Almas İldırımın xatirəsi Türkiyə və mühacirət mətbuatında - Hülya CƏBİYEVA

(Şairin vəfatı münasibətilə dərc edilən yazılar əsasında)

 

 

Hülya CƏBİYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin elmi işçisi

 

 

Azərbaycan mühacirət ədəbiyyatını öz dəyərli əsərləri ilə zənginləşdirən Almas İldırım ömrünün Türkiyə Cümhuriyyəti ilə bağlanan 17 illik bir zaman kəsimində həm verimli ədəbi fəaliyyəti, həm də çalışma həyatındakı örnək tutumu ilə buranın bir sıra bölgələrində bilinən şəxsiyyətə çevrilmiş, şair və vətəndaş kimliyi ilə qardaş ölkə ictimaiyyətində sayğı ilə qəbul edilmişdir.  

A.İldırım 14 yanvar 1952-ci ildə Malatyanın Qala nahiyəsində vəfat etmişdir. Şairin İran sərhədində saxlanılan zaman yaşadığı işgəncələrin böyrəklərində qalıcı fəsadlar yaratması çox erkən - heç 45 yaşına çatmamış ölümünə səbəb olmuşdur. A.İldırımın vaxtsız vəfatı Azərbaycan mühacirətinin, onu yaxından tanıyan türkiyəli soydaşlarının, dostlarının dərin kədərinə səbəb olmuş, şairin dəfn mərasiminə bölgə əhalisinin müxtəlif təbəqələrini təmsil edən insanlar, sənətinin pərəstişkarları, habelə Malatya valisi başda olmaqla, vilayətin dövlət idarələrinin qulluqçuları da qatılmışlar.  

O, Malatyada - Sancaqdar qəbiristanlığında böyük bir izdihamın müşayiətilə torpağa verilsə də, məzarı sonradan itib-batmış, axtarışlara baxmayaraq, müəyyənləşdirilməsi mümkün olmamışdır. Azər Almas müsahibələrinin birində atasının qəbrinin dağıdılaraq üzərindən yol çəkildiyini söyləmişdir. Şairin nəvəsi, A.Almasın oğlu İldırım Rutil Almas isə babasının məzarının tapılması üçün Azərbaycan tərəfindən yardımlar edilərək Türkiyəyə heyət göndərildiyini, buna baxmayaraq dəfn yerini müəyyənləşdirməyin mümkün olmadığını təəssüflə qeyd edir: "Azərbaycan dövləti Almas İldırımın məzarının tapılması ilə bağlı böyük işlər gördü. Azərbaycandan Türkiyəyə heyət göndərildi, Türkiyə hökumətinin də dəstəyilə axtarış aparıldı. Amma ovaxtkı qəbiristanlığın ərazisindən yol çəkiləndə bir çox məzar düzgün daşınmadı, itib-batdı. Sonra da güclü sel yuyub apardı. Nəticədə məzarlığın yarısı məhv olub. Biz Almas İldırımın məzarının tapılmamasının qəribə bir tilsiminin olduğuna inanırıq" (Dilqəm Əhməd. Almas İldırım xatirələrdə, 2017, s.80).

A.İldırımın vəfatı Türkiyə dövri mətbuatının diqqət mərkəzində olmuş, bu münasibətlə müxtəlif dərgi və qəzetlərdə xəbərlər, başsağlığı mətnləri və şairi anma məqsədi daşıyan yazılar dərc olunmuşdur. Həmin yazıların bəziləri isə yalnız təziyə xarakteri daşımaqla qalmayıb, şair barəsində bir sıra yeni sayıla biləcək, maraq doğuran məlumatları da özündə ehtiva edir.  

"Demokrat Malatya" qəzetinin 1952-ci ilin yanvarına aid müxtəlif saylarında qəzet adından ümumilikdə 3 yazı - "Almas İldırımı kayb etdik", "Kayb edilən bir dəyər", "Almas İldırım anıldı" nəşr edilmişdir. 

