IV
...Bakıda 21 noyabr 1947-ci ildən başlayaraq Cənubi Azərbaycanın siyasi mühacirləri üçün 1917-ci ilin dekabrından nəşr edilən "Azərbaycan" qəzeti öz işini bərpa etdi. Bu, o qəzet idi ki, illər ərzində milli şüuru formalaşdıran bir çox Azərbaycan ədiblərinin, o cümlədən də, Mir Cəlal Paşayevin, Səməd Vurğunun, Rəsul Rzanın, Məmməd Rahimin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Ustad Şəhriyarın, digər yazar və şairlərimizin yazıları dərc olunmuşdu.
Xüsusən də, Mir Cəlalın Azərbaycan gəncini vəsf edən yazıları, Rəsul Rzanın, Səməd Vurğunun milli vətənpərvər, Süleyman Rüstəmin Təbrizlə bağlı şeirləri cənublu qardaşlarımız tərəfindən böyük rəğbətlə və sevgi ilə qarşılanırdı. Mir Cəlal Paşayevin 1940-cı ildə işıq üzü görmüş "Füzulinin poetik xüsusiyyətləri" əsəri (namizədlik dissertasiyası - A.M.) cənublu ədiblərimiz tərəfindən xüsusi müzakirə mövzusu olmuşdu.
Görkəmli ədibimiz Mir Cəlal Paşayevin bu monoqrafiyasına maraq həm də ondan irəli gəlirdi ki, o, öz tədqiqatında Məhəmməd Füzulinin dövrünün şairlərindən fərqli olaraq əruz vəznində və türk dilində qələmə aldığı şeirlərdə və ya divanında ərəb və fars sözlərindən daha az istifadə etməsini göstərirdi. Əslində bu problem öz aktuallığını Cənubi Azərbaycan şairləri arasında o illərdə də saxlayırdı (elə bu gün də saxlayır - A.M.). Biz bu problemin aktuallığını, Azərbaycanın görkəmli ədəbi tənqidçisi və eyni zamanda da o dövrdə Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetinin Baş redaktorunun müavini, sonradan hamımızın tanıyacağımız böyük alim Cəfər Xəndanın Mərkəzi Komitənin katibi Qəzənfər Məmmədova ünvanladığı məktubundan da görürük.
Cəfər Xəndan məktubunda (ARPİİİSSA F.1.Siy.29.S.V.375) Cənubi Azərbaycanın yerli şairləri - Əli Fitrətin, Məhəmməd Biriyanın, Mirmehdi Ehtimatın, Balaş Azəroğlunun və Mirmehdi Çavuşinin adlarını çəkərək, onların şeirlərini əruz vəznində deyil, modern və milli koloriti tam özündə ifadə edə bilən heca vəznində qələmə aldıqlarını yüksək qiymətləndirir. Ədəbi tənqidçimiz qeyd edirdi ki, "Cənubi Azərbaycanda şairlərin böyük əksəriyyəti əruz vəznində yazdıqlarına görə, şeirlərində daha çox fars və ərəb sözlərindən istifadə etdikləri üçün başa düşülən deyil. Yəni bunu biz heç də türk şeiri kimi qəbul edə bilmərik". Çünki bu şeirlər fars və ərəb sözləri ilə doldurularaq, mahiyyətcə İranizmi tərənnüm edirdi.
Cəfər müəllim xüsusən qeyd edirdi ki, "Təbrizdə 50-yə yaxın şair vardır, amma bunların çoxu mərsiyə deyənlərdir və onları qətiyyən nə Azərbaycan məsələsi, nə də milli məsələ narahat etmir". Faktiki olaraq bu şairlər dini nohiyələr deməklə Kərbəla faciəsindən bəhs edir, İran şiizminin təbliği ilə məşğuldurlar. Bu baxımdan o, hesab edirdi ki, bizə əruz vəznində və türk sözlərindən istifadə edən, şeirlər yazan şairlər yetişdirmək lazımdır və gənc şair Əli Rzanı misal çəkirdi. Yəni Cənubi Azərbaycanda o dövrdə şairlərin böyük əksəriyyəti əruz vəznində yaratdığına görə, qeyri-ixtiyari olaraq şeirlərində ərəb-fars sözlərindən daha çox istifadə edirdilər. Bu da ərəb və fars sözləri ilə zəngin olan əruz şeirini milli görkəmdən çıxarırdı.
