Azərbaycanın tanınmış yazarı, AYB və AJB üzvü, Prezident mükafatıçısı, ASKEF (Avrasiya Sanat Kültür Edebiyyat Federesyonu) Azərbaycan təmsilçisi Sona Abbasəliqızının yeni əsəri Türkiyədə nəşr olunub. Kitab KHA Yayın Evi tərəfindən nəfis şəkildə çap edilib.
Əsəri türkiyəli alim, prof. dr. Zakir Kaya yüksək peşəkarlıqla türkcəyə tərcümə edib.
Bu nəşr ortaq türk mədəniyyətinin söz körpüsünü daha da möhkəmləndirir.
Sona Abbasəliqızının əsərləri türk, özbək, qırğız, gürcü, fars, rus, iraq və türkmən dillərinə tərcümə edilərək nəşr olunub.
Müəllifin yaradıcılığı milli mədəniyyətimizin tanıdılmasına, Qərbi Azərbaycan yaddaşının dünyaya çatdırılmasına xidmət edir.
Qarlı torpağın altında qalan nəğmə
Bir ana fəryadı, bir torpaq həsrəti, bir qız laylası...
Bu yazı Göyçənin qarlı yollarında donan bir həyatın,
Nailə adlı körpənin və onun anasının iç sızısından doğan bir yaddaşdır.
Hər sətrində ağrı və Vətən sevgisi var.
Oxuyanda qar dənələri belə ağlayır... o mənəm... Sona Abbasəliqızı İsmayılova...
O qış bir başqa cür gəldi Göyçəyə. Ağrı kimi, sızı kimi.
Hava yalqız idi, səssiz, ürkək. Torpaq, elə bil aha bürünmüşdü. Qar isə göydən deyil, sanki Allahın gözlərindən axırdı, hər dənəsi bir fəryad, bir ah kimi enirdi yerə. Hər lopa bir dua, hər kristal bir zərbə kimi üzümüzə çırpılırdı. Mən isə iki balamı sinəmə sıxıb, dondurucu soyuğa qərq olmuş məzarlığın qapısından içəri boylanırdım...
Oradaydı...
Dörd aylıq körpəm Nailə ... həyatın mənə bəxş etdiyi, sonra da qəfil geri aldığı o qızıl buğda misalı balaca can. Mənə ilk "ana" baxışını bağışlayan, barmağımı tutub dünyaya bağlanmaq istəyən o incə ürək, artıq döyünmürdü. Onun nəfəsi deyil, ruhu qucağımda üşüyürdü. Sanki ölüm deyil, zaman dayanmışdı o an qarlı bir səhər, sonsuz bir zaman içində.
Dekabrın o günü...
O günü heç vaxt unutmayacağam. Qar göydən yağmırdı, sinəmə çökürdü. Kəndin kişiləri əllərində bel, kürək torpağı qazmağa çalışırdılar. Amma torpaq donmuşdu. Bel sındı, əllər qanadı, nəfəs buxarlanıb göyə çəkildi. Sanki yer özü bu dəfnə qarşı çıxırdı. Sanki torpaq Nailəni almaq istəmirdi. Körpə bədəni qar içində beşik kimi bükülmüşdü. Ağ kəfənin içində, buz kimi torpağa verilən o körpə... Mən fəryad qoparmaq istədim, amma boğazımda ilişdi. Ana fəryadı bəzən səsli olmur, bəzən içində elə qışqırırsan ki, ruhun parçalanır, amma dünya susur.
O məzarlığın bir küncündə babam da yatırdı - mərd Hümbət babam. Əli duzlu, könlü geniş, duası şəfa kimi qəbul olunan bir el ağsaqqalı. Neçə-neçə canı o yola dua ilə yola salmışdı. Amma bu dəfə mən onun ruhuna qızımı tapşırırdım. Dizlərimin üstünə çöküb, torpağa baxaraq pıçıldadım:
"Baba, mənim balam sənə əmanətdir. Onu Vətən dərdi aldı. Qoy orada rahat yatsın. Sən onun nəfəsi ol..."
Sonra... sonra kəndin çıxışına doğru ağır addımlarla getdim. Addımlarımın altından sanki köhnə xatirələr ağlayırdı. Arxamda qoyduğum təkcə torpaq deyildi, yuvam, yuxularım, sabahlarım, bir ömür idi. Qucağımda iki balam, ürəyimdə bir dağ, addımladım. Bəlkə bir erməni gülləsi çatar, deyə qorxurdum. Bəlkə yolun ortasında hönkürərəm, deyə diksinirdim. Amma getməliydim. Arxamda qarlı məzar qaldı, orada bir beşik var idi artıq. Beşiyin içində bir layla susmuşdu...
Yol uzun idi.
Hər addımda torpağın nəfəsi gəlirdi ardımca. Hər qar dənəsi Nailənin son nəfəsini xatırladırdı. Mən ağlayırdım. Gözlərimdən yox, içimdən. Elə bir ağrı idi ki, səssiz, sözsüz, sonsuz. Nailə mənə "ana" deməyə fürsət tapmamışdı. Amma onun baxışları hələ də yanımdaydı. Sanki qarın altından səs gəlirdi: "Ana..."
İndi deyirlər, hər şey yaxşıdır...
Otaqlar isti, çörək bol, uşaqlar böyüyür. Bəli, mən də böyüdürəm, yaşayıram. Amma hər gecə yuxuma bir səhnə girir: Qarlı bir məzar başında durmuşam. İçində beşik... Əlimdə layla oxuyuram. O beşikdə bir körpə yatır, adı Nailə, ömrü dörd ay...
O gün Göyçəyə deyil, qızımla, canımdan ayrılan bir parçamın sonsuz yuxusuna vidalaşdım. Göyçədən çıxanda əlimdə yalnız iki körpəm yox, bir ana ürəyinin yarısı vardı. O yarı soyuqda donmuşdu.
Mən o torpaqda təkcə bir məzar qoymadım. Orada bir ömür, bir layla, bir gülüş donub qaldı. Amma bir gün qayıdacağam. O torpağın üstünə alnımı qoyub pıçıldayacağam: "Qızım, mən gəldim..."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
