Qərib Mehdi haqqında deyilənlər

Mir Cəlal:

Qərib Mehdini oxuyun, Qəribi qoruyun, onun böyük gələcəyi var…

«Gənclik» nəşriyyatının direktoru Əzizə Əhmədovaya demişəm ki, mənim kitabımı 10 çap listi nəzərdə tutubsunuz. 8 çap vərəqi bəsimdir. Qalan iki çap vərəqini Qərib Mehdiyə verin. Onun yazıları ilə tanışsınızmı? «Qərib hey» hekayəsi kövrək hisslərin poetikasıdır».

 

Nəriman Həsənzadə:

Qədim Gəncə şəhəri bütün dəyərləri ilə yanaşı, mənim üçün həm də Qərib Mehdi ünvanı ilə əzizdir. O, öz yolu, öz sözü olan yazıçı, öz müridlərini yetişdirmiş bir sənət fədaisidir.

 

Anar:

Nizaminin, Məhsətinin, Vazehin vətəni qədim Gəncə bir çox görkəmli qələm sahiblərini yetişdirmişdir. Qərib Mehdi də Gəncə ədəbi mühitinin püxtələşdirdiyi dəyərli yazıçılarımızdandır. Eyni zamanda o özü də bir sıra layiqli ədəbiyyat fədailərini yetişdirmişdir. Yetirmələri onun xeyirxah müəllim münasibətini həmişə minnətdarlıqla xatırlayırlar.

 

Musa Urud:

Azərbaycan ədəbiyyatının görkəmli  nümayəndələrindən biri, tanınmış yazıçı-publisist Qərib Mehdi bu fani dünyaya əlvida deyib, əbədiyyətə qovuşdu. Öz uzun və mənalı ömrünün altmış ilindən çoxunu söz sənətinə həsr edən Qərib Mehdi ustad qələmini ədəbiyyatın bir çox janrlarında sınadı: hekayə, povest, roman, dram, şeir, məqalə yazdı. Qərib Mehdi nə yazdısa ürəklə yazdı, içindən gələni yazdı, sözdən ilmə toxuyurmuş kimi, biri digərinə bənzəmıyən gözəl lövhələr yaratdı.

Qərib Mehdi nə yazdısa, " Qərib heey!"  nidasının prizmasından baxaraq yazdı, məsuliyyətini və borcunu dərk edərək yazdı.

Qərib Mehdini  mən çoxdan və kifayət qədər yaxından tanıyırdım. Ustad-şagird münasibbətimiz sonradan dostluğa çevrilmişdi.

Qərib Mehdi olduqca təmiz mənəviyyata və daxili azadlığa malik olan söz ustadı idi.

Qərib Mehdi yaradıcılığı həyatın özündən, onun ən dərin qatlarından qaynaqlanırdı, axırdı, axdıqca da durulurdu, içtimai münasibətlərə də bir saflıq aşılayırdı.

Qərib Mehdi olduqca sadə həyat tərzi olan, təvəzökar, öz yerini, həm də öz qiymətini bilən dəyərli qələm sahibi idi.

Qərib Mehdi kifayət qədər uzun və mənalı ömür yaşadı, yüzlərlə bir- birindən gözəl əsərlərə öz imzasını qoyaraq dünyaya əlvida dedi.

Amma bir həqiqət də var ki, yazıçının əsil ömrü onun əsərlərinin ömrü qədərdir. Xoşbəxt o qələm sahibidir ki, adı, imzası fiziki ömründən qat-qat çox yaşayır və müəllifi xatırladır.

Qərib Mehdi kimi...

 

Xəzangül:

Onu həmişə böyük gördüm. Davası ədəbiyyat davasıydı. Müdrik və bağışlamağı bacaran şəxsiyyət  idi. Ömrünü gəncliklə bir arada keçirdi. Yolumuzu açdı. Bizi əbədi olana, yaxşıya yönləndirdi. Ən yaxın simsarı qələm idi. Ömrünü qələmə verdi. Qələmlə yaşadı. Fikrət Qoca demiş, qara qələm kimii yazıldı, qurtardı. Amma bitmədi. Ruhunu, yazmaq eşqini bizlərə əmanət qoydu.

 

 

Nahid Hacızadə:

Qərib  Mehdi bir qələm adamı, şəxsiyyət kimi mənim ruhuma yaxın, həssas, eyni zamanda da zərif bir yazıçıdır… Görkəmli yazıçı Mir Cəlal vaxtilə çox geniş ürəklə, səxavətlə «Gənclik» nəşriyyatında çapı nəzərdə tutulan kitabının iki çap vərəqi hesabına Qərib Mehdinin ilk hekayələr kitabının buraxlmasını xahiş etmişdi.   

