***
Abid Tahirli "Azərbaycan mühacirət mətbuatı" (I hissə) (Bakı, Qapp-Poliqraf 2002) ("Yeni Qafqasiya", "Azərbaycan" ("Paris"), "Odlu yurd", "Azərbaycan yurd bilgisi", "İstiqlal", "Azərbaycan" (Ankara) əsərində mətbuat tariximizin kompleks halda araşdırılmasının mühüm istiqamətini açıqlayaraq sistemli bir qruplaşdırma aparıb: "Çar Rusiyası dövründəki Azərbaycan mətbuatı; Sovet İttifaqı dövründəki Azərbaycan mətbuatı; Cənubi Azərbaycan mətbuatı; Azərbaycan mühacirət mətbuatı; Müstəqil Azərbaycanın mətbuatı (1918-1920-ci illər və 1991-ci ildən sonrakı)". Bölmələrin hər biri də tədqiqatın milli, ictimai ideya və əhəmiyyətini əks etdirir.
Müəllif "Yeni Qafqasiya" jurnalına giriş olaraq AXC-nin süqutundan sonra xaricdə məskunlaşan mühacirlərin "vahid, aydın proqramla birgə fəaliyyət göstərməməsi"nə diqqəti yönəldərək mövzuya açar salır. Tədqiqatçı mühacirət jurnalistikası tarixinin ilkin mərhələsi haqqında deyilənləri ümumiləşdirərək görüləcək işlərin bir növ proqramını təqdim edir. Bir qədər əvvəldə adlarını çəkdiyimiz digər nəşrləri də bu üsulla, lakin hər birini öz motivi məcmusunda tədqiq edir. Təhlil predmeti jurnalın ideya istiqamətinə söykəndiyindən tədqiqatçı materiallara məhz həmin aspektdən nəzər yetirir. Əgər, "Odlu yurd" jurnalının nəşr tarixi, proqramı, mövzuları və mühərrirləri elmi baxış müstəvisinə gətirilirsə, "Azərbaycan" jurnalının nəşrə başlaması və yazarları barədə xronikal məlumatdan sonra ciddi siyasi məzmunlu mətnlərdə qoyulan məsələlər işıqlandırılır. Əhməd bəy Ağaoğlu, övladları, məktubları, Malta sürgünündən sonra Türkiyənin ədəbi-mədəni həyatındakı fəaliyyəti sanki müəllifin özünün də yaşadığı mühitdə baş verdiyindən görüb-duyduğu kimi qələmə alınıb...
Tədqiqatçı alim bu enerji və həvəslə də işinin davamı olaraq "Azərbaycan mühacirət mətbuatı" (II hissə) (Bakı, "Ozan" 2003) əsərini ərsəyə gətirir. Burda müəllif ilkin olaraq "Qafqaz birliyi ideyası və istiqlal uğrunda mübarizə"yə ideoloji baxımdan nəzər yetirmiş, mövzudan istiqamət alaraq Qafqaz birliyi ideyasına fərqli münasibətləri tədqiqat obyekti kimi elmi təhlilə cəlb etmişdir. Bu əsərdə də bir çox mətbuat orqanlarında dərc edilmiş mətnlərdə dövrü üçün mühüm olan mövzular tədqiq olunmuş, hər birinin mətbuat tariximiz üçün səciyyəvi olan xüsusiyyətlərindən bəhs edilmişdir.
Abid Tahirlinin monoqrafik əsərləri içərisində "Azərbaycan mühacirət mətbuatında publisistika" (1921-1991) (Bakı, 2005, CBS) Vətəndən uzaqlarda güzar edən ədəbi şəxsiyyətlərin mənəvi ağrıları, həsrət və yanğıları məzmun-ideyasının səciyyəsi baxımından olduqca gərəkli və sanballı əsərdır. Bu əsər ilk olaraq bir-birini doğuran mövzuları ilə diqqət çəkir. Olduqca geniş və gərgin axtarış-tədqiq zəhməti ilə ərsəyə gətirilən əsər bir sıra özəlliyi ilə diqqət çəkir.
Abid Tahirli Azərbaycan mühacirət mətbuatının mövzularından istiqamət alaraq onu ideya, dil-üslub özəlliyi, yazı manerası, xarakterik cəhətləri, mühacirlərin düşüncə, yaşam tərzi, iqtisadi, sosial vəziyyəti, eləcə də məskun olduqları ölkənin ictimai-siyasi durumu ilə şərtləndirir və onları dövrlərə görə qruplaşdıraraq təsnifatını verir. 50-dən çox mətbuat orqanını elmi, ədəbi müstəviyə gətirir. Naşir, redaktor, yazı müəlliflərini, onların maarifçilik, vətənpərvərlik missiyasını tədqiq-təhlilə cəlb edir. Və bu kimi elmi, publisistik yazılar həmin nəşrlər haqqında da müəyyən təəssürat yaradır. Onun mövzuya bütöv və kompleks yanaşması, təhlil metodu, səciyyəsi fərqli və özəl üsluba xas olması tədqiqatçı alimin bacarıq və səriştəsinin aydın göstəricisidir.
