Əlyazma irsini araşdıran alim və tədqiqatçıların ümdə vəzifəsi ədəbi şəxsiyyətlərin bütün yaradıcılığını üzə çıxarmaq, onların işini tam şəkildə xalqa çatdırmaqdır. Əsərlərinin bir hissəsi hələ də tədqiq və nəşr olunmayan XX əsr Azərbaycan ədəbiyyatının müqtədir nümayəndəsi - şair, pedaqoq, tarixçi Mirzə Xosrov Şaiq Axundzadə belə ziyalılardandır. Bu dövrün şairinin, ziyalısının böyüklüyü onun təkcə şeir yazması ilə ölçülmür, həm də yeni ədəbiyyatın inkişafında, tamamilə yeni pedaqoji tərzin yaranmasında, ümumiyyətlə, ictimai fikrin təşəkkülündə oynadığı rolla ölçülməlidir. Bu baxış bucağından çıxış edərək deyə bilərik ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun "Türkdilli əlyazmaların tədqiqi şöbəsi"nin əməkdaşları Gülər Əsədullayeva və Aysel Acalovanın üzə çıxarıb transfoneliterasiya, Ön söz və lüğətlə birlikdə nəşrini həyata keçirdikləri Mirzə Xosrov Axundzadənin (Şaiq) "XIX əsrdə Şuşada yaşayıb-yaratmış şair və yazıçıların yaşadıqları tarixi yerlər" adlı əlyazmasını vərəqlədikcə görürük ki, tarixi, ədəbi, coğrafi faktları özündə ehtiva edən, "Zümrüd taclı" Şuşamızın tarixi abidələrini və tanınmış şəxsiyyətlərini yaşadan ensiklopedik bir əsərdir. S-944/9897 şifri altında qorunan əlyazması haqqında vaxtilə İnstitutun tədqiqatçı alimləri - Mehri Məmmədova, Azadə Musabəyli və Tahirə Nurəliyeva tərəfindən müxtəlif aspektlərdə məlumat xarakterli yazılar yazılmış, əlyazmasının adı "Türkdilli əlyazmaların toplu kataloqu"na salınmışdır. Əlyazmanın müəllifi Mirzə Xosrov Şaiq Axundzadənin adına Qarabağ ziyalısı kimi, "Qulam Məmmədli Təzkirəsi"ndə rast gəlirik.
Əlyazmada müəllif Şuşanın 1757-ci ildə Pənah xan tərəfindən bina olmasından başlayaraq, şəhərin quruluşunu, ikiqapılı İrəvan və Gəncə qapısından ibarət olduğunu qeyd edir, Natəvanın bağına çəkilmiş hasarın yaxınlığında olan Gəncə qapısının sökülmüş vəziyyətinin təfərrüatı ilə təsvirini vermişdir.
Qeydlərə əsasən, Molla Pənah Vaqif İbrahim xanın xanlıq dövründə Şuşaya gəlir və Saatlı məhəlləsində yaşayır. "Köhnə məscid" adı ilə tanınan məsciddə müəllimlik edir və İbrahim xan tərəfindən saraya aparılması tarixi faktlar olaraq maraq doğurur. Mirzə Xosrov Xurşidbanu Natəvanın evini, binanın sahəsini, otaqların sayını, bağçasını və həmin bağçada "Məclisi-üns"ün üzvlərinin görüşlərini dəqiqliklə izah etmişdir. Əsərdə İbrahim xanın sıldırım qaya içində bina tikdiyi haqda da geniş məlumatla tanış oluruq. Mirzə Xosrovun verdiyi məlumata əsasən, Məhəmməd şah Qacar bu yerdə qətl olunduğu və sovet dövründə bu yer Stalinin adı ilə tanındığı da qeyd edilmişdir.
İbrahim xanın qardaşı oğlu Məhəmməd bəyin evinin təsviri və onun haqqında tarixi faktların verilməsi də diqqətçəkicidir. Müəllif Məhəmməd bəyin evini təsvir edərək yazır ki, "bu binadan ancaq bir otaq, bir dalanlı darvaza qalsa da, darvazanın üstündəki daşın üzərində ev sahibinin adının və binanın tikiliş tarixi həkk olunmuşdur". Müəlifin qeydi gələcək nəsillərə çatdırmaq üçün mühüm tarixi fakt kimi çox dəyərlidir. Gövhər ağa məscidi, Qarabağ xanlarından Nəcəfqulu xanın nəvəsi, Hidayət ağanın oğlu Nəcəfqulu ağanın yaşadığı binanın yerləşdiyi ərazi və binanın tikilmə tarixi əlyazmada çox dəqiqliklə öz əksini tapmışdır.
