Yazıçı-publisist Zemfira Məhərrəmlini doğum günü və əlamətdar yubileyi münasibətilə təbrik edirəm. Ona möhkəm cansağlığı, ailə səadəti və çoxşaxəli yaradıcılığında tükənməz uğurlar arzulayıram.
Anar,
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı
Çağdaş dövrə mənsub qadın yazarlarımız arasında maraqlı dəst-xətti, üslubu ilə seçilən Zemfira Məhərrəmli ilə telefon danışığımız çox uzun çəkmədi. Mən "Bayraqdar" povestimlə bağlı onun essesini oxuduğumu, bütün yanaşmalarını, müəllif müdaxiləsini təqdir etdiyimi söylədim. Müəllif Qarabağ nisgilimizin tərcümanı olan bu nəsr nümunəsinin zamanın bizə təlqin etdiyi mövzuya həsr olunduğunu önə çəkmişdir. "Bayraqdar"ı müharibə ucbatından didərgin düşən soydaşlarımızın üzləşdiyi məşəqqətlərdən bəhs edən əsər kimi diqqətə çatdırmışdır.
Elçin,
Xalq yazıçısı
Hələ illər öncə Zemfira Məhərrəmli AYB-də Rəsul Rza mükafatı ilə təltif olunanda yaradıcılığına dəyər verilmişdi. O, xanım yazarlarımız arasında dünənlə bu günü birləşdirən azsaylı qələm sahiblərindəndir. Müəllif Qarabağ savaşından bəhs edən kitablarında cəbhədə kişilərlə bir sırada, çiyin-çiyinə silaha sarılıb düşmənlə savaşan Azərbaycan qızlarına sözlə abidə ucaldıb.
Fikrət Qoca,
Xalq şairi
Tanınmış yazıçı-publisist Zemfira Məhərrəmli oxucular arasında və mətbuat mühitində etimad qazanmış, sözünə sayğı ilə yanaşılan müəlliflərdəndir. Bu, hər yazı adamına qismət olan tale deyil, istedadın və zəhmətin nəticəsidir. Onun hekayələrində, əsasən, sadə insanların keçdiyi yollar, üzləşdikləri sorunlar, real həyat hadisələri qələmə alınıb.
Sabir Rüstəmxanlı,
Xalq şairi

Həmkarım Zemfira Məhərrəmli jurnalistikada uzun və şərəfli yol keçib. Qarabağ müharibəsi alovlananda Zemfira xanım qaynar nöqtələrdən cəbhə reportajları yazırdı. Müəllifin torpaqlarımız uğrunda vuruşan oğul və qızlarımızın döyüş yolunu əks etdirən publisistik əsərləri ard-arda ərsəyə gəlirdi. Sonralar bu kitablar xarici dillərə tərcümə edildi, beynəlxalq mükafatlara layiq görüldü.
Elmira Axundova,
Xalq yazıçısı
Zemfira xanımın zamana söykənən yazıları həm də səlis, obrazlı dili, səmimiliyi ilə seçilir. O, müharibə dövrü publisistikamızın yaradıcılarından biri kimi də daim xatırlanacaq. Zemfira xanımın müxtəlif mövzulara həsr olunmuş "Heç kimi qınama...", "Sənə yanan varsa", "Yadigarımı qoruyun...", "Nöqtə boyda həyat işığı" kimi hekayələri real hadisələrdən alınmış ibrətamiz əsərlərdir. Oxucu həcmcə kiçik, mənaca dərin əsərləri oxuduqca özü üçün hansısa önəmli, həyati mesajı götürür.
Rəşad Məcid,
şair-publisist, AYB sədrinin müavini,
Azərbaycan Mətbuat Şurasının sədri
Zemfira Məhərrəmlini uzun illərdir tanıyıram: əvvəlcə jurnalist-publisist kimi, sonra da yazıçı kimi. Onun ilk hekayələrinin oxucularından biriyəm və onları "Ulduz" jurnalında ilk çap edənlərdən biri də mən olmuşam. Sonralar onu, düşündürən pyeslər müəllifi kimi tanıdım, Şuşa Teatrında "Ümid işığı" tamaşasına maraqla baxdım. Zemfira xanımın son əsəri hələlik "Arabadakı adam" romanıdır. Bu əsərin də oxucular arasında uğur qazanacağına inanıram. Zərif həmkarım bir-birindən maraqlı 20-dən çox kitab çap etdirib, qadın talelərinə həssaslıqla yanaşıb, yanaşır da. Onun əsərlərinə səmimiyyət xasdır, çünki öz xarakterindən irəli gəlir.
