Köklər və yarpaqlar - Məti OSMANOĞLU

Malik Otarbayevi 2023-cü ilin yazında Bakı Dövlət Universitetində unudulmaz müəllimim Mir Cəlalın yubileyinə həsr olunmuş yığıncaqda görmüşdüm. Kürsüyə Qazaxıstan Respublikası Prezidentinin müşaviri kimi dəvət edilən Malik Otarbayev səlis türkcə peşəkar ədəbiyyat adamı kimi çıxış etmişdi. Görüşün sonunda onunla tanış olmağa macal tapa bilməmişdim: onu müşayiət edən rəsmi şəxslərlə birlikdə təcili Sumqayıta, başqa yubiley tədbirinə yola düşmüşdülər. Aradan bir müddət keçəndən sonra onun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilində "Türk ədəbiyyatının inciləri" seriyasından nəşr edilmiş "Gözlədiyimiz xoşbəxtlik" adlı kitabını mənə çatdırdılar.

Məti OSMANOĞLU

 

Gənc qazax yazıçısı Malik Otarbayevin esse və hekayələrindən ibarət "Gözlədiyimiz xoşbəxtlik" kitabı ilə tanış olarkən, sözün düzü, məni "inci axtarmaqdan" daha çox, müasir qazax ədəbiyyatının iqlimi, bədii sözün hansı hava ilə yaşadığı, ən əsası da postsovet mədəniyyəti kontekstində Azərbaycan və qazax ədəbiyyatları arasında paralel məqamlar axtarmaq düşündürürdü.

"Gözlədiyimiz xoşbəxtlik"də yer alan, müasir düşüncənin axtarışlarını əks etdirən esselər qazax ədəbiyyatının, ümumilikdə İslam mədəniyyətinin möhtəşəm ədəbi abidələri ilə əks-səda verir. Bu yazıların kökündə, ilk növbədə, qazax yazılı ədəbiyyatının banilərindən olan Abayın "Qara sözlər"indən gələn mənəvi təməl aydın duyulur.

Qıpçaq çöllərində müasir maarifçi məfkurənin əsasını qoyan Abay "Qara sözlər"lə ənənəvi nəsihətçilik ədəbiyyatının qəliblərini dağıtmışdı. O, yeni nəslin müasir zəmanəyə uyğun yetişməsi üçün bədii sözü öyüd-nəsihət mətninin çərçivəsinə salmır, fəlsəfi düşüncəni, ictimai məsuliyyət duyğusunu parlaq boyalarla ifadə edirdi.

XIX əsr Azərbaycan maarifçiliyinin tarixinə baxanda da oxşar xəttin mövcudluğunu görürük. Abbasqulu ağa Bakıxanovun "Kitabi-nəsayeh" - "Nəsihətlər kitabı", Seyid Əzim Şirvaninin hər fəsli oğlu Cəfərə nəsihətlə başlanan "Rəbiül-ətfal" dərsliyi də yeniləşmə zərurətini hiss edən ədəbiyyatın bətnindən doğulurdu. Lakin bu örnəklərin mayasında başqa reallıq dayanırdı: Azərbaycan bədii düşüncəsi özünün fəal iştirakçısı və yaradıcısı olduğu Şərq düşüncəsinin çevrəsinə qapanıb qalır, əsrlər boyu formalaşmış Şərq didaktikası "Gülüstan"ının və "Bustan"ının içindən çıxa bilmirdi. Maarifçi ideya bu ənənəvi poetik dairənin içində hərəkət etməyə çətinlik çəkirdi. Əsrin sonlarına doğru Azərbaycan maarifçiliyində Mirzə Fətəli, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və onların əqidə məsləkdaşları modern dünyagörüşün təzadlı ideoloji mühitlə, bəzən də mədəni ətalətlə üzləşdiyinin fərqində idilər. Onlar şablonlaşmış Şərq poetik dövrəsinə qapanıb qalmağı tərəqqinin qarşısını kəsən ictimai maneə kimi görürdülər.