Bu monoqrqfiyada müəllif 70 illik bir dövrün ictimai-siyasi, elmi, ədəbi, mədəni mühitini ehtiva edən mətnləri təhlil edir, onların ideya və mahiyyətini, yazı müəlliflərinin missiyasını, məqsədini açıqlayır.
Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, Abid Tahirli tədqiqatlarına gənc yaşlarından başlamışdır. Ötən əsrin əvvəllərində ölkədə siyasi durumun dəyişməsi səbəbindən xaricə mühacirət etmiş görkəmli ictimai-siyasi xadimlərin, ziyalıların, Vətən sevdalılarının həyat və yaradıcılığı ilə maraqlanmış, tədqiqat axtarışlarına yol almışdır. Abid müəllim fəaliyyətinin başlanğıcında bununla bağlı ötən əsrin əvvəllərində mətbuat tariximizin ilkin araşdırılmasını belə xarakterizə edir: "Azərbaycanın mətbuat həyatında xüsusi və əhəmiyyətli dövr hesab olunan XX əsrin ilk 20 ilində bir tərəfdən müxtəlif ideya və məsləkli qəzet, jurnallar çap olunurdusa, digər tərəfdən də mətbuat tarixi yazılırdı: qəzet və jurnalların nəşri, naşirləri, tirajı, dili, ideya istiqaməti araşdırılır, tədqiq olunurdu". Bundan sonra müəllif təxminən 90-cı illərin əvvəllərinə qədər yazılan əsərlərdə zəhməti olan elm və ədəbiyyat, mətbuat xadimlərinin mətnlərinə nəzər salır. Bu sahədə ilk tədqiqatçı olaraq C.Hacıbəylinin adını çəkir. "Mətbuat tariximizin ilk tədqiqatçılarından biri" ("Xalq qəzeti", 2001 3 fevral, № 27) tədqiq-təhlil mövqeyindən olduqca mükəmməl yazılmış elmi, publisistik bir yazıdır. Məqalədən ətraflı şəkildə bəhs edən tədqiqatçı elmi, ədəbi araşdırmasında qeyd edir ki, həmin dövrün mətbuatını öyrənmək üçün yeni nəsil tədqiqatçılar mütləq halda Ceyhun Hacıbəylinin adıçəkilən əsərindən bəhrələnəcəklər.
A.Tahirli Ceyhun bəyin bütün mövzularını qruplaşdırır, hər birini ayrıca təhlil edir, əsərlərinin məqsəd və məramına aydınlıq gətirir, təhlil-tədqiqdən hasil olan qənaətləri nəticə formasında yekunlaşdırır. C.Hacıbəylinin mühacirətəqədərki həyat və yaradıcılığı da xronoloji ardıcıllıqla izlənilir. Həyatının Bakı dövründə mətbuatdakı çıxışları, dövrün ziddiyyətləri, maarifçi ziyalıların xalqın intibahı üçün gördüyü işlər xatırlanır. Bildiyimizə görə C.Hacıbəyli mövzusu Abid müəllimin tədqiqatlarında bitməyən bir sahədir. Bu, ondan irəli gəlir ki, tədqiqatçı daim apardığı araşdırmalarında hər dəfə Ceyhun bəyə məxsus, ilk dəfə işıq üzünə çıxan fakt və sənədlərlə qarşılaşır, bu mənada onların hər biri yeni yazılarda öz əksini tapır.
