Hörmətli Rəşad müəllim,
Bu məktubu sizə ünvanlamazdan əvvəl "Altı il Dəclə-Fərat sahillərində" kitabımda "Nücum elmi"ndən bəhs edən fəslə nəzər saldım.
Avqust ayının 21-də anadan olduğunuzu bilirdim. Nücum elmi göstərir ki, avqust ayında dünyaya gələnlər ciddi xasiyyətli, ağıllı, dərin düşüncəli, aydın baxışlı olurlar. Onlar böyük şövqlə qocalana qədər oxuyur, öyrənir, bilik qazanırlar. Adamlar arasında böyük hörmətləri olur.
Fikrimə dayaq olsun deyə, mən yalnız bir həftə ərzində, avqust ayının 21-27 arası anadan olan görkəmli şəxsiyyətləri göstərməklə kifayətlənirəm.
Avqustun 21-də akademik Bəkir Nəbiyev və siz, avqustun 25-də Şeyxülislam Allahşükür Paşazadə, Xalq şairi Fikrət Qoca, professor Hüseyn Həşimli, avqustun 26-da yazıçı, AMEA-nın müxbir üzvü Ziyadxan Nəbibəyli, avqustun 27-də akademik Vasim Məmmədəliyev, yazıçı Seyfəddin Dağlı və bəndəniz Qəzənfər Paşayev anadan olmuşdur.
Tanınmış şair Davud Nəsib, tanınmış jurnalist Flora Xəlilzadə, yazıçılar - Vahid Məhərrəmli, Səlim Babayev, Zeynal Babayev və bir çox başqaları da dünyaya avqustun 21-27 arası gəlmişlər.
Rəşad müəllim, siz Şir bürcü altında anadan olubsunuz. Bu bürc altında dünyaya gələnlər xeyirxah və mərhəmətli olurlar. Onlara süni həyəcan və qızışma yaddır. Həmişə təbii və coşğun olurlar. Hamı onlara rəğbət bəsləyir. Onların çox böyük daxili gücü olur. Nə qədər çətinliyə düşsələr də, şənlik və zarafatlarından çəkinmirlər. Onların ən çox acığı gələn şey satqınlıqdır. Onlar bütün sənətləri xoşlayır və çox vaxt rəhbər vəzifələr tuturlar.
Yazılanlar barədə mühakimə yürütməkdən uzağam. Yalnız axırıncı cümlə haqqında deyə bilərəm ki, bu cümlədə göstərilən sanki sizin boyunuza biçilib.
Sizin tutduğunuz vəzifələr: Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, 1992-ci ildən təsis etdiyiniz "525-ci qəzet"in baş redaktoru olmağınız Nücum elmində göstərilənlərlə üst-üstə düşür.
Rəşad müəllim, mənim "Altı il Dəclə-Fərat sahillərində" kitabım işıq üzü görəndə sizin 20 yaşınız vardı. O vaxt yazdıqlarım necə də yerinə düşür. Sizi bilmirəm, mən Nücum elminə inanıram. Lakin Nücum elmi mühitlə bağlı olur. Odur ki, bizim Nücum elmi yalnız Yaxın Şərq üçün keçərlidir. Planetimizin başqa yerlərinin horoskopları isə bizim üçün keçərli deyil.
Əzizim, siz Yaradanın sevimli bəndələrindənsiniz. Yaradan sizə fitri istedad, ağıl, zəka, analitik təfəkkür, tükənməz enerji, xeyirxahlıqla döyünən ürək bəxş etmişdir.
Təəssüflənirəm ki, 60 yaşınız münasibəti ilə çap olunan "Qala adam" adlı kitabın və "Rəşad Məcid - 60" mövzusunda elektron kitab sərgisinin təqdimat mərasimində iştirak edə bilmədim. Milli Kitabxanada keçirilən möhtəşəm mərasimdə Azərbaycanın görkəmli ziyalıları, alimləri, qələm sahibləri: Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, akademik Misir Mərdanov, akademik Nizami Cəfərov, professorlar: Vilayət Quliyev, Qulu Məhərrəmli, Əli Əmirli və başqalarının çıxışlarını mətbuatda oxudum. Sevindim və fəxr etdim ki, ölkəmizdə sayılıb-seçilən şəxsiyyətlərin hədəfə düz dəyən çıxışları cəmiyyət arasında mövqeyinizi və nüfuzunuzu kompas kimi dəqiq göstərib.
