Bu tamaşa həmin dövrdə Moskvanın ədəbi-mədəni mühitində bədii hadisə kimi qarşılanmışdı. Pyesin və tamaşanın yığcam təhlilinə diqqət yetirək. Əsərin müsbət baş qəhrəmanları milli folklorumuzdan yaxşı tanınan Loğman, Nardan, Daşdəmir, Fatma və başqalarıdır. Xeyir qüvvələrə qarşı mübarizə edən şər qüvvələrin başında "Melkumiya" ölkəsinin padşahı "Gülməli Melkum"un durması xarici havadarlarına arxalanaraq (arxalı köpək qurd basar), özlərini qorxunc göstərmək istəyən, əslində isə gülməli olan marionet dövlət statusunda Azərbaycana qarşı şovinist düşmənçilik siyasəti yeridən qonşu ölkəyə sərrast və birmənalı işarə kimi qiymətləndirilə bilər. "Melkum" adı ayıq oxucu və tamaşaçı üçün hər şeyə güzgü tutur. Ümumiyyətlə, pyesdə düşmənə qarşı rəmzi sarkastik üslubdan uğurla istifadə olunmuşdur ki, bunu da dramaturqun ezop dilindən məharətlə bəhrələndiyinin nəticəsi saymaq olar. Pyesin ilk şəklindəki bazar səhnəsində Azərbaycan və Şərqə aid elementlərdən geniş istifadə edilmişdir. "Bazar, ay bazar", "araba", "şaravar", "arxalıq", "xanım", "rahat-lukum", "sandıq" və başqa sözlər tamaşaya məxsusi milli kolorit verir. Pyesin son səhnəsi də bazarla bağlanır və burada əlavə olaraq, "anbar", "qazan", "surquç" kimi Azərbaycan leksemlərindən istifadə edilmişdir.
Pyesin səhnə uğurunda quruluşçu rəssam, tanınmış Azərbaycan rəngkarı, qrafiki, teatr tərtibçisi, aktyor, Əməkdar incəsənət xadimi mərhum sənətkarımız Elçin Məmmədovun (1946-2001) da böyük zəhməti vardı. Səhnələrin irimiqyaslı, həcmli tərtibatı, dekorasiya və rekvizitlərin rəngarəng əvəzlənməsi tamaşaçıda unudulmaz təəssürat doğururdu. Gözəl geyimlərin çoxluğu aktyorlara tez-tez libaslarını dəyişib başqa şəklə düşmək, tanınmaz qalaraq ayrı-ayrı rollarda çıxış etmək imkanı verirdi. Həqiqətən də bütün tamaşa sehrli və bayramsayağı tablo kimi seyr edilirdi. Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin musiqisi isə sadəcə valehedici idi. Səhnədə oxuyub oynayanda zal musiqinin ahənginə uyğun əl çalır, hətta bəzi gənc tamaşaçılar aktyorlara qoşulub rəqs edirdilər. Rusiyanın əməkdar mədəniyyət işçisi, tanınmış baletmeyster Marina Suvorova (1955) tamaşaya qəlbinin bir parçasını qoymuş və çox çətin bir işin öhdəsindən gəlmişdi. Axı bu, həm baletmeysterin, həm də tamaşada iştirak edən bütün aktyorların Azərbaycan musiqisi, xoreoqrafiyası ilə ilk görüşü idi. M.Suvorovanın əməyi hədər getməmişdi: aktyorların rəqsləri plastik, hərəkətləri sərbəst idi, ən başlıcası isə elə təəssürat yaranırdı ki, səhnədə məhz Azərbaycan personajları rəqs edir, oynayır, hərəkət edirlər. Tamaşada səkkiz aktyor iştirak edirdi. Onların hər biri bir neçə rol ifa edirdilər: bazar alverçisi, keşikçilər, oğlanlar, məhbuslar, cəllad, carçı, səfirlər və qonşu ölkənin sakinləri. Bu, hər bir aktyordan maksimum cəldlik, intizam, anında başqa şəklə düşə bilmək bacarığı tələb edirdi. Təcrübəli aktyorlardan Vladimir Pryançin (1954), Andrey Arzyayev (1962), Yuri Çexov (1946-2021), Lyudmila Qavrilova (1941) demək olar ki, hər bir tamaşada parlaq, peşəkar oyun nümayiş etdirirdilər. Onların gənc həmkarları İrina Rudnitskaya (1965), Dmitri Çepenko (1959), Qalina Qladkova (1954) və Andrey Alekseyevin (1958-2020) tamaşadan tamaşaya yaradıcılıq baxımından necə irəlilədiklərini müşahidə etmək çox maraqlı idi. Tamaşanın belə layiqli uğur qazanmasının səbəbi məhz pyesin bütün yaradıcı kollektiv tərəfindən Azərbaycan milli koloritinin və mentalitetinin müvəffəqiyyətli səhnə təcəssümü olmuşdur.