 

Gülrux Əlibəyli:

 Bədii etirafın ən kamil nümunəsi Qərib Mehdinin «Məni çağıran səs» povestidir. Azərbaycan ədəbiyyatında ana haqqında yüzlərlə gözəl, kamil povestlər, poemalar, romanlar yaranmışdır. Ana mövzusu ölməz və ümumbəşəri mövzudur. Burada oxucunu təəccübləndirmək də sanki qeyri-mümkündür. Bununla belə, Qərib Mehdi təəccübləndirir də, heyrətləndirir də!.

 

Saleh Mərcan: (Türkiyə)

Mən Qərib Mehdinin əsərini oxuduqda bir anlığa özümü başqa bir yazıçının – Əziz Nesinin dünyasında hiss etdim. Onu çox sevdim. Məktub yazdım. Amma ünvanını bilmirəm ki… O səbəbdən belə yazdım: «Azərbaycana – Qərib Mehdiyə».

Azərbaycanda neçə Qərib Mehdi var ki?!

 

Firəngiz İsmayılova:

Qərib Mehdinin yaradıcılığı haqqında Mirzə İbrahimov, Mir Cəlal, İsmayıl Şıxlı, Anar, Bəkir Nəbiyev, Gülrux Əlibəyli və onlarca başqa görkəmli ədəbi simalar fikir söyləmişlər…

Qərib Mehdinin 30 ildən çox rəhbərlik etdiyi «İlham» ədəbi birliyində Gəncə və Gəncəbasarın yüzlərlə ədəbiyyat həvəskarları iştirak etmiş, onların bir çoxunun adı Azərbaycan ədəbi mühitində seçilən imzalara çevrilmişdir.

 

 

Barat Vüsal:

Qərib Mehdi Azərbaycan ədəbiyyatının əsas qan damarlarından biri idi. O, sözlə ucala-ucala sözü daha da ucaltmış bir sənətkardı. Onu sevənlər çoxdu. Amma Barat Vüsal adlı bir sevəni də var ki, sevgisi sonsuz və əbədidi.

 

Qəşəm Nəcəfzadə:

Mən Qərib Mehdini həmişə tənha gördüm. O, ona görə tənhaydı ki, böyük idi. Bəzən ona qarşı olan kiçiklər birləşirdilər ki, nəsə bir şeyə oxşasınlar. Amma qədim Gəncəmizdə Qərib Mehdi tənhalığının qarşısında bütün çoxluq mənasız və aciz görünürdü.

 

Sərvaz Hüseynoğlu:

Qərib müəllim öz yetirmələrinə ömrünü qıydı, özünə düşəsi xoşbəxtliklərdən yetirmələrinə pay ayrıdı. O, öz yetirmələrinə sənətin çətin yoluyla yerimək elmi öyrətdi. Hər cür iblislikdən, pisliklərdən uzaq durmaq elmi öyrətdi. Sözü üzə demək elmi öyrətdi.

Mutlu-mutsuz günlərimizin «Qərib, hey!» ərki, səslənişi vardı.

Onun iri, ala gözləri həmişə hərəkətdəydi, sağını-solunu aramaqdaydı, istedad, yeni səs, yeni söz axtarışındaydı. Zabitəli və iradəliydi. Cüssəliydi. Amma səmimi bir uşaq təbəssümüylə deməyi vardı ki: «Zərif kəpənəyəm, çıxmışam yola / Sən Allah toxunma qanadlarıma!»  

Ərklə, inamla, qürurla «Sərvaz mənim qabarlı əllərimdi» - deyərdi.

Əllərimlə baxıram… Yanında, ruhu qarşısında əllərimin üzü ağdı!

 

 

Aydın Murovdağlı:

Qərib müəllim Gəncə ədəbi mühitinin uşaq qəlbli, körpə təbəssümlü ağsaqqalı idi. Bütövlükdə, ədəbiyyat zonası, aurasıydı. Hərdən ala gözlərinin axışıyla, hərdən sərt baxışıyla anladardı qəlbindən keçənləri. Ağır çəkili qıvraq idi; yaxşılığa tələsirdi…

 

Sahib İbrahimli:

Qərib müəllim nəsillərarası əlaqələndiricimiz idi. Bizləri sözün ucalığına calayırdı. Gəncəli Mürşüd Məmmədli, gəncəli Sabir Əliyev, gəncəli Altay Məmmədov, gəncəli Nüşabə Əsəd Məmmədli ötkəmliyi, təlatümü gəlib onda səngiyir, axarına düşürdü. Nizami Aydın, Bahadur  Fərman, İnqilab İsaq ağrısı vardı. Vüsal Hicranla təsəlli tapırdı.

 

Xosrov Natil:

Sabah ona telefon açacam, həmişəki kimi, deyəcəm ki, salam, Qərib müəllim, hər vaxtınız xeyir. Unudulmazlığın, əbədi yaşarlığın mübarək olsun.

 

Eltun Türkel:

Qərib Mehdi ömrünün ahıl çağında belə qələminə və əhdinə dönük çıxmadı. Hər yeni əsərini qələmə alanda itmiş oyuncağını tapan uşaq kimi sevindi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!