"Almas İldırımı kayb etdik" adlı yazı milliyyətçi şairin vəfatından dolayı ictimaiyyətin dərin kədərini ifadə etməklə, 14 yanvar tarixində bölgənin dövlət adamlarının da iştirakı ilə dəfn mərasimi keçirildiyini xəbər verməkdədir. Həmin mərasimə qatılan şəxslər arasında Malatya valisi, vali müavini, Jandarma alay komutanı, dairə müdirləri, hökumət təbibləri, Malatya Milliyyətçilər Dərnəyinin idarə heyəti üzvləri, Dərnək başqanı Lütfi Beydağı, mətbuat mənsubları və başqaları olmuşlar. Bir cəlbedici xüsus da bütün həyatı boyu türklük naminə mübarizə aparıb şeirlər yazan A.İldırımın 1944-cü il İrqçilik-turançılıq davası zamanı Cümhuriyyət Xalq Partiyasının qəhrinə uğradığının göstərilməsidir. Yazının sonunda isə qəzet şairin ruhuna ehtiram əlaməti olaraq, onun sevilən şeirlərindən "Kremlini yakacağım"ı növbəti sayda oxuculara təqdim edəcəyi qeydini verir ("Demokrat 15 ocak, sayı 269, s.1).

Yenə qəzet adından yayımlanan "Kayb edilən bir dəyər" yazısı səmimi duyğuların, dərin təəssüf hissinin ifadəsi olub, belə bir qənaəti əminliklə aşılayır ki, fiziki yoxluğuna baxmayaraq, A.İldırım örnək şəxsiyyəti və milli ruhlu sənəti ilə yenə türkçü gənclərə öndər rolunu oynayacaqdır. Şairin kommunizmə qarşı nifrəti, hətta bir qədər irəli gedərək, Malatyada ona qarşı mücadilə aparmaq üçün cəmiyyət qurmaq istəməsi, son nəfəsində belə, bu rejimə lənət oxuması da diqqətçəkən məqamlar kimi yer almaqdadır. "Hər türk mühəqqəq ki, milliyyətpərvərdir, hər türk mühəqqəq ki, millətini və məmləkətini sevər. Fəqət mən burada içimizdə vətənimizi və millətimizi ən çox sevən kim derlərsə, mühəqqəq ki, Almas İldırım göstərilə bilər deyə bir iddiada bulunacağam" ("Demokrat Malatya" gaz.,16 ocak, sayı 270, s.1) fikri isə şairin şəxsiyyətini, millət sevgisini səciyyələndirmək baxımından diqqəti cəlb edir. Ənvər Arasın qənaətinə görə, bu məqalə "Demokrat Malatya" qəzetinin yazı işləri müdiri Bahaəddin Ərdəm tərəfindən yazılmışdır (Enver Aras. Hazar'dan Hazar'a Elmas Yıldırım, Elazığ, 2007, s.132).

"Almas İldırım anıldı" adlı qısa xəbəri isə olduğu kimi təqdim edirik: "Mərkəzi Ankarada bulunan şəhrimiz Türk Milliyyətçilər Dərnəyi əvvəlki gün dərnək binasında şair Almas İldırımı anma gecəsi tərtib etmiş və şairin həyatı anladılaraq şeirləri oxunmuşdur" ("Demokrat Malatya" gaz., 23 ocak, sayı 280, s.1). 

Şairin Türk Milliyyətçilər Dərnəyində (bundan sonra: TMD) anılması təsadüfi deyildir. 1951-ci ildə ilk olaraq Ankarada qurulan bu dərnəyin 15 ay ərzində Türkiyənin müxtəlif bölgələrində 60 şöbəsi fəaliyyətə başlamış, A.İldırım da qurumun Malatya şöbəsində vəzifə tutmuşdur. Bununla əlaqədar olaraq, "Demokrat Malatya" qəzetinin 1951-ci ilə aid 198-ci sayında məhz Malatya şöbəsinin açılış mərasiminə dair bir xəbər paylaşılmışdır. Həmin xəbərdə dərnək başqanının nitqindən sonra milli şeirlər oxunduğu, xüsusilə, A.İldırımın "Kremlini yakacağım" şeirinin böyük alqışa səbəb olduğu ifadə edilmişdir (s.1). Onu da qeyd edək ki, şair TMD-nin Malatya şöbəsində Heysiyyət divanı üzvlərindən biri kimi fəaliyyət göstərmiş, dərnəyin ölkə ərazisində təşkilatlanmasına öz xidmətlərini göstərmişdir. Həmin vəzifəyə seçilməsi xəbərini "Məfkurə" qəzetindəki "Dərnəyimizin Malatya və Kırıkkale Şöbələri Ümumi Heyət Toplantıları" adlı xəbərdən öyrənirik. Bu toplantı 25 noyabr 1951-ci ildə keçirilsə də, xəbəri 26 yanvar 1952-ci ildə dərc edilmişdir. Qəzetdən oxuyuruq: "Heysiyyət divanına Almas İldırım, Musa Diltəmiz, Zülfikar İnanç, Əkrəm Kağızmanlı, İsmail Yardım, Mövlud Oğuz seçildilər" (s.2). 

