Azərbaycan türkoloji ədəbiyyatşünaslığının yeni uğuru - "İraq-türkman ədəbiyyatı tarixi" - Nizami Məmmədov (Tağısoy)

 

Azərbaycanda Kərkük türklərinin folkloru, adət-ənənələri, deyimləri və duyumları, atalar sözü, zərb-məsəlləri, nəğmələri, mahnıları, dil palitrası, ləhcə spesifikliyi, epik düşüncəsi, mədəni-fəlsəfi təfəkkür istiqamətləri, ədəbi-bədii örnəklərinin öyrənilməsi sahəsində XX əsrin 60-cı illərindən yaranmağa başlayan çeşidli təcrübə çağdaş mərhələdə daha davamlı və intensiv aparılmaqdadır. Bu aspektin tutarlı elm sahəsinə çevrilməsində əməkdar elm xadimi, dilşünas, leksikoloq, folklorşünas, ədəbiyyatşünas, publisist, yazıçı və mütərcim, professor Qəzənfər Paşayevin rolu danılmazdır. Onun İraqa tərcüməçı kimi işləməyə getdiyi dövrdən orada diqqətini cəlb edən Kərkük türklərinin həyatı, yaşam tərzi, adət-ənənələri, folkloru, nəğmələri, ictimai-sosial həyatının çeşidli sahələri onu özünə  elə cəlb etmişdir ki, nəticədə az keçməmiş "Altı il Dəclə-Fərat sahillərində" (1985) adlı zəngin mündəricəli etnoqrafik-etnoloji, tarixi-coğrafi, epik-folklor, ədəbi-mədəni səpkili kitabı işıq üzü görmüş, özündə daşıdığı informativ məlumatlarla naşı, dil-üslub çalarlarına, hadisələrə individual baxış bucağı sərgilədiyinə və b. keyfiyyətlərinə görə bu mənbə Azərbaycan oxucuları arasında bestsellerə, çevrilmişdir.

Professor Qəzənfər Paşayevin bu sahədə gördüyü işlər, sözün həqiqi mənasında, özünün danılmaz monumentallığı və konseptuallığı ilə seçilməkdədir. Təsadüfi deyildir ki, onun "İraq-türkman folkloru" və "Kərkük folklorunun janrları" mövzulu monoqrafik araşdırmaları tanınmış İraq alimləri tərəfindən yüksək qiymətləndirilmiş, kərküklü alim Əbdüllətif Bəndəroğlu onları "Şah əsər", Mahir Naqib isə "Abidə bir əsər" kimi təqdir etmişlər. Professor Mahir Naqib Qəzənfər Paşayevin fəaliyyətinin titanikliyini göz önünə gətirərkən yazmışdı: "Bir zamanlar tək vahid torpaq halında olan Kərkük və Azərbaycan indi iki ada halına gəlmişdir. Bu gün bu iki adanı bir-birinə bağlayan körpünün memarı məhz Qəzənfər Paşayevdir. İftixarla deyə bilərik ki, artıq o, Əta Tərzibaşı qədər dəyərli bir araşdırmaçımızdır".

Professor Qəzənfər Paşayevin gənc tədqiqatçı, Dr.Orxan İsayevlə birgə hazırladıqları "İraq-türkman ədəbiyyatı tarixi" doqquz bölümdən ibarət olmaqla, İraq-türkman tarixinə qısa nəzər, İraq-türkman ədəbiyyatının ilkin mərhələsi, XVI-XVII əsrlər İraq-türkman ədəbiyyatı, XVIII-XIX əsrlər ədəbiyyatı, İraq-türkman ədəbiyyatında aşıq yaradıcılığı və dastanlar dövrü, XX əsrin əvəllərində İraqda ictimai-siyasi vəziyyət və İraq türkmanlarının durumu, XX əsrin ikinci yarısı İraq-türkman ədəbiyyatı: Poeziyanın fəallığı, İraq-türkman nəsri, İraq-türkman dramaturgiyası və teatr, "Nəticə", "İstifadə olunmuş ədəbiyyat"dan ibarətdir.

Azərbaycan ədəbiyyatından fərqli olaraq İraq-türkman ədəbiyyatında ayrı-ayrı tarixi dönəmlərin, fakt və hadisələrin ümumi qanunauyğunluqları üst-üstə düşməsə də, müəlliflər nəzərdən keçirdikləri ədəbiyyatın ümumi bədii-estetik mənzərəsini dolğun verməyə müvəffəq olmuşlar. Qəzənfər Paşayev və Orxan İsayev tərəfindən burada tarixilik prinsipinin tətbiqi, həm də İraq-türkman ədəbiyyatının ideoloji-mədəni doktrinasının düzgün izahına, onların metodoloji baxışlarının bədii nümunələrin obyektivcəsinə dəyərləndirilməsinə şərait yaratmışdır. İraq-türkman ədəbiyyat tarixinin, şairlərinin yaradıcılıq prosesinin öyrənilməsində tarixi-müqayisəlı və müqayisəli tipoloji yanaşmalardan istifadə edilməklə sistemli öyrənilməsi indiyə qədər ədəbiyyatşünaslığımızda sınanılmamış ədəbi-kulturoloji yanaşma kimı nəzərəçarpacaq önəm daşımaq iddiasındadır.

