O səsin cazibəsi - Fazil RƏHMANZADƏ

Dahi müğənnimiz Rəşid Behbudovun 110 illiyi tamam olur

 

Oxumaq təkcə səsdən və sözdən ibarət deyil. Bu, daha yüksək hisslərin, emosiyaların ifadəsidir. Konstantin Stanislavskinin bu baxımdan fikri çox təqdirəlayiqdir: "İlk addımlarından vokalçı başa düşməlidir ki, o, nə oxuyur". Elə bu mənada deyə bilərik ki, oxuma - musiqili nitqdir. Bütün bu ağıllı deyimlərin cəmi olaraq demək lazımdır ki, müğənnilik - Rəşid Behbudovun alın yazısıydı.

Opera və konsert müğənnisinin qabiliyyətini qiymətləndirərəkən yaxşı səs, musiqi istedadı, gözəl görünüşlə yanaşı, səhnə cazibədarlığı da nəzərə alınmalıdır və sonuncu amil yox dərəcəsindədirsə, yekun nəticə heçə bərabər olacaq.

Nə gözəl ki, sadalanan müsbət keyfiyyətlərin hamısı Rəşid Behbudov sənətinin çərçivəsindədir.

Akademik oxuma texnologiyasına güclü surətdə peşəkarcasına yiyələnməsi R.Behbudova imkan verirdi ki, mürəkkəb klassik əsərləri, o cümlədən, opera partiyalarını misilsiz sənətkarlıqla səsləndirsin.

Mən publisist-jurnalist olaraq son nəticədə dahi müğənni barədə irihəcmli bir kitab yazmaya bilməzdim. Son 30 ildə onunla mütəmadi yaradıcılıq dostluğumuz istər-istəməz məni bu çox çətin, mürəkkəb işin həllinə sövq edirdi. Düzdür, ayrı-ayrı çağlarda, zaman-zaman müğənni ilə bağlı qeydlərim - müsahibələr, oçerklər, xaricə qastrol səfərləri ilə əlaqədar qələmə aldığım təəssüratları mətbuat səhifələrində yer almışdır.

Hələ 1974-cü ildə "Gənclik" nəşriyyatında buraxılmış "Haradasa görüşmüşük" adlı kitabımda müğənni barədə oçerkim oxuculara çatdırılmışdır.

"Rəşid var olan yerdə..." adlı irihəcmli kitabım 2018-ci ildə işıq üzü görmüşdür.

İndi oxuculara təqdim olunan qeydlər həmin kitabdan alınmadır.

 

"Şeytanbazar"da düzənlənən məclis

 

Uvertüra

 

Özümü dərk edəndən bəri həyatımın ən başlıca qanunu budur: gələcəkdə kim olacağını müəyyənləşdirmək üçün elə indidən canı qurban verməlisən.

Rəşid Behbudov

 

...Məcid kişi pərdəni bir balaca yana çəkib pəncərədən küçəyə ani nəzər saldı. "Hə, dünənki qar-çovğun nəhayət ki, səngidi", - deyə düşündü.

Hər yer sanki bəyaz örpəyə bürünmüşdü. Elə bu halda da Tiflisin qədim "Şeytanbazar"ı qəşəngdi...

O, möhkəm geyinib küçəyə çıxdı. Yaxınlıqdakı bazara üz qoydu. Əsasən etnik azərbaycanlıların sıx məskunlaşdığı "Şeytanbazar" özəlliyi ilə diqqəti çəkirdi. Belə ki, soydaşlarımızdan savayı, digər azsaylı xalqların da nümayəndələri - aysorlar, osetinlər, ləzgilərlə də burada qarşılaşmaq mümkündü. Özü də onların hamısı bir-biri ilə ya gürcücə, ya da azərbaycanca danışır, mehriban qonşuluqları ilə seçilirdilər.

Məcid 20-25 addım irəliləmişdi ki, qapı qonşusu Malxazla qarşılaşdı. Mehribanlığı, yeyib-içmək xüsusiyyəti ilə seçilən Malxaz dərhal "hücum"a keçdi:

- O...o...o...Qamarcoba, padono Məcid...

Məcid də, öz növbəsində, eyni xoş ovqatla onu elə gürcücə salamladı:

- Qaqimarcoz, qatso...

Malxaz:

- Roqoroxar?

Məcid:

- Madlobs...

Qonşu bu dəfə azərbaycanca - özünəməxsus şirin ləhcəylə soruşdu:

- Padono Məcid! Səni ürəkdən təbrikləyirəm; bu bir. Oğlun olub, bəs niyə səs-səmirin çıxmır? Bu da iki...

- Allah verən paydır, qardaşım...

- Şeni geneşvali, bu öz yerində. Axı, sən "Şeytanbazar"ın qayda-qanunlarından xəbərdarsan. Xoş hadisənin üstündən sükutlu ötüb keçməkmi olar?

- Şeni cerime, haqlısan...

- Bəs nəyi gözləyirsən?

- Elə indicə bazara gedirəm. Ayın-oyun alıb qayıdıram. Sonra nə desəniz, mən hazır...

- Yox, olsun. Danışdıq. Əzizim, sən bazarlığını elə. Mən də qonum-qonşuya xəbər verim. Günorta naharı zamanı məhəllədəki xingəlxanada toplaşaq. Hə, necədir?..

- Əla!..

...Razılığa əsasən Vaxtanq Qorqasalıya heykəli ilə üzbəüz xingəlxanada əla bir məclis quruldu. Yaddan çıxmamış xatırladım ki, sonralar Azərbaycanda dövlət və ictimai xadim kimi tanınan Həsən Həsənovun doğmaları da həmin çağlarda bu məkanda - Məcid Behbudovun qonşuluğundakı üzbəüz evdə yaşayırdılar. Haqqında söhbət açılan məclisdə Həsən müəllimin atası Əziz kişi də iştirakçı idi.

1915-ci ilin dekabrında düzənlənmiş və sonradan baş verəcək "Rəşid Behdudov əfsanəsi"nin özül daşı olan həmin məclislə bağlı söhbətə davam edək...

...Hə, masabəyi Malxaz Ecibadze məclisi açıq elan elədi və dedi:

- Əziz dostlar, nə səbəb burada toplaşmağımız hər birimizə bəllidir. Doğma Tiflis torpağının əhali sayında dünən daha bir sakin də artdı. Gəlin, bu xoş hadisəni ürəkdən alqışlayaq.

Hamı ayağa qalxdı, salon alqış çələnginə büründü. Masabəyi işinə davam elədi:

- Əla!.. Təklif edirəm, ilk badəni səbəbkarın sağlığına qaldıraq...

Gürcülərin adətinə görə, masabəyinin sağlıq badəsini hər bir iştirakçı növbə ilə təkrarlayaraq şərabı son qətrəsinədək içir. Və bu, masaboyu beləcə davam edir...

 

Kiçik haşiyə

 

...Məcid Behbudəli oğlu Behbudov 1873-cü ildə Azərbaycanın dilbər guşəsi olan Qarabağda - gözəl Şuşada doğulub. O, sonradan taleyin qisməti ilə Tiflisdə məskunlaşıb. Xatırladaq ki, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən, Bakıda, Şuşada, Şamaxıda xalq musiqi ifaçılarından ibarət məclislər - "salonlar" mövcuddu. Qonşu Gürcüstanın paytaxtı Tiflisdə də belə bir məclis fəaliyyətdəydi və ətrafında çox güclü sənətkarlar, xüsusən, xanəndələr toplaşmışdılar. Bu səbəbdən də Məcid Behbudov Tiflisə köçmüş və yaradıcılıq fəaliyyətini burada davam etdirmək qərarına gəlmişdir.

Ümumiyyətlə, xanəndələrin, xalq musiqi ifaçılarının parlayıb məşhurlaşmasında Tiflis musiqi məclislərinin xüsusi yeri və çəkisi danılmazdı. Bunu tarixi sənədlərdən, araşdırmalardan, arxiv materiallarından, müxtəlif qeydlərdən aydın görmək mümkündür. O zaman Tiflisə gələn bir sıra əcnəbi şair və yazıçıların, səyyahların, sənət adamlarının mətbuatda dərc olunmuş məlumatları, qeydləri, xatirələri indi bizim üçün çox ciddi məna kəsb edir.

Tədqiqatçılar haqlı olaraq yazırlar ki, azərbaycanlı sənət xadimlərinin bütün Qafqazda məşhur olmalarında Tiflisin musiqi həyatı mühüm rol oynamışdır. Tiflis o zaman Zaqafqaziyanın inzibati və siyasi mərkəzi sayıldığına görə burada rus, Avropa və Şərq mədəniyyətlərinin özünü göstərməsinə istər-istəməz imkan yaranmışdı. Buna görə də Tiflis Zaqafqaziya xalqlarının mədəni mərkəzi kimi də şöhrət tapmışdı.

"Azərbaycan xalq musiqiçiləri" kitabında oxuyuruq: "Hələ XIX əsrin 40-50-ci illərindən başlayaraq burada müxtəlif teatrlar yaradılmış, ayrı-ayrı dillərdə tamaşalar göstərilmişdir...

...O zaman Tiflis musiqi mərkəzi kimi də şöhrət qazanmışdı. Burada musiqi salonları və "krujoklar" (dərnəklər) mövcud idi. Bunlarda tez-tez konsertlər, musiqili gecələr və xalq gəzintiləri təşkil edilirdi. Ələsgər Allahverdi kimi məşhur xanəndələr, Ağamal, Ələkbər, Hüseyn Baba kimi çalğıçılar xalq şənliklərində, teatr tamaşalarının fasilələrində və konsertlərdə çıxış edirdilər.

Tiflisin musiqi həyatı Rusiya, Qərbi Avropa, Yaxın və Orta Şərq ölkələrindən gələn səyyahların nəzərini cəlb etmiş, onların qəlbində dərin iz buraxmışdı. XIX əsrin ikinci yarısında Qafqaza səyahətə çıxan Aleksandr Düma, L.N.Tolstoy, Y.Polonski, İ.Seqal, M.Olşevski, A.Kişmişov kimi dövrünün qabaqcıl maarifpərvərləri Tiflis haqqındakı yazılarında şəhərin musiqi həyatını geniş təsvir etmiş, xanəndəlik sənətinə və bu sənətin görkəmli nümayəndələri olan azərbaycanlılara yüksək qiymət vermişlər. 

XIX əsrin ikinci yarısında Tiflisdə uzun illər yaşamış məşhur rus şairi Y.Polonski şəhərin musiqi həyatına, xüsusilə, musiqiçilərinə aid qeydlərində yazmışdır: "Keçmişdə olduğu kimi, indi də Gürcüstanda sazəndələrə çox böyük hörmət bəsləyirlər. Onların xalq arasında saysız-hesabsız pərəstişkarları vardır. Tiflisdə istər kübar və istərsə də ortabab ailədə heç bir toy şənliyi sazəndəsiz keçmir. Onları xüsusi maraqla dinləyirlər".

Tanınmış rus tarixçisi A.Kişmişov isə yazırdı: "O dövrdə (XIX əsrin 40-cı illəri nəzərdə tutulur - F.R.) əhalinin əksəriyyəti "Köhnə şəhər"də ("Şeytanbazar" nəzərdə tutulur - F.R.) yaşayırdı. Gün çıxandan, gün batana kimi onun küçələrində həyat qaynayırdı. Tatar (azərbaycanlı - F.R.) bəzzazxanasında, Sion küçəsində və buraya yaxın olan karvansarada xüsusi canlanma gözə çarpırdı. Şəhərin bu cür yerlərində böyük kommersiya və parça alveri aparılırdı.

Küçələrdəki gediş-gəliş kəsilmirdi. Axşam düşən kimi mahnı sədaları şəhəri bürüyürdü. Açıq havadakı bu konsertlər yerli əhalinin musiqi qabiliyyətini açıq-aydın göstərirdi. Bu mahnıların yaradıcıları ölməz xalq xanəndələri idilər".

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!