Və yaxud minnətdarlıq məktubu... həm Əziz babaya, həm də sözü sevən insanlara...
Bir müddət şair Musa Ələkbərli ilə bir yerdə çalışmışam. Məhz o illərdə ilk dəfə Əziz Kərimi - bizim sevimli, dəyərli Əziz babanı yaxından tanımaq nəsibim olub. Onun imzasını əvvəldən eşitsəm, yaradıcılığına bələd olsam da, üzünü ilk dəfə görürdüm. Əziz babanı yaxından görmək, səsini dinləmək, nəzakət dolu davranışını seyr etmək başqa bir duyğudur - kitablarından oxuduğumuz dəyanət, halallıq, nəcabət sanki canlanıb qarşımızda dayanır.
Elə ilk baxışdan yaddaqalan bir insandır Əziz baba. Yeri gəlmişkən, deyim ki, Əziz Kərimə "baba" müraciətini Musa Ələkbərlidən öyrənmişik.
Əziz babanın qadına-qıza olan hörməti, nəzakəti o qədər təbiidir ki, bu təbiilik insanın içində bir minnətdarlıq hissi oyadır. Onun qadınlarla davranışı sanki bir mesaj verir: zərifliyə hörmət etmək insan olmağın başlanğıcıdır.
Hər gəlişində redaksiyaya bir işıq, bir sevinc gətirirdi Əziz baba.
Elə həmin günlərdə "Ədəbiyyat qəzeti"ndə Sərvaz Hüseynoğlunun "Əxlaq dərsliyi kimi" adlı, Əziz Kərimin yaradıcılığına həsr etdiyi məqaləsini oxudum və bir daha əmin oldum ki, bu insan təkcə bir şair deyil - bütöv bir ömür fəlsəfəsidir.
Əziz Kərim haqqında tanınmış söz adamlarının - Vaqif Yusiflinin, Musa Ələkbərlinin, Elçin Hüseynbəylinin, Akif Hüseynovun, Tofiq Bayramın və başqalarının fikirlərini oxuduqca belə bir nəticəyə gəldim: hamı bu insanın iradəsinə, əxlaqına, mənəvi ucalığına heyrandır.
Məni ən çox təsirləndirən məqam isə Əziz babanın həyatındakı ağrılı, eyni zamanda möhtəşəm dözüm və inad sərgiləyən hekayə oldu. Cəmi doqquz yaşında ailəsinə kömək etmək üçün iş arxasınca gedən Əziz, bir səhv addım nəticəsində sağ gözünün işığını itirir. Sonralar həkim olmaq arzusu ilə Tibb İnstitutuna qəbul olunsa da, tale ona "dayan" deyir, təhsili yarımçıq qalır. Amma Əziz baba dayanmır. Gözünün işığı öləzisə də, içindəki işıq heç vaxt sönmür. O, həyatın bütün qadağalarına, ağrılarına rəğmən yaşamağa, öyrənməyə, yazmağa davam edir.
Bu gün Əziz Kərimin həyatına baxanda bir həqiqət aydın görünür: qadağaların insan iradəsinə gücü çatmaz. Əziz Kərim sübut etdi ki, görmək üçün yalnız gözlər kifayət deyil - ürək də görə bilir. O, zəif düşmüş gözlərinə rəğmən ömrü boyu ürəyinin gözü ilə dünyaya baxdı. Onun qələmindən doğulan misralar ruhun, sevginin və inadın gözünə döndü.
Əziz Kərimin bu günlərdə çapdan çıxan "Zər damlalar" (Seçilmiş əsərləri - 22 cilddə, 18-ci cild. "Elm və təhsil" nəşriyyatı, redaktor Musa Ələkbərli) kitabı ilə üz-üzəyəm. Kitabda şairin son illərdə yazdığı şeir və poemalar toplanıb.
Əziz Kərimin poeziyasında "Ana" obrazı xüsusi bir məna daşıyır. Ana təkcə onu dünyaya gətirən qadın deyil - mərhəmətin, fədakarlığın, saf sevginin rəmzidir. Şair ürək ağrısı ilə yazır:
...Mən onun gününü qaraldıram,
Ömrünü azaldıram,
...hələ hayıma qalır ana!
Burada vicdani bir etiraf, anaya - analara minnətdarlıq, sayğı, ilahi sevgi və ehtiram hiss olunur. Bu misralarda biz təkcə bir anaya deyil, ümumən qadına, mərhəmətə, insanlığa ucaldılmış bir abidə görürük.
