrlə ifadə etdiyi cümlələr də qulaqlarda şeir kimi səslənirdi.

Səmimiyyət, etik bir zəriflik ruhuna hakimdi. Hər şeyə rəğmən həyat dolu təbəssümü, sözə, insana, insanlığa tükənməz sevgisi, işinə və başqalarının müraciətlərinə olan məsuliyyəti də kamillik yolunda inamlı addımları ilə seçilən müridin xarakterik cəhətlərindən idi. Ölçü tanımayan zəhmətkeşliyi isə sadaladığımız xüsusiyyətlərin önündə gəlirdi. Yoxsa, kiçicik bir ömrə dərin təhlilli, ciddi araşdırmaları ehtiva edən cild-cild kitabları necə sığışdıra bilərdi?!

Nəzakət Məmmədlinin elmi irsi də şəxsiyyəti qədər dəyərli, zəngin idi. O, sufizmin incə qatlarını araşdıran nadir tədqiqatçılardan idi. Təsəvvüf ədəbiyyatı, klassik Divan şeiri, türk ədəbiyyatı, türk xalqları ədəbiyyatı, fars ədəbiyyatı, əski əlyazmalar, filoloji və bədii tərcümə sahələrini ehtiva edən çoxşaxəli, zəngin yaradıcılığı həm elmi ciddiyyətin, həm də ruh axtarışlarının ən parlaq nümunələri idi.

Mir Həmzə Seyid Nigarinin "Divan" və "Nigarnaməsi"nin əlyazmalar əsasında transfonoliterasiyası, "Füzulinin "Leyli və Məcnun" əsərində təsəvvüf və onun bədii ifadə sistemi" adlı monoqrafiyası, Şeyx Fəridəddin Əttarın "Təzkirətül-övliya" əsərinin anonim müəllif tərəfindən türk dilinə edilmiş tərcüməsinin çapı, Şərafəddin Rami Təbrizinin "Ənisül-üşşaq" əsərinin tərcüməsi, "Füzulinin "Leyli və Məcnun" əsəri - poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri", "Azərbaycandan dünyaya doğan günəş: Seyyid Yəhya Şirvani və Xəlvətilik", "Sevdayi və onun "Leyli və Məcnun" əsəri", "Şeyx Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" adlı fundamental tədqiqatları çap olunub elmi ictimaiyyətə təqdim etdikləri idi. Təəssüf ki, vəfasız ömrün bitməsinə imkan vermədiyi onlarla məqalə, tərcümə, araşdırmaların nəsibi də müəlliflərinin taleyi kimi yarımçıq qaldı.

12-14 dekabr 2024-cü ildə keçirilən "IX Rumi Konfransı" Nəzakət xanımın daha bir xüsusiyyətini - təşkilatçılıq bacarıqlarını bütün yönləri ilə ortaya qoydu. Dünyanın müxtəlif ölkələrindən konfransa qatılmış alim və tədqiqatçıların hamısı onun haqqında ortaq bir fikrə sahib idi: Nəzakət xanım həm insan, həm alim, həm təşkilatçı, həm də ev sahibliyi keyfiyyətləri ilə tamamlanmış nadir şəxsiyyətdir. Onun səyləri nəticəsində Xəzər Universiteti nəzdindəki Mövlana Araşdırmaları İnstitutu təkcə elmi müəssisə deyil, eyni zamanda mənəvi düşüncə mərkəzi idi. Bu institutun yaradıcısı və müdiri kimi o, Mövlana bədii irsinin istər Azərbaycan, istərsə də dünya ölkələrində layiqincə təbliği və tanıdılması üçün bütün potensialını səfərbər edərək mövcud imkanların hamısından istifadə edirdi.

