Qalanın şeir bürcü - Arzu NEHRƏMLİ

 

Qarşımda Rəşad Məcidin 60 illiyinə həsr olunmuş "Qala adam" kitabı var.  

"Qala adam"da Rəşad müəllim haqqında mötəbər insanların dəyərli yazıları toplanıb və həmin yazılarla özünün qələmli və qələmsiz yazdığı seçmə əsərlərin bir araya gətirilməsi onun haqqında səxavətlə deyilənlərin havadan asılı qalmadığını, əsaslı, sübutlu olduğunu göstərir...    

Bəri başdan deyim ki, görkəmli şair, nasir, publisist, esseist, tanınmış ictimai xadim Rəşad Məcidin çoxşaxəli yaradıcılığının şeir qanadı mənə daha doğmadır. Bu doğmalıq havasında şairin Şuşaya həsr elədiyi şeirlər silsiləsini - "Şuşa dəftəri"ni vərəqləyirəm. Qarabağda, Ağcabədidə doğulub Ağdamda böyüyən, on illər boyu millətimizin qara bağrını qarsalayıb yandıran işğal illərinin ağrısı ilə yaşayan, müzəffər ordumuzun şanlı zəfərindən sonra Cıdır düzündən Şuşanın tamaşasına duran, oradan günün doğmağını seyr edən şair bizi də bu mənzərəyə dalmağa dəvət edir:

 

Cıdır düzündən baxmaq...

Dağların arxasından,

qıpqırmızı səmadan

haçan görünər, deyə,

Gözünü

dan yerindən ayırmamaq,

Qaynar təndirdən çıxan

isti çörək kimi,

əlini Günəşə sarı uzatmaq,

Ovcunu,

            barmaqlarının ucunu

            yandıran Günəşin

Qırağından bir loxma kəsmək...

 

Şair ürəyinin odlu təndirindən buğlana-buğlana çıxan bu halal misraları oxuyuram və istər-istəməz təsəvvürümdə unuda bilmədiyim, daim yaddaşımda yaşatdığım uzaq bir xatirə baş qaldırır. İllərin arxasından boylanan o hadisəni başqa yazılarımda da xatırlamışdım. Bilmək olmaz, yəqin ki, nə vaxtsa gələcək yazılarımın birində yenə yada düşəcək. Axı elə xatirələr var ki, ömrü boyu insanın içində közərir. İllər ötür, zaman, dünya və həyat dəyişir, amma bir anın qəfil görüntüsü heç vaxt öləziyib sönmür...

Şuşaya 1988-ci ildə, Vətənimizin sinəsində Qarabağ yanğını yeni alovlanmağa başlayanda yol almışdım. O vaxt mən ara-sıra şeir və hekayələri ilə çıxış edən, görəcəyi günləri qarşıda olan, gənc, məktəbli, idmançı bir qız idim.  Naxçıvanın basketbol komandasının heyətində respublika çempionatının oyunlarında iştirak etmək üçün avtobusla Qarabağa - Şuşaya gəlmişdim. Yolboyu içimdə hələ ayrıla bilmədiyim uşaqlıq təəssüratları, aşıb-daşan gənclik sevinci və idman yarışının həyəcanı bir-birinə qarışmışdı.

Rəşad Məcidin "Şuşa sevgisi" şeiri zəfərimizdən sonra bir millət olaraq içimizdə baş qaldıran qələbə əhval-ruhiyyəsinin şairanə ifadəsidir. Şeirin dəyəri ondadır ki, müəllif mürəkkəb tarixi yaddaşı, şəhidlik və qələbə kimi dilə gətirilməsi məsuliyyət tələb edən çətin mövzuları hay-küydən uzaq, sadə, aydın və oxucuya birbaşa təsir edən dillə çatdırır. Ənənəvi bədii obrazlılıqdan qidalanan şeirin dili bu günün insanlarının duyğuları ilə yüklənib, şeirdə işlənən ifadələr gündəlik həyatın ruhundan süzülüb gəlir. Şeir boyunca Şuşa həm tarixi irs, həm şəhid qanı ilə müqəddəsləşmiş ziyarətgah, həm də gələcəyə ümidin rəmzi kimi təqdim olunur. Burada Şuşa yenidən doğan günəş kimidir, "dan yerindən süzülən tarixlərin işığı" oxucunun üzünə qələbə səhərindən yayılır. Bu işıq həm də tarixi yaddaşın oyanışını ifadə edir. Şeirdə milli yaddaşın müxtəlif qatları - keçmişin dərinliyi, şəhidliyin ucalığı, uşaqlığın saflığı və gələcəyin aydınlığı bir araya gətirilir.