Yaradıcı adam pillələrlə ucaldıqca gözügötürməyənlər, qibtə edənlər, həsəd aparanlar da olur. Qəribədir ki, sizi istəyənlər çox, istəməyənlər yoxdur. Sizin haqqınızda hamı rahatlıqla, bir az da məhəbbətlə danışır, ürəkaçıqlığı ilə yazır.
Nə gizlədim, bəzən tanınmış yaradıcı adamlar haqqında danışanda və ya yazanda sözləri diqqətlə seçirik. Çəkinirik ki, ifrata vararıq, qınağa tuş gələrik.
Sizin haqqınızda isə çəkinmədən ürəkdolusu danışırıq. Nümunəvi örnək ziyalısınız. Əlçatmaz sadəliklə seçilən, təvazökar, xeyirxah adamsınız.
Şah əsəriniz "525-ci qəzet"lə məktəb yaradıbsınız. Belə bir məktəbi vaxtilə "Bakı" qəzetinin redaktoru, sevimli müəlliminiz Nəsir İmanquliyev yaratmışdı. Orada görün, kimlər çalışırdı: Qeybulla Rəsulov, Cabir Novruz, Şamil Şahməmmədov, Yusif Kərimov, Zemfira Məhərrəmli, Ağəddin Mansurzadə və başqaları.
Sizin təsis etdiyiniz "525-ci qəzet"də də yetişən jurnalistlər az deyil. Elə siz özünüz də bu qəzetlə bərabər inkişaf etdiniz, ad-san qazandınız, jurnalistikaya yeni ab-hava gətirdiniz.
Təbii ki, belə məsuliyyətli işi təkbaşına görə bilməzdiniz. Bu şərəfli işdə sizə çox inandığınız Yusif Rzayev, Seyfəddin Hüseynli, Aydın Bağırov, Pərvin, Sevinc Qarayeva, Nadir Yalçın, Şahanə Müşfiq, adlarını çəkmədiyim neçə-neçə digər qələm adamları yardımçı olublar.
Onların çoxu bu gün qəzet redaktoru səviyyəsində jurnalistlərdir.
Bir vaxtlar qəzetinizdə Pərvinin yazılarını necə həvəs və ehtiramla oxuyurdumsa, indi Şahanənin yazılarını eləcə istək və qələminə ehtiramla oxuyuram.
Rəşad müəllim, mən Pərvini tanımırdım, yazıları o qədər xoşuma gəlirdi ki, ona açıq məktub ünvanlamışdım. Şahanəni də hələlik yazılarından tanıyıram. İstedadlı gənc olduğu qənaətindəyəm.
Şahanə də layiqdir ki, haqqında yazılsın, özünəinamı daha da artsın. Səmimiyyətlə deyirəm. Onun yazılarının bəzisini təkrar-təkrar oxuyuram.
Şahanənin son yazılarının, xüsusən də, "Yaralarımızın məlhəmi söz", "Mövlud Süleymanlı və simvolizm": "Yel Əhmədin bəyliyi", "Sözün əxlaqı: mənəviyyatın əks olunduğu ayna", "Sərhədlər bizi qorxutmasın", sizin poeziyanıza həsr etdiyi "Bir də gəlməyəcək", "Hadisəyə çevrilə bilməyən mədəniyyət", "İlk daşı kim atacaq", "Pandemiyadan bizə qalan "miras", "Bəzəkli travmalar dövrü" və "Müasir sevgilər"in hər biri ciddi tədqiqatdır, bitmiş əsərdir.
Sevinc Qarayevanın təhsil, səhiyyə və sosial mövzularda yazıları da çox maraqla oxunur. Onun "Energetik içkilər: əlavə enerji, yoxsa təhlükə?" məqaləsi çox vacib və zamanında yazılmış tədqiqat işidir. Bu məqalə, səhhətinin qeydinə qalmayan təhlükəli energetik içkilər aludəçilərinə ciddi xəbərdarlıqdır. Mən belə içkilər, hətta "Coca-cola", "Pepsi cola" kimi içkilərin zərərindən "Altı il Dəclə-Fərat sahillərində" kitabımda yazmışdım.
Hörmətli Rəşad müəllim, həmkarlarınız haqqında danışmaq, əslində, sizdən söz açmaq deməkdir. Onların hamısı "525-ci qəzet"də püxtələşib, bu qəzet vasitəsilə tanınıblar.
