"Böyük Azərbaycan naminə Bağır Seyidzadə" - Adıgözəl MƏMMƏDOV

İctimai xadim və istedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat Bağır Seyidzadənin ictimai və siyasi fəaliyyətinə həsr olunan "Böyük Azərbaycan naminə Bağır Seyidzadə" kitabı işıq üzü görüb. Müəllif arxiv sənədlərinə əsaslanaraq, Bağır Seyidzadənin Cənubi Azərbaycanda diplomat kimi işlədiyi illəri ictimai dövriyyəyə yenicə buraxılmış arxiv sənədlərinə istinad edərək işıqlandırır, o dövrün hadisələrinə yeni baxış bucağından nəzər salır. "Ədəbiyyat qəzeti" "Böyük Azərbaycan naminə Bağır Seyidzadə" kitabından müəyyən hissələri oxucularla bölüşür.

 

 

 

I

 

1946-cı ilin dekabrından geosiyasi vəziyyət 21 Azər hərəkatını başlayan milli qüvvələrin xeyrinə olmayan şəkildə dəyişmişdi. Bütün bu proseslərin canlı şahidi olan Bağır Seyidzadənin o günlər haqda şəxsi qeydləri çox maraqlıdır. "Koalisiya kabinetinə (1946-cı il Qəvamın qurduği üçüncü hökumət nəzərdə tutulur - A.M.) Demokratik firqənin nümayəndələrinin dəvət edildiyi bir vaxtda Azərbaycanın hərbi blokadaya alınması planları hazırlanırdı. Rəsmi qəbullarda Müzəffər Firuz Qəvam adından Azərbaycan hərəkatını "bütün İranın xilaskarı" adlandırdığı bir vaxtda, bu cənablar xarici qüvvələrlə birlikdə xain hücum planları qururdular. Qəvamın üçüncü hökumətinə qədər nazirliklərdə çalışan İran Xalq Partiyasının üzvləri kütləvi şəkildə işdən çıxarılaraq, onların yerinə İran Demokratik Partiyasının (Bu partiya Azərbaycan Demokratik Partiyası deyil, Tehran mərkəzli mürtəce, şovinist bir siyasi xətt idi - A.M.) üzvləri gətirilirdi. Amma Azərbaycan Demokratik Partiyasından ayrılanları "Mehre İran" qəzetinin oktyabrın 21-də verdiyi xəbərə görə, Nazirlər Şurası Cənubi Azərbaycanda işdən çıxarılan bütün məmurların Əmək və Təbliğat Nazirliyinə verilməsi barədə qərar qəbul etmişdi.

İran Xalq Partiyasının klub və komitələrinin dağıdılması, işçilərin döyülməsi, Xalq Partiyası və həmkarlar ittifaqı üzvlərinin işdən çıxarılması, həbslər və sürgünlər və s. dövrü başlanmışdı. Gyarmsarda (Tehranın şərqindəki kiçik kənd) İran Xalq Partiyasının 150 üzvü həbs edilmişdi və çoxu İran Demokratik Partiyasından olan mürtəcelərin onlara qarşı quldur hücumları zamanı yaralanmışdı. Oktyabrın 25-də, Qolpaqanda tanınmış mürtəce mülkədar Nezamın təhriki ilə İran Xalq Partiyası komitəsinin binası yandırılıb. Ertəsi gün Sarı şəhərindəki Mazendaran vilayət komitəsinin klubu, eləcə də Pəhləvi şəhərindəki Xalq Partiyasının klubu dağıdılıb.

Oktyabrın 10-da Xalq Partiyasının İsfahan təşkilatı rəhbəri Fədakarın "Rəhbər"də dərc olunmuş teleqramında bildirilir ki, noyabrın 8-də Xalq Partiyasının Sede kənd klubunun rəhbəri Əli Kiyani öldürüldü. Noyabrın 10-da Tehranda Dəmiryolçular Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin üzvü, işçi Barat Əli öldürülüb, daha 8 işçi isə ağır yaralanıb. Hücumu İran Demokrat Partiyasının üzvləri təşkil edib və üç həmkarlar ittifaqı fəalının həbsinin səbəbinin izahını tələb edən polis dəstəsi fəhlələrə atəş açıb. Hakimiyyət dəmiryolçuların 24 saatlıq etiraz aksiyası ilə əlaqədar 200-dən çox adamı həbs edib.