Elçin Hüseynbəyli,
AYB-nin katibi,
Əməkdar incəsənət xadimi,
yazıçı-dramaturq
Publisist sözünün əhəmiyyəti insanları inandırmaqla onları müəyyən işi görməyə nə dərəcədə sövq edə bilməklə ölçülür. Publisistlər dövrün salnaməsini yaradan qələm sahibləridir. Yazıçı-publisist Zemfira Məhərrəmli həm də esseistdir. Onun "Bədii düşüncədə Qarabağ" kitabı bu baxımdan fikrimizə sübutdur. Müxtəlif mövzulu, məzmun-mündəricəli, uğurlu yazıları içərisində bir essesi mənim xüsusilə xoşuma gəlir ki, onun adı "Yaradıcılıq ruhun tərcümanıdır". Bu essenin ən azı üç qneseoloji-üslubi "spektr"i var: publisistlik, alimlik və yazıçılıq.
Nizami Cəfərov,
AMEA-nın həqiqi üzvü
Müasir Azərbaycan ədəbi mühitində Zemfira Məhərrəmlinin adı hamıya tanışdır. Onun həm publisistikası, həm nəsri, həm də dram əsərləri özünəməxsus zərif hisslərin, həssas duyğuların incə şəkildə ifadəsi ilə seçilir. O, hətta xalqımız üçün taleyüklü ağır məsələlərdən, dramatik situasiyalardan, qanlı-qadalı müharibədən yazanda da bu qələm nümunələrinin arxasında müdrik bir ana obrazını görməmək mümkün deyil. Zemfira xanımın yazıları həm də onun özünün mənəvi portretini əks etdirir - çətinliyə, ağrı-acıya səbirlə, dözümlə yanaşmaq, hay-küy salmadan fikirlərini bildirmək... Əsl ağayanalıq, xanımlıq, ali dəyərlər elə sadəlikdən və pıçıltılardan keçir; xasiyyətində daxili zadəganlıq olan Zemfira Məhərrəmlinin yaradıcılığı kimi.
İlqar Fəhmi,
AYB-nin katibi,
şair-qəzəlxan, dramaturq
.jpeg)
Cəmiyyətimizin dərdlərinə, problemlərinə, insanlarımızı düşündürən vacib məsələlərə publisist, esseist, nasir və dramaturq kimi çevik və istedadlı qələmi, həssas qəlbi ilə daim münasibət bildirib Zemfira xanım. Xalqımızın mədəniyyət tarixində kişilərlə çiyin-çiyinə çalışan, yaradan istedadlı qadınlarımız, qələm sahiblərimiz olub, bu gün də var. Zemfira xanım da o zəncirin müasir və layiqli təmsilçisi, zərif və istedadlı həlqəsidir. Müəllifin "Ümid işığı" tamaşasını maraqla izləmişəm. Onunla yol yoldaşı olub, Şuşaya səfər etmiş, onun sərrast əqli nəticələrinin, həssas qəlbinin şahidi olmuşam. Yalnız yaradılışdan yüksək yaradıcılıq qabiliyyəti verilmiş qadınlar hər cür fədakarlığa hazır olur.
Səlim Babullaoğlu,
AYB-nin katibi,
şair-publisist, tərcüməçi
Savaş publisistikasından lirik nəsrə keçməklə Zemfira Məhərrəmli Azərbaycan zəriflərinin sevgi dünyasını, ailə-məişət aləmini, ən başlıcası isə hisslər dənizini bədii sözə çevirib. Müəllif onların qəlb çırpıntılarını real təsvir edir. Həm də belə bir həqiqəti sübuta yetirir ki, sevgi yaşayır - böhranlı çağlar, ortaya çıxan maneələr, mənəvi fırtınalar olsa belə... Onun povest və hekayələrinin, məncə, bir mövzusu var: qadın həyatı, qadın psixologiyası. Bu bədii nümunələrin süjeti sadədir, dili rəvan, axıcı, təmizdir. Bir sözlə, o, bir hekayənəvis kimi püxtələşib.