Qəzənfər Paşayev və Orxan İsayevin bu təşəbbüsü həm də ona görə təqdir ediləsidir ki, türk ölkələrindən bir neçəsi müstəqillik əldə etdikdən sonra onların siyasi-ideoloji arenada mövqeləri möhkəmləndikcə "Böyük Turan İpək yolu" ideyası üstünlük təşkil etməkdədir ki, bu istiqamətdə Türkiyə Respublikası ilə yanaşı, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi dövlətlər açar rolunu oynamaqdadırlar. Eyni zamanda bu missiya digər türk xalqlarının mədəniyyətinin, folklorunun, ədəbiyyatının da bir yerdə öyrənilməsini şərtləndirib, onlar haqqında ümumiləşdirilmiş kitabların ortaya çıxmasına bir qayda olaraq türkiyəli alimlər öz töhfələrini verirdilərsə, çağdaş mərhələdə bu istiqamətdə vektorlar nəzərəçarpacaq dərəcədə dəyişilməkdədir. Son illərdə professor Abi Aydın Abinin "Türk xalqları ədəbiyyatı", professor Nizami Məmmədov Tağısoyun "Qazax ədəbiyyatı" (1993), "Qaraqalpaq ədəbiyyatı" (2007 rus dilində: 2015-Azərbaycan dilində), "Qaraçay ədəbiyyatı" (2016), professor Elman Quliyevin "Türk xalqları ədəbiyyatı" (2016, təkrar nəşr 2025) və b. araşdırma, kitab, dərslik və dərs vəsaitlərinin ortaya çıxmasına Qəzənfər Paşayev və Orxan İsayevin hazırladığı "İraq-türkman ədəbiyyatı tarixi" tədqiqatları araşdırması da getdikcə Azərbaycan alimlərinin bu istiqamətdə estafeti öz əllərinə alıb, digər türk xalqlarının mədəni və ədəbi irsinin təbliğində aparıcı rol oynamaqla, həm də Azərbaycan ədəbi türkologiyasının daha öncül mövqeyə çıxmasına yardım etmiş olurlar. Sevindirici haldır ki, bu gün Azərbaycan alimləri bu istiqamətdə daha fundamental işlərin araya gəlməsində ardıcıl çalışır və buna yüksək əzmkarlıqla nail olurlar.

Q.Paşayev və O.İsayev ədəbiyyatda ənənə və novatorluğun yaradıcı estetik və tarixi kateqoriya olduğunu da doğru-dürüst mövqedən dərk edir və qəbul edirlər. Onu da təsəvvür edirlər ki, bu, bütün xalqların ədəbiyyat və sənətinə xas olan cəhətdir. Eyni zamanda bədii ənənənin davamı millətlərarası ədəbiyyatı da öz çevrəsində yaşatmaq imkanı deməkdir. Kitabı oxuyarkən, Q.Paşayev və O.İsayevin ədəbiyyat tarixçiliyi sahəsində mövcud olan prinsiplərə və s. yaxından bələdliyi də dərindən hiss olunmaqdadır.

İraq-türkman ədəbiyyatının klassik dövr sənətkarlarının yaradıcılığını, bu dövrün aparıcı isimlərinin əsərlərini həzm-rabedən keçirdikdən sonra müəlliflər XVIII-XIX əsrlərdə yazıb-yaratmış Məhəmməd Novruzi, İsmayıl Mənki, Hüseyn Kami, Məhəmməd Nari və b. haqqında adekvat təsəvvürlər yaratmağa çalışırlar.

