Kənardan bəzən maraqla izlədiyim və zəif hekayələrin, zəif romanların dahi yazıçılarımız, həssas tənqidçilərimiz tərəfindən bol-bol tərifləndiyi bu əyləncəli ədəbi mühitimizdə hansısa yaxşı mətnlə çıxış edib, gözəl bir hekayəni, ya məqaləni qəzetdə, saytda çapa vermək, dəyərli bir şeyi urvatdan salmaq kimi səfeh əmələ bənzəsə də, bu yazı, başqa müəllifin romanı ilə bağlı olduğuna görə indi həmin xətadan uzaq olduğumu düşünürəm və məqalənin elə ilk cümləsindəcə bütün oxucuları Bəhruz Tağızadənin "Cincilim" romanını alıb oxumağa səsləyirəm.
Kitabı oxumağa başlayanda onun haqqında yazı yazmaq ehtiyacı duyacağımı zənn etmirdim, onu sonacan oxuyacağıma da əmin deyildim, amma sıx şriftlərlə çap edilmiş üç yüz səhifəlik bu romanı, demək olar ki, elə başladığım gün də bitirməyim və kitabdan yana, gecə saat dördə qədər oyaq qalmağım axırda məni bu qərara gətirdi ki, mütaliə ərzində qeyd etdiyim məqamları müəllifin özünə göndərmək əvəzinə, onları ayrıca yazıda əks etdirim və həmin yazıda həm də bu kitabı tez bitirməyimə səbəb olan məqamları araşdırım.
İstedadlı müəllifləri, yaxşı mətnləri həzm etməkdə çətinlik çəkən bir çox yazıçılarımız öz əsərlərinə rəqib kimi gördükləri bu romanı oxuyarkən, yəqin ki, onun belletristik olduğunu, belletristik əsərlərin də oxucunu sonacan kitabda saxlamaq üçün yazıldığını qeyd edəcək və içlərindəki Salyerini bu təsəlli ilə sakitləşdirməyə çalışacaqlar.
Lakin o belletristik əsərlərin hal-hazırda şahı hesab olunan romanlardan biri - son on ildə bütün dünyada ən çox satılan kitablar cərgəsində yer alan "Bozun əlli çaları" əsəri yaxşı mətn duyumu olan və dünya şedevrlərini oxuyub əsl ədəbiyyatın nə olduğunu bilən bir oxucunu yalnız əlli, altmış, maksimum yüz səhifə öz arxasınca apara bilər; zövqlü oxucu bir məqamdan sonra kitabın sıxıcı, bezdirici, dadsız, enerjisiz, ilhamsız olduğunu hiss edəcək, kitabın ona heç nə qatmadığını duyacaq və onu bir kənara qoyacaq.
Yerli ədəbiyyatımızın ən çox oxunan müəlliflərindən bəzilərinin ən məşhur romanlarını alıb oxumağa cəhd edəndə də heç bir hiss, duyğu, enerji olmadan irəlilədiyim ən uzaq səhifə sayı, əlli, altmış, yetmiş idi (təkrar cəhddə uğurlu olacağıma ümid edirəm).

Lakin "Cincilim" romanında müəllif həm əsəri maraqlı yazmağa nail olub, həm də öz ilhamı və sürətli yazı üslubu ilə onu ədəbi, bədii gözəlliklərlə doldurmağı elə bacarıb ki, sən mətn duyumu yüksək olan biri kimi kitabdan sıxılmır, bezmir, əksinə, belletristik əsərlərdə gördüyün bəsitliklə, primitivliklə rastlaşmadığın üçün onu maraqla və zövqlə oxuyursan.
"Gecəyarısı uşaqları"nın təkcə elə ilk on beş-iyirmi səhifəsini oxuyarkən bütün möhtəşəm nəsr nümunələrindəki kimi, necə zövq aldığımı və Azərbaycan ədəbiyyatının hələlik heç bir romanında o effektin hiss edilmədiyini xatırlayıram və suala cavabın "yox" olduğunu görürəm.
