İrfan bağçasının "canfəza" gülünə... - Şəlalə Ana HÜMMƏTLİ

Ədəbiyyatşünas alim Nəzakət Məmmədlinin əziz xatirəsinə həsr olunur...

 

Həm aşiqdi, həm də "Aşiqlərin dostu" - "Ənisül-üşşaq"dı o... Həzrəti Mövlananı, Həzrəti Şəmsi tanıdım onunla. Həzrəti Rabianı tanıtdı mənə. Heyran oldum. Həm tanıdana, həm tanıtdığına... Seyid Nigarini sevdirdi mənə. Övliyalardan söz açardıq. Allah sevgisi, övliya məhəbbəti məndə hələ uşaqlıq illərindən vardı. Ailəmizdə əziz valideynlərimin Uca Allaha (c.c.), Peyğəmbərimizə (s.a.s.), Əhli-Beytə (ə.), Haqq dostlarına olan böyük ehtiram və sevgisini görmüşdüm. Nəzakətlə bəzən saatlarla o Haqq dostlarının həyatından bəhs edərdik. İş otağım onun gəlişiylə gözəlləşərdi hər dəfə. Çünki hər gəlişində özüylə əsrarəngiz bir aləm gətirərdi. Bir gənc qız məsumluğu vardı hər ədasında. Xoş ədalı, nazlıydı əziz Nazım... Adı özünə çox yaraşırdı Nəzakətin. Yüksək savadı, dərin elmi, zəngin dünyagörüşü ilə bərabər, hər rəftarı, davranışı sadəydi, nəzakətliydi. Könül saflığından, təmiz əxlaqından qaynaqlanan pak xislətiylə bəzən bir məktəbli uşaqtək şən, zarafatcıl, bəzən də yoluna ömrünü həsr etdiyi təsəvvüf əhli pirlər kimi ağayana, təmkinliydi.

Bizi doğmalaşdıran ruh yaxınlığıydı, sözsüz... "Qalu-bəla"dan bəri tanış idik əslində. Amma bu dünyada tanışlığımıza bir xalq mahnısı səbəb olmuşdu. Təklikdəykən, ya da ən yaxın rəfiqələrimin yanında hərdən zümzümə etməyi sevərdim nə vaxtsa... Günlərin bir günü "Küçələrə su səpmişəm"i oxuyarkən o da vardı otaqda. Səhərisi gün iş otağıma gəlib kiçik bir kağıza yazdığı şeiri təqdim etdi mənə. "Bunu dünən axşam yazmışam, sizin üçün..." Alıb baxdım 3 bəndlik bir şeirdi...      

 

Küçələrə su səpən qız,

Ürəyimə su tək axdın,

Qoy, su qədər olsun ömrün,

Qoy, su kimi olsun baxtın...

 

O vaxt əziz Nəzakətin mənə həsr etdiyi bu şeir məni uşaq kimi sevindirmişdi. İndi isə uşaq kimi ağladır məni... "Küçələrə su səpən qız" adlandırdığı bu şeir, onun yazıldığı o saralmış kağız parçası, üzərində Nazımın uşaq xəttinə bənzər doğma yazısı bu gün mənimçün olduqca əziz və qiymətlidir.

Gözəl alim olmaqla bərabər, həm də gözəl şairdi Nəzakət Məmmədli. Şeirlərini bir yerə toplayıb bir kitab kimi çap etməsini çox söyləmişdim ona... Son illər, nəhayət, razılaşmışdı. Çox təvazökardı... Şeirləri də özü kimi həm sadə, həm də əsrarəngizdi əziz Nazımın...

Nəzakətçün şeir candı, canlıydı... Çox sevdiyi dahi Füzuli demişkən: "Can sözdür, əgər bilirsə insan, Sözdür ki, deyirlər, özgədir can"... "Füzuli" demişkən, Nəzakət Məmmədli üçün "Füzuli" demək - "Eşq" deməkdi... Onun ilk elmi əsəri də Füzulidəndi. "Leyli və Məcnun" əsərində irfandan bəhs edirdi ilk monoqrafiyası. Füzulinin çox sevdiyi şeirləri arasında "Ya Rəb, həmişə lütfünü et rəhnüma mana" və "Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!" qəzəllərinin xüsusi yeri vardı. Ötən il onun təşkilatçılığı ilə keçirilən Füzuli konfransında online iştirak edirdim. Moderator olduğu bölümdə məruzələr bitdikdən sonra Füzulidən bizə bir şeir oxumasını rica etdim. Hər zamankı kimi özünəməxsus xoş bir ədayla eşqini dilə gətirdi bu Həqiqət yolunun arifi:

 

Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!

Saliki-rahi - həqiqət eşqə eylər iqtida...

 

Gözəl insan, dəyərli alim olmaqla yanaşı, həm də gözəl, etibarlı, fədakar ömür-gün yoldaşı, mehriban, qayğıkeş anaydı Nəzakət. İki dəyərli insanın, gözəl ziyalının qurduğu ailə ocağında dəfələrlə qonaq olmuş, halal süfrələrində duz-çörək kəsmişdim. 3 gözəl övlad anasıydı Nəzakət Məmmədli. Son illərdə çox gözəl, ona yaraşan bir vəzifəsi də vardı. Xəzər Universitetində yeni açılmış "Mövlana Araşdırmaları İnstitutu"nun rəhbəriydi.

Əgər Nəzakətlə bağlı bütün xatirələrimi, duyğularımı, düşüncələrimi qələmə almaq istəsəm, buna bir kitab belə yetməz... Amma ondan yazmaq çətindi, həm də çox çətin... O gözəl, mehriban baxışı, şirin, qayğıkeş, "Ca-aann" - deyə səslənişi, indi canımı yaxır... Bu yazını da can yanğısı və göz yaşıyla yazıram...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!