Mütərəqqi əqidələri ilə tanınan Şeyx Hüseyn Lənkərani və onun qardaşları "Azərbaycan məsələsinin sülh yolu ilə həlli" təklifi ilə çıxış etdiklərinə görə, həbs edilərək Kirmana sürgün ediliblər.

Hər kəsə aydındır ki, Qəvam və onu dəstəkləyən amerikalı dostları İranda Azərbaycanı məhv etmək, İranı ABŞ və İngiltərə müstəmləkəsinə çevirmək, burada azadlığın bütün izlərini yox edəcək bir diktatura qurmaq niyyətindədir. Onlar demokratik təşkilatları boğmaq, sonra isə Azərbaycana hücum etmək üçün ölkənin cənubunu ingilis imperializmininc xidmətçiləri olan soyğunçu feodallara verdilər. Amma buna baxmayaraq, indiyə qədər Qəvam yenə də əsl məqsədlərini gizlətmək istəyir, verdiyi bəyanatlarda özünü quzudan da məsum göstərir, qılıncını xalqın başına qaldıraraq, xeyirxahlığından danışmağa davam edir. Qəvamın İranda 1921-ci il dövlət çevrilişini təkrarlamaq istəyirlər. Xalqın azadlığını boğmaq, diktatura qurmaq, xalqın və təbii sərvətlərinin qeyri-məhdud istismarı məqsədilə ölkəni müstəmləkəyə çevirmək siyasəti yeridilir.

Qəvamın mürtəce kursuna və İran Demokratik Partiyasının törətdiyi bütün zorakılıqlara və kobud özbaşınalıqlara qarşı hər hansı etiraz səsini boğmaq üçün, demək olar ki, bütün demokratik qəzetlər bir-birinin ardınca bağlandı. 1946-cı il dekabrın əvvəlində "Rəhbər" qəzeti bağlanaraq, onun əvəzinə "Bəşər", "Rəzm", "Kar-o-daneş" və "Bidariyə ma", "Zəfər" qəzetləri nəşr olundu. Yeni mürtəce qəzetlər "Atəşbar" ,"Şahbaz", "Cebhe", "Nabarde emruz", "Mazda" və s. çap olunmağa başlanıldı. Bu qəzetlər İran qoşunlarının Azərbaycana daxil olması üçün kampaniyanı davam etdirirdilər. 1946-cı il noyabrın ortaları və dekabrın əvvəllərindən etibarən  "Kuşeş", "Mehre İran", "Atəş", "Vodjdan", "Şəhriyar", " Keyhan ", "Egdam", "Marde Emruz", "Tehran Mossavar", "Kasra", "Zandegi", "Peykare Rua", "Setare", "Agaz", "Sarbaz", "Bazpors", "Jedal" və digər qəzetlər İran hökumət qoşunlarının dərhal Azərbaycana göndərilməsini xüsusi canfəşanlıqla müdafiə edirdilər.

1946-cı ilin noyabr və dekabr aylarında SSRİ-yə qarşı mürtəce və düşmənçiliyi ilə tanınan "Egdam", "Caravan", "Pahriar", "Namee Azad", "Adib", "Kanun", "Keşvar", "Nasime Saba" qəzetlərinin üzərindən qadağa götürüldü. "Xaver", "Sedae İran" , "Sepidedam", "İrane Know", "Mehre Mihan", beləliklə, Azərbaycan Demokratik Partiyası, İran Xalq Partiyası və Sovet İttifaqına qarşı böhtan dolu eyhamlarını dərc etmək üçün tam sərbəstlik qazandı".

Həqiqətən də, tarixi proseslər Azərbaycanın xeyrinə inkişaf etmirdi.