Alla Axundova üçün Azərbaycan koloriti və milli mentalitetinin özünün nəzm və nəsr, kino və dram əsərlərində parlaq əks etdirilməsi səciyyəvi cəhətdir və onun başlıca yaradıcılıq missiyasıdır. O, daha geniş mənada iki böyük mədəniyyətin - slavyan və türk mədəniyyətlərinin təmsilçisidir, slavyan dünyasının mənəvi paytaxtı sayılan Moskvada yaşayır və qlobal anlamda bu iki etnosun qarşılıqlı anlaşmasına yardım etmək üçün məhz xeyirxahlıq toxumu səpən və ümumbəşəri dəyərləri təqdim edən bədii, obrazlı sözlə əlindən gələni əsirgəməmişdir. Alla Axundovanın bütün mənalı həyatı və zəngin yaradıcılığının dəyərli sənət örnəkləri bu müqəddəs amalın parlaq təsdiqidir.
Tərcüməçilik fəaliyyəti. Alla Axundova çoxsaylı bədii tərcümələrin də müəllifidir. Onun tərcüməçilik fəaliyyəti sayəsində rusdilli oxucular Azərbaycan xalqının qiymətli mədəni irsi - folkloru ilə tanış ola bilmişlər. O, çoxlu nağıllar, tapmacalar, sayaçı sözlər, lətifələr, laylalar, oxşamalar, xalq nəğmələri, əfsanələr, qaravəllilər, yanıltmaclar, bayatılar, aşıq şeirləri tərcümə etmişdir: "Oxşamalar. Azərbaycan xalq poeziyası nümunələri" (Laskovıe pesenki. İz azerbaydjanskoy narodnoy pogzii. Pereskaz A.N. Axundovoy. Moskva, "Detskaə literatura", 1971. 20 s.); "Şən bahar. Azərbaycan folklorundan" (Vesёlaə vesna. İz azerbaydjanskoqo folğklora. Stixi. Perevod: Alla Axundova. Moskva, "Detskaə literatura", 1985. 32 s.); "Qızılgül deyəcəm, lalə deyəcəm: Azərbaycan xalq mahnıları, bayatılar, sayaçı sözlər, yanıltmaclar və tapmacalar" (Skaju roza, skaju mak: Azerbaydjanskie narodnıe pesni, baətı, sçitalki, skoroqovorki i zaqadki. Perevod A.N.Axundovoy. Baku, "Qəndjlik", 1987. 140 s.); "Azərbaycan xalq nağılları" (Azerbaydjanskie narodnıe skazki. Perevod Allı Axundovoy. İzdatelğ i avtor poslesloviə Abuzar Baqirov. Moskva, "İzoqrafusC", 2004. 206 s.); "Nağıllar. Göydən üç alma düşdü..." (S neba upalo tri əbloka... Skazki. Perevod: Alla Axundova. İzdatelğ, sostavitelğ i avtor predisloviə: Abuzar Baqirov. Moskva, "İzoqrafC", 2006. 208 s.); "İnikas: seçilmiş tərcümələr" (Otrajeniə: izbrannıe perevodı. İz azerbaydjanskoqo folğklora. Stixi. Perevod: Alla Axundova. Moskva, "AATRONİK", 2009. 204 s.) və s.
