Nizami Gəncəvinin fəlsəfi stereotipləri yeni esse janrı kontekstində - Zəhra ALLAHVERDİYEVA

Fərid Hüseyn. "Aqibətnamə" (Nizami Gəncəvi "Xəmsə"sindəki ölüm məqamlarının şərhləri). Bakı, "Zərdabi" Nəşriyyat Evi, 2025, 216 səh.

 

Yeni eranın ədəbiyyata diktə etdiyi siyasi-ictimai hadisələr - çoxsaylı informasiyaların yükləndiyi mühit, dəyişən məzmun, milli obraz fərdiyyətçiliyi, modern həyat tərzi və sair məsələlərin güclü təsirilə yanaşı, keçmiş mənəvi dəyərlərlə, xüsusən, əxlaqi-fəlsəfi ənənələrlə dialoqların qurulması əsas mərkəzdə dayanan məsələlərdəndir və hər dövrdə olduğu kimi, bu gün də müəyyən bir əsərdə mövzu, süjet və ideyanın mükəmməl tərtiblə bir-birini tamamlaması ona həmişəyaşarlıq gətirən əsas amillərdən biridir.

Hələ XX əsrin əvvəllərində Avropada və başqa ölkələrdə modernist - cərəyanlar avanqard futurizm, ekspressionizm, daha sonra sosialist realizmi və başqa yeni istiqamətlərin sürətlə yayıldığı dövrdə ədəbiyyat nəzəriyyəçiləri aparıcı novator təmayüllərin əhəmiyyətini qəbul etsələr də, bəzən belə bir "həyəcan" siqnalı da vermişlər ki, bədii ədəbiyyatda fəlsəfi - əxlaqi didaktik janrın, yəni öyüd, nəsihət, fəlsəfi düşüncələri təlqin edən əsərlərin, o cümlədən, əxlaqi-fəlsəfi roman, hekayə və esselərin sıradan çıxarılması 20-30 il sonra cəmiyyətin həyatında, əxlaqında ciddi böhrana, fəlakətlərə səbəb olacaqdır. Əxlaqi-fəlsəfi ricətlər yazıçının sosial-mənəvi məsuliyyətə çağırışlarıdır. Didaktik-fəlsəfi əsər vasitəsilə müəllif dövrün böhranlarına cavab axtaran oxucunu maarifləndirir, onu etik, sosial və ideoloji dəyərlərlə təlimatlandırır və mənəviyyatını formalaşdırır.

Məlum olduğu kimi, esse janrı XVI əsrdə Fransa ədəbiyyatında yarandığından, essenin mənasını "essais" - fransız sözündən - sınaq, təcrübə, oçerk anlamında qəbul edirlər və bəzən ədəbi publisistika ilə eyni ölçüdə qoyurlar. Lakin bu, tamamilə yanlış mövqedir, çünki janrın yaranması fəlsəfənin inkişafı ilə bağlıdır.  Esse - latın kökənli sözdür, mənaca "olmaq" feilindəndir, həyat, varlıq haqqında fəlsəfi düşüncələri bildirir. Janrın yaradıcısı Mişel de Monten, öz əsərlərində Avropa İntibah dövrünün əxlaqi-ictimai düşüncələrini təbliğ edən, insan azadlığı uğrunda çalışan humanist bir şəxsiyyət və Xəyyamvari skeptik bir filosof olmuşdur. Həqiqət haqqında mövcud olan meyarları şübhə altına alaraq, idrakın inkişafını ləngidən ehkamlara qarşı çevrilən skeptik fəlsəfi dünyagörüş onun esselərinin canıdır.

Onu da qeyd etmək lazımdır ki, indiki Fransa ərazisinə məxsus Aralıq dənizi ətrafında yerləşən Korsik adalarında yaşayan yerli qədim korsikalıların dilində "esse" sözü hələ də "var olmaq" anlamında işlənməkdədir. Məlum olduğu kimi, əsrlərdir ki, Fransa hökuməti bu ərazidən yerli korsikalıları yox etmək üçün çalışır.

