Çingiz Aytmatov haqqında esse
Müəllifdən:
12 dekabr - Çingiz Aytmatovun doğum günü...
Bu gün sadəcə bir yazıçı dünyaya gəlmədi. Bu gün qırğız tarixində yeni bir mənəvi era başlandı. Bu adla qırğız xalqının ruhu, azad düşüncəsi və mənəvi zirvələri ayrılmaz şəkildə bağlandı. Bu gün bir dahinin əsri başlandı...
Onun ruhu bu günlə doğuldu, nəfəsi bu günlə yoğruldu...
Aytmatov fenomeni... O, dünyamıza zamanına sığmayan düşüncə formalarının, böyük mənəvi gücün bayraqdarına çevrilərək gəldi. Onun Sözü nəsildən-nəslə uzanan vicdan və həqiqət karvanıdır. Onun Sözünün və Düşüncəsinin yolu əbədidir...
Bu gün qarşısında dərin ehtiramla baş əyirəm...
Qırğız mənəviyyatının yeni dövrünün başlanğıcı qarşısında baş əyirəm...
Bir neçə dəqiqə və Aytmatovsuz qırmızı ağacdan olan tabutu
Aytmatov haqqında yazmağa başlamazdan əvvəl onunla bağlı iki hadisə yadıma düşür: ilk görüşüm və son görüşüm. Bu iki an ruhuma o qədər dərindən hopub ki, sanki ömrüm boyu içimdə sönməyən bir alov kimi yanacaq. İndi elə gəlir ki, bu iki görüş arasında bütöv bir əbədiyyət uzanır...
İlk görüş
1975-ci ilin yayı.
Məktəbi bitirmişdim, instituta qəbul olunmağa hazırlaşırdım. Attestatım "5" və "4" qiymətləriylə dolu idi. O illərdə əlaçı və yaxşı oxuyan məzunların qarşısında ali məktəblərin qapıları açıq idi - hara istəsən, sənəd ver.
Attestatı alan kimi Moskvaya, VGİK-ə (Dövlət Ali Kinematoqrafiya İnstitutu - red.) yollandım. "Sovetski ekran" jurnalında Sergey Gerasimovun yaradıcılıq emalatxanasında oxuyan Zamir Eraliyev haqqında məqalə oxumuşdum. Elə bu yazıdan sonra onunla tanış olmuş, kinorejissor olmaq istəyənlər üçün lazım olan bütün tələbləri poçtla ondan almışdım.
Eyzenşteynin altıcildliyindən başlayaraq, Dovjenko, Gerasimov, Kulidjanov, Pıryev kimi kino klassiklərinin əsərlərini oxumuşdum. Amma bunların nə faydası vardı ki?! Adi kino göstərən klubun belə, olmadığı ucqar bir kənddə böyümüşdüm. Oxuduqlarım beynimdə iz buraxmışdı, lakin çoxunu dərk edə bilməmişdim.
Buna baxmayaraq, gənclik ehtirası və ambisiyalarım məni VGİK-in astanasına gətirdi. "VGİK" sözü ürəyimə həkk olunmuşdu. Onu hər yerdə yazırdım -partalarda, dəftərlərdə, divarlarda, qarda, tozda... Amma anlamırdım ki, ali məktəbə qəbul arzuyla deyil, bilik və istedadla olur.
Moskvada, illərlə xəyalını qurduğum institutun qarşısında dayandım. Qapılar açıq idi, dəhlizlər boş. Növbətçinin "Gənc oğlan, hara?" sualı məni ayıltdı.
- Qəbul olmağa gəlmişəm...
- İmtahanlar iki gün əvvəl bitib.
O an ambisiyalarımın yarpaqları töküldü...
Frunzeyə (indiki Bişkek - red.) qayıtdım. Tarix fakültəsinə sənəd verdim. Sonuncu imtahandan "2" aldım. Ümidlərim tam sındı. Ən ağır olanı isə bu idi: Akim Sultanın oğlu da imtahandan kəsildi...
Ruh düşkünlüyü ilə parkda addımlayırdım. Və birdən... yuxudurmu, gerçəklikdirmi - qarşıdan Çingiz Aytmatovun gəldiyini gördüm. Tək idi. Qolunda qatlanmış pencəyi. Dərin düşüncələrə dalmışdı.
"Salam, Çingiz ağay" deməyə cəsarətim çatmadı. Donub qaldım. O isə başını qaldırmadan yanımdan keçdi. Bir az sonra onun arxasınca getdim. İnsanlar salam verirdi, o isə təvazökarcasına cavablayırdı...
Boz binaya daxil oldu. Lövhədə yazılmışdı: "Qırğızıstan SSR Mədəniyyət Nazirliyi."
Xeyli gözlədim. Çıxmadı...
Amma o gün mənim üçün unudulmaz idi. Sevdiyim yazıçını görmüşdüm. Həmin gün nə VGİK, nə də imtahanlar məni narahat edirdi. Uşaqlıq arzularımdan biri gerçəkləşmişdi.
Beləcə, 1975-ci ilin yayında mən Çingiz Aytmatovu ilk dəfə gördüm...
Son görüş
2008-ci il, 11 iyun.
Çingiz Aytmatovun nəşi "Manas" hava limanına gətirildi. Dövlət Komissiyasının üzvü idim. Təyyarənin yük bölməsi açıldı və qırmızı ağacdan olan tabutu gördüm.
Ürəyim titrədi...
Bir zamanlar onun arxasınca gedən arıq, uzunboylu gənc gözümün önünə gəldi. İlk görüşdə salam verə bilmədiyim kimi, son görüşdə də "əlvida" deyə bilmirdim.
O gün mənim bütün kainatım, bütün həyatım həmin tabutun içində idi...
Aytmatov... Ata-Beyit... Medet Sadyrkulov...
10.06.2008... Bizim Çingizimizin bu dünyadan getdiyi gündür... Bu, hər kəsin qəlbində yas günü, böyük bir itki günüdür... Həm də yaddaş günü...
...Mən uzun illər qəlbimdə saxladığım bir həqiqəti demək istəyirəm, bəlkə də hər kəs bilməz, amma tarix üçün bu həqiqəti açıqlamaq lazımdır, bu mənim o şəxsə qarşı yaddaşımdan irəli gələn borcumdur. Bizim Çingizimizin adı ilə bağlı hər şey - bütün qeydlər, istinadlar və arqumentlər, böyük bir insanın adı ilə bağlı olan hər şey çevrilib tarix olur. Böyüklüyün qiyməti belədir... Hər il qəlbimizdə Çingizimizin böyüklüyü artır, sanki o, göyə yüksələn böyük bir mənəviyyat dağı kimidir. Ola bilsin ki, böyük Manasın getməsi də hər bir qırğızın qəlbini kədər ilə doldurmuşdu və bu, böyük xalq kədərinə çevrilmişdi... Bir vaxtlar Manasını itirmiş qırğız xalqı bu gün də Manas ruhuna malik olan böyük oğlu Çingizini itirdi, qırğız xalqı kainata sığmayan, sonsuz bir kədərə bürünübdür.
Bu gün mənim qəlbimə əbədi həkk olunubdur...
10.06.08...
***
Son dəfə Çingizlə Çon-Arık kəndində, dayım Bayımbet Muratalıyevin evində bir yerdəydik. O gün bizimlə birlikdə ağsaqqallarımız - Ömörbay Narbekov və Doolotbek Şadıbekov da vardı. Çingiz həmin görüşə bir qədər gecikmişdi. O vaxt Rusiya kinoçuları Sokuluk yaxınlığında Çingizin yubileyinə həsr olunmuş sənədli film çəkirdilər. Çəkilişlər uzandığından Çingiz görüşə təxminən, bir saat gec gəldi.
O, evə daxil olan kimi hamımız sanki canlandıq, otaq işıqla doldu. Mən Çingizin sağ tərəfində əyləşmişdim. Böyük insanın böyüklüyü xırda detallardan da görünür: o, içəri girən kimi hamıdan üzr istəməyə başladı, gecikdiyinə görə hər kəsi gözlətdiyini dedi. Mənə üz tutub söylədi:
- Gərək bu qədər gözləməzdiniz... başlamalı idiniz, mədəniyyət naziri...
(O vaxt mən mədəniyyət naziri vəzifəsində çalışırdım.)
O an hiss etdik ki, Çingizi gözləməyin özünəməxsus bir ləzzəti var. Bu insan olmadan boğazdan tikə keçməzdi sanki. Hamımız üçün yubileylə bağlı məsələləri müzakirə etmək imkanı yarandı. Çingizin gəlişi ilə onun əyləşdiyi yer sanki kainatın mərkəzinə çevrildi. Hər birimizin gözlərində ona olan ehtiram, qəlbimizdə isə onunla qürur hissi parlayırdı. Çünki bir əfsanənin yanında oturmaq belə xoşbəxtlik idi.