Publisistin doğum tarixi, qürbətdə keçirdiyi məhsuldar həyatı böyük səriştə ilə tədqiq olunub. "Mətbuatın mümtaz siması, istiqlal mücahidi" ("Mətbuat: millətin dili, gücü və güzgüsü". Bakı, "Elm və Təhsil", 2017) yazısında Ceyhun bəyin yazıçı, publisist, naşir, redaktor, tərcüməçi... kimi Vətən aşiqi obrazı yaradılıb. Müəllif C.Hacıbəyli mövzusuna dəfələrlə qayıdaraq bu mümtaz şəxsiyyətin həyat və yaradıcılığının bütün dönəmlərində ədəbi, publisist fəaliyyətinə işıq salıb. Onun imzalarını, redaktorluq fəaliyyətini, xronoloji ardıcıllıqla izləyib, araşdırıb, bütövlükdə yaradıcılığını tədqiq-təhlil süzgəcindən keçirib. Publisistin Azərbaycan mətbuatı, ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus şəxsiyyət, kamil sənətkar olduğunu göstərib. Abid Tahirli tədqiqatında C. Hacıbəylinin bədii əsərlərinə də işıq salıb. Memuarını, povest, hekayə, felyetonlarını ədəbiyyat bilicisi olaraq təhlil edib. Xüsusən də yazıçının "Hacı Kərim, yaxud Zaqafqaziya müsəlmanlarının həyatından etüdlər" povestindən bəhs edən müəllif əsərin ideyasını, məzmununu, sənətkarlıq xüsusiyyətlərinin səciyyəvi cəhətlərini göstərib. Müəllif Ceyhun bəyin publisistik məqalələrinin mövzusuna görə təsnifatını verməklə, dövrün ictimai-siyasi mənzərəsini də aydınlatmış olur. O, yazıdan-yazıya Ceyhun Hacıbəyli mövzusu ilə elə doğmalaşır ki, sanki onunla bir dövrdə yaşamış, işləmiş, əməkdaşlıq etmişdir. Publisistin yaradıcılığında xeyriyyəçilik, maarifçilik, məktəb problemləri, dini görüşlər, mənəviyyat, maarif məsələlərinin elmi, nəzəri istiqamətdən tədqiq olunması da mətbuat tariximiz üçün böyük əhəmiyyətə malikdir. Bundan başqa, C.Hacıbəylinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin (İ.Qaspiralı, A.Bakıxanov, H.B.Zərdabi...) xalqa misilsiz xidmətlərindən bəhs edən əsərləri də hər birinin xatirəsinə böyük rəğbət və ehtiram hissilə araşdırılıb.
Abid Tahirlinin monoqrafik əsərləri sırasında "Bütün türklərin tərcümanı" (Bakı, 2012, "Ozan" nəşriyyatı) ilk növbədə dövrün ictimai, mədəni, mənəvi mühitini mətnlərdə əks olunmuş gerçəklik fonunda tədqiqat müstəvisinə gətirilməsilə diqqət çəkir. Mövzunun özünün doğurduğu tədqiq üslubu İ.Qaspiralıya çox istiqamətdən yönəlik baxışları ehtiva edir. İ.Qaspiralı hələ sağlığında mücahid, ideoloq, islahatçı, naşir, redaktor, mühərrir, yazıçı-publisist, "millət atası" kimi tanınırdı. Müəllif bu əsərdə İsmayıl Qaspiralının, "Rusiya müsəlmanlarının çırağı", "mühərriri-əzəm", "türk yurdunun yolbaşçısı", "ustad publisist", "qüdrətli fikir və ideya rəhbəri"nin, fikir, dil, iş birliyi düsturu müəllifinin parlaq və xarakterik obrazını yaradır. Onu açıqfikirli bir mücahid olaraq qiymətləndirir və qəzet, məcmuə sahiblərinin onunla bağlı fikirlərinə, dövrün maarifçi ziyalıları ilə mətbu əlaqəsinə, əməkdaşlığına, maarifçilik görüşlərinə işıq salır, ədiblərin əsərləri haqqında mülahizələrinə xarakterik formada münasibətini bildirir.
Azərbaycan ədəbiyyatı və mətbuatının bir sıra görkəmli simalarının, o cümlədən istiqlal uğrunda qələmi ilə ideoloji mücadilə aparmış sənətkarların bədii, publisistik irsi Abid Tahirlinin qələmində daha aydın, daha sanballı və sərrast elmi-nəzəri dəyərini almışdır və bunula da o, çalışdığı sahəyə görkəmli mühacirətşünas, ədəbiyyatşünas və mətbuatşünas möhürünü vurmuşdur...
Biz yuxarıda Abid Tahirlinin İsmayıl Qaspiralı irsinə dair fundamental araşdırmasından qısaca da olsa, bəhs etmişik. Qüdrətli sənətkarın yaradıcılığını hərtərəfli və dərindən araşdıran Abid müəllim onun zəngin bədii və publisistik irsindən yüzlərlə kəlamı seçmiş və adı çəkilən kitabında ayrıca təqdim etmişdir. İsmayıl bəy Qaspiralının çoxşaxəli, fədakar fəaliyyətinə böyük sevgi bəsləyən A.Tahirli sanki onun bir kəlamını özünə həyat kredosu seçmişdir: Xidmət etmək istəyirsənsə, bacardığın işlə başla!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