 

Abay bu dövrəni qırmaq məcburiyyətində deyildi; o, çevrəni genişləndirərək həm Şərqin mütərəqqi dəyərlərini, həm də müasirliyi əhatə edən yeni mənəvi coğrafiya yaratmağa müvəffəq oldu. Öz ölkəsində təsir gücü o qədər də böyük olmayan Şərq mədəni irsini inkar etmədən, ona söykənərək modern düşüncə ilə Şərq əxlaq fəlsəfəsi arasında sintez yarada bildi. Şərqin mənəvi dəyərləri ilə Qərb maarifçiliyinin rasionallığı onun yaradıcılığında bir-birini tamamlayırdı. Bu baxımdan Abay, sözün həqiqi mənasında, yeni bir ədəbi-intellektual yol açdı və mənim zənnimcə, bu gün qazax ədəbiyyatında həmin yolun uğurlu yolçularından biri Malik Otarbayevdir.

"Gözlədiyimiz xoşbəxtlik"də diqqətimi cəlb edən ən mühüm məziyyət Malikin daşıdığı rəsmi dövlət vəzifəsindən (Qazaxıstan Respublikası Prezidentinin müşaviri təyin edilməzdən əvvəl də bir neçə məsul vəzifədə çalışıb) asılı olmayan daxili azadlığıdır. Kitabdakı mətnlərin oxucu ilə ünsiyyətində bu azadlıq aydın duyulur: müəllif nə özünü ideoloji çərçivə ilə məhdudlaşdırır, nə də dövlətçilik mövqeyini bədii düşüncənin üzərinə kölgə salan sərt çətir kimi tutur. Esselərdən keçən əsas xətt insanın öz vicdanı ilə münasibəti - şəxsi məsuliyyət, mənəvi bütövlük, doğru sözə əbədi ehtiyac hissidir.

Malik Otarbayev cəmiyyətin və ümumiyyətlə insanlığın ağrılı mövzularını dövlət məmurunun dili ilə yox, yazıçı yaddaşı və həssaslığı ilə ifadə edir. Ona görədir ki, kitabda müəllifin səsi "yuxarıdan aşağı" müraciət edən adamın tonunda deyil, öz millətinin yanında dayanan, ölkədən kənarda olanda belə, Vətənindən, doğma torpağından, o torpağın üstündəki insanlardan ayrıla bilməyən milli ziyalının səsi kimi eşidilir və yadda qalır.

Müəllif kitabda toplanmış kiçikhəcmli əsərlərinin janrını esse kimi müəyyən etsə də, bu mətnlərdə ənənəvi esse poetikasından çox, Şərq mətnlərinə məxsus pritça havası hökm sürür. Kitabdakı yazıların daxili strukturu da bunu göstərir: müəllif oxucunu düşünməyə, özünü və dünyanı yenidən oxumağa dəvət edir.

"Təsəlli ulduzu" adlı yazı kitabın uvertürası hesab edilə bilər. Bu mətn zahirən bir ailə hekayəsidir: rüşvətxor rəisin haqsızlığına düçar olan ata, gərginlikdən susub sakitləşməyə çalışan ana, vəziyyətin qəlizliyini tam anlamayan, amma hiss edən uşaq, bir də gecənin qaranlığında qırpınan parlaq ulduz. Burada "parlaq ulduz" pritça poetikasına xas mənalandırmanın mərkəzindədir. Məna ulduzun özündə deyil, onun yaratdığı mənəvi vəziyyətdə üzə çıxır. Ulduzun görünməsi təsəllidir, ailənin taleyini dəyişən isə gözə ulduz şəklində görünən ümiddir. Bu məqamda pritça estetikasının əsas şərti də ortaya çıxmış olur: xarici görünüş daxili məna üçün fon rolunu oynayır.

Kitabdakı yazıların pritça ruhu Şərq mədəniyyətinin çoxəsrlik "kiçik hekayə - böyük məna" poetikasından qaynaqlanır. Bu üslubda həqiqət müəllifin izahlarında deyil, mətnin içində işarə kimi yerləşdirilən obrazda yaşayır; "Gəmi"də olduğu kimi. Bu mətndə postsovet məkanına aid köhnədən miras qalmış xəstəliyin diaqnozu yeni bədii düşüncənin dili ilə verilir. Müəllif üçün "gəmi"yə minmək - adı yuxarıların "siyahısına salınmaq" zahiri uğurun, "əldəqayırma" avtoritetin nişanəsidir. Mətnin alt qatında dolaşan sual isə budur: insan öz içində özünü hansı gəminin sərnişini sayır? Oxucunun hiss etdiyi sualı müəllif açıq vermir - mətndəki pritça layı da buradan doğulur.