Alla Axundovanın tərcüməçilik yaradıcılığında ən qiymətli işi bütün oğuz türklərinin qəhrəmanlıq eposu "Kitabi-Dədə Qorqud"un ("Kniqa otüa naşeqo Qorquda". Oquzskiy qeroiçeskiy gpos (perevod s drevnetörkskoqo, vstupitelğnoe slovo i kommentarii A.Axundovoy. Redaktor i avtor predisloviə X.Q.Koroqlı. Xudojnik G.Mamedov). Baku, "Əzıçı", 1989. 216 s.) rus dilinə ilk bədii tərcüməsidir. Eposun Alla Axundova tərəfindən ərsəyə gətirilən bu tərcüməsi, sözün həqiqi mənasında, mədəniyyətlərarası kommunikasiya işinə tərcüməçinin ən qiymətli töhfəsi olmuşdur. Bu tərcümə məqalə müəllifinin redaktəsilə 2009-cu ildə Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatında "Azərbaycanın ədəbi abidələri və folkloru" seriyasında "Uduz salxımı" ("Zvezdnaə qrozdğ") adlı kitabda bütövlükdə təkrar nəşr edildi.
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan xalqının qədim abidəsinin rus dilinə tam filoloji tərcüməsi 1922-ci ildə məşhur rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold (1869-1930) tərəfindən gerçəkləşdirilmişdir. Təəssüf ki, o dövrün siyasi ab-havası üzündən həmin işi nəşr etmək mümkün olmamış və adıçəkilən tərcümə yalnız 1950-ci ildə məşhur Azərbaycan alimləri akademik Həmid Araslı (1909-1983) və professor Məhəmmədhüseyn Təhmasib (1907-1982) tərəfindən çapa hazırlanmış və Bakıda nəşr olunmuşdur.
Xalqımızın folklor irsi həddindən artıq rəngarəng və zəngindir. Folklor dünyanın bütün xalqlarının mənəvi birliyinin filoloji sübutudur. Dünya folklor nümunələri aydın göstərir ki, bəşəriyyətin bütün mənəvi dəyərləri - xeyirxahlıq, eşq, məhəbbət, vətən, yurd sevgisi, haqq-ədalət hissi, humanizm... - xalqların dünyagörüşündə eynidir. Hər bir tərcümə ustasının tərcümə üçün material seçimində öz qaydası vardır. Alla Axundovanın özünün də illərlə sınaqdan keçmiş kanonik qaydası mövcuddur: "Əgər mən nağılları və ya başqa folklor nümunələrini Azərbaycan dilindən rus dilinə çevirirəmsə, çalışıram ki, həmişə başqa xalqların folklorunda olmayan ən orijinal mətnləri seçəm". Elə buna görə də onun tərcümələrində "səyyar və ya oxşar süjetli" mətnlərə təsadüf olunmur.
Azərbaycan uşaq poeziyasının rus dilinə tərcüməsi sahəsində də Alla Axundovanın əvəzsiz xidmətləri olmuşdur. O, tanınmış uşaq şairlərimizdən Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1957), Teymur Elçin (1924-1992), Hökumə Billuri (1926-2000), Yusif Həsənbəy (1932), İlyas Tapdıq (1934-2116) və Məstan Günərin (1935- 2010) kitablarını Moskva nəşriyyatlarında, Mirzə Ələkbər Sabir (1862-1911), Mirmehdi Seyidzadə (1907-1976), Mirvarid Dilbazi (1912-2001), Xanımana Əlibəyli (1920-2007) və Tofiq Mütəllibovun (1929-1992) isə ayrı-ayrı şeirlərini mərkəzi qəzet, jurnal və almanaxlarda, ayrı-ayrı toplularda nəşr etdirmişdir. Alla Axundova müxtəlif dövrlərdə yaşamış, fərqli ədəbi məktəblərə məxsus və çoxyönümlü yaradıcılıq istiqamətlərinə malik ədəbi simaların əsərlərini tərcümə etməkdən çəkinməmiş və həmişə uğur qazanmışdır: Nizami Gəncəvi (1141-1209), İmadəddin Nəsimi (1369-1417), Şah İsmayıl Xətai (1487-1524), Səməd Vurğun (1906-1956), Mikayıl Müşfiq (1908-1939), Rəsul Rza (1910-1981), Nigar Rəfibəyli (1913-1981), Nəbi Xəzri (1924-2007), Bəxtiyar Vahabzadə (1925-2009), Fikrət Sadıq (1930-2016), Nəriman Həsənzadə (1931), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935-2021), İsa İsmayılzadə (1941-1997), Çingiz Əlioğlu (1944), Sabir Rüstəmxanlı (1946), Ramiz Rövşən (1946), Hamlet İsaxanlı (1948), Kamal Abdulla (1950), Rüstəm Behrudi (1957) və başqaları. Hamlet İsaxanlının "Təzadlar" (Qamlet İsaxanlı. Kontrastı. Stixi. Perevod: Alla Axundova. Moskva, "İzoqrafC", 2006. 128 s.) və Kamal Abdullanın "Cənab yollar" (Kamal Abdulla. Qospodin doroqi. Stixotvoreniə, drama. Predislovie Lödmilı Lavrovoy. Perevod: Alla Axundova. Moskva, "RİF-ROY", 2004. 125 s.) topluları da Alla Axundovanın tərcüməçilik fəaliyyətinin məhsullarıdır. Tərcüməçi qələmini ingilis, ərəb, tacik, özbək, türkmən, qazax, başqırd və tatar dillərindən etdiyi bədii çevirmələrdə də sınamışdır. Şairənin öz şeirləri isə Azərbaycan, ingilis, fransız, yapon, ərəb, rumın və başqa dillərə tərcümə edilmişdir.
