"Böyük Azərbaycan naminə Bağır Seyidzadə" (Əvvəli ötən sayımızda) - Adıgözəl MƏMMƏDOV

İctimai xadim və istedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat Bağır Seyidzadənin ictimai və siyasi fəaliyyətinə həsr olunan "Böyük Azərbaycan naminə Bağır Seyidzadə" kitabı işıq üzü görüb. Müəllif arxiv sənədlərinə əsaslanaraq, Bağır Seyidzadənin Cənubi Azərbaycanda diplomat kimi işlədiyi illəri ictimai dövriyyəyə yenicə buraxılmış arxiv sənədlərinə istinad edərək işıqlandırır, o dövrün hadisələrinə yeni baxış bucağından nəzər salır. "Ədəbiyyat qəzeti" "Böyük Azərbaycan naminə Bağır Seyidzadə" kitabından müəyyən hissələri oxucularla bölüşür.

 

II

Aydın məsələ idi ki, Azərbaycan demokratlarının Zəncanda törətdikləri "vəhşiliklər" uydurma idi və ictimai rəyi çaşdırmaq üçün Tehran rejiminin təxribatlar silsiləsindən olan təbliğat idi. Eyni ssenari əvvəlcədən tərtib olunurdu və digər Azərbaycan şəhərlərində təkrarlanırdı.

Bu arada Cənubi Azərbaycanın rəhbərləri Cavid və Şəbüstərinin mərkəzi hökumət qoşunlarının Azərbaycana daxil olması məsələsi ilə bağlı Qəvamla yazışmaları, şovinist ehtirasları qızışdırmaq üçün məharətlə istifadə edildi. Belə ki, məsələn, mürtəce "Atəş" qəzeti Qəvamın Cənubi Azərbaycanın demokrat rəhbərlərinə ünvanlanmış teleqramlarına eyham vurularaq, 26.11.1946-cı il sayında yazırdı: "Qatillərə və satqınlara xoşməram görkəmi verilməməlidir və Azərbaycana təcili ordu yeridilməlidir".

Bax, bu çətin günlərdə Demokratik firqənin üzvləri hücuma keçən Tehran qüvvələrinə qarşı tab gətirmək üçün Bakıdan kömək istəyirdilər. Amma Bakı nə edəcəyini bilmirdi.

Beləliklə, Qəvam koalisiya kabinetinə son qoyaraq, İran Xalq Partiyasının bir çox təşkilatlarını və həmkarlar ittifaqlarını darmadağın edərək, demək olar ki, bütün demokratik qəzetləri bağlatdırdı və hökumət qoşunlarının Azərbaycana daxil olması üçün "mənəvi" və maddi ilkin şərtləri hazırladı. İngilislərin və amerikalıların dəstəyi ilə şah qüvvələri Azərbaycana qoşun yeritmək qərarına gəldilər.

M.C.Bağırov bu gedişatın geridönməz nəticələrə yol açacağını anlayaraq yenidən Stalinə müraciət edir.

ARPİİİSSA F № 1, siy. № 89, iş № 112

ÜİK(b)P MK

STALİN YOLDAŞA

Təbrizdən alınmış informasiyanı Sizə təqdim edirəm.

Dekabrın 4-də İran qoşunları Zəncan rayonundan Miyanə istiqamətində hərəkət etməyə başlayıblar. Azərbaycan və İran qoşunlarının ön hissələri arasında bir neçə saat davam edən döyüş baş verib. İran qoşunları tanklar, səhra topları və minomyotlardan istifadə edirlər. Döyüş nəticəsində gözətçi xidməti çəkən Azərbaycan partizan dəstələri Rəcəin kəndi və dəmiryol stansiyasını tərk edərək, yeni müdafiə mövqelərinə çəkiliblər.

Azərbaycanlıların Miyana qruplarının komandiri Daneşyan Pişəvərinin adına göndərdiyi teleqramda tank pulemyotları və ixtisaslı zabitlərlə yardım göstərməyi xahiş edib. Daneşyanın digər bir teleqramından görünür ki, İran qoşunları, həmçinin Xalxala hücum etmək və Ərdəbili ələ keçirmək üçün Tzeron və Ərməğan Xətə kəndləri ətrafında cəmləşir.

Pişəvəri radio vasitəsilə əhalini İran qoşunlarının Azərbaycana hücumu barədə xəbərdar edib.

Təbrizdə hərbi vəziyyət elan olunub.

Azərbaycanın hər yerindən kəndlilər müdafiə olunmaq üçün silahlandırmaq xahişi ilə Demokrat Partiyasının Mərkəzi Komitəsinə müraciət edirlər. Amma silah olmadığından rəhbərlik bu xahişləri yerinə yetirə bilmir.

