Göy qurşağı, təzadlar və "Qədir ağacı"nın kölgəsi
Sultan deyiləm, göy qurşağındakı rəngləri fərqləndirə bilirəm. Saqqal darağı olanlara həsəd aparmıram. Donuz saxlayan tanış-bilişim də yoxdur. Amma ət yeyənəm, "dimdiyimdən" bəllidir. Ayın o biri üzünü görmək istəyi ilə alışıb-yanan olmadım, çoxölçülü fəzanı təsəvvür etməyə cəhd etmişəm. Sevgidən başqa mif görməsəm də, Bertran Rasselin "çayniki"ni də ciddi söhbət sayıram. Şeytanı daşlayanam. Güman ki, qoynunda mənə də daş saxlayan və quyuya atdığım o bir daşı çıxarmaq istəyənlər 40-dan çox olar. İnanıram ki, bağında "qədir ağacı" olanım var, bir oğlum da olsa, adını Rizvan qoyardım.
Bakirə ağlıq və Barak Obamanın "qolu"
2018-ci ilədək müxtəlif rəngdə bir neçə pencək geyinmişdim. Astarsız olanlar daha rahat idilər. Kostyumum olmamışdı. Olması labüdləşəndə, axtarış fayda vermədi, tikdirməli oldum. En-uzunumu ölçüb-biçən köynək də məsləhət gördü. Qara kəpənək bəzəyən köynəyin bakirə ağlığını əynimə çəkəndə gördüm ki, pencəyin qolundan iki santimetrdən artıq "boylanan" hissəsi dərinin qaralığını daha da qabartdı. Mütəəssir olmadım, Barak Obamada da belə idi. Kostyum "qutu kimi" oturduğu üçün razılaşıb geyindim. Nənəm demiş: "Bəy kimi oğlan" oldum. Ayaqqabım həm fərqli, həm də rahat idi. Gəlin, bu idimlə gedəyin bizim kəndə - Ardanışa.
Qazaxdan keçən yollar: Yurdun ruhları
Bizə yollar Qazaxdan keçir, bəlkə elə Rimə gedən də... Şorca kəndi arxada qaldı, "Malakan təpəsi"ni keçdim, görünən kəndimizdir. Maşını daha da yavaş sürdüm. Mühərrikin səsi eşidilirdi. Uşaq vaxtı qoyun-quzu otaranda fit ilə dalımca çağırdığım buludlar yenə göydə idilər. Qəbiristanlıq duası... Yatanlar məni tanıdı. Saç-saqqalım ağarsa da, 15 yaşında ikən kənddən çıxan Rizvan, Qara Hacının Məhəmmədinin nəvəsi olduğumu bildilər. Neçə axund, mollanın ruhu, neçə doğmanın qəbirləri sanki danışırdı: "Burada dövran yatıbdır".
Gen qayçısı və yerin köksündən gələn melodiya
Doğma yurdun torpağında onun hər daşı, hər ağacı adamı adı ilə çağırır, zamanı qəbul etmirlər. Özünü təqdim etməyə ehtiyac yoxdur. Böyük maşın, mühərrikin gurultulu səsi və əzələli vücudumu gizlədən idimim, döş cibimdəki optik, gözümdəki qara eynəyim heç kimi aldada bilmədi... Doğulduğun torpaqda sənin səs-carın yerin köksünə hopmuş ən xoş melodiyan üstündə səciyyələnir. Bir notu belə ata bilmirsən. Gen redaktəsi üçün ən uğurlu qayçın da kəsərsiz olur. İndiki halında hansı musiqi alətinə və janrına valehliyindən asılı olmayaraq, ruhların şahidliyi ilə öz keçmişinin nəğməsinə qulaq asmalı olursan. Bəlkə elə buna görə də şirin, doğma, əziz nəğmə eşitmək üçün doğulduğumuz torpağa can atırıq. Dağılmış məzarların torpağı başqa rəngdədir, kiminin üstündə ot, kiminin üstündə min bir sual var. Oxunmağa tələsən kitabın səhifələri kimi vərəqlənirlər...
"Cəngi Koroğlu", "Çılpaq qəlb" və "Sürünçək daş"
Piyada "Dovşan yolu"na qalxdım. Sanki Niftalı dayımın başdaşı arxamca gəlir. Sazı bəmdə olsa da, "Cəngi Koroğlu" ilə gedirdim. "Sürünçək daş"a doğru istiqamətləndim. Şəxsiyyətin ikiləşməsi... Bu yerlərdə mistik bir ab-hava var. Uşaqlığım üzümə durdu, ən xoş xatirələrim tar-mar oldu. Bu qayalarda hərə öz daxili əksini görərdi. Bu qayalar, daşlar ona baxanları unutmurlar. Kiminin çılpaq qəlbi, kiminin lüt vücudu bu yerlərin yadındadır. Çılpaq qəlblər lüt bədəndən qorxar, dolu başa nifrət edərlər. Bu yerlərdə insan düşünə biləcəyindən də azad davrana bilərmiş kimi fikirləşir...
Pəncərələrdəki göz yaşları və 15:45-in həsrəti
"Çal"ın daşları uğurlu debütü pis sonluğa gətirib çıxaran şahmat partiyasının fiqurları kimi paradoksal düzülmüşdülər. Şahı mat olanları, matdan sonra şah olanları, qalanları da yadınıza salın. Doğulduğum evi hüdudlandıran çinarlar məğrur olduqları qədər də kövrək görünürlər. Gözü nəmli meyvə ağaclarımız rabitəsiz mətni oxuyan adam kimi yorğun görünsələr də, sevindilər. Evimiz günahkar-günahkar dayanıb, pəncərələri maddım-maddım baxır... Damın şiferlərinin bozluğu uzun qara qız hörüklərinin ucunda olan saçqırana bənzəyir. Bir anlığına nəvazişə həsrət qalan qızının başına sığal çəkmək istəyən ata kimi əlimi dama uzatdım. Pəncərələr açıq idi. Əlim yaş oldu. Vüsalda göz yaşlarının şirin olduğuna bir daha əmin oldum. Təmasdan diksindim... Balaca vaxtı yuxuda sonsuzluğa kimi saymaq tapşırılanda təşvişdən nənəmi çağırdığımı, səsini eşitdikdən sonra sevindiyimi sanki pəncərədən yenidən gördüm. Evimizdə kitab-dəftərin qoxusu, diyircəkli qələmin kağıza qoşduğu nəğməsi, rəqəmlərin ədədlərdə ardıcıllıq uğrunda mübarizəsi, "Nə? Harada? Nə zaman?" verilişinə, kinoya, idman oyunlarına baxılması, bir də oxuduğumuz bədii kitabların müzakirəsi hələ də qalmaqda idi. İtimin ayaq izləri, göyərçinlərimin şıltaq qanadları, hədəqəsində durmayan gözləri, dua edən adam pozasında dovşanlarımın kök yeməsi elə bil bu gün baş verir. Ocağımızda, bizsiz də bərəkət olsun deyə, saxladığımız qaşqa inəyimizin həsrət dolu gözləri boz danamızın saçlı quyruğundan elə asılmışdı ki, əvvəllər mənə xeyirsiz görünən qara qoçumuzun iri buynuzu babamın çomağını özünə ox edib, saat əqrəbi istiqamətində dönərək, həmişə eyni bir zamanı - 15:45-i göstərirdi. Kəndimizi məhz bu vaxt tərk etmişdim. Meyvə ağaclarımızın, itburnu kollarının koordinatlara görə öz dadları varıydı. Pəncərəmizin düz altında yorulmuş yolçu öz dayağına söykəndiyi kimi, evimizin damına dirsəklənən armud ağacının şiferə sərilmiş (gərilmiş) budağından yekə bir armud tapdığımı xatırladım. Evə endirdiyimi, anama tapıntım ilə öyündüyümü yada saldım. Onun isə armudu çini qabda stola qoyub "papan gələndə yeyər" deməsini və atamın onu dilim-dilim hamımıza paylamasını bir daha yaşadım. Bir də uşaq oldum, uzağa baxdım. Ömür yenə uzun göründü, 50 yaşlını qoca sandım...
Xəngəl qazanımızın hisli qulpunda nənəmin barmaq izləri, sanki Cənabi Əlinin qayada qoyduğu müqəddəs ayaq izləri kimi bir mistika yaratdı. Elə sandım ki, hər qara damın belə bir möhürü olur.
Mənə elə gəldi ki, hər dəfə xəngəl qazanı ocağa asılanda, içində qaynayan su ilə xəmir yarpaqları və kartof bişdikcə, onun buxarı və yağda qızardılmış soğan iyi bütün Göyçənin üstünə qalxaraq qoxusunu birbaşa asimana hopdururdu ki, hər kəs öz yurdunu o qoxu ilə özəlliklə tapa bilsin. Xəmir kündəsinin duvaq üzərində oxlovla yayılması isə sanki xətanın və bəlanın bu evdən qovulması anlamına gəldi. Qurutun əllə əzilməsi isə ananın xəstə balasını ovxalayaraq şəfa verməsi səhnəsini gözlərim önündə canlandırdı. O anda mənə elə gəldi ki, qapqara olmuş ocaq daşları tüstüdən acışıb tökülən göz yaşlarının izlərini özündə saxlayıb və indi bu izlər həsrətin selinə bənzəyirdi. Sanki qazan mənə dedi ki, bir də qaynayacağam, bir də sizi başıma yığacağam.
Ağ qurutun həm şəffaf, ziyanlı sayılan və bizə həmişə azlıq edən mayeyə qatdığı daddan başqa, həm də etibarlılıq və inam əlaməti var idi. Sanki həmin mayenin mənfi təsirləri məhz qurutun "sayəsində" yox olurdu. Bu qurut kimin cibindən çıxmasından asılı olmayaraq, hamı tərəfindən qəbul edilir, hamı tərəfindən dadılırdı. Bu universal inam, bayram ayında oynanılan "aşıq-aşıq" oyununda da özünü göstərirdi: bu, sadəcə əyləncə deyil, insanların bir-birinə təmənnasız nəsə verməsinin ən saf forması idi.
Bunları düşünərkən, qurutun o universal inamı ilə birlikdə, elə bil qazan yenidən mənə səslənib: "Bir də qaynayacağam, bir də sizi başıma yığacağam" deyirdi.
Göyçənin keşiyində: Tarixi ədalət və maarifə çağırış
Evimizdən görünən ucalığı "Ocağın başı" adlandırsaq da, bizim kənddə nə məscid varıydı, nə də ocaq. Amma hər evdə başına and içilən ata, hər evi pir edə bilən ana varıydı. Kiminin goru, kiminin başı çox əziz olardı. "Koroğlunun başı" deyilən yer isə Göyçə gölünü gözdən qoymurdu və indi də onun keşiyindədir. Koroğlumuz həmişə olub, qayadan uçan keçəlimiz də. Həmzələrsə yoxuydu. Heç "Mil-Muğan" da yox idi... "Qara çay", "Cullab" dağlardan gətirdiyi sel-su nə Saranı qərq etmişdi, nə də çoban peşman qalmışdı. Kərəm biz tərəflərlə tanış olsaydı, Əslinin köynəyindəki düymələrin sirrini çobanlardan öyrənərdi. Çobanlar qaranlıqda o qədər iş görüblər ki, onlar heç şam da yandırmazdılar. İti bıçaqları ilə onun köynəyini yırtardılar. Bu kənddə çox stereotiplər sınır, çox şeylər, ya adiləşir, ya da çox qüdsal obraz alır. "Palais Galliera" muzeyindən oğurlanan köynəyi mənim babam tikib, düymə də bizim dəmirçixanada düzəlib, onu bizim estetlər düzüb və o, indi bu muzeydə tanınmış sənətkarların işləri arasında saxlanılan və ən çox oğurlanan, özününküləşdirilən eksponatlardan biridir. Növbəti oğurluq xəbəri eşidilən kimi klubumuzun səhnəsində "Dərviş Məstəli Şah" Parisi yenidən partlatdı. Molla Pənah Vaqifin də səsi gəldi:
Kor kimi qalmasın insan,
Qalxsın cəhalətin qaranlığından!
Açılsın hər yerdə məktəb, mədrəsə,
Balalar quş kimi versin səs-səsə...
Levitasiya edən bina və Kvant mexanikasının sirri
Məktəbimizin səsi yüz ilin dərinliyindən gəlir. Levitasiya edən bu binaya bircə il ayaq basmış şagird sizi Çinə piyada apara bilər. Ən qısa yolu tapacaq, enerji sərfiyyatını optimallaşdıracaq, bir neçə dildə şeir deyəcək, Cordanonu oddan qurtaracaq, Qalileyin ömrünün sonunda Allaha inandığını, Tolstoyun İslam dininə meyilli olduğunu və hətta Kopernikin insultdan öldüyünü israr edəcək. Aşıq Ələsgər şeiriyyətində kvant mexanikasının inikasından, aşıq Alının "ipək tora həlqə salma dəmirdən" müəmmasına elə don geyindirəcəkdir ki, məşhur Füzulişünaş Zakir müəllim kimi, işini-gücünü buraxıb dünyanın hikmətini bizim kənddə axtaracaqsan.
Klubun səhnəsi: Əxlaq dərsləri və qəhrəmanlar
Klubun səhnəsi təkcə "Dərviş Məstəli Şah"ın partlayışlarını görmədi. Bu səhnədə "Hacı Qara", "Sevil" kimi tamaşalar oynanılır, acgözlük və köhnə adətlər ifşa edilirdi. Biz o səhnədən nəticələr çıxarırdıq; mənəvi tərbiyə dərsləri divarlara yazılmışdı. Bəli, biz bəzi böyük həqiqətləri kitabın səhifəsindən deyil, qaranlıq salonda alqış sədaları altında öyrənirdik. Təkcə səhnə deyil, zalın qaranlığında parlayan pərdə də bizim mənəviyyatımıza güzgü tuturdu.
Güzgü kimi kino və Şinel metaforu
Kino seansları bir bayram idi; oradan evə doğruluq və mərhəmətlik aparırdıq. "Cənab 420", "Zita və Gita", "Loğman" kimi filmlər bizi kövrəldir, vicdanımızı oyadırdı. Bu filmlər qəhrəmanları uzaqlarda axtarmağın gərəksizliyini sübut edirdi. Axı, necə deyərlər, "Hamımız o böyük mədəniyyət ocağının şinelindən çıxmışıq". Bizim xarakterimiz, vicdanımız və düzlük meyarlarımız o qaranlıq salondan, o işıqlı pərdədən, o səhnədən bəhrələnərək formalaşmışdı.
Dastanların nəfəsi və Buta arzusu
Klubun ekranı və səhnəsi bir tərəfə, biz həm də daşların, ağacların, uca dağların dilində danışan aşıqların nəfəsi ilə böyümüşdük. Aşıq dastanları bizim üçün, sadəcə, nağıl deyil, kəndin əbədi qanunu idi. Bu dastanlarda düzlük, sədaqət və qeyrət fəlsəfəsi elə usta dillə verilirdi ki, onlar mənəviyyatımızın möhkəm təməli idi. Mən öz gözlərimlə görmüşdüm ki, bəzən fermalarda aşıqlar saman səpilmiş bir yerdə, sadə tamaşaçılara dastan danışırdılar. Bu, aşıq sənətinin nə qədər canlı və xalqa yaxın olduğunun sübutu idi. Mən, o dastanlara, o nağıllara qulaq asandan sonra, kənddəki "Tək ağac"ın altında yatırdım ki, birdən mənə də buta verilər, mən də "vergili" olaram, sevib sevilərəm.
Təpədən gələn qəhvə qoxusu və yüksək mədəniyyət
Bütün o dastanlar və filmlər kəndin qəlbi olsa da, bizim bir də mədəni-intellektual oyanış nöqtəmiz var idi. Kəndin başında bir ev dururdu ki, hər zaman oradan ətrafa xoş qəhvə qoxusu yayılırdı. Həmin evdə qəhvə əl dəyirmanı ilə üyüdülər, cəzvədə qaydalara uyğun dəmlənərdi. Lakin maraqlısı budur ki, bu evdə heç vaxt qəhvə içilmiş fincanda bəxtə baxılmazdı. Çünki həmin evdə yaşayanlar bilirdilər ki, bu, cahillikdir. Biz təkcə kənd klubunda deyil, həm də bulaqlarımızla mənən durulurduq. Bu kiçik detal, bizim ənənəyə bağlı, eyni zamanda bilik və zəkanı dəyərləndirən bir cəmiyyət olduğumuzu göstərirdi. Bu mühitdə dilin özü incəsənətə çevrilmişdi: bizim kənddə sadə, nəqli cümlələrlə fikri ifadə etmək sönüklük sayılırdı. İnsanlar gündəlik həyatda da sadə danışıqdan çox, şeirə, bayatılara üstünlük verirdilər. Biri ilə dərdini bölüşmək üçün bayatı demək sıradan bir iş idi.
Qəlbin əhdi: O yurda dönəcəyik
Qayıdış tamamlandı. Bu yaddaş silsiləsi mənim üçün sadəcə, bir xatirə yox, gələcəyə aparacağım ən böyük mirasımdır. Bu kənddə mənə aşılanan o mənəviyyat, o bədii dil, cahilə nifrət və qəribə qucaq açmaq qabiliyyəti - bütün bunlar mənim əsl şinelimdir. Və mən bu şineli indi, bu gün də əynimdə gəzdirirəm. Yaddaşın daşları arasından keçərkən anladım ki, insan harada yaşamasından asılı olmayaraq, qəlbinin bəy kimi oğlanı qalmalıdır. Mən də o kəndin, o ruhların butası ilə vergili olmağa çalışıram - sevib-sevilən və heç vaxt unudulmayan. Bu, sadəcə xəyali dönüş deyil, həm də içimdəki qədim əhddir: o kənd, o dəyərlər məni nə qədər əhatə edibsə, mən də ona o qədər borcluyam. Bu borc isə bir gün mütləq ödənəcəkdir; qəlbimin ən dərin qatında bilirəm ki, biz o yurda dönəcəyik.
P.S. Əbədi torpaq: Köçkünlüyün qərib meyiti
Çalın dağının sakitliyində, yatan ruhların pıçıltıları arasında dayanıram. Və birdən, o yerdən - həyatın səssizliyə döndüyü yerdən, qədim bir qəbrin üstü açılır. Qəbrin sakinləri ilə gözlə görünməyən bir dialoq başlayır. "Bizim qoynumuza gələnlərin heç biri yad deyil", - deyir qəbrin səsi.
Qaçqın düşən zaman yolda dünyasını dəyişən, cəmi 24 gün yaşamış, yurdundan ayrılmış Turan adlı oğlan uşağının qərib meyiti haqqında danışır. Onu yad bir ana öz torpağının bir hissəsinə qəbul etmiş, qoynuna almışdı. Qərib meyitin qolları torpağına uzanmışdı, sanki son nəfəsində belə, bu torpağın hər zərrəsindən tutunmağa çalışırdı. Bəli, bu qısa 24 günün ağrısı, bu xəyali dönüşün bütün ağırlığından ağrılıdır.
"Ey yolçu! Bil ki, bu torpaq yadlığı tanımır. Mənim qoynumda yatan bu körpə qərib olsa da, mənə doğmadır. Amma sərhədlər təkcə yerin üzündə deyil. Bizdən də alt qatlarda daha çox insanlar yatırlar. Onlar da bizə doğmadılar, necə ki mənim qoynumda yatan qərib meyit doğmadır. Axı hər birimiz eyni yerdən, eyni qandan gəlirik. Bu yeraltı dünyada hamı qohumdur, hamı evdədir. Dövran burada bitir, ayrılıq burada yox olur.
Bir də, bil ki, Yaradan bu qövmü bu yerlərdən ona görə ayırdı ki, onu hər cür təhlükədən qorusun və ruhunu gücləndirsin. Axı atanın iki oğlu öz aralarında bir metr torpağın qədrini bilirdilər və ata yurdunun bir ovcunu belə, yadelliyə verməzdilər, Yaradanın özü belə məsləhət gördü.
Qayıdış vaxtı yetişəndə, bu torpaqlardan çıxan hər bir çoban, fəhlə, müəllim və alim dünyanın bilik və təcrübəsinə yiyələnmiş bir nəsil olaraq dönəcək; qurban verilən o illər onların əlində bəhrələnmiş və inkişaf etmiş bir gələcək kimi geri qayıdacaq.
Bu mənəvi sərmayənin gücü ilə onlar, bir zamanlar itirdikləri hər daşa, hər ağaca öz ruhlarının və biliklərinin yeni nəfəsini bəxş edəcəklər".
Mən o səsi dinləyirəm, geri dönərkən mühərrikin səsini yavaşladıram. Başdaşıları yenə dinməzdir, amma indi mən bilirəm ki, onların susqunluğu dərin bir həqiqəti gizlədir: köçkünlük qəlbi yarsa da, bu yerin əhdi sarsılmazdır; o birlik, o qardaşlıq bağları qəbir daşlarını bir-birinə bağlayan görünməz damarlardır - sanki 24 günlük bir ömrə həsrətlə verilən ad, əbədi yurdun hər qatına yazılmış ən böyük arzumdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