Ümumiyyətlə, tərcüməçilər ruhən, yaradıcılıq düşüncələri, mövzu seçimi baxımından özlərinə yaxın olan müəllifləri çevirməyə çalışırlar. Alla Axundova isə, adətən, tərcümə üçün əsər seçmə prosesində tamamilə fərqli yanaşma nümayiş etdirmişdir: o, "doğma orijinalda" bəyəndiyi, istedadla yazılmış istənilən poeziya nümunəsini oxuduqda həmin mətnin "doğma rus" dilində necə səslənəcəyini "yoxlamaq" istəmişdir. Onun uzunömürlü yaradıcılıq qənaətinə görə, bir xalqın milli sərvəti olan ən parlaq ədəbi əsərlər, xüsusən də poetik nümunələr, tərcümənin köməyi ilə digər xalqların da sərvətinə çevrilməlidir. Alla Axundovanın məhsuldar tərcüməçilik fəaliyyətində xalqların mədəniyyətlərarası qarşılıqlı anlaşma prosesinə verdiyi qiymətli töhfələrin meydana gəlməsində onun başlıca seçim meyarı, yaradıcılıq kredosu məhz səxavətə, tolerantlığa köklənib hər zaman.
Alla Axundovanın tərcümələrinin əksəriyyəti orijinalda olduğu kimi, rus dilində də dolğundur. Nadir rast gəlinən belə uğurun sirri, hər şeydən əvvəl, İlahidən tərcüməçiyə verilən poetik istedad, poetik qüdrətdir. Daha sonra, orijinalın dilini dərindən bilmək, tərcümə zamanı geniş linqvistik araşdırmalar aparmaq zəhmətinə qatlaşmaqdır. Başlıcası isə, məhz orijinaldan tərcümə edə bilmək bacarığıdır. Bunsuz tərcüməçilik işi heç də həmişə uğurla başa çatmır. Hələ Sovet dönəmində ədəbi ictimaiyyət tərcümə işində orijinalın dilini bilməyin vacibliyi və ya qeyri-vacibliyi məsələsini qızğın müzakirə edirdi. Təəccüblüdür ki, ədəbiyyatşünaslıqda bu məsələyə dair ikili yanaşma hələ də mövcuddur. Söhbət bəzi ölkələrin əcnəbi dillərindən, məsələn, ingilis, fransız, ispan, italyan, alman, ərəb, fars və digər dillərdən edilən tərcümələr barədə gedəndə orijinalın dilini bilməyin zəruriliyinə heç kəs şübhə etmir. Bəs nə üçün Azərbaycan, gürcü, tacik, özbək, türkmən, qazax, qırğız və digər bu kimi dillərdən edilən tərcümələrdə orijinalın dilini bilməyin zəruriliyi və ya qeyri-vacibliyi məsələsi mənasını itirir?!
Ədalət naminə qeyd etmək lazımdır ki, Sovet dövründə orijinalın dilini bilən tərcüməçilərin qıtlığını doldurmaq üçün sətri tərcümənin köməyi ilə edilən bədii tərcümə xilasedici həlqə, çarəsiz vəziyyətdən çıxmağın yeganə yolu olmuş və çoxlu yüksək səviyyəli tərcümələr də yaranmışdır. Lakin tərcümə prosesində orijinalın dilini kamil bilmək tərcüməçiyə özünü azad, mükəmməl yaradıcı şəxsiyyət, tərcümə olunan mətnin mənəvi həmmüəllifi kimi hiss etmək üçün hüdudsuz yaradıcılıq imkanları verir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
