Vətən sənə "oğul" dedi... - Fikrət ŞİRİYEV

"Öz təmkin atı ilə çox tozanaq atlını ötüb keçən" professor Tofiq Əbdülhəsənlinin 70 illiyinə

 

Professor Tofiq Əbdülhəsənli mənim tələbə yoldaşımdır. Onun haqqında olan məqalədə rəsmi məlumatları, hamıya bəlli statistik informasiyaları yox, xatirələrimi yazmağı daha düzgün hesab etdim.

1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsi intibah dövrünü yaşayırdı. 1919-cu ildə BDU təsis edilərkən onun ilk iki fakültəsindən biri olan bu qurum tarixin çətin sınaqlarından keçərək məhz 70-ci illərdə öz zirvəsinə çata bilmişdi. İyirminci illərdə Bəkir Çobanzadələrin başladığı estafet yalnız 40-cı, 50-ci illərdə ilk milli kadrlarını alim kimi yetişdirə bildi. Məmmədağa Şirəliyev, Məmməd Arif Dadaşzadə, Muxtar Hüseynzadə, Həmid Araslı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Əli Sultanlı, Cəfər Xəndan, Məmməd Cəfər və digərlərinin yaratdığı özül üzərində üçüncü, daha möhtəşəm bir nəsil yarandı.

Azərbaycan ədəbiyyatında mövcud olan "60-cılar" xüsusi, ədəbi mühiti dəyişdirən və qüvvətləndirən hadisə olduğu kimi Bakı Dövlət Universitetində "70-cilər" də görkəmli şəxsiyyətlərin bir arada elm və təhsil, zəka və ürfan yolu ilə xalqın bilik və maarif dünyasını zənginləşdirdiyi mərhələ olaraq tarixə yazılıb. Bəxtiyar Vahabzadə, Ağamusa Axundov, Mir Cəlal Paşayev, Əlövsət Abdullayev, Tofiq Hacıyev, Əli Fəhmi, Fərhad Zeynalov, Yusif Seyidov, Firudin Hüseynov, Təhsin Mütəllimov, Xalid Əlimirzəyev, Abbas Zamanov, Əzizə Cəfərzadə, Gülhüseyn Hüseynoğlu, Pənah Xəlilov və başqa görkəmli aimlərin dərs dediyi dövrdə, xoşbəxtlikdən, biz tələbə idik. Zarafat deyildi, bizə dərs deyən müəllimlərin arasında neçə-neçə dünya şöhrətli, məşhur insan, Xalq şairi və Xalq yazıçıları, Dövlət Mükafatı laureatları var idi. Hər biri ayrı-ayrılıqda canlı əfsanə, elm və insanlıq məktəbi, həyat universiteti olduqları bir mühitdə ən çətin iş belə şəxsiyyətləri tələbə olaraq qane etmək idi. Bax, bu məsələdə hamımızdan fərqlənən, hər kəsdə həsəd hissi oyadaraq bütün fənlərdən "əla" qiymətlər alan, mühazirələrdə müəllimlərə ən maraqlı və düşündürücü sualları verən, seminarlarda hamıdan yaxşı və ətraflı cavab verən, bir növ o "ağır artilleriyanın" qabağına çıxarmalı, müəllimlərin yanında üzümüzü ağ edən bir tələbə yoldaşımız var idi. Öz mədəniyyəti, yüksək intellekti, səliqəli geyim-keçimi, həm də mehribanlığı, çalışqanlığı, səmimiyyəti, vətənpərvərliyi ilə hamıdan seçilən, tələbələr arasında rəğbət oyadan bu oğlan sonralar bizim bütün ümidlərimizi doğruldan, kursumuzda ilk elmlər namizədi, sonra da ilk elmlər doktoru olan professor Tofiq Əbdülhəsənli idi.

Doğrudur, böyük çətinliklərdən keçsək də, yeni cəmiyyət doğuldu, ölkəmiz müstəqil oldu, yenidən qurulduq, dəyişdik, "babaların min illik arzuları" gerçəkləşdi. Bu gün həmin illəri xatırlayarkən düşünürəm ki, əgər Tofiq müəllim kimi vətənpərvər oğullar Xəlil Rzanın qadağan olunmuş şeirlərini, Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının əlyazmasını, Gülhüseyn Hüseynoğlunun o vaxtlar heç kəsə məlum olmayan yazılarını, daha nələri, nələri gizli-gizli, ancaq cəsarətlə gənclər arasında yaymasaydı, bizi bu qədər vətən sevgisinə kökləməsəydi, yetkin vətəndaşların formalaşmasına yeni kərpiclər qoyulmasaydı, bəlkə də Milli azadlıq hərəkatı baş tutmazdı, ürəklənib mitinqlərdə sözümüzü deyə bilməzdik, birlik, həmrəylik nümayiş etdirə bilməzdik, soyuq havalarda səhərə kimi meydanlarda oyaq qalmağa özümüzdə qüvvə tapa bilməzdik və bəlkə müstəqil dövləti də qura bilməzdik.

Hər gün salamlaşanda vətənpərvər şairlərimizdən, ən çox da Xəlil Rzadan bir-iki bənd mütləq deyərdi:

 

Düşmən naşı deyil, seçir kütləri,

Xalqı öz əli ilə susdurmaq üçün.

Çəkir vəzifəyə, dartır irəli,

Qəbrini özünə qazdırmaq üçün.

Düşmən axmaq deyil... tanıyır, tapır,

Diriykən ömrünü bitirmişləri.

Xalq üçün düşməndən daha qorxulu,

Milli simasını itirmişləri.