Yuxarıların siyahısından kənarda qalanlar - "Köhnə vaxtların dərvişləri" ilə zaman arasında dramatik uçurum olduğunu görürük. Burada Rıdvan mollanın təsbehi xalq yaddaşının qədimdən günümüzə daşıdığı simvoldur. Təsbehin ipinin qırılması sanki bütün postsovet sistemlərin gizli qorxusuna işıq salır: siyahı mexanizmi bir gün dağılarsa, insan taleləri təsbeh dənələri kimi ətrafa səpələnər...

Müəllif başqa yazıları kimi, bu yazının da sonunu açıq saxlayır. Bununla oxucunu öz vicdanının səsi ilə baş-başa buraxır. Bu mənada, "Gözlədiyimiz xoşbəxtlik"in içindən keçən gəmi mühakimə deyil, sorğu daşıyır; bu mətnlər etiraf kimi səslənir...

Malik Otarbayevin esseləri Şərqin klassik mədəni abidələrindən güc alır. Abayın "Qara sözlər"inin təməli üzərində araya-ərsəyə gələn bu yazılar böyük bir coğrafiyanın mədəni sərhədlərini bir araya gətirir, Qıpçaq çöllərini Anadolunun sufi hikmətlərinin gözü ilə seyr edir. Müəllifin adları xatırlayıb-xatırlamamasından asılı olmayaraq burada Əhməd Yəsəvinin, Nizami Gəncəvinin, Cəlaləddin Ruminin, Əlişir Nəvainin ruhu modern gerçəkliklərlə dialoq qurur.

Eyni keyfiyyəti müəllifin hekayələrində də görürük. "Gözlədiyimiz xoşbəxtlik" kitabı nəşr edilməzdən əvvəl mərhum şairimiz Məmməd İsmayıl onun "Qağayı nağılı" hekayəsini dilimizə çevirmiş, hekayə "Ədəbiyyat qəzeti"ndə çap olunmuşdu. Bu hekayədə tarixin acı həqiqəti - Suriyadan qaçqın düşüb Türkiyəyə sığınan, lakin burada özünə yer tapa bilməyən insanların həyatından bəhs olunur. Sərgərdan insanların arasında qazax dilində danışan Aysamal adında körpə bir qız uşağı da var. Atası missionerlərin təbliğatına uyub ailəsi ilə birlikdə Qazaxıstandan Suriyaya gələn, buradakı döyüşlərdə xəbərsiz-ətərsiz tələf olan, qaç-qovda anasını itirən, müəlliminin himayəsi ilə gəlib İstanbula sığınan kiçik qızın hekayəsi nağılla birləşdirilir. Qazaxıstandan Türkiyəyə oxumağa gələn Tölegenin kiçik qıza danışdığı "Qağayı nağılı" dünyanın siyasi, sosial və mənəvi reallıqlarına güzgü tutur. Hekayədə müasir dünyanın acı həqiqətləri, Suriyada baş verən münaqişələr nəticəsində ailələrin yaşadığı faciələr emosional şəkildə təqdim olunur. Suriya qaçqını Nisanın "Bizlər ölmək üçün deyil, yaşamaq üçün gəldik bu dünyaya!" replikası ideoloji manipulyasiyalara qarşı etiraz kimi səslənir. Burada zorla cihada aparılan insanların taleyi, onların övladlarının yaşadığı travma ağrılı dillə oxucuya çatdırılır.

Aysamal hekayədə müharibə və qaçqınlıq şəraitində itirilmiş insanın simvoludur, o kimliyini və dilini də itirmək üzrədir. Tölegenin ona danışdığı "Qağayı nağılı"ndakı oğlanın gündüz quş, gecə insan olması insanların həyatdakı ikili vəziyyətini - özünü qoruma ilə var olmaq arasındakı tarazlığı əks etdirir.

Malik Ortabayevin hekayələrində Tölegeni pritça ənənəsinin müasir mətndəki interpretatoru kimi görürük. Onun təqdim etdiyi məscid çevrəsi, türbələr, qəbiristanlıq, ağacın yarpaqları, bağçadakı çiçəklər və canlılar simvolik-mədəni məkanı əks etdirir.