Ululardan miras qalan belə bir ata sözümüzü hər kəs bilir: "Qardaşın necə adamdır? - səfərə çıxmamışam, deyə bilmərəm." Başqa sözlə, səfər insanların xarakterik cəhətlərini bütün çılpaqlığı ilə ortaya qoyan göstəricilərdən ən mühümüdür. Qismət elə gətirdi ki, mən Nəzakət xanımla səfərdə də oldum. 2024-cü ilin 3-5 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində UNESCO-nun Beynəlxalq Mədəniyyətlərarası Yaxınlaşma Mərkəzi, TÜRKSOY Yazıçılar Birliyi və M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli şair və ictimai xadim Oljas Süleymenovun 80 illik yubileyinə həsr olunmuş "Oxuyan Millətin Dirçəlişi" adlı VI Beynəlxalq Elmi-Praktik Konfransa hər ikimiz dəvətli idik. Məhz bu üç günlük səfər cavab tapa bilmədiyim 2-3 pazlı da yerinə oturdaraq bu mükəmməl xanımın portretini tamamlamağıma yardımçı oldu. Onu tanıyıb da çəkim qüvvəsindən kənarda qalmaq imkansız idi. Sadəliyi, təvazökarlığı, səmimiyyəti, dərin elmi biliyi, bədahətən fikirlərinə yoldaşlıq edən poetik parçaları ilə bir başqa aləm idi Nəzakət xanım.

Yadımdadır, konfransın rəsmi iclaslarının ardınca baş tutan bədii hissə hər kəsin daxili dünyasının açılmasına imkan yaratmışdı. Müxtəlif türk xalqlarını təmsil edən nümayəndələrin öz ana dillərində seçmə şeirlərini bədii qiraətlə səsləndirdiyi gecədə söz, kəlam, şeir, musiqi məclisə xüsusi ahəng, fərqli bir rövnəq qatmışdı. Hər ifa sanki ayrı bir dünyaya açılan pəncərə idi.

Növbə Nəzakət xanıma çatdı. Ona yönələn baxışları qəribə bir səssizlik müşayiət edirdi. Gözlər onda, o öz aləmində. Mənə də maraqlı idi, görəsən, əzbərdən bildiyi bitib-tükənməyən şeir xəzinəsindən hansı nadir incini qonaqlara ərməğan edəcəkdi? Söz sərrafı seçimini etmişdi. Vətənimizin bütün gözəlliklərinin mükəmməl poetik ifadəsi olan xalq şairi Süleyman Rüstəmin məşhur "Azərbaycana gəlsin" şeiri o anda o ab-havaya, o atmosferə uyğun ən doğru seçim idi:

 

Vətənimin seyrinə çağırıram elləri,

Sərvət görmək istəyən Azərbaycana gəlsin!

Bəzənib başdan-başa şəhərləri, kəndləri,

Cənnət görmək istəyən Azərbaycana gəlsin...

 

Şeiri bitirdikdən sonra etdiyi tərcümə ilə sözün sehri sərhədləri aşdı. O an təkcə bir şeir oxunmurdu - Azərbaycan duyğusu, vətən nəfəsi, sözün ruhu məclisə hakim kəsilmişdi. Bu ifa onu dinləyən hər kəsin içində səmimi bir heyranlıq oyatmışdı. Mənsə ona baxaraq fəxr edirdim. Fəxr edirdim ki, Rəbbim onu məhz bizə - Azərbaycana bəxş edib.

Onun vaxtsız gedişini, yoxluğunun miqyasını "alim öldü, aləm öldü" deyimi daha dolğun ifadə edir. Bəli, "evdən deyil, eldən gedən" Nəzakətimizin qəfil gedişinin acısını söz ilə ifadə etmək çətindir, həm də çox çətin. O gün hər kəsin sözü-söhbəti o oldu...

Artıq dediyim kimi, onu böyük zaman içində tanımadım - amma tanıdığım qısa vaxtda o, məndə insanlıq, təvazökarlıq, fədakarlıq və elmə sədaqətin simvolu kimi heç vaxt unutmayacağım əbədiyaşar iz qoymağı bacardı.

...Bəzi insanlar ömürləri qədər yaşayır, bəziləri isə qoyub getdikləri iz və irs qədər. Bəzən insanın amalları, hədəfləri, həqiqətləri elə güclü işığa malik olur ki, onun cismani yoxluğunda belə, o işıq ziyası ilə ətrafı nurlandırır, qaranlıqları işıqlandıraraq yol göstərən mayaka çevrilir. Elə bizim Nəzakət kimi... Nəzakət Məmmədli mənim üçün məhz belə bir işıq, heç vaxt sönməyəcək bir nur idi. Yaddaşımda işıq, nur kimi qalacaqsan, ey münəvvər dost!

 Ruhun şad, məkanın nəim bağları olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!