"Böyük Azərbaycan naminə Bağır Seyidzadə" (Əvvəli ötən saylarımızda) - Adıgözəl MƏMMƏDOV

 

III

 

1946-cı il dekabrın 10-da şah ordusunun hissələri üç yerdən Azərbaycana hərəkət etdi. 11-də onlar Mianaya daxil oldular. Dekabrın 12-13-də qoşunlar Təbrizə, dekabrın 14-17-də isə Sərab, Mərənd, Xoy, Məka, Rezaye, Culfa və Astaraya daxil oldular. İşğal olunmuş bütün şəhərlərdə hərbi vəziyyət elan edildi, hərbi məhkəmələr yaradıldı, Azərbaycan Demokrat Partiyasının komitələri, demokratik qəzetlərin redaksiyaları darmadağın edildi.

İranın Təbrizdəki ekspedisiya qüvvələrinin komandiri general Haşimi Təbrizdə bir bildiriş dərc etdirərək, demokratların rəhbərlərini, fədailəri, idarəetmə qurumlarının işçilərini və mühacirləri silahları təhvil verib təslim olmalarına çağırış edirdi. Həm Təbrizdə, həm də Azərbaycanın bölgələrində ADP-nin üzvlərinin sığına biləcəyi evlərin sahiblərinə xəbərdarlıq edilirdi ki, əgər gizlənən partiya üzvlərini təhvil verməsələr, onlar da ciddi məsuliyyətə cəlb olunacaqlar. İran hərbi məcəlləsinin 114-cü maddəsi əsas gətirilərək, həbs olunan və təqsirləndirilən şəxslərin heç birinə apellyasiya şikayəti vermək hüququ verilmirdi.

Qəvam dekabrın 18-də Tehran radiosundakı çıxışında ilk dəfə açıq şəkildə Azərbaycan demokratlarını avantürist adlandırdı, onları qanunları pozmaqda, günahsız insanları öldürməkdə, əhalinin malını talamaqda, fars dilini təqib etməkdə ittiham etdi. General Haşimi Təbrizdə İran hökumətinin Azərbaycan demokratları ilə bağladığı müqavilələrin ləğvi barədə rəsmi şəkildə əhali nümayəndələrinə məlumat verdi".

Beləliklə, dekabrın 20-də Cənubi Azərbaycanda Şah rejimi bərqərar olundu. On minlərlə ailə İranın cənubuna sürgün edildi. Sonrakı aylar Azərbaycan şəhərlərinin meydanlarında üsyançıların asıldığı dar ağacları quruldu.

Cənubi Azərbaycanda milli hərəkat süquta uğrasa da, Bağır Seyidzadə Təbrizdə fəaliyyətini davam etdirirdi. O, M.C.Bağırovun tövsiyəsi ilə və milli xəttin nümayəndəsi kimi Təbrizdə Baş Konsulluq bağlanana (1949-cu il) kimi diplomatik fəaliyyətini davam etdirir. Bax, bu dövrlə də bağlı Bağır Seyidzadənin şəxsi qeydləri çox maraqlıdır: "Demokratik təşkilatlara, mütərəqqi fikirli şəxslərə qarşı kütləvi repressiyalar nümayişkaranə şəkildə təşviq edilməyə başlanılmışdı. İrandakı demokratik təşkilatlar - İran Xalq Partiyası, Həmkarlar İttifaqları Mərkəzi Şurası, Azərbaycan Demokrat Partiyasını gözdən salmaq üçün Tehran qəzetləri əllərindən gələni edirdilər. Azərbaycanda Azərbaycan Demokrat Partiyasının üzvlərinə və onlara rəğbət bəsləyənlərə qarşı vəhşi repressiyalar həyata keçirilirdi.

Elə ilk gündən Tehranda çıxan rəsmi qəzetlər Təbrizdə 600-dən çox azərbaycanlı demokratın öldürüldüyünü və minlərlə insanın həbsindən yazırdı. Hələ qoşunlar gəlməmişdən əvvəl Ərdəbil şəhərini tutan şahsevənlər 40-dan çox azərbaycanlı demokratı asmış, bir çoxlarını güllələmişdilər. 1947-ci il yanvarın 6-da "Ettelaat" Azərbaycan demokratlarına qoşulmuş İran ordusunun 23 zabitinin hərbi məhkəmə hökmü əsasında edam edilməsindən, ertəsi gün isə Azərbaycanın görkəmli simalarından biri olan Kəbirinin edam edilməsindən xəbər verirdi.

Həmin qəzet Səttarxanın və Bağırxanın abidələrinin vəhşicəsinə dağıdılmasını, Azərbaycan dilində olan kitab və qəzetlərin odda yandırılmasını məmnunluqla təsvir edirdi. Tehrana gətirilən Azərbaycanın keçmiş general-qubernatoru doktor Cavid, vilayət əncümənlərinin sədri Şəbüstəri, Qazi Məhəmməd, Seyf Qazi və bir neçə digər liderlər həbs edildi. Tehran qəzetləri Azərbaycan məsələsində Qəvamın xidmətlərini hər cür şişirdir və "İranı xilas etdiklərini" sübut etməyə çalışırdılar".