Dünya ədəbiyyatşünaslığında, həmçinin belə bir ümumi fikir vardır ki, esse janrı romanı üstələyə bilməz, lakin sürətlə yayılma arealı, yeni ideyaları və inkişaf xüsusiyyətlərinə görə esse janrı romanı ötüb keçə bilir. Bu baxımdan, Azərbaycan ədəbiyyatında esse janrını inkişaf etdirən istedadlı yazıçı, şair Fərid Hüseynin "Aqibətnamə" (Nizami Gəncəvi "Xəmsə"sindəki ölüm məqamlarının şərhləri) adlı əsəri, sözün əsil mənasında yeni tapıntıdır. Dövrün ictimai-əxlaqi vəziyyətini, problemlərini dərindən dərk etməklə, Nizami Gəncəvinin dünyagörüşündən faydalanaraq bu ideyaları yeni tərzdə müasir ədəbiyyata inteqrasiya etməklə və Nizami ənənələrini novatorcasına yaşatmaqla bu əsər dünya ədəbiyyatında yenidir.

Bu yenilik, ilk növbədə, "Aqibətnamə" əsərində qoyulan ideyaların özünəqayıdış və özünütəsdiq missiyasındadır. Esseni oxuduqdan sonra düşünürsən ki, əslində ədəbiyyatımız bu gün bitməz-tükənməz mövzularla qarşı-qarşıyadır. İki əsrlik koloniyadan qurtuluş və daha sonra müstəqilliyimizin qorunması uğrunda mücadilə, göz açmağa macal tapmadan düşmən işğalçıların hücumu, xalqımızın öz doğma torpaqlarından didərgin düşməsi və zorla məruz qaldığı miqrasiya əzabına qatlanması, müharibənin ölüm və qan saçan acıları, "qanı hələ qurumayan" şəhidlərimizin qəmi, xalqın son 30 illik əzabı onun fiziki həyatında və mənəviyyatında da mühüm zədələrə və aşınmalara yol açmışdır. Fərid Hüseynin novatorluğu ondadır ki, cəmiyyətin ağrılı mövzularını duymuş və dahi klassikimiz Nizami Gəncəvinin mövzu və ideyalarını özünəməxsus yaradıcılıq empatiyası ilə yeni kontekstdə işləmişdir. Müasir dünya ədəbiyyatında ictimai-fəlsəfi mövzuların genişləndirilməsinə tələbatların artması haqqında qeyd olunan aşağıdakı fikirlərdə deyildiyi kimi, "Fərdlər (yəni yazıçılar - Z.A.) daha yaxşı həyat axtarışında sərhədləri aşaraq, öz tarixlərinin yükünü daşıyırlar ki, bu da onların indiki reallıqlarını formalaşdırır. Beləliklə, ədəbiyyat təkcə şəxsi istəkləri deyil, həm də kollektiv yaddaşı əks etdirir və bizə keçmişin mübarizələrinin daim dəyişən dünyada açdığımız yollara təsir göstərməkdə davam etməyi xatırladır. Bu cür əsərlər vasitəsilə ədəbiyyat insan varlığının mürəkkəbliyinin araşdırılmasını vacib bir vasitəyə çevirir, ortaq bəşəriyyətimizi müəyyən edən mübarizə, ümid və dözümlülüyün kəsişmələrini işıqlandırır" (Müasir dünya ədəbiyyatında trendlər (ingilis dilində). Amerika Birləşmiş Ştatları, Kanada və Latın Amerikası, Yale Universiteti Nəşriyyatı 2025, s.6.).