Rəhbərlik etdiyiniz "525-ci qəzet"in sanbalının göstəricisi olan bir məsələdən - qəzetin daimi müəlliflərindən də söz açmaq istərdim. Xalq yazıçısı Anar, akademiklər - İsa Həbibbəyli, Rafael Hüseynov, Misir Mərdanov, Muxtar İmanov, Xalq yazıçısı Elmira Axundova; professorlar - Vilayət Quliyev, Cahangir Məmmədli, Rəhim Əliyev, Asif Rüstəmli, Vaqif Yusifli, Abid Tahirli, Telman Orucov, Vasif Quliyev, Əlövsət Bəşirli və başqaları sanballı yazıları ilə qəzetin nüfuzunu daha da artırırlar.
Göz önünə təlatümlü, mənəvi dəyərlərin tapdandığı 90-cı illər gəlir. Xalqın mənəviyyatını pozan qəzetlərin sayı-hesabı yox idi.
Xalq şairi Sabir Rüstəmxanlının göstərdiyi kimi, mətbuatda qeyri-peşəkarlığın tüğyan etdiyi, sözün ucuzlaşdığı, özünü və sözünü bilməyən adamların jurnalistik iddiası ilə ortaya çıxdığı, meydan suladığı, jurnalist adına ləkə gətirdiyi bir dövr idi.
Lakin o dövrdə mətbuat aləminə Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Nurəddin Babayev, Cahangir Məmmədli, Nəsir Əhmədli, Qulu Məhərrəmli kimi ömrünü jurnalistikaya həsr edən müəllimlərdən dərs alan gənclər də gəlirdi. Onlardan biri də siz idiniz.
Təsis etdiyiniz "525-ci qəzet" həmin ağır vaxtda çıxmağa başladı. Hay-küylə gələn o qəzetlərin çoxu sükut içində qeyb olub getdi. "525-ci qəzet" mətbuatda yaranan boşluğu doldurdu.
"525-ci qəzet" ilk sayından bu günə kimi Azərbaycan qəzetçilik ənənələrinə sadiq qalır. Mən bu qəzetin daimi abunəçisi kimi, bir dəfə də olsun qəzetdə sensasiya xarakterli yazıya rast gəlməmişəm. Sanbalı ilə seçilən qəzetdir. Bəzən qəzeti əlimdə tutanda (xüsusən də şənbə sayını) bitkin bir əsərlə üzbəüz olduğumu hiss edirəm. Qəzetin hər sayından yeni biliklər əldə edirəm.
Rəşad müəllim, siz "525-ci qəzet"i təsis edib çapa başlayanda 27 yaşınız vardı. İndi sizin 60, qəzetin 33 yaşı var. Allaha şükür, enerjiniz aşıb-daşır, övlad timsalı qəzetiniz çiçəklənir. Təbrik edirəm.
Anar müəllim necə də doğru deyib: "Rəşad Məcid son dərəcədə etibarlı, sözündə və mövqeyində möhkəm adamdır".
İllər öncə Yesentukidə istirahət edəndə Aqil Abbas və sizinlə (o vaxt hər ikiniz çox cavan idiniz) çörək kəsdik. Kiçik yaşlı oğlum Murad bizimlə idi. "Qismət olsun, bu qəşəng oğlanın toyunda iştirak edək" - dediniz. Sözünüzə xilaf çıxmadınız. Muradın toyunda hər ikiniz ən əziz qonaqlar kimi iştirak etdiniz.
Deməyin, vaxt nə tez gəlib keçdi. 60 yaş nədir ki? Əvvəllər səksən deyəndə səksənirdim. İndi iki səkkizi yan-yana düzmüşəm, qələm əlimdə, sizin kimi etibarlı dostlar yanımda...
Rəşad müəllim, Moskvada bir görkəmli riyaziyyatçı alimin yubileyi keçirilirmiş. Yetişdirmələrindən biri çıxışında müəlliminə yüz yaş arzulayır. Görkəmli alim zarafatla, riyaziyyat dilində deyir: "Cavan oğlan, sizə kim səlahiyyət verib ki, mənim yuxarı yaş həddimi təyin edəsiniz?"
Mən sizə yaş həddi təyin etməkdən uzağam. Lakin bir arzum var. Dünya əhalisinin yalnız bir faizi 90 yaşdan yuxarı yaşayır. Arzum budur ki, Azərbaycanı o bir faizin içində vüqarla təmsil edəsiniz.
Dərin hörmət və ehtiramla...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