Maraqlıdır ki, İran Jurnalistlər Cəmiyyəti dekabrın 24-də Azərbaycanın işğalı ilə bağlı ziyafət təşkil edir və bu ziyafətdə hərbi nazir general Əhmədi, Baş Qərargah rəisi general Rəzmara və digər nazirlər iştirak edirlər. Qəbulda baş qərargah rəisi general Rəzmara çıxış edərək bildirir ki, (ARDA.F1. siy.4, s.v.81, vər.1-31) "Azərbaycan demokratları bütün İranı ələ keçirmək istəyirlərdi və bunun üçün çoxlu sayda silah-sursat yığmışdılar, 100 mindən çox insana hərbi işlərdə təlim keçiblər. Onlar öz adamlarını, hətta xaricə hərbi təlim üçün göndərirdilər. Bu vəziyyət 2 il də davam etsə idi, bütün İranı ələ keçirə biləcəkdilər".

"Ettelaat"ın məlumatına görə, qoşunlar dekabrın 27-dək Azərbaycanın hər yerindən 6 milyon patron, 20 min tüfəng, çoxlu ağır və yüngül pulemyot və 200 yük maşını toplayıblar.

Bağır Seyidzadənin şəxsi qeydləri: "Azərbaycanda Pişəvəri hərəkatının süqutundakı "xidmətlərinə" görə və "parlaq qələbə" ilə əlaqədar olaraq şah Qəvama və baş qərargah rəisi general Rəzmara (və onun şəxsində orduya) yazılı şəkildə xüsusi təşəkkürünü bildirdi.

Azərbaycan demokratlarına qarşı mübarizə aparan mürtəce dəstələrin başçıları - Zülfəqari, Yamini və Əslahedərbami, o cümlədən, 20 zabit orden və medallarla təltif edildi, rütbələri yüksəldildi. Baş Qərargah şahsevənlərə (tayfa) xüsusi minnətdarlığını bildirdi.

Dekabrın 22-də Tehranda "milli qəhrəmanlar" rütbəsinə yüksəldilmiş Zülfəqari dəstələri tərəfindən açılan qoşunların paradı oldu. İran ordusunun baş komandanı, İran şahı Məhəmməd Rza Pəhləvi hərbi yolla Azərbaycanda Pişəvəri hökumətini ləğv etməsinə görə Zülfəqari ordeni ilə təltif edilir. Şah Baş Qərargah rəisi general Rəzmara İran Jandarma İdarəsinin rəisinin müşaviri, amerikalı general Şvartskopfa xüsusi təşəkkür məktubu ünvanlayır və orada şəxsən Şvartskopf, eləcə də zabit və bütün şəxsi heyətə Azərbaycanda ordu ilə birgə əməliyyatlarda iştirak etdiyinə görə minnətdarlığını bildirir".

Yeri gəlmişkən, bu o demək idi ki, İran jandarması təkcə formal deyil, həm də faktiki olaraq amerikalıların tam nəzarəti və rəhbərliyi altında idi.

Azərbaycan demokratlarına qarşı yeni yalanlar dalğası təşkil etmək məqsədilə 1946-cı il dekabrın 21-də "Ettelaat"da (ARDA.F.28, siy.4, s.v.81, vər.1-31) dərc olunmuş yazıda deyilirdi ki, "Heç bir din və ideya ilə bağlı olmayan bir qrup şəxs bir il ərzində İranın ən yaxşı vilayətlərini qarət edib, onları soyqırımına qərq etdilər. Şəhərlər məktəblərdən, xəstəxanalardan, həkimlərdən və dərmanlardan tamamilə məhrum idi (bu lap ağ yalan idi. - A.M.)".

Digər "Mehre İran" qəzeti (ARDA.F.28, siy.4, s.v.81, vər.1-31) 30 Dekabr 1946-cı il sayında bildirirdi: Azərbaycan hadisələri nəticəsində Azərbaycanın itkiləri 200 milyon tümən, hökumətin itkiləri isə 100 milyon tüməndən artıqdır. Azərbaycan demokratik hərəkatına çamur ataraq, qəzet onu da təxribatla qeyd edirdi ki, guya Pişəvəri Kənd Təsərrüfatı Bankının Təbriz şöbəsindən 300 min tümən, Azərbaycan bankından və əhalinin vəsaitindən 600 min tüməndən çox pul götürüb".

Bununla bağlı Bağır Seyidzadənin şəxsi qeydləri: ADP rəhbərlərini gözdən salmaq və sadə insanlar arasında onların mənfi obrazını yaratmaq üçün İran mətbuatı guya Pişəvərinin Kənd Təsərrüfatı Bankının Təbriz şöbəsindən 300 min tümən, Azərbaycan bankındakı əhalinin vəsaitindən 600 min tüməndən çox pul götürməsi ilə bağlı tam yalan yazılar dərc edirdi (yəqin elə Təbrizə girən Şah qüvvələri bu pulları mənimsəyərək, ölkəni tərk edən demokratların ayaqlarına yazırdılar - A.M.)".

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!