İndi isə mütaliə ərzində bir kənara yazdığım və müəllifə göndərməyi nəzərdə tutduğum qeydləri yazıya əlavə edirəm:
"Roman sadə şəkildə başlayıb, yorucu deyil. Hələlik oxucunu kitabda tutub saxlayacaq məqamlar (süjetin cəlbedici olması ilə bağlı) çox gözə dəyməsə də, cümlələrin sadəliyi və oxunaqlılığı oxucunu yormadığı üçün mütaliəyə davam etməyə dəyər.
Səkkizinci səhifədə "Deyirdim kaş, mənim də belə dayım olaydı" cümləsi, iyirmi altıncı səhifədə bənzər şəkildə bir də təkrarlanır: "Deyirdim kaş, Dıbış mənim dayım olaydı." Növbəti nəşrdə dəyişikliyə gərək duysanız, nəzərə almaq olar.
Səhifə otuz səkkizdə Ərəlin Cincilimə heyranlığı gözəl və maraqlı şəkildə ifadə olunur.
Səksən doqquzuncu səhifədə bibiylə atanın pisliyinin müqayisəsi maraqlıdır:
Mənə sual verilsəydi ki, kəndinizdə atandan əclaf adam kimdir, düşünmədən bibimi deyərdim. Bibimdən əclaf adamı soruşsaydılar, atamı deyərdim. Onların hansının daha əclaf olduğunu təyin etmək çox çətin idi. Hər ikisi bir-birindən alçaq idi.
İlk yüz, yüz iyirmi səhifədə bəzi yerlərdə incə yumorlar var. Sevgi hissinin saflığını, təmizliyini və şirinliyini çox gözəl təsvir etmisiniz. İndi pozulmuş, şəklini itirmiş anormal "sevgi"lər əvəzinə, tamamən saf və təmiz olan sevgini siz çox yaxşı əks etdirmisiniz. Ümumiyyətlə, bu kitabı məktəblilərə, yeniyetmələrə oxutmaq, Ərəl obrazını bütün yeniyetmə oğlanlara nümunə kimi tanıtmaq çox gözəl olar və sağlam gəncliyin yetişməsinə, bəlkə, müəyyən qədər müsbət təsir edər.
Cincilimə vəziyyəti izah etmək üçün Ərəlin Bakıya gəlməsi, danışmağa cəhd etməsi səhnəsi gözəldir. Yeniyetmə Ərəlin ağlaması kitabın əvvəlindən bəri uşaq sevgisinə ciddi yanaşmayan oxucunu onun hisslərinə getdikcə daha çox inandırmağa başlayır.
Yüz on yeddinci səhifədə "28 May" metrosu ətrafındakı xaosu təsvir etdikdən sonra Cəfər Cabbarlı heykəlinin təsviri də gözəl alınıb:
Meydanın baş tərəfində Cəfər Cabbarlının heykəli ucalırdı. Heykəl elə bil bu müdhiş mənzərəni görməmək üçün arxasını meydana çevirib əli qoynunda fikrə getmişdi.
(Yuxarıda adı çəkilən əcnəbi yazıçının romanını daha üstün edən də odur ki, bu cür uğurlu təsvirlər həmin kitabın az qala hər səhifəsində var).
Qəbul imtahanında cavab kağızının doldurulması səhnəsində "Çox talelər bu məqamda istiqamətini dəyişmişdi" cümləsi də yaxşıdır.
Vurğunvurmuş... Bu cür sözləri artıq, təəssüf ki, çox az istifadə edirlər, bu sözlər sanki yavaş-yavaş unudulub gedir. Siz bu tip xəlqi sözləri romanda uğurla istifadə etmisiniz. Üstəlik, dialoqlar da təbii və gözəldir.
Ərəlin Cincilimin atasıyla qarşılaşması səhnəsi və nitqi əladır. Ağladığı hissə oxucunu kövrəldəcək qədər yaxşıdır. Bu cür sevginin (başqa heç bir qıza meyil etmədən, buna ehtiyac duymadan yalnız sevdiyin qızı düşünüb ona sadiq qalmaq və həmin qıza da toxunmaq ehtiyacı duymamaq) heç kəsdə olmadığını, heç kəsin bunu anlamadığını, hətta çox insanın belə bir sevgiyə güləcəyini düşünmüşəm zaman-zaman. Nə yaxşı ki, siz bu məqamları və Ərəlin ağlından, qəlbindən keçənləri belə aydın ifadə etmisiniz. Bu, sevgi hissini anlayanlara onların tək olmadığı və yanlış yolda olmadığı inancını uğurla aşıladığına görə sizə ayrıca təşəkkür düşür.
