Ədəbi körpü memarı Alla Axundova (Əvvəli 47-48-ci sayımızda) - Abuzər BAĞIROV

 

Milli koloritin daha qabarıq ifadəsini nəzərə alaraq, nasirin üçüncü kitabı olan "Böyük Arişa" üzərində bir qədər geniş dayanmaq vacibdir. Kitabda iki povest var: avtobioqrafik xarakter daşıyan "Böyük Arişa" və Azərbaycan gerçəkliyini əks etdirən "Yaşayın!" İkinci povestin mövzusu real həyatdan alınmışdır. Abşeron çimərliklərinin birində dənizdə batan dörd qızı xilas edərkən, dördüncü qızla birlikdə suda boğulan Tofiq Hüseynov adlı gənc bir yuxarı sinif şagirdinin qəhrəmanlığından söhbət açılır. Bədbəxt həyat hadisəsindən bəhs edən "Yaşayın!" povesti dərin psixologizmi və həyatla ölüm, varlıqla yoxluq arasındakı daimi mübarizənin fəlsəfi interpretasiyası baxımından oxucunu dərindən düşünməyə vadar edir.

Bəlkə də Alla Axundovanın nəsrini oxuyan hər hansı rusdilli qeyri millətin nümayəndəsi oradakı Azərbaycan koloritini görməyə bilər; bu təbiidir, çünki onun əsərlərindəki milli kolorit alt qatdadır, bu dərinliyin fərqinə varmaq üçün oxucu ən azından həmin koloritin daşıyıcısı - azərbaycanlı olmalıdır. Öz xalqını sevən, başqalarının ayağına verməyən və həm də başqa millətlərə hörmətlə yanaşan tolerant bir azərbaycanlı. Amma müqtədir bir tənqidçi də bu koloritin məğzinə vara bilər, onu intuitiv şəkildə duya bilərmiş. Vaxtilə povest haqqında "Drujba narodov" jurnalında "Arzulanan kədər" adlı rəy dərc etdirmiş görkəmli rus tənqidçisi Lev Anninski (1934-2019) yazmışdı: "...Demək mümkündür ki, Axundovanın qarışıq, acıtam üslubunda da özünəməxsus şəkildə 1980-ci illərin sonundakı "sərt" nəsrin kontrastları öncədən duyulur, hətta burada belə bir öngörüntü də aşkar etmək olar ki, onda rus və rus olmayan nəsnələr gizli-dramatik şəkildə necə qarşılaşdırılmışdır" (Lev Anninskiy. Çaənnaə peçalğ. Moskva, jurnal "Drujba narodov" №6, Moskva, 1991.).

Burada məşhur tənqidçi "rus olmayanın" məhz azərbaycanlı xarakterinə, Azərbaycan mentalitetinə aid olduğunu nəzərdə tutmuşdur. Əsər ətrafındakı dünyanı böyük gözü ilə görən və böyük ağlıyla qavrayan kiçik bir qızın xatirələri formasında qələmə alınmışdır. Həm də burada bir nağılvarilik də var; bunu yuxu ilə gerçəkliyin növbələşməsi kimi də qəbul etmək mümkündür. Sanki kövrək uşaq qəlbini əzə biləcək qədər sərt gerçəklik bəzən müəllif təxəyyülündə qəsdən yumşaldılır və oxucu real təsvirlərdən nağılvari - romantik səviyyəyə keçidin şahidi olur. Lakin bu nağıl gerçək həyatın özündə, mühitin özü tərəfindən yaradılır, bəslənir və hələ sərt gerçəkliyin qəbuluna hazır olmayan uşaq təsəvvürlərinə ləzzətli çərəz şəklində təqdim olunur.

Povestdə maraq doğuran və oxucunu cəlb edən odur ki, bütün bunlar iki rakursdan - kiçik qızın və artıq böyümüş, uşaqlıq xatirələrinə ironik tərzdə yanaşan yaşlı müəllifin gözü ilə verilir. Uşaq üçün ağlamalı, böyük üçün gülməli effekt yaradan bu iki baxış bucağının qovuşmasından müəyyən mənada poetik neytrallaşma gedir və nə qədər qəribə olsa da, bunun özü oxucuda mənəvi komfort duyğuları oyada bilir. Sovet təbliğat maşını Moskvanı əfsanəvi bir nəhəng kimi təqdim etsə də, real paytaxt həyatı kiçik uşaq gözlərində həmin mifik effekti yarada bilmir və bu aldanış uşağın xəyal qırıqlığına səbəb olur. Bolşeviklərin bəşəriyyətə vəd etdikləri "sosial cənnət" xülyası gerçəkliyin sərt və qart daşlarına çırpılaraq çilik-çilik olur. Buradakı alt qatda yazıçı məhz aldadılmış azərbaycanlı kimi düşünür və duyğularını da metaforik bir dillə ifadə edir:

"Nənəmlə anam gülüşdülər. Onlar mənə gülürdülər. Məni aldatmışdılar. Mənə vətənimizin paytaxtı Moskvanı, ağ daşdan tikilmiş Kremli, böyük nənəni vəd etmişdilər və bunların heç biri yox idi... O zaman mənə elə gəldi ki, bundan sonra yaşamağın mənası yoxdur" (Alla Axundova. Bolğşaə Arişa. Povesti. Moskva, "AATRONİK", 2009. S.9. 202 s.).