Bu hekayələrdə təhkiyəçi vəzifəsini ifa edən Tölegen obrazının adı qazax xalqının yaddaşını bu günə daşıyır. Bir yerdə babasının müəlliminin adı olduğu deyilən Tölegen həm də "Kız Jibek" - "İpək qız" dastanının qəhrəmanıdır. Qazax xalqının epik yaddaşında xüsusi yeri olan bu adın seçilməsi isə təsadüf sayıla bilməz: müəllif öz qəhrəmanını milli yaddaşı aktivləşdirən arxetipik bir fiqur kimi təqdim edir. "Kız Jibek"də öz xalqının igidlik və cəsarət anlayışını təcəssüm etdirən Tölegen Malik Otarbayevin hekayələrində vicdan, mərhəmət və insan səsini qoruyub saxlayan mənəvi kök səviyyəsinə yüksəlir. Müasir dünyanın travmaları qarşısında Tölegen təsəlli ulduzu kimi təqdim edilir.

"Budağından qopan yarpaq" hekayəsi qəbiristanlıq səhnəsi ilə başlayır: Tölegen öz babasının və nənəsinin qəbirlərini ziyarət edir. Bu səssiz məkan tədricən həm fərdi, həm ailəvi, həm də kollektiv yaddaşın dərinliklərinə açılan simvolik qapıya, budağından qopub yerə düşən yarpaq detalı isə bu qapıya düşən açara çevrilir. Yarpağın qopması həm ölümün qaçılmazlığı, həm də öz kökündən ayrılan insanın aqibəti kimi mənalanır.

Hekayədə qəfil ortaya çıxan Xədicə xalanın ağrısı və sayıqlaması, "Qızımı diri-diri basdırdılar" fəryadı təhkiyədə kəskin dönüm yaradır. Zaman qəfildən qırılır və Tölegenin xəyalında qədim cahiliyyə dövrü, qız övladlarını diri-diri məzara gömən vəhşi tayfalar, onların ibrətamiz əməlləri canlanır.

Tölegenlə anasının söhbətindən məlum olur ki, Xədicə xalanın qızının vaxtsız ölümünə gözəllik müsabiqəsində iştirak etməsi səbəb olub. Qız Qazaxıstanda müsabiqə qalibi olandan sonra onu Amerikaya aparıblar və orada bilinməyən səbəbə görə intihar edib. Xədicə xalanın qızının faciəsi "Qağayı nağılı"nda budağından qopan başqa bir yarpağın - Suriyaya gedib çıxan qazax ailəsinin faciəsi ilə səsləşir...

Ancaq bu mətnə kitabdakı "Dünya gözəli" adlı esse ilə eyni kontekstdə baxanda ciddi suallar yaranır və müəllifin qazax qızının gözəllik müsabiqəsinə qoşulmasını "millətin ələ salınması" kimi qiymətləndirməsi təəccüb doğurur. Daha da təəccüb doğuran məqam isə 1932-ci ildə türk qızı Kəriman Halisin Belçikada keçirilmiş beynəlxalq müsabiqədə "Dünya gözəli" seçilməsinə verilən yozumdur.

Müəllif Kəriman Halisin müsabiqədəki qələbəsini türk millətinin mədəni məğlubiyyəti hesab edir. Halbuki Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün yüksək qiymət verdiyi bu hadisə dövrün ideoloji düşüncəsində qadının ictimai mövqeyinin fəallaşması, patriarxal stereotiplərin qırılması, türk qadınının özünü modern dünyanın subyekti kimi təsdiqləməsi kimi mənalandırılmışdı. Essedə müsabiqə münsifləri adından verilən sitatın tarixi fakt kimi təqdim edilməsi problemlidir; çünki belə bir sənəd yoxdur, yalnız aktyor Halid Turhanın əsassız iddiası mövcuddur. Müəllif həmin iddiaya ideoloji fakt kimi əsaslanır və Atatürk dövrünün islahatları, Cümhuriyyət modernizmi kimi mürəkkəb proseslər bəsitləşdirilir. Türkiyədə Atatürk islahatlarını "Qərbin qələbəsi" kimi təqdim etmək həm tarixi, həm də ideoloji reallıqdan uzaqdır. Atatürkün modernləşmə islahatları Qərbin təzyiqi ilə deyil, Türkiyənin daxili ehtiyaclarından doğulmuