O səsin cazibəsi (Əvvəli ötən sayımızda) - Fazil RƏHMANZADƏ

Dahi müğənnimiz Rəşid Behbudovun 110 illiyi tamam olur

 

***

"Bütün dünyada belkanto səsli müğənnilər sayca çox deyil. Dahi Rəşid Behbudov da onlardan biridir".

Bu qiymətli fikri müğənninin Moskvada 80 illik yubileyi gecəsində Rusiyanın adlı-sanlı musiqi tədqiqatçısı, professor Boris Yarustovski səsləndirmişdir.

Həmin deyimdə çox böyük həqiqət vardır.

Şəksizdir ki, təbiətin ona bəxş etdiyi əsas nemətlər sırasında - istedadı, əla zahiri görünüşü, misilsiz ifa tərzi və bənzərsiz texnikasından öncə şirin səsi çox önəm kəsb edirdi...

Rəşid Behbudov tenordu. Fəqət heç də hər tenora qismət olunmayan belkanto da buna əlavədir. Belkanto səsi əsasən dahi italyan müğənnilərində olur, o, öncə italyan ifaçılıq məktəbinə yiyələnmiş, fəqət anadangəlmə mükəmməl, yumşaq səs çalarına malik ustad sənətkarlara bir Tanrı vergisidir.

Əlbəttə, Rəşid Behbudov mahnıların yalnız sadəcə təfsirçisi olsaydı sənətin belə yüksək zirvəsinə qalxmazdı. Melodiyanı duymaq, onun incə nöqtələrinə varmaq, bəstəkar və şair fikrini ifa ilə uzlaşdırıb dinləyiciyə çatdırmaq, hər hansı əsəri ağılın süzgəcindən keçirib kamilləşdirmək, el nəğmələrini, dünya xalqlarının mahnılarını özünəməxsus tərzdə səliqə-sahmanla canlandırmaq, nəhayət, əla improvizatorluq keyfiyyəti, gözəl virtuozluq, heç kəsə bənzəməyən aktyorluq bacarığı Rəşid Behbudovun sənətini səciyyələndirən, ona minlərlə pərəstişkar qazandıran məziyyətlərdir.

Onunla şəxsi tanışlığımızın və bunun sonradan sıx dostluğa çevrilməsinin maraqlı tarixçəsi vardır. Ötən əsrin 60-cı illərinin lap əvvəllərində hələ çox cavan ikən "Bakı" - "Baku" qəzetləri redaksiyasının ədəbiyyat və incəsənət şöbəsində əməkdaşlığa başladığım çağlardan.

...Müğənni İrana çox uğurlu qastrol səfərindən Bakıya Tehran-Moskva qatarı ilə qayıtmalıydı. Həyat yoldaşı Ceyran xanımdan hər şeyi yerli-yataqlı öyrənmişdim. Qatarın nə zaman Şimali Azərbaycan Culfasında olacağından xəbərdardım. Odur ki, baş redaktorumuzun razılığı ilə bir gün öncə özümü Culfaya çatdırdım. Gecə saat 3-də qatar Culfa vağzalına varid oldu. Rəşid 7-ci vaqonun SV kupesində idi. Qatar  rəisinin icazəsi ilə vaqona qalxdım. Lakin müğənni şirin yuxuda idi. Rahatsız etmək istəmədim. Sadəcə yaxın kupelərin birində əyləşib mürgü vururdum. Səhər 7-də kupedən çıxdım, gördüm müğənni üzü pəncərəyə sarı dayanıb çölə baxır. Nəzərlərimiz bir-birinə sataşdı. Yaxınlaşıb salamlaşdım. Özümü təqdim etdim. Həm "Bakı" - "Baku" qəzetləri redaksiyasının, həm də Moskvanın "Xəbərlər" Mətbuat Agentliyinin sifarişi ilə müsahibə aparmaq üçün buraya gəldiyimi bildirdim. Təbii ki, söhbət böyük müğənninin İrandakı uğurlu konsertləri barədə olmalıydı.

Rəşid məmnun qaldığı qədər də qayğı ilə dedi:

- Ay qardaş, onsuz da yolum Bakıyadır. Niyə bu qədər əziyyətə qatlaşıb Gulfaya gəlmisən? Yaxşı, keçib daha, oturaq mənim kupemdə, öncə səhər çayımızı içək.

...Səhərliyimizi yedik. Sonra da o, İran səfərindən danışmağa başladı. Həmin gün axşamüstü Bakıya çatdıq. Və artıq əlimdə hazır olan müsahibəni teleqrafla Moskvaya - "Xəbərlər" Mətbuat Agentliyinə ötürdüm.

Sənətkarın çıxışları barədə XMA-ya verdiyim material o zamankı İttifaq qəzetlərinin, habelə xarici mətbuat orqanlarının bir çoxunda dərc olundu.

O ki, qaldı, çalışdığım doğma "Bakı" - "Baku" qəzetlərinə müğənninin həmin səfəri ilə əlaqədar geniş səpkili yol qeydləri də operativ olaraq oxuculara çatdırıldı.

Bir axşam həmin qəzet nüsxələri qoltuğumda evinə getdim. Mətbuat nümunələrini təqdim elədim. Bax, həmin çağdan başlayaraq bizim özülü möhkəm olan dostluğumuzun əsası qoyuldu.

Hə, onu da əlavə etdim ki, təxminən 30 il çəkən birgəliyimizdə onun məndə çoxsaylı yadigarları var. Özü samovardan mənimçün çay süzən məqamda lentə alınmış fotoşəkil çox əziz bir xatirədir. Mənə ad günümdə hədiyyə etdiyi üzük həmişə barmağımdadır. Sənətkarla bağlı yazdığım müsahibələr, oçerklər, yol qeydləri, solo konsertləri barədə məqalələrim də bu qəbildəndir. Bir neçə dəfə özgə şəhərlərə qastrol səfərlərinin canlı şahidi olmuşam. Nəhayət, istənilən qədər duz-çörək kəsmişik.

Bir məqamı da deyim: Rəşid Behbudovla mübhəm söhbətlərimiz, bir-birimizə inam və etibardan doğan fikir mübadilələrimiz, acı həqiqətlərin etirafından doğan danışdıqlarımız da olub. Bunların hamısı cib dəftərimdə yer alıb. Düşünürəm ki, artıq çatıb, deyilməsi mümkün olanların əksəriyyətini oxuculara çatdırmaq istəyindəyəm...

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!