Şuşanın Hacı Yusif məhəlləsində yerləşən ikimərtəbəli binanın XIX əsr Azərbaycan poeziyasında tənqidi realizmin nümayəndəsi, satirik şeirin təkrarolunmaz təmsilçisi, yaradıcılığında şifahi xalq ədəbiyyatına əsas qaynağı ilə bağlı olan, zəmanəsinin etibarlı övladı, ehtiraslı vətəndaşı Qasım bəy Zakirə aid olduğunu qeyd edən müəllif binanın vəziyyəti və tarixi haqqında ətraflı məlumat vermişdir. Məlumatla tanış olduqca XIX əsr ədəbiyyatımızın görkəmli tədqiqatçısı, professor Kamran Məmmədovun Qasım bəy Zakirin həyat və yaradıcılığına həsr etdiyi "Qasım bəy Zakir" adlı dəyərli monoqrafiyada Q.Zakirin doğulduğu, boya-başa çatdığı Şuşa şəhərinin və onun dünyaya göz açdığı evinin təsviri göz önünə gəlir.
Şuşalı professor K.Məmmədov sözsüz ki, Şuşanın gözəlliklərinə bələd idi və şəhərin real gözəlliklərini belə də təsvir etməli idi. Lakin özünün dediyi kimi, o, Şuşanın mütəfəkkirlərindən monoqrafiya yazdığı zaman Əlyazmalar İnstitutunun arxivində işləmiş və oradan xeyli faydalanmışdır. Faktların üst-üstə düşməsi onu göstərir ki, K.Məmmədov Mirzə Xosrovun bəhsikeçən əlyazmasından lazımı qədər istifadə etmiş və bəhrələnmişdir.
Mirzə Xosrovun Şuşanın tarixi əsəri bununla bitmir. Əsərdə şuşalı mütəfəkkirlərin, Süleyman Saninin yaşadığı Culfalar məhəlləsi və evi, Əbdürrəhim bəy Haqverdiyevin yaşadığı Mamoy məhəlləsi və bu məhəllədə yerləşən dörd binanın təsviri və əmisi Mamoy bəyin övladları ilə yaşaması kimi dəyərli məlumatlar qeydə alınmışdır. Məlum olduğu kimi, Ə.Haqverdiyev valideynlərini tez itirmiş və o, əmisi ilə yaşamaq məcburiyyətində qalmışdır. Sonralar Ə.Haqverdiyev xatirələrində bu barədə ürək ağrısı ilə yazırdı. Mirzə Xosrov, Ə.Haqverdiyevin yaradıcılıq fəaliyyətini əsərində əks etdirmiş, "Bəxtsiz cavan", "Şah Qacar", "Ovçu Qasım", "Mirzə Səfər" kimi məşhur əsərlərini məhz gözəl Şuşada - onun səfalı, pak havasından qidalanaraq yazdığını qeyd edir.
Mirzə Xosrov əsərində Mirzə Cəlilə də xüsusi rəğbətlə yer ayırmışdır. Müəllif Mirzə Cəlilin Naxçıvandan Şuşaya köç edib orada öz ailəsilə xoşbəxt yaşadığı məhəlləsindən, evinin tarixçəsindən söhbət açmış və bu illər ərzində istər Mirzə Cəlilin, istərsə də Həmidə xanımın məhsuldar fəaliyyətlərini də qələmə almışdır. Bundan başqa, əlyazmada Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Mirzə Rəhim Fəna, Məşədi Eyyub Baki, Üzeyir bəy və qardaşı Ceyhun bəy Hacıbəyovların məhəllələri, yaşadıqları binalar və göstərdiyi yaradıcı fəaliyyətləri öz əksini tapmışdır. Hacıbəyov qardaşlarının yaşadığı yer haqqında məlumatda Nikolayski məktəbinin yanında, Çöl-qala məhəlləsində yerləşdiyini qeyd edir, Üzeyir Hacıbəyovu "Dəyərli musiqi həkimi" adlandırır.
Zəngin tarixi faktlar verən əlyazma abidəsində müəllif ömrünü Şuşa şəhərində keçirən, zamanının gözüaçıq ziyalısı, ədəbi məclislərin üzvü, "Məclisi-Fəramuşan"ın yaradıcısı və aparıcısı, "Təzkireyi-Nəvvab" təzkirəsinin müəllifi, mesenat-şair, rəssam və nəhayət, Natəvanın sadiq dostu Mir Möhsün Nəvvabın Mamayi məhəlləsində, ikimərtəbəli binada yaşamasını yazır və evi belə təsvir edir: "Bina ikimərtəbəlidir. Evin ikinci mərtəbəsində yerləşən iki kiçik otaq və bir iri salon vardır. Alt qat isə anbardan ibarətdir. Otaqların divarları Nəvvabın fırçası ilə bəzədilmişdir".
Bu əsərdə Qarabağımızın gülşən guşəsi, mədəniyyət mərkəzi olan Şuşanın tarixi abidələri, hasar və binaları, bağ və bulaqları o qədər gözəl və dəqiqliklə təsvir edilmişdir ki, məlumatları oxuduqca sanki insanın gözü önündə o dövrki Şuşa bir kinolent kimi canlanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