"İstəməzdim ki, anam getməklə // Ana sayından bir ad azalsın" misralarında isə anasız dünyanın boşluğunu hiss edən bir övladın sarsıntısı var. Amma bir təsəlli də var: Əziz Kərim üçün ana ölümlə yox olmur - o, sadəcə məkan dəyişir:
Anaya heç zaman "ölüb" deməyin,
Analar həyatdan ürəyə köçür.
Əziz Kərim şeirlərində tez-tez özünü yanan bir şam kimi təsvir edir. Odlanmaq onun üçün məhv olmaq deyil, əksinə, işıq saçmaq, başqalarına nur verməkdir. O, əriməkdən qorxmur, çünki bilir ki, əridiyi yerdə yenidən doğulacaq:
Bəzədilmiş şamam, öz vüqarım var,
Odlansam, zirvədə alışacağam.
Şöləmdə sevinər bir neçə dildar,
Ərisəm, yenidən yaşayacağam.
Başqa bir nümunədə isə o, əminliklə, bir daha, ölümündən sonra da yaşayacağı, xalqın içində olacağı mesajını verərək, özünü xalqla birləşdirir:
Sizinlə bir yaşayıram,
Kiməm, sizdən birisiyəm.
Hamı ölüb gedəcək, mən
Ölənlərin dirisiyəm.
Burada şair fərdi "mən"dən çıxaraq ümumi bir "biz"in səsinə, "Ölənlərin dirisiyəm" deməklə, poeziyanın, yaddaşın və xalq ruhunun daşıyıcısına çevrilir.
...Biz zəfəri yalnız savaş meydanında qazanmadıq. Zəfər illərlə sinəmizdə daşınan nisgilin, gözlərimizdə donan intizarın, dualarımızda gizlənən ümidin nəticəsi idi. Azərbaycan ədəbiyyatının son otuz ili işğaldakı torpaqların, nakam ruhlu şəhidlərin həsrət salnaməsinə dönmüşdü. Əziz Kərim və onun kimi söz adamları bu illəri sətir-sətir yazdılar, sətir-sətir yaşadılar:
Salam, qılınc!
Salam, azadlıq!
Səni yaratdıq,
Səndən yarandıq!
...Neçə döyüşdə
Cəngi də çaldıq!
- deyərək, xalqı öz gücünə inama səslədilər. Əlbəttə, "Qılınc" burada təkcə silah deyil - haqqın, ədalətin, cəsarətin simvoludur.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yüzillik iradəsinin təntənəsinə çevrildi. Bu tarix yüz illərin intiqamı, min illərin ruhu ilə yoğrulmuş tarix idi.
...Şairlər artıq ağı yox, himn yazırlar. Onların qələmi ordumuzun qazandığı qələbəni ədəbiyyatın yaddaşına həkk edən silaha dönüb. Əziz Kərimin "Salam, qılınc" misraları da bu yeni dövrün - Zəfər poeziyasının başlanğıcıdır.
"Zər damlalar" kitabında yer alan "İstəmirəm" və "Nankorlar" poemaları müəllifin müdrik ömrünün, dərin müşahidələrinin poetik ifadəsidir. Bu əsərlərdə Əziz Kərim təkcə şair kimi deyil, həm də dönəmin vicdan səsi, ağsaqqal müdrikliyi ilə danışan bir müəllim kimi görünür.
"Sınaqda sevgi" poemasında isə Sevgi və Vətən mövzusu həm müəllifi, həm oxucunu sınağa çəkir. 44 günlük müharibə yalnız torpaqlarımızın azadlığı ilə bitmədi - xalqın ruhunun, sevgisinin və mənəviyyatının sınağı ilə də yadda qaldı.
Poemanın qəhrəmanı Şahin - müasir Azərbaycan gəncinin rəmzidir. O, rahat həyatını, işini, şəhər lüksünü geridə qoyub döyüşə gedir. Onun üçün Vətən çağırışı hər bir fərdi arzudan ucadır. Müharibə fonunda Çəməngül - tibb bacısı obrazı da önə çıxır. O, yaraları sarıyır, ölümün içindən ümid boylandırır. Bu iki obrazın - Şahinlə Çəməngülün əhd-peymanı yalnız iki gəncin sevgisi deyil, həm də Vətənlə insanın, sevgi ilə mübarizənin qovuşmasıdır.
Əziz, Əziz baba!
Bu yazı, əslində, bir minnətdarlıq məktubudur.
Allah sizə bundan sonra da yazıb-yaratmaq, könül işığınızı yeni misralara çevirmək nəsib etsin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