 

Azərbaycan əsgəri...

            borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!

İslanıb hər qarışı şəhidlərin qanıyla,

Dönüb yalçın qayaya,

            tunca Şuşa sevgisi!

 

Rəşad Məcidin tarixi təcrübəni sadə, lakin dərin şəkildə ifadə edən "Şuşa sevgisi"ndə bayraq, vicdan və torpağın azadlığı uğrunda tökülən qanın birliyi Qarabağ döyüşçüsünün mənəvi portretidir. Şeirdəki yol, zirvə və atlı obrazları uzaqlardan, xalqımızın dastan yaddaşından soraq gətirir. Şeir son bənddə Ali Baş Komandanın Şuşa sevgisinin vurğulanması ilə tamamlanır: Şuşa həm xalqın, həm döyüşçünün, həm də dövlətin birləşdiyi, doğmalaşdığı yer kimi mənalanır.

Rəşad Məcidin "Şuşa dəftəri"ni oxuduqca, gözümdə ömrümün də qat-qarışıq tarixi vərəqlənir və sanki zamanın dərinliklərindən qulağıma bir səs gəlir. Bu torpaq uğrunda can verənlərin ruhu indi Şuşanın dağlarının hər qayasına, hər çiçəyinə, havasının hər zərrəsinə hopub. Onların nəfəsi bu torpağın nəfəsinə qarışıb. Rəşad Məcidin misralarının arasından dağlar ürəyində sözü olan insan kimi gendən mənə boylanır. Dağlar ürəyində bu torpağın şeirə dönmüş səsini saxlayır. Dağları dinləsək, o səs bizə tariximizi danışacaq:

 

Hər qarışı qədim tarix, müqəddəs yaddaş,

Dərələri dərin fikir, yamacı sirdaş!

Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,

Qəlb qızdıran hərarətdi Şuşaya getmək!

 

"Qala adam" kitabındakı mətnləri tutuşdurarkən bir fakt nəzərimdən yayınmadı: bəzən mövzu Rəşad müəllimin düşüncəsində şeirdən əvvəl "qələmsiz yazılan" mətn kimi  doğulur. "Şuşaya getmək" şeirinin ilk cizgiləri onun bir status qeydində öz ilkin şəklini almışdı:

"Şuşaya getmək...

Şuşaya getmək həm də tarixə və keçmişə səyahətdir.

Dahi şəxsiyyətlərin ayağı dəyən, ruhu dolaşan müqəddəs məkanları ziyarətdir.

Mədəniyyət paytaxtında, musiqi-muğam beşiyində ən gözəl hisslərlə ibadətdir.

Tərtəmiz havasından, səpsərin bulağından qopub ürəyə yayılan hərarətdir.

Qəhrəman ordumuzla, müqəddəs şəhidlərimizlə, igid qazilərimizlə, Müzəffər Ali Baş Komandanımızla qürur və fəxarətdir"...

Şeir misraları kimi yazılmış bu yazı çox aydın göstərir ki, Rəşad müəllimin şeirləri şair ürəyinin təndirindən buğlana-buğlana çıxmazdan əvvəl onun düşüncələrində yaxşıca yetişir, incə-incə yoğrulub-yapılır, kündələnib yayılır...