Bax, buna görə də böyük ədibimiz Mir Cəlal Paşayevin "Füzulinin poetik xüsusiyyətləri" adlı monoqrafiyası məhz bu mahiyyətinə görə cənubda çox ciddi müzakirə mövzusuna çevrilmişdi. Füzulinin əruz vəznində və türk dilində olan şeirlərinə və ya divanına cənubda yeni bir baxış formalaşmış və ciddi şəkildə öyrənilməyə başlanılmışdı. Amma bununla yanaşı, milli dilin bəlağəti baxımından şeirlərin heca vəznində yazılması daha çox təşviq edilirdi. "Azərbaycan" qəzeti öz işini bərpa etdikdən sonra həftədə iki dəfə, 2000 nüsxə tirajla nəşr olunur və ilk öncə yalnız Sovet Azərbaycanı ərazisində yaşayan siyasi mühacirlər arasında yayılırdı. Qəzetin hər sayında İranda baş verən həyat və hadisələrlə bağlı siyasi məqalələr, materiallar yer alırdı. Qəzet TASS materiallarından da istifadə edirdi.
Çox maraqlı idi ki, qəzet Təbriz Baş konsulluğuna göndərilir və oradan etibarlı adamlar vasitəsilə Cənubi Azərbaycan bölgələrinə yayılırdı. Bu, çox riskli bir iş idi və tam məxfi həyata keçirilirdi. İran, ABŞ, Böyük Britaniya xarici kəşfiyyatının tam nəzarətində olmasına baxmayaraq, Təbriz Baş konsulluğu və onun aparıcı siması olan Bağır Seyidzadə bu işi çox ustalıqla həyata keçirirdi. Amma hər an bu məsələ üzə çıxa bilərdi.
Bağır Seyidzadəni və digər diplomatlarımızı zərbə altına qoymamaq üçün Mir Cəfər Bağırov Stalinlə razılaşdıraraq, Cənubi Azərbaycanın bölgələrində maarifləndirmə və təbliğat işini daha təhlükəsiz aparmaq üçün "PÇELA" ("Arı") radiostansiyasının fəaliyyətini bərpa etdirir.
"PÇELA" radiostansiyası vasitəsilə Azərbaycan, fars və kürd dillərində gündəlik yayım təşkil olunurdu.
Amma heç bir halda Cənubi Azərbaycanda apardığı milli siyasətinə və reportariantlara qarşı mövqeyinə görə M.C.Bağırovu bağışlamayacaqdılar. Bildiyimiz kimi, reportariant siyasəti Moskvanın Şərqi Anadolu layihəsinin tərkib hissəsi idi. Mikoyan-Gülpəkyan cütlüyü bu geosiyasi konyukturadan maksimum istifadə etməyə çalışırdılar. Dünyanın bir çox ölkələrindən Gülpəkyan fondunun dəstəyi ilə Ermənistana daha çox daşnak ermənilər qaytarılırdı. Bu da gələcəkdə bu ermənilərin Şərqi Anadoluda sovet dövlətinin iddia etdiyi ərazilərdə yerləşdirilməsi üçün hazırlıq proqramının tərkib hissəsi idi.
Burada bir məsələni də qeyd etmək lazımdır ki, Ermənistandan deportasiya olunan Azərbaycan türkləri kütləvi şəkildə deyil, 1948-1950-ci illərdə, əsasən, Türkiyə ilə sərhəd kəndlərdən çıxarıldı. Bu köçürülmələrin digər səbəblərindən biri də dünyadan axışıb gələn erməni reportariantların azərbaycanlıların çıxarıldığı ərazilərdə yerləşdirilməsi idi.