Yeni cəmiyyətə zəhmət, mübarizə, dözümlülük, dürüst yolla hədəfə doğru getmə, düzlük, etibar, sədaqət, çalışqanlıq və sair əxlaqi-fəlsəfi kriteriyaların aşılanması baxımından, Fərid Hüseynin ağır bir missiyanı öz üzərinə götürərək təqdim etdiyi "Aqibətnamə" əsəri belə nümunələrdəndir. Müqəddimə, 35 hissə, istifadə edilmiş ədəbiyyat və müəllif haqqında məlumatdan ibarət olan bu kitabda yazıçı Nizami Gəncəvinin "Xəmsə"yə daxil olan bütün əsərləri üzərində öz bədii-fəlsəfi düşüncələrini yeni interpretasiya əsasında şərh edir. Diqqəti Nizami Gəncəvinin "Sirlər xəzinəsi"ndəki, "Adəmin yaradılması haqqında" 1-ci məqalətə yönəldir və çox doğru müəyyənləşdirir ki, "Birinci "Adəm haqqındakı" məqalətdən başlayaraq, Nizami insanı öz axır aqibəti haqqında düşünməyə vadar edir. Şair aqibəti həm real ölüm hadisəsi kimi, həm də dini-simvolik anlamda qəbul edir" (Fərid Hüseyn. "Aqibətnamə", s.16).

Aqibət (latınca: fatum - tale) anlayışı əxlaqi-fəlsəfi termindir. Qədim yunanlar insanın taleyini mütləq ehkam olaraq qavrayırdılar və insanı ona qarşı çıxmaqda, onu dəyişməkdə gücsüz hesab edirdilər. Bu bir termin olaraq qaçılmaz qismət, zərurət, insana bəxş edilən və hər bir insanın bütün həyatını özündə ehtiva edən dəyişməz bir qanundur. Daha sonra filosoflar da fəlsəfi termin olaraq izah edir, qəza-qədərin qabaqcadan müəyyənləşdirildiyini, səbəb və nəticənin dəyişməz olduğunu söyləyirdilər.

Aristotel də insan aqibətini təbiət və zərurətlə əlaqələndirir, lakin irəli gedərək, fəzilətin və müdrik qərarların labüd olan qismətə müəyyən dərəcədə müqavimət göstərə biləcəyinə inanmış, ağıl ilə düzgün seçimin rolunu vurğulayaraq belə bir nəticəyə gəlmişdir ki, insan müdrikliklə öz aqibətini dəyişə bilər.

İslam filosofları "aqibət" sözünü Allahın yaratdığı dünyada baş verən hadisələrin, insanın öz əməllərinin son nəticəsi və insanın ölümdən sonrakı taleyi hesab edirdilər. İbn Ərəbi "O, nə üçün insanı "bəşər" adlandırdı?" - sualına belə cavab vermişdir: "Allah insana şərəf verib onu öz əllərilə yaratdığı üçün onun adı da "mübəşşir - xoş xəbər gətirən" adlanmışdır. Bəşər, yəni insan əzəmət (güc) və mərhəməti ilə başqa yaradılmışlardan fərqləndiyi kimi, ilkin İdraka (İlahi İdrak) aid olması səbəbindən düşüncədə də birincidir (İbn Ərəbi. Seçilmiş əsərləri, II cild (rus dilində), Moskva, 2014, s.311). Yəni bəşər övladı düşüncə ilə öz həyatını və axirətini bəyənilmiş şəkildə qura bilər. Quranda qeyd olunan "Mahmudi aqibət, yəni bəyənilən aqibət" Nizami Gəncəvinin əsas ifadələrindən biridir. Şairin insan haqqında düşüncələri onun öz dövrünün fəlsəfi ideyalarını əks etdirir:

 

Aqebəti həst biya piş əz an

Qorde-ye xod bin o beyəndiş əz an.

(Bir aqibət (son) var, gəl ondan qabaq,

Öz lovğalığını gör və o (aqibət) haqda düşün).