Sovet dönəmində həyat tərzini, həyat həqiqətlərini tərs-avand təqdim etmək və bununla da təkcə ağlı kəsməyən körpə uşaqları deyil, həm də yaxşını yamandan ayırmağı bacaran, "söz anlayan" böyükləri belə aldatmağa nail olan bolşevik quruluşu 70 il ərzində "çılpaq kralı" geyimli-kecimli təqdim etməyi, adi məişət normalarına belə həsrət qalan insanlara xəyal-plov yedirtməyi bacarmışdı.

Moskvanın nəhəngliyi haqqında mifin uşağın beynində dağılması ilə bağlı nənənin bir sözü də Azərbaycan-türk mentaliteti üçün kontekst rolunu oynayır. Könlü sınan uşaq geriyə - Bakıya qayıtmaq istədiyini deyəndə, Böyük Arişanın reaksiyası belə olur: "Hələ bax, Moskva onun gözünə kiçik görünüb. Bir qarış boyu var, ancaq oxşayıb oxşamışına! - deyə nənəm dişsiz ağzını açıb güldü. - Sizin "stanbullardan" ki, kiçik deyil, ay mənim məğlub türklərim!" (Yenə orada)

Bu eyhamda da pravoslavların yaralı yeri olan İstanbulun türklər tərəfindən fəthinə (29 may 1453) açıq bir işarə özünü göstərməkdədir.

Povestdə bir sıra hallarda klassik poeziyamızın təsirini, izlərini açıq-aşkar sezmək mümkündür. Arişanın toy gününün təsviri, gənc qızın həmin gün keçirdiyi dərin hiss-həyəcan klassik poeziyadakı, eləcə də Azərbaycan xalq nağıllarında, məhəbbət dastanlarımızdakı aşiq-məşuq obrazlarının təsvir və tərənnümünü xatırladır:

"Arişa üzərinə calanmış mavilikdən qamaşan gözlərini yumdu. Gözlərini burda yumdu, bəs orda, orda neyləsin? Hara getsin, necə dözsün, necə yıxılmasın? ...Artıq İvanın sifəti get-gedə ona yaxınlaşırdı. Nə qaçmaq olardı, nə gizlənmək, nə üz döndərmək. Yer uğuldadı, titrədi, onun dodaqlarına nə isə yumşaq bir şey toxundu. Yumşaq, nəvazişli, ağlı başdan çıxaran, nəfəs kəsən bir şey. Ürəyi sinəsində çırpındı, sanki boğazına sarı yuxarı qalxdı, bir-iki dəfə guppuldayıb hara isə aşağı yuvarlandı. Aman Tanrım, bu nə gurultudur! Aman Tanrım, bu nə döyüntüdür? Bu nədir? Aman Tanrım, mən ölürəm..." (Yenə orada. S 39. Sətri tərcümə - A.B.)

Alla Axundovanın Azərbaycan, Bakı, Rusiya, Moskva həyatından bəhs edən sərt realizm üslubunda qələmə alınmış nəsrində Azərbaycan milli koloritinin kifayət qədər güclü olduğunu qeyd etmək gərəkdir. Qloballaşma dövründə xalqımızın adət-ənənələrini, həyat tərzini, sağlam dünyagörüşünü, xeyirxahlığını, qonaqpərvərliyini, müdrikliyini və digər özəlliklərini cəmləyən milli mentalitetini, milli koloritini rus dilində, rus dünyasına təqdim edən Azərbaycan ədəbiyyatının belə qeyrət damarlı, milli koloritli, Vətən sevgili maraqlı örnəkləri daha artıq əhəmiyyət kəsb edir və dünyanın böyük ədəbiyyat xəzinəsinə çıxışımıza real zəmin yaradır.