Amma Bağırov bunların əleyhinə gedirdi və gələcək köçlərin qarşısını almaq üçün aşağıdakı məzmunda Stalinə müraciət edir:
ARPİİİSSA, f.1. siy. 35, s. v. 161 (keçmiş Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi - indiki Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi).
YOLDAŞ STALİNƏ
Daşnakların xaricdə davam edən iyrənc antisovet işində son illərdə onların Sovet Ermənistanı ərazisinin Sovet Azərbaycanı (Dağlıq Qarabağ, Naxçıvan Muxtar Soveti, Kirovabad və s.) və Sovet Gürcüstanı (Axalik, Axalkalaki, Borçalı və s.) hesabına artırılması "tələbləri" xüsusi yer tutur. Eyni zamanda, onlar Azərbaycan və gürcü xalqlarına qarşı hər bir təxribata hazırdırlar. Bununla bağlı məktuba 1947-ci ilin iyununda "Daşnaksütyun" partiyasının siyasi platforması haqqında (XIV daşnak qurultayının direktivi və siyasi vəziyyətimiz və gələcək fəaliyyətimiz - "Alik" qəzetində dərc olunmuş məqalənin tərcüməsi)" 18 və 19 fevral 1948-ci il tarixlərində Tehranda nəşr edilmiş "Mühacirət və biz" ("Alik" Tehran erməni qəzetindən, 14 aprel 1948-ci il tarixli məqalənin tərcüməsi), "Naxçıvanın Ermənistan üçün mənası" (1948-ci il 25-26 avqust tarixli) və nəhayət, daşnak inqilabi təşkilatının rəhbəri S.Vratsyanın "Alik" qəzetinin 25, 27 yanvar 1949-cu il tarixli məqaləsi haqqında məlumat əlavə edilmişdir.
Şübhə yoxdur ki, ingilis-amerikan imperialistləri nəinki antisovet işlərində daşnakları dəstəkləyirlər, görünür, amerikalılar daşnakların "tələblərindən" istifadə edərək, Zaqafqaziyaya hansısa yollarla nüfuz etmək kimi çoxdankı arzularını həyata keçirmək istəyirlər. Bu baxımdan, amerikalıların 1919-cu ildə Şərur-Dərələyəz və Naxçıvanla bağlı davranışlarına dair arxiv materiallarını da məktuba əlavə etmişəm. Amerikalıların daşnakların işlərində bugünkü iştirakı, xüsusilə Dağlıq Qarabağ məsələsində özünü daha çox göstərir. Artıq həbs edilmiş Suvaryan işi ilə bağlı əldə edilmiş materiallardan aydın olur ki, amerikalılar başqa işlərlə yanaşı, Sovet Azərbaycanının İran xalqına məlum təsirindən də çox narahatdırlar!
Həqiqətən də, İran zəhmətkeşlərinin Sovet Azərbaycanını özlərinə dayaq görməsinin "Mərdom" (Xalq partiyasının mərkəzi qəzeti) qəzetinin 3 fevral 1949-cu il tarixli "Azərbaycan xalqımızın mübarizəsinin ən qabaqcıl barrikadasıdır" adlı və bu məktuba əlavə edilmiş məqalədən də görmək olur. Deyilənlərin işığında, Zaqafqaziyada, xüsusən də, Azərbaycanda baş verən ən mühüm hadisələrlə bağlı son illərdə yazılan və ya təkrar nəşr olunan bəzi kitablar və məqalələr diqqəti cəlb edir və insanı həyəcanlandırır. Amma bəzi kitab və məqalələr var ki, bunlardan da yan keçə bilmirəm. Bu tipli kitabların müəllifləri nəinki mütəxəssis deyillər, qeyri-obyektiv və hətta şübhəlidir, həm də məzmunu təxribat və şərləmə özlüyündə daşnak təxəyyülünün əsasını təşkil edir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