Azərbaycan Demokrat Partiyasının rəhbərliyi bir daha onlara heç olmasa, minimal həcmdə yardım göstərməyi: 16 top, 5 min tüfəng, 20 tank əleyhinə silah və müvafiq miqdarda mərmi və patron verməyi xahiş edir.

M.C.Bağırov

5 dekabr 1946-cı il.

Amma Moskva susurdu!

M.C.Bağırov bu dəfə bütün riskləri gözə alaraq yenidən Stalinə həm sərt, həm də inadkar şəkildə müraciət edir.

MOSKVA, ÜİK(b)P MK

STALİN YOLDAŞA

İran Azərbaycanındakı vəziyyətlə bağlı məni qəbul etməyinizi xahiş edirəm.

M.C.Bağırov

5 dekabr 1946-cı il

Amma Stalin M.C.Bağırovun bu hikkəli müraciətinə əsəbi reaksiya verir, onu qəbul etmir və 9 dekabr 1946-cı ildə Qəvamın Bəyannaməsi nəşr olunur. O, Bəyannaməsində İran hökumətinin nəyin bahasına olursa-olsun, İranın suverenliyini və ərazi bütövlüyünü təmin etmək yolunda Azərbaycan demokratlarına qarşı gedəcəyini bəyan edirdi. Qəvam azərbaycanlıları hökumət qoşunları ilə əməkdaşlığa çağırır, bu halda onlara qarşı səxavətlə davranılacağını bəyan edir. Baş Qərargahın Azərbaycanda olan zabitlərə müraciəti də dərc olunur. Baş Qərargah onları hökumət qoşunlarının tərəfinə keçməyə çağırır, əks halda, onlarla silahlı üsyan qaldırmış insanlar kimi davranacaqları ilə hədələyirdi.

İran təyyarələri Azərbaycan səmasında əhalini hökumət qoşunları ilə əməkdaşlığa, demokratlara qarşı qiyam qaldırmağa və hakimiyyəti əlindən almağa çağıran vərəqələr atırlar.

Vərəqələrdə silahı olan azərbaycanlılar silahı yerə qoymağa çağırılır və bundan sonra onların əfv olunacağına söz verilirdi. Vərəqələrdə, həmçinin xəbərdarlıq edilirdi ki, azərbaycanlılar bunu etməsələr, onlarla silahlı quldur kimi davranacaqlar.

M.C.Bağırovu bu proseslərdən uzaqlaşdırmaq üçün Vyaçeslav Molotovun göndərdiyi məxfi qrup 10 dekabr 1946-cı il tarixində Azərbaycan Demokrat Partiyasının bürosunun gizli iclasını keçirir və S.C.Pişəvərini vəzifəsindən azad edir. Azərbaycan Demokrat partiyasının sədri postuna Məhəmməd Biriya gətirilir. Bununla da Kreml M.C.Bağırovu Cənubi Azərbaycandakı hadisələrə təsir göstərmək imkanından məhrum edir!

V.Molotovun tərtib etdiyi mətn əsasında M.Biriya Azərbaycan Demokrat Partiyasının adından müraciətlə çıxış etdi. Bu müraciətdə deyilirdi: "Şah qoşunları Azərbaycana gəlir və İran Məclisinə seçkilərə nəzarət edəcək. Seçkilər keçirilməli və nəticələri İran Məclisinə təqdim olunmalıdır".

M.Biriya bu xəyanətinə görə, Bakıya mühacirət etdikdən sonra M.C.Bağırovun qəzəbindən yaxa qurtara bilmədi: həbs olunub Sibirə sürgün edildi.

O günlərdə baş verən hadisələrlə bağlı Bağır Seyidzadənin qeydləri olduqca əhəmiyyətlidir: "1946-cı il dekabrın 11-də Təbriz radiosu xəbər verirdi ki, Azərbaycan hökuməti qan tökülməsinin və qardaş qırğınının qarşısını almaq üçün Tehranın əmrlərinə tabe olmaq barədə fövqəladə iclasında qərar qəbul edib. Müvafiq teleqramlar general-qubernator doktor Cavid və vilayət əncümənin sədri Şəbüstəri tərəfindən Qəvama göndərilmişdi. Müqavimətin başa çatması ilə bağlı teleqramları aldığını bildirən Qəvam Tehranda çıxış edərək bu qərarı ağlabatan adlandırır və bildirir ki, qoşunlara "yalnız Azərbaycanda asayişi, əmin-amanlığı və xalqın azadlığını təmin etmək tapşırılıb". Qəvam daha sonra bildirirdi ki, "bu məqsədlərin həyata keçirilməsində köməklik göstərəcək insanların xidmətləri nəzərə alınacaqdır".

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!