 

Fərid Hüseyn "Aqibətnamə" əsərində Nizaminin irəli sürdüyü "Aqibətini düşün" fəlsəfi fikrinə bağlansa da, cərəyan edən bütün hadisələrdə özünün bədii-fəlsəfi düşüncələrini ortaya qoyur, Nizami süjetlərini öz dünyagörüşündən, öz daxili aləminin süzgəcindən keçirir və özünün fikirləri və fərdi bədii üslubu ilə daşlaşmış ideyalara və bədii üsluba müasirlik gətirir. Nizami Gəncəvinin humanist ideyaları incə şəkildə davam etdirilir. Məsələn, yazıçının yeni və gözəl tapıntı olaraq xalq üslubunda qələmə aldığı "Dərd yorğunları" başlığında "Məryəmin ölümü" hissəsindəki izahlar diqqəti cəlb edir. Bir kiçik nümunə: "Şirin Məryəmin ölümündən sevinir, çünki Xosrovla aralarındakı maneə daha yox olub, qaratikan kolu quruyub, amma həm də bu aqibətə görə kədərlənir və belə bir günün haçansa onun üçün də olacağını istisna etmir" (Fərid Hüseyn. "Aqibətnamə", s.46-47).

Ümumiyyətlə, "Aqibətnamə" əsərində hər bir hissənin başlıqları da çox dəqiq və poetik cəhətdən məzmuna uyğun seçilmişdir. Müqəddimədən başlayaraq Onuncu məqalət - "Dünyanın axırı haqqında", On dördüncü məqalət - "Qəflətin məzəmməti barəsində", On doqquzuncu məqalət - "Axirəti qarşılamaq haqqında", "Daşa toxunan şüşə" (Məhinbanu haqqında) - "Dərd yorğunları" - Məryəmin ölümü, "Peşəkarların düşməni olmur", "Bəhram Çubinin ölümü", "Dağa dönmək" (Fərhadın ölümü) - çox gözəl tapıntılardır. "Əbədi gəlin" (Şirinin ölümü), "Özü kimilərdən qaçış", "Məhəbbət hasarı", "Məcnunun anasının ölümü", "Ölü ölüyə necə ağlasın?" (Məcnunun atasının ölümü) hissələrində yaddaqalan, insanın taleyinə əbədi yazılmış həyat və ölüm haqqında fəlsəfi düşüncələr əks olunur: "Məcnun atasına deyir ki, ey ata, mən sənin öləcəyini düşünüb ağlamıram, çünki mən daha ölüyəm, axı ölü ölüyə necə ağlasın? "Məcnunun atası oğlunun sözlərini dinləyəndən sonra əvvəlcə onunla, sonra özü ilə vidalaşır. "İnsan belədir, öz varisi vasitəsilə dünyada qalmaq, adını aləmdə yaşatmaq istəyir" (s.95). 

Nizami Gəncəvi "Yeddi gözəl" əsərində "Kitabın yazılma səbəbi" hissəsində söyləyirdi ki:

 

Gözəl deyənlər ki, sözü demişlər,

Deyib yoruldular və aqibət yatdılar.

Biz ki, o dəstənin əcrini cilalayanıq,

Həmin dahilərdən nəsihət almışıq.

 

Fərid Hüseyn Nizami "Xəmsə"sində qoyulan çox böyük hikmətləri, incə mətləbləri son dərəcə gözəl bədii dillə yenidən ədəbiyyatımızın əxlaqi-fəlsəfi stereotipinə çevirir. Əsəri oxuduqdan sonra istər-istəməz düşünürsən ki, bu dünyada aqil yürüməklə qafil yürüməyin fərqi çoxdur. Dəyərli yazıçımız Fərid Hüseyn klassikləri öyrənə-öyrənə özü də möhtəşəm bir hikmət məktəbi keçib və o məktəb ki, onu yuxarıda gətirdiyim nümunədən göründüyü kimi, Nizami Gəncəvi özü də keçmişdi.

"Aqibətnamə" əsəri vasitəsilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin humanist ideyalarını müasir ədəbiyyatımızda uğurla davam etdirən gənc həmkarım Fərid Hüseynə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!