Kitabda ayrıca bölmədə İraq-türkman aşıqları - Aşıq Abbas, Kor Abış, Xəlil Əhməd, Aşıq Rza və b. şeir və dastan yaradıcılığından geniş bəhs edilmişdir. Təqdir ediləcək haldır ki, qeyd etdiyimiz digər pozitiv məqamlarla yanaşı, müəlliflər həm də xalq ədəbiyyatı örnəklərindən, o cümlədən, həm də uğurlu tapmaca nümunələri təqdim etmişlər. Məsələn, "Qır at qovar, Boz at qaçar, Boz at qovar, Qır at qaçar" (Gün, Ay) göstərərək tapmacanın açmasını Azərbaycandakı variantda "Qır atla bərabər, elə Boz at" işlədildiyini göstərmişlər. Müəlliflərin müqayisəli qarşılaşdırıcı şəkildə "Koroğlu" və "Qaçaq Nəbi" kimi dastanlardakı bəzi məqamları qabartmaları da maraq doğuran məqamlardandır. İraq-türkman aşıq ədəbiyyatı nümayəndələrindən Əbdürrəzzaq Növrəsin türkcə və farsca divanları "Qəzveyi-Bədii" də yer almış "Münşaat", "Tarixçeyi-Növrəs", "Tarixi-Cahangirşah" və "Mübaliğ ül-Hikəm"dən bəhs etmələri, "Divanı"nda təqdim olunmuş çoxsaylı qəsidə, tarix, tərcibənd, tərkibənd, təxmis, qəzəl, müəmmə, lüğəz, rübai, qitə və s. olduğunu müəyyənləşdirib, ümumilikdə orada 317 şeirin yer aldığını göstərmələri Qəzənfər Paşayev və Orxan İsayevin haqqında bəhs etdiyimiz kitabın tərtibatına məsuliyyətlə yanaşmalarının göstəricisi kimi qəbul edilməlidir. Növrəsdən sonra kitabda İraq-türkman aşıq şeirinin tanınmış nümayəndələrindən Mustafa Bədri haqqında dəyərli informativ bilgilər, eyni zamanda onun fəlsəfi məzmunlu nəsr əsərlərinin nəzərdən keçirilməsi; Lütfullah bin Vəli; Onur Haner, Mahmud Tifli, Abdullah Nami, Osmani, Safi, Mehmet Mihri, Şeyx Əbdürrəhman Halis, Əbdülqədır Faiz, Şeyx Rza Tələbanı, Şeyx Məhəmməd Halisi və digər şairlərin çeşidli nümunələrdə yazdığı şeirlərdən parçaların verilməsi də nəzərdən keçirilən dövr (XIX əsr) İraq-türkman ədəbiyyatının görümlü poetik panoramını yaratmaqdadır.

İraq-türkman ədəbiyyatı tarixini vərəqləyərkən diqqətimizı belə bir məqam daha çox cəlb etdi ki, poeziya janrının fəallığı orta olsa da, müəlliflər nəsr yaradıcılığına nəzər salmağı da diqqətdən kənarda qoymamışlar. Bu janrda qələm işlədən Məkki Ləbib, Mahmud Nədim, Ərəb Fəhmi, Əli Marufoğlu, Haşım Qasım Salihi, Tofiq Cəlal Orxan, Mövlud Taha Qayaçı, Yaşar Bayatlı, Salah Tuzlu, Cəlal Polad, Çingiz Bayraqdar və digərlərinin romanı və hekayə janrında qələmə aldıqları nümunələrdə realist təsvirin üstünlük təşkil etdiyi görünməkdədir. Düşünürük ki, nəsr bölməsını təqdim etmiş müəlliflərin İraq-türkman ədəbiyyatında nəsr janrını zənginləşdirən amillərə nəzər salmaları da kitabın əzəmətini və onun sahələrinin rəngarəngliyini ortaya qoymaqda haqlıdırlar.

Qəzənfər Paşayev və Orxan İsayevin ortaya qoyduqları kitabın sonuncu bölməsi İraq-türkman dramaturgiyası və teatrının yaranmasına həsr olunmaqla, ilk dram nümunəsi olaraq Haşım Nahid Ərbilin "Dalı olan əsir" mənzum dramının 1921-ci ildə İstanbulda nəşri və bundan sonra Kadıköydə səhnəyə qoyulması ilə bu janrın əsasının qoyulduğunu bildirmələri bu janrın, ümumiyyətlə İraq-türkman mədəniyyətində zəif inkişaf etdiyini vurğulamaları da həqiqəti əks etdirməkdədir. Bundan sonra Kərkükdə dram janrına olan yetkin maraqdan bəhs edən müəlliflər: Salah Növrəs, Behcət Nalbənd, Osman Xıdır, Sıdıq Bend?qafur, Musa Zəki Mustafa, Fateh Şakir Saatçı, Əli Ağçay, İsmət Hürmüzlü və başqalarının bu janrda yaratdıqlarının mədəni-estetik keyfiyyətlərini üzə çıxarmağa müvəffəq olduqlarını sübut etməkdədir.

Qeyd etdiklərimiz sübut edir ki, professor Qəzənfər Paşayev və gənc tədqiqatçı Orxan İsayevin "İraq-türkman ədəbiyyatı tarixi" kitabının məziyyətləri ilə bağlı xeyli dəyərli fikirlər söyləmək mümkündür. Odur ki, biz qalan fikirlərin səsləndirilməsini bu mənbə ilə maraqlananların ixtiyarına buraxır və müəllifləri belə orijinalyönlü əsər münasibəti ilə ürəkdən təbrik edib, onlara gələcək yaradıcılıq uğurları diləyirik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!