Cənubi Azərbaycanda din xadimlərinin baş verən proseslərə münasibətləri də maraqlı idi. Noyabrın 13-də "Cebhe" qəzeti yazırdı: "Müctəhid Borucerdi (Qumda) Tehran nümayəndəsinə deyib ki, əgər Azərbaycanda mərkəzi hakimiyyətin qurulmasına qədər Məclisə seçkilərin başlanmasına çağırışlar olsa, o, fitva verəcək və dindarları "kəfən geyinib küçəyə çıx" ilə hədələyib. Ruhanilər Tehran qoşunlarının Azərbaycana daxil olmasından əvvəl seçkilərin başlaması təqdirdə şahın siyasətini pisləyən məzmunda olan 100 min vərəq hazırlayıblar".

Bütün bunlar, təbii ki, Azərbaycana hücumdan əvvəl ictimai rəyin hazırlanması və ümumi planın həlqələrindən başqa bir şey deyildi. "Esteklal" qəzeti noyabrın 15-də yazırdı ki, "ruhanilərin bu çıxışlarını hökumət özü təşkil edir və bununla da onlar ruslara ictimai təzyiq altında olduqlarını göstərməyə çalışırlar".

Noyabrın 12-də "Atəş" qəzeti xəbər verir ki, şah 1946-cı il noyabrın 10-da baş nazir Qəvama, hərbi nazir general Əhmədə və baş qərargah rəisi general Rəzmara Azərbaycanda mərkəzi hakimiyyətin bərpası ilə bağlı tapşırıqar verib. Azərbaycan demokratları təslim olmadıqları təqdirdə onlara qarşı "güc tədbirləri" görülməsinə qərar verilib".

Həmin qəzetin 15 noyabr sayında Tehranda Zabitlər klubunda çıxış edən hərbi nazir general Əhmədi bəyan edir ki, "İran ordusu "parlaq süngülərinin" gücü ilə təhlükəsizlik və sülhü təmin etməyə qadirdir və ilk fürsətdə İranın hər yerində alaq otlarını kökündən çıxarmağa hazırıq".

Bütün bu və bunabənzər hazırlıq işləri görülən zaman 1946-cı il noyabrın 19-da Qəvam deyirdi: "Ümid edirəm ki, Azərbaycan məsələsi tezliklə həll olacaq və iki gün sonra, XV Məclisə seçkilərin keçirilməsi qaydası ilə bağlı, Qəvamın noyabrın 21-də yerlərə göndərdiyi sirkulyarında, seçkilərin başlanmasına icazə yalnız ölkənin bütovlüyü bərpa olduqdan sonra veriləcək yazılırdı. Eyni zamanda həmin günlər irtica mətbuatında Azərbaycan Demokrat Partiyasına qarşı aparılan kampaniya xeyli gücləndi.

Hələ 21 noyabr 1946-cı il tarixli Qəvam sirkulyarından əvvəl, noyabrın 15-də və 16-da jandarm, sonra isə hərbi birləşmələr hökumətlə əldə edilmiş razılaşmaya əsasən Azərbaycan demokratlarının tərk etdiyi Zəncana daxil oldular. Jandarm dəstələri Zəncana çatan kimi Azərbaycan Demokrat Partiyasının üzvlərinə qarşı təxribat törədilib. İrticaçı "Ettelaat" qəzeti "əhali"nin Azərbaycan demokratlarının tərəfdarı olan Molla Məhəmməd Xoy ilə necə "davranması" barədə xəbərlər yazırdı.

"Ettelaat"ın rəhbərlik etdiyi bütün şovinist qəzetlər ictimayyət arasında Pişəvəri hərəkatını gözdən salmaq üçün, Zəncanda azərbaycanlı demokratların qondarma "vəhşilikləri" haqqında, Azərbaycan şəhərlərində onlara qarşı "əhalinin etirazları", qadınlara və qızlara qarşı törətdiyi "zorakılıqlar" haqqında həyasızlıqla böhtan dolu yazılar dərc edirdilər. Noyabrın 27-də Baş Qərargah rəisi general Rəzmara Tehrandan Zəncana yola düşür. İrticaçı "Atəş" qəzeti yazır ki, o, Tehranı tərk etməzdən əvvəl Zəncanda demokratların "vəhşilikləri" haqqında zabitlər qarşısında çıxış edib. Onun çıxışından sonra bəzi zabitlər guya qışqırıblar: "İcazə verin, 10 gün ərzində Təbrizə çataq".

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!