"Şuşa dəftəri"ndə diqqətimi çəkən yazılardan biri də "Kəkotu" şeiri oldu. Bu şeirin maraqlı tərəfi Şuşa sevgisinin yaddaş altından nəsildən-nəslə ötürülməsidir. Kəkotu burada bütün nəsillərin yaddaşında Vətən qoxuyan torpağın rəmzidir.

Şeir sadə təsvirlərin içində dərin vətənsevərlik duyğusu yaradır. Bir ovuc kəkotunun Cıdır düzündən şəhərə gətirilməsi torpağın ruhunun, dağların nəfəsinin, nəsillərin yaşadığı həsrətin evə gətirilməsi deməkdir.

Şeirdəki başqa bir rəmzi obraz Xarıbülbüldür. "Gözləri yumuqdu Xarıbülbülün" misrası torpağın zərif bir xəbərdarlığını çatdırır: torpaq namus kimi, göz-bəbəyi kimi daim qorunmağa möhtacdır.

Şeirin sonluğunda "günəşdən su içib", "qayanın tavasında bişən" kəkotunun fincana düşməsində maraqlı bir çevrilmə var. Burada təbiətdən evə, torpaqdan yaddaşa, dağdan insana keçid edilir. Beləcə, kəkotu həm Şuşanın qoxusunu, həm də onun düşüncə və duyğu qatında yaşayan yaddaşını nəsillərə ötürən rəmzi obraza çevrilir. Bu şeirdə Şuşa sevgisi təntənəli bəyanatlarla deyil, bir uşağın - Rəşad müəllimin nəvəsi Məcidin əlindəki bir dəstə kəkotunun ətri ilə dirçəlir. Şeirin ən güclü tərəfi də elə budur: Vətənin ölçüyəgəlməz böyük mənəvi dəyəri şeirin sehrli dilində bir otun, bir çiçəyin qoxusuna sığır və oxucuya bu qoxunu hiss etdirə bilir...

Təzadlı Şuşa səfərlərimin təəssüratları altında Rəşad müəllimin "Şuşa dəftəri"ni vərəqləyə-vərəqləyə onu da düşünürəm ki, Şuşa bizim üçün coğrafi məkan olmaqdan çox, həm də bədii sənətimizin yaddaş dünyasıdır. Bu torpağın poeziyada, musiqidə, rəsmlərdə canlanan obrazları artıq milli varlığımızın rəmzlərinə çevrilib. Həmin sənət obrazlarına bir yeni nəfəs də "Şuşa dəftəri" əlavə edir. Anlayırsan ki, torpağımızın tacı Şuşa həm də içimizdəki işığa aparan yolun başlanğıcıdır. Bunu duymaq üçünsə "ürək torpağı" münbit olmalıdır:

 

Bəlkə not yazılıb hər çiçək üçün -

Neyləyək sirrini bilək torpağın?

Səsi, havacatı cücərtmək üçün

münbit olmalıdı ürək torpağı!

 

Şuşaya 34 ildən sonra qayıtdığım gün Cıdır düzünə ilk addımımı atanda hiss etdim ki, bir ömür boyu içimdə daş kimi asılan ağır həsrət o an sanki torpağın altına çəkildi. Hava dəyişdi, dərindən nəfəs aldım, elə bil görünməz bir əl üstümdəki ağır pərdəni qaldırdı, bir vaxt üzümə çırpılan qapını taybatay araladı. İllərdir bəzən yuxuma girib məni oyadan səsi, bir vaxt cəbhəyə yola saldığım igidimin səsini eşitdim: "Görürsənmi? Torpağımız azaddır!.."

Qala adamın - Rəşad müəllimin "Şuşa dəftəri" qalanın şeir bürcündən yüksələn bir  səs kimi mənə Şuşaya gedəndə hiss etdiyim azadlıq ruhunu yaşatdığına görə çox dəyərlidir:

 

Yollar ağır, cığırlar dik, sıldırım çətin,

Qaya-qaya igidlərin tək adı - Mətin!

Şəhid düşən ərənliyin, məğrur qeyrətin

pak ruhunu ziyarətdi Şuşaya getmək!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!