A.İldırımın sözügedən dərnəklə bağlılığı onun mühacirət dönəmi həyatına dair daha bir önəmli fakt kimi nəzərə alınmalıdır. 

Haşiyə çıxaraq, sözügedən dərnəyin əhəmiyyəti barədə də qısa bilgi vermək yerinə düşər: türk milliyyətçiliyini yüksək səviyyəyə qaldırmaq, bu amalın daşıyıcılarını təşkilatlandıraraq onları vahid bir çevrədə toplamaq, milli birlik ideyalarını yaymaq, yeni nəsil türk gənclərini əsl milliyyətçi kimi yetişdirmək TMD-nin qurulma məqsədlərindəndir. Belə bir mühüm amal uğrunda fəaliyyət və mübarizəsinə baxmayaraq, TMD çox qısa bir müddət sonra - 1953-cü ildə qapadılmışdır.

"Gayret" qəzetinin 15 yanvar 1952-ci il, 932-ci sayında "Acı bir kayıp" adı ilə bir xəbər yer alır ki, burada Qala nahiyə müdiri A.İldırımın tutulduğu xəstəlikdən dolayı vəfat etdiyi, cənazəsinə valinin də qatıldığı qeyd edilmişdir (s.1). Həmin qəzetin növbəti saylarının birində yayımlanan "Türk Milliyyətçilər Dərnəyində Konfrans" adlı xəbərin sonunda "Dərnək aralarından əbədiyyən ayrılan dəyərli şair Almas İldırım üçün bir anma günü hazırlanmaqdadır" (sayı 938, s.1) məlumatı yer alır. Bu qəzetdə digər bir xəbər isə "Türk Milliyyətçilər Dərnəyinin tərtiblədiyi Almas İldırım gecəsi" adlanır və yazıdan aydın olur ki, 25 yanvar 1952-ci ildə həmin dərnəyin binasında şairi anmaq məqsədilə bir mərasim təşkil olunmuş, ondan "cəfakeş şair və tanınmış türkçü" (sayı 944, s.1) deyə bəhs edilərək gecəyə qatılan geniş dinləyici kütləsi üçün şairin şeirləri səsləndirilmişdir. 

"Yeni Malatya" qəzetində "Türk Milliyyətçilər Dərnəyinin fəaliyyətləri" adlı xəbərdə A.İldırımın vəfatı səbəbindən Dərnəyin keçirdiyi konfranslara bir həftəlik ara veriləcəyi və şair üçün bir anma gecəsi təşkil ediləcəyi bilgisi verilmişdir (25 ocak 1952, sayı 655, s.1).

Türk Milliyyətçilər Dərnəyinin orqanı olan "Məfkurə" dərgisi də şairi anmış, 1952-ci il 16-cı sayında "Acı bir kayıp: Almas İldırım Tanrının rəhmətinə qovuşdu" və "Türk Milliyyətçilər Dərnəyi Malatya şöbəsində Almas İldırım anıldı" xəbərlərini yayımlamışdı. Şairin ömrünü türklüyə xidmətdə keçirdiyi, Malatya şöbəsində vəzifəsi olduğu və s. qeyd etdiyimiz ilk yazıda yer alan məlumatlardandır. Burada digər maraqlı bir nüans Azərbaycan Kültür Dərnəyi tərəfindən "Almas İldırımın seçilmiş şeirləri" kitabından əldə ediləcək gəlirin şairin ailəsinə çatacağının bildirilməsidir (s.1). İkinci xəbərdə isə 25 yanvar 1952-ci ildə Dərnəyin Malatya şöbəsində şairin vəfatı münasibətilə anma gecəsi keçirildiyi, müxtəlif şeirlərinin səsləndirildiyi qeyd olunmuşdur (s.1). 

Prof.dr. Nəcməddin Səfərcioğlu "Türk Milliyyətçilər Dərnəyi və qapadılış davası" (İstanbul, 2012, 136 s.) adlı kitabında TMD qurultayına sunulan ümumi idarə heyəti raporunu da təqdim etmişdir ki, bu raporun müvafiq hissəsində (Ümumi Mərkəzin xətti-hərəkəti və dərnək çalışmaları) A.İldırımın vəfatı münasibətilə qısa başsağlığı da öz əksini tapmışdır: "İki arkadaşımızın, Kütahya Şöbəsi başqanı Cəmil Tuğcuoğlu ilə Malatya Şöbəsi Heysiyyət divanı başqanı Almas İldırım bəylərin cisimləri aramızdan ayrılmışdır. Davamızın hər iki mücahidinə də Allahın rəhmətini diləriz" (s.102). 

Ankarada yayımlanan, dönəmin türkçü dərgilərindən "Aras" dərgisində də A.İldırım anılmış, ölümü münasibətilə 2 yazı yayımlanmışdır. "Çox acı kaybımız" (1 şubat 1952, sayı 2) adlı xəbərdə şairin vəfatı barədə yazılır: "Azərbaycanlı milli şairimiz Almas İldırımın əbədiyyən aramızdan ayrıldığı acı xəbərini yazılarımız mətbəəyə verilərkən təəssürlə öyrəndik" (s.7). Daha sonra şairin "Gölcük" şeiri təqdim olunur. Növbəti sayda isə onun şəxsiyyəti və həyatına daha çox yer veriləcəyi qeyd olunmuş və nəticədə dərginin 3-cü sayında "Elmas Yıldırım" (1 mart 1952, s.1.) adlı bir səhifəlik nekroloq dərc edilmişdir.

Qafqaz mühacirətinin mətbu orqanı olan "Kafkasya" (Münhen) dərgisində M.Y. imzası ilə görkəmli söz ustasının vəfatı münasibətilə dərc edilmiş "Azərbaycan şairi Almas İldırım" (mart 1952, sayı 8, s.17-18) adlı yazıda isə daha çox onun yaradıcılığının milli ruhu qabardılmış, şeirlərindən örnəklər verilmişdir.

Bundan əlavə, şairin ölümü münasibətilə Azərbaycan Kültür Dərnəyinin orqanı - "Azərbaycan"da "Mərhum şair Almas İldırım" (1 nisan 1952, sayı 1, s.11-12), Münxendə buraxılan, Azərbaycan Milli Birlik Məclisinin orqanı olan eyniadlı digər bir dərgidə "Şairimiz Almas İldırım" (temmuz 1952, sayı 3, s.17), "Yeni Malatya" qəzetində "Almas İldırım: Ölümü münasibətilə" (18 ocak 1952, sayı 649, s.1) kimi yazılar da dərc edilmişdir. Qeyd etdiyimiz ilk iki yazı şair barəsində bənzər biblioqrafik məlumatları ehtiva edir. Sonda isə hər birində mərhumun yaradıcılığından şeir nümunəsi təqdim edilmişdir. Yazarı Lütfi Beydağı olan sonuncu məqalədə isə müəllif TMD-nin Malatya şöbəsinin açılış mərasimində A.İldırımın "Kremlini yakacağım" şeirini səsləndirməsindən çox təsirləndiyini, bu hadisədən sonra onunla dostlaşdığını, şairin də dərnəyə üzv olduğunu qeyd etməkdədir. Lakin "səmimi bir türkçü", "dəyərli məfkurə arkadaşımız" adlandırdığı A.İldırımın həm səhhətindəki problemlər, həm də şəhərdən uzaq məsafədə yaşaması səbəbi ilə dərnəyin çalışmalarında daha yaxından iştirak edə bilmədiyini, onunla sadəcə 3-5 dəfə görüşmə imkanı bulduğunu təəssüflə qələmə almış, şairin vəfatından dolayı kədərini ifadə etmişdir.

Göründüyü kimi, A.İldırımın vəfatı ilə bağlı Türkiyə və mühacirət mətbuatında yer almış yazılar onun yalnız fiziki yoxluğundan doğan kədər hissinin ifadəsi deyil, eyni zamanda şair - vətəndaş kimliyinin inikasıdır. Bütün bu yazılanlar, təşkil edilən anım mərasimləri onun bir şair, ziyalı, həmçinin istiqlal mücahidi kimi Türkiyədə böyük nüfuzundan və ictimaiyyət tərəfindən şəxsinə göstərilən dərin ehtiramdan xəbər verir. Təəssüflər olsun ki, ziyarət etmək üçün şairin məzar yeri bəlli olmasa da, bütün bu qeyd edilənlər türkiyəli qardaşlarımızın ona olan mənəvi borclarını layiqincə yerinə yetirdiklərini sübut edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!