 

Biz də böyük qardaşımızın şövq ilə dediyi bu misraların təsiri altında milli duyğularla çılğıncasına çırpınan gənc ürəyimizdə "azadlıq", "müstəqillik", "vahid Azərbaycan" kimi böyük ideyalar haqqında düşünər, ona böyük heyranlıqla qulaq asardıq. Yaxşı xatırlayıram ki, hər dərsin əvvəlində belə hisslərlə köklənməyimiz bizim dərslərə marağımızı xeyli artırar, xüsusən xalqın milli dəyərləri, ədəbiyyatı, dili, tarixi ilə bağlı mühazirələrə daha böyük həvəslə qulaq asar, seminar dərslərində müəllimlərlə mübahisəyə cəsarətlənərdik. Dil dərslərində Tofiqin tənəffüs zamanı dediyi misraların təsiri altında müəllimlərdən daha dürüst və ətraflı məlumat tələb edər, onların hələ yuxarı kurslarda bizə tədris edəcəyi Mahmud Kaşğari, Mirzə Kazım bəy, Sultan Məcid Qənizadə haqqında artıq məlumatlı olduğumuzu gizlətməzdik:

 

Ehtiyac varmı sənin tərifləyim dilini,

Kaşğarlı Mahmudunu, Məhəmməd Füzulini?!

Ehtiyac varmı deyim

Sənin ana dilində

Yaşar Şərq əzəməti,

Al qanını zülmətə

İşıq kimi çiləmiş,

Ehkam cəbhələrini

Darmadağın eləmiş Nəsiminin qeyrəti?!.

 

Bu gün belə şeirləri oxumaq, əzbərləmək, təhlil etmək sadə məsələdir, hamı üçün əlçatandır, ancaq həmin illərdə bu misraların hər birinə görə ən ciddi cəza tədbirləri görülürdü. Bununla belə, fakültəmizdə, qrupumuzda hər kəsin ürəyində saf bir toxum əkilmişdi, biz yaşa dolduqca o da göyərir, böyüyür, yarpaqları solmayan sarmaşıq kimi bizi vətənə, xalqa, elə-obaya, böyük amallara bağlayırdı. Bu günə kimi yaşayan həmin sarmaşığın bağbanı isə Tofiq Əbdülhəsənli idi...

Əfsanəvi müəllimlərimizə görə "xoşbəxt insanlar" titulu yaraşsa da, yaşadığımız dövrə görə kiminsə bizə həsəd aparacağına inanmıram. Əksinə, bu baxımdan biz XXI əsrin 20-ci illərində, müstəqil, sabit, suveren, inkişaf etmiş demokratik bir ölkədə yetkinləşən gənclərə paxıllıq edə bilərik. Bizim gənclik illərimizdə görmədiyimiz hadisə qalmadı, müharibə, qaçqınlıq, aclıq, vətəndaş qarşıdurmaları, devalvasiya, dövlət çevrilişləri, müxtəlif faciələr, inflyasiya, daha nələr, nələr... Bu çətin mərhələnin sonunun nə vaxt gəlib çatacağına, getdiyimiz qaranlıq tuneldə işığın nə zaman görünəcəyinə ümid də yox idi, bunu səmimiyyətlə etiraf etmək lazımdır. Belə mürəkkəb tarixi dönəmdə ümidini itirən insanların əksəriyyəti ailəsinin ibtidai tələbatını ödəmək üçün ixtisasından, peşəsindən, hətta vətənindən uzaqlaşdı, ticarətlə, iaşə xidməti ilə məşğul olmağa başladı, Rusiyaya, İrana, Türkiyəyə getdi. Bütün çətin sınaqlar məhək daşı funksiyasını yerinə yetirdiyi kimi, bu dəfə də belə oldu. Yalnız əsl peşəkarlar, sənətinin fədaisi olanlar, vətənə ürəkdən bağlananlar fərqli mövqe tutdu. Tofiq müəllim də belə çətin günlərdə qələmindən, yazı-pozusundan, müəllimliyindən və vətənindən ayrılmadı. Yüz yerdən yüz təklif gəldi, necə deyərlər, "qızıl dağlar" vəd etdilər, parlaq karyeraya, Türkiyə universitetlərində kafedra müdiri, digər vəzifələrə dəvət etdilər, getmədi. "Mamır olub vətən qayalarında bitməyi" qürbətdə qızılgül olub büllur vazalarda bəslənməkdən daha dəyərli hesab etdi və tarix göstərdi ki, o, düz edib! Tunelin sonu da gəlib çatdı, işıqlı günlərə də çıxdıq, özü də belə vətənpərvər, yurdsevər, sözdə yox, əməldə xalqa, torpağa, elə-obaya bağlı vətəndaşların hesabına çıxdıq, bax o zaman kimin kim olduğu bilindi.

Bu gün professor Tofiq Əbdülhəsənli ölkənin tanınmış ziyalılarından biridir, respublikanın Əməkdar mədəniyyət işçisidir, "Tərəqqi" medalına layiq görülüb, onlarla kitabın müəllifidir, Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və Respublika İqtisadçılar İttifaqının üzvüdür, "Qızıl Qələm", "Həsən Bəy Zərdabi" və "Araz Ali Ədəbi" mükafatları laureatıdır. O uzaq 70-ci illərdən başlayan yol hədəfləri düzgün müəyyənləşdirən Tofiq müəllimi "çox tozanaq atlını təmkin atıyla keçərək" rəsmi adlardan savayı "əsl kişi", "xalqın dəyərli ziyalısı", "nəcib insan" titulları ilə şərəfli bir ömrün 70-ci zirvəsinə çatdırıb. Xəlil Rza Ulutürkün təbiri ilə desək, bu dünyada "Tofiq də çoxdur, Əbdülhəsənli də. Tofiq Əbdülhəsənli isə təkdir!"

Təbrik edirəm!!!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!