Ümumiyyətlə, əsəri oxuyanda məndə bu sualın cavabına ciddi bir maraq yarandı: Görəsən, müəllif, doğrudan da, öz həyatını yazıb? Görəsən, bu sevgini o özümü yaşayıb? Yaxud əsərdəki hadisələrin nə qədəri yazıçının öz şəxsi həyatından alınmadır?
Qarabağı riskə atardım, Cincilimi yox... Əsəri oxuyarkən, bəlkə, bu cümlə kiməsə təsirli gəlməyə bilər. Müəllif də bu cümləni dərin hisslə yazmamış ola bilər. Amma mənə təsirli və gözəl görsəndi.
Əsgərlik... Toy... Qumar... Əsgərlikdəki qanunsuzluqların təsviri uğurlu, maraqlı və lazımlıdır. Hadisələrin gedişatı əla qurulub. Məzuniyyətdə Ərəlin Bakıya qayıtmağı, Cincilimi axtarmağı, hospital, bomjdan kömək almağı və bura qədər yığılmış maraq, baş qəhrəmanın əzabı - bütün bunlar oxucunun gözünü dolduran və kövrəldici təsir bağışlayan məqamlardır.
Səhifə 280. Gözəl və təsiredicidir: Cincilimi axtardım... Cincilimi axtardım...
Səhifə 286-da Ərəlin Cincilimdən əsl səbəbi soruşub "mən heç nə etməmişəm, nolub axı?" deyərək, öz günahsızlığı barədə qızda şübhə yaratmaq və məsələni aydınlaşdırmaq fürsəti varkən, çeynədiyi saqqızdan, soğan-çörəkdən danışmağı oxucunun bir qədər əsəbinə toxunan və ayıq, hüquqşünas bir oğlanın yol verməyəcəyi davranışlardır. Bu məqam, düyünün açılmaması üçün hadisələri yubadan və qəhrəmanları axmaqlaşdıran türk seriallarının əsəbdoğurucu fəndlərini xatırlatdı. Zənnimcə, telefon zənginin hansısa gözlənilməz səbəbdən sona çatmağı və düyünün açılmasına bunun mane olmağı, daha inandırıcı görsənə bilərdi.
Sonluqda qəhrəmanların barışmasını açıq-aşkar göstərmək əvəzinə, məsələni bir az üstüaçıq saxlamaq, oxucunun həsrətlə gözlədiyi sonluğu ona belə asanca verməmək, məncə, kitabı daha maraqlı edərdi. Məsələn, finalda bunabənzər bir cümlə ola bilərdi: "O yalvarır, hər şeyi həyəcanla danışıb izah etməyə çalışır, gözlərindən yaş axıdır, mənsə ona baxdıqca onu əfv etməməyi bacarmayacağımı hiss edirdim". Yaxud "Onu qucaqlayıb bağrıma basmamaq üçün özümü zorla saxlayırdım." (Cümlələr, ağıla gələn ilk variantdır deyə, qüsurlu ola bilər. Əsas nəzərdə tutulan, cümlələrin məzmunudur və sonluğu oxucunun təsəvvürünə buraxmaq cəhdidir. Bu cür etmək oxucunu əsər bitəndən sonra onun haqqında daha çox düşünməyə vadar edər, nəticədə oxucu da əsərin təsirində daha uzun müddət qalardı.)
Müəllifə göndərmək istədiyim qeydlərin bir qismi mətnin əvvəlində vurğulandığı üçün mesaj hissəsini burda bitirirəm.
Sonda qısa olaraq desək, bu kitab həm kütləvi oxucu qazanmağa layiq olan, həm də ədəbiyyat enerjisinin əsər boyunca yayılıb hiss edildiyi bir kitabdır və əgər ekranlaşdırılsa, böyük tamaşaçı kütləsi əldə edə biləcək maraqlı bir film ortaya çıxar.
Müəllifi bir daha təbrik edir və növbəti əsərlərində uğur arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