Vaqif Yusifli,
Ədəbi tənqidçi,
filologiya elmləri doktoru
"Ümid işığı" tamaşasının uğuru, hər şeydən öncə, dramaturji mətndən - Zemfira Məhərrəmlinin dramaturgiya sahəsində ilk addımı olan eyniadlı pyesindən gəlir. Əsər özünün aktual mövzusu, səciyyəvi xarakterləri, gərgin konflikti, dinamik süjeti, problemin inandırıcı, real çözümü və çoxmənalı sonluğu ilə yadda qalır. Hər cür klassik şablon və modern oyunbazlıqdan uzaq olan bu pyes janrın başlıca göstəricilərinə cavab verməklə yanaşı, müəllifin heç bir şekspirlik iddiasına düşmədiyini də aydın göstərir.
Əsəd Cahangir,
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi, şair
...Kişi həmkarlarından fərqli olaraq, qadın yazarların bekar vaxtları qəhətdi. Onlar əllərini gündəlik qayğıların üstündən çəkəndə gecə yarı olur. Zənnimcə, istedadlı yazıçı, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin də həyat prosesi, yaşam tərzi eyni məcrada birləşir. Nə xoş ki, qələm dostumuz, həmkarımız Zemfira Məhərrəmli yorulmaz, mübariz və fədakar insandır.
Qulu Ağsəs,
şair-publisist, əməkdar jurnalist
Əvvəlki kitablarında olduğu kimi, "Arabadakı adam" romanında da Zemfira Məhərrəmli dünyanın taleyini düşünür, planetin gələcəyindən yazıçı hissiyyatı, həssas duyğusu, öncəgörümü ilə narahatdır. Bu əsərdə insanlar sabahımız, gələcəyimiz naminə birliyə çağırılır. Azərbaycan insanının son on illik mübarizəsindən, fərdlərarası münasibətlərdən, yaşam tərzindən, gələcəyə hesablanmış arzularından bəhs edən bu roman ideya-bədii məziyyətlərinə və dil-üslub xüsusiyyətlərinə görə təqdirəlayiqdir.
Asif Rüstəmli,
filologiya elmləri doktoru, ədəbi tənqidçi
Yazıçı Zemfira Məhərrəmlinin hekayələrində diqqət çəkən əsas məqam adi hadisələr, kiçik konfliktlər içrə psixoloji vəziyyətləri göstərmək imkanlarıdır. Məsələn, onun "Günahların arındığı gecə" hekayəsində qüvvətli bir psixologizm var. Hekayənin fabulası şəxsi ədavətin, kişilik kultunun, qisas yanğısının insana təsiri məsələsini önə çəkir. Xeyirin funksionallığını irəli çəkmək olmazmı? Hekayə məhz bunun həlli üzərində qurulub. Z.Məhərrəmli qəhrəmanını növbəti günahın bir addımlığına gətirib, həyat və "mən" müstəvisində yozumlar arayır.
Elnarə Akimova,
millət vəkili, filologiya elmləri doktoru
Ədəbi yaradıcılıq yolunda öz sözünü böyük istedadla, cəsarətlə deyən, sözün işığını qəlbində, qəlbinin istisini sözündə əks etdirən kamil yazıçılarımızdandır Zemfira Məhərrəmli.
Zemfira xanımın yaradıcılıq palitrası rəngarəng, bədii-publisistik təfəkkürünün ifadə tərzi zəngindir. Onun yaradıcılığı söz sənətimizin ən müxtəlif janrlarından boy verir. O, bir qələm sahibi kimi mükəmməl, bir xanım olaraq, milli-mental dəyərlərimizin incə ruhlu daşıyıcısıdır.
Firuzə Məmmədli,
şair-publisist,
filologiya üzrə fəlsəfə doktoru
Ürəyi vətən, millət sevgisi ilə döyünən qadın yazıçının, qayğıkeş bir ananın doğma yurdunun, vətəninin başına gələn ağır fəlakətləri dolğun şəkildə qələmə alması, əlbəttə, çox çətin və şərəfli bir işdir. Zemfira xanım bədii nəsr nümunələri ilə oxuculara əlahəzrət Sözün milləti yenidən mübarizəyə, Zəfərə doğru aparan, qalibiyyətə inandıran nəhəng gücə malik olduğunu bir daha təsdiqləyir.
İmdat Avşar,
türkiyəli yazar, şair-publisist, tərcüməçi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
