"2025-ci il bir yaradıcı şəxs kimi mənim üçün uğurlu oldu" - Xalq yazıçısı Kamal Abdulla

Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılıq hesabatı barədə

 

Bildiyiniz kimi, dekabrın 4-ü Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın 75 yaşı tamam olub. Bununla əlaqədar olaraq, yaxın vaxtlarda həm ölkə daxilində, həm də xaricdə yerləşən müxtəlif universitetlərdə, eləcə də mədəniyyət ocaqlarında Kamal Abdullanın yaradıcılıq hesabatı ilə bağlı silsilə elmi-mədəni tədbirlər keçirilib.

Bu tədbirlərlə bağlı "Ədəbiyyat qəzeti"nə açıqlama verən xalq yazıçısı 2025-ci ilin sonlarına yaxın əsərləri əsasında hazırlanmış tamaşalar barədə söhbət açıb: "Bu yaradıcılıq hesabatı ilə bağlı məni təbrik edən bütün nazirliklərə, qurumlara, təşkilatlara, dostlara öz dərin təşəkkürümü bildirirəm. Həqiqətən də, 2025-ci il, xüsusən, ilin sonları bir yaradıcı şəxs kimi mənim üçün uğurlu oldu. Bakıda, Naxçıvanda, Füzulidə, Qazaxda dörd müxtəlif əsərimin tamaşası hazırlanıb tamaşaçılara təqdim edildi. Onların hər biri xüsusi səmimiyyət və qayğı ilə hazırlandı. Həmin teatrların rəhbərliklərinə, tamaşaların rejissorlarına və aktyor heyətinə dərin təşəkkürümü bildirirəm".

Akademik, həmçinin bu il nəşr edilən bir sıra kitablar barədə söhbət açıb: "AMEA-nın müxbir üzvü, professor, yaxın dostum Rafiq Əliyevlə birgə qələmə aldığım, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" kitabı məşhur, dünyanın ən böyük elmi nəşrlərindən biri "Springer" nəşriyyatında çap olundu. İngilis dilində oxuculara təqdim olunan kitab Dədə Qorqud və qeyri-səlis məntiq sahəsində aparılan ilk tədqiqat əsəri kimi böyük maraqla qarşılandı. Bundan əlavə, Rafiq Əliyev və Türkiyənin keçmiş təhsil naziri Ziya Səlcuqla birgə qələmə aldığımız "Uşaqlar üçün qeyri-səlis məntiq" kitabı "Qanun" nəşriyyatında çap edildi. Kitab qeyri-səlis məntiqin banisi, dahi Azərbaycan-amerikan alimi Lütfi Zadənin arzusunu həyata keçirmək məqsədini güdür. Görkəmli alim bu nəzəriyyənin ən ümumi şəkildə məktəblərdə tədrisini arzu edirdi".

Qeyd edək ki, qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir ki, tətbiq edilən kitabın "Springer" nəşriyyatında çap olunması Azərbaycan ədəbiyyatının, folklorunun dünya ədəbi prosesində təbliği baxımından bir ilkdir və Azərbaycan folklorunu, Qorqudşünaslığı dünya oxucusuna aşılayan, tanıdan ilk araşdırma əsəridir.

Kamal Abdulla eyni zamanda yenicə çapdan çıxmış, xatirələrini əks etdirən nəşr barədə də məlumat verib: "Bu il uşaqlığım, dostlarımla bağlı xatirələrimi də qələmə aldım və o xatirələrin yer aldığı "Unutmağa kimsə var" kitabı da "Qanun"da işıq üzü gördü. Həmçinin "Gizli Dədə Qorqud" adlı ümumiləşdirici kitabım çapdan çıxdı. İndiyə qədər bu mövzuda yazdığım, araşdırdığım materialları bir yerə topladım. Və nəhayət, yeni yeddicildliyim çap edildi. Həmin yeddicildlikdə şeirlərim, pyeslərim, hekayələrim, müsahibələrim və s. yer aldı. Ən maraqlısı odur ki, həmin yeddicildlikdə "Kamal Abdulla və süni intellekt" adlı hissə də işıq üzü gördü. Həmin hissədə süni intellektin mənim haqqımda dedikləri əksini tapdı. Nə mən süni intellekti tanıyıram, nə o məni tanıyır. Amma elə gözəl şəkildə yaradıcılığımı təhlil edib ki, məəttəl qalmışam".

Xalq yazıçısı açıqlamasında bildirib ki, yaradıcılıq hesabatı ilə əlaqədar Ankarada Türk mədəniyyətini araşdırma İnstitutunda, İstanbulda Mərmərə Universitetində, İğdır Universitetində, Naxçıvan Dövlət Universitetində, Bakı Dövlət Universitetində onunla bağlı elmi simpoziumlar keçirilib.

Kamal Abdulla bu yaxınlarda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında premyerası keçirilən "Əsgər və Gülçöhrə" tamaşası barədə fikirlərini də bölüşüb: "1945-ci ildə çəkilən "Arşın mal alan" filminin quruluşçu rejissoru mənim dayım Rza Təhmasib olub. Yəqin, başa düşdüyüm və düşmədiyim daxili hisslərimin cövlan etməsi nəticəsində həmin "Arşın mal alan"a başqa prizmadan baxdım. Əslində, bu pyes "Arşın mal alan"ın davamı yox, "Arşın mal alan"ın təsvir etdiyi həyatın davamıdır, həmin hadisənin başqa işıq altında nəzərdən keçirilməsidir. Tamaşanın rejissoru Əsgər Əsgərovun quruluşu, Cavanşir Quliyevin bəstəsi, aktyor oyunu yüksək səviyyədə idi".

Kamal Abdulla sonda Akademik Milli Dram Teatrında yaradıcılıq hesabatının bu illik yekunu kimi nümayiş edilən "Sehrbazlar dərəsi" əsərinə görə teatrın rəhbərliyinə, həmçinin Teatr Xadimləri İttifaqının yubiley və yaradıcılıq hesabatı ilə bağlı xüsusi tədbir və təbrikinə görə xalq artisti Hacı İsmayılov başda olmaqla, ittifaqın əməkdaşlarına minnətdarlığını bildirib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!