Kino sənəti və dramaturgiyası. SSRİ-nin müxtəlif kinostudiyalarında Alla Axundovanın ssenariləri əsasında bir sıra tammetrajlı bədii filmlər və kinoalmanaxlar çəkilmişdir: "Oynadığımız dənizin yaxınlığında" ("Odessa kinostudiyası", 1967); "Şərikli çörək" ("Azərbaycanfilm", 1969); "Qızlar, xoşbəxt olun!" ("Azərbaycanfilm", 1969); "Bir dəfə yayda" kinoalmanaxı (Moskvanın "Qorki adına kinostudiyası", 1973); "Sən gəl bizə, gəl" (Moskvanın "Qorki adına kinostudiyası", 1973); "Avtomobil, skripka və köpək Klyaksa" ("Mosfilm", 1974); "Alma almaya bənzər" ("Azərbaycanfilm", 1975); "Sirli yollarla..." (Moskvanın "Qorki adına kinostudiyası", 1982); "Unudulmuş əşyalar" kinoalmanaxı ("Riqa kinostudiyası", 1982); "Lyuboçka" ("Odessa kinostudiyası", 1984). O, həmçinin üç cizgi filminin də ssenari müəllifidir: "Cırtdan" ("Azərbaycanfilm", 1969); "Gözəl şahzadə Neft" ("Azərbaycanfilm", 1974); "Möhkəm metal əsgərcik" (Moskva, "Soyuzmultfilm", 1976). Kinodramaturqun ssenarilərindən bəziləri Azərbaycan mövzusu ilə bağlıdır: "Şərikli çörək" filminin həyəcanlı və dərin psixoloji ssenarisi onun müharibədən sonra Azərbaycanda keçən uşaqlığının təəssüratı altında yazılmışdır. Müəllif bu filmin ssenarisinə görə 1971-ci ildə Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülmüşdür. "Azərbaycanfilm" kinostudiyasında rejissor Eldar Quliyev (1941-2021) tərəfindən çəkilmiş son dərəcə maraqlı və təsirli "Xoşbəxt olun, qızlar!" filminin ssenarisi isə Abşeron çimərliklərindən birində boğulmaqda olan uşaqları xilas edərkən özü dənizdə həlak olan Bakı məktəblisi haqqındakı gerçək hadisələr əsasında yazılmışdır. Hər iki ssenarinin bədii materialı sonralar müəllifin maraqlı povestlər ərsəyə gətirməsinə vəsilə olmuşdur.

Qoca bağbanın insanlara xoşbəxtlik gətirən tumsuz sehrli alma növü yetişdirməsindən bəhs edən "Alma almaya bənzər" lirik komediyası tamaşaçıda təmiz və xeyirxah ideyalar doğurur, həmçinin personajlar vasitəsilə təqdim edilən sadə, işıqlı ümumbəşəri dəyərlər aşılayır. Alla Axundova "Cırtdan" animasiya filmi üçün eyniadlı məşhur Azərbaycan xalq nağılının məzmununu əsas götürmüşdür. "Gözəl şahzadə Neft" cizgi filmi də müəllifin Azərbaycan xalq folklorundakı mövcud süjetlərdən istifadə edərək yazdığı eyniadlı nağılın motivləri əsasında çəkilmişdir.

Azərbaycanın milli folklor materialı Alla Axundovanın bütün yaradıcılığı üçün həmişə mühüm rol oynamış və onun coşqun yaradıcılığının aparıcı qaynaqlarından biri olmuşdur. Folklor motivləri əsasında yazılmış "Sirr...Sirr...Sirr..." mənzum pyesi 1993-cü ildə N.V.Qoqol adına Moskva Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu pyes əsasında hazırlanmış tamaşanın yığcam təhlilini dəyərli oxucuların diqqətinə çatdırmağı lazım bildik.

Musiqili Şərq nağılı həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuşdu, bəlkə də buna görə tamaşa seyrçilərin rəğbətini qazanaraq on ilə yaxın teatrın repertuarında yer almış, beş yüz dəfəyə yaxın səhnədə oynanılmışdır. "Sirr...Sirr...Sirr..." pyesi çox səlis rus dilində yazılmışdır və istedadlı rejissor Aleksandr Bordukov (1946) səhnələşdirmək üçün bu əsəri təsadüfən seçməmişdi. "Təkcə əsərin mükəmməliyi və peşəkarlığı deyil, həm də rejissorun risk etməkdən qorxmayan sənətkar cəsarətini də xüsusi qeyd etmək lazımdır: axı həmişə mənzum pyesə quruluş vermək, özü də folklor motivləri əsasında yazılmış əsərə, üstəlik Moskva tamaşaçısına məlum olmayan qeyri-rus milli xarakterlərin yer aldığı bir əsərə - məgər bütün bunlar rejissor üçün risk deyil? Lakin Bordukov heç də uduzmadı: "Sirr..." tamaşası ikinci aydır ki, teatrın səhnəsində anşlaqla gedir" (Abuzar Baqirov. "V çem je tayna?". Reüenziə na spektaklğ "Tayna...Tayna...Tayna..." po odnoimennoy pğese A.Axundovoy v dramatiçeskom teatre im. N.V.Qoqolə v Moskve. "Delovoy mir" №262, ejednevnaə qazeta qosudarstv SNQ. 25 dekabrə 1993. S.8.).

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!