Səlim Babullaoğlunun Kopenhagendə, “Det Poetiske Bureaus Forlag” nəşriyyatında “Bureauets Lommebibliotek” (“Büronun cib kitabları”) seriyasından “Həyatın rəngbərəng paltarları” adlı seçmə şeirlər kitabı nəşr edilib. 25 şeirin daxil olduğu kitabı Danimarka dilinə orijinaldan Hüseyin Duyğu çevirib. Kitabın ön söz müəllifi və redaktoru tanınmış Danimarka şairi Nils Havdır.
Nis Hav “Yeni ədviyyatlar” adı verdiyi qısa giriş məqaləsində yazır:
“Səlim Babullaoğlunun Danimarka dilindəki bu şeirlər kitabı mühüm bir hadisədir. Danimarkalı oxucular ilk dəfədir ki, müasir Azərbaycan ədəbiyyatı ilə tanış olmaq imkanı qazanırlar.
Səlim Babullaoğlu ölkə müstəqillik qazananda on doqquz yaşında idi. Yeni azadlıq gənc şairlər üçün geniş meydan açdı və o, böyük enerji ilə fəaliyyətə başladı; Babullaoğlu hekayələr, esselər və publisistik yazılar yazsa da, hər şeydən əvvəl şairdir. Şövqlə və böyük maraqla dünyanın hər yerindən olan yeni poeziya ilə tanış olmuş, T.S. Eliot, X. L. Borxes, O.Vəli, B.Pasternak, Ç. Miloş, T.Tranströmer, İ. Brodski və bir çox başqalarının kitablarını tərcümə etmişdir.
Beləliklə, Danimarka dilində təqdim olunan bu müəllif böyük dünya görüşünə malik təcrübəli bir şairdir. Səlim Babullaoğlu real dünyadakı gündəlik həyat haqqında sadə şeirlər yazır. Onu ümumbəşəri təcrübələr: uşaqlıq, gənclik, yetkinlik düşündürür. Gündəlik həyatın çeşidli çətinlikləri üçün məsuliyyət daşımaq.
Bu şeirlərin hər misrasında bir dərin həsrət və fanilikdən agahlıq var. “Oğlumla söhbətlər” və “Atama” kitabın məhrəm və yaxınlıq atmosferini duyduran səciyyəvi başlıqlardır.
“Səhərlər şəklinə, / Axşamlar güzgüyə baxıram. / Elə belə qocalıram”. Yaxud başqa bir şeirində yenə gerçəkçi əqlinəticəyə gəlinir: “bu dünya hamının barmağına fanilik halqası keçirdir”.
Səlim Babullaoğlu varlığın təməl dəyərlərinə: sevgiyə, ailəyə və nəslə fokuslanır.
Bunlar səmimi hisslərlə aşılanmış, dünyanın hər yerində hər kəs üçün anlaşılan güclü şeirlərdir”.
.jpg)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