Uzun, düşündürücü bir söhbət oldu.
Bir müddət sonra hiss etdim ki, onu narahat edən, lakin dilə gətirə bilmədiyi bir məsələ var. Bir azdan mənə tərəf əyilib pıçıltı ilə soruşdu:
- Sultan, səncə, hamını bu qədər gözlətdikdən sonra çıxıb getsəm, bu uyğun olarmı?
Məlum oldu ki, həmin gün Almatıya uçmalı idi. Bu xəbəri sakitcə dayım Bayımbetə çatdırdım. O da dərhal süfrəyə hörmətli qonaqçün hazırlanan yeməklərin gətirilməsini sürətləndirdi və Çingizə son söz verildi.
Çingiz ayağa qalxaraq hamıya böyük ehtiramla dedi:
- Mən sovet adamı kimi...
O, dərin və mənalı fikirlər söylədi. Elə bil, təkcə masadakı insanlara yox, bütün kainata müraciət edirdi. Ürəyimizdə gizlənən sözləri dilə gətirdi. Böyük fikirləri sadə insan taleyi ilə bağladı. Onun böyüklüyündə adilik də vardı...
Hamını xeyir-dua ilə yola saldı və özü də yoluna davam etdi. Getməzdən əvvəl hamımız onunla birgə şəkil çəkdirdik - yanında dayanaraq, əlini tutaraq, qəlbimizdə qürur hissi ilə...
O dedi ki, Almatıda dörd-beş günlük təcili işi var, sonra Kazana uçmalıdır.
Biz onunla şəkil çəkdirdik. Amma bilmirdik ki, bu onunla çəkdirdiyimiz sonuncu şəkil olacaq...
***
Acı xəbər ildırım sürətilə dünyaya yayıldı. Bütün dünya onun itkisinə ağladı...
Həmin günün səhəri Medet Çokanoviç (Qırğız Respublikası Prezident Administrasiyasının rəhbəri Medet Sadyrkulov) məni təcili yanına çağırdı. Hamımız bu ağır xəbərdən sarsılmışdıq.
Onun kabinetinə daxil olanda məni həmişəki kimi səmimi qarşıladı:
- Keç, əzizim...
O, kədərli və çaşqın idi. Bir anlıq susub soruşdu:
- Eşitmisən?
- Eşitmişəm...
- Biz Çingizimizi itirdik. İndi onu layiqincə yola salmalıyıq. Bir-iki günə cənazəsi gətiriləcək...
Sonra pəncərəyə yaxınlaşıb, mənə baxaraq soruşdu:
- Onu harada dəfn edəcəyik?
Bu sözlər mənə dözülməz gəldi. Çingizin ölümünə hələ də inana bilmirdim. Sükut içində qaldım. O isə davam etdi:
- Qətiyyən Ala-Arçada yox... Harada - hələ bilmirəm. Sənə bir gün vaxt verirəm. Sabah təkliflərinlə gəl.
Bu sözlər beynimdə şimşək kimi çaxdı...
Gün boyu, gecə boyunca düşündüm. Çingizin kitablarını vərəqlədim. Birdən "Ana torpaq" povestinin epiqrafı gözümə sataşdı:
"Ata, mən sənin harada dəfn olunduğunu bilirəm.
Sənə ithaf edirəm, Törökul Aytmatov..."
Oxuyub dedim: "Tapdım!"
Birinci arqument epiqraf idi. İkinci arqument - atası Törökul Aytmatovun uyuduğu yer - Ata-Beyit. Bu adı da elə Çingizin özü vermişdi. Ata məzarının olduğu torpağa oğul da tapşırılar... Bu düşüncə mənə çox dərin gəldi.
İkinci variant da düşündüm - şəhərin mərkəzinə yaxın park. Amma ürəyim Ata-Beyitdən yana idi...
Səhəri gün Medet Çokanoviç dedi:
- Ata-Beyit... maraqlıdır.
Bir qədər sonra zəng gəldi:
- Birinci razılaşdı. Sabah Ata-Beyitə get...
Beləcə, Çingiz Aytmatov atasının yanında, böyük qırğızların uyuduğu torpaqda dəfn edildi. Onların taleyi bir torpaqda qovuşdu...
(Davamı olacaq)
Dilimizə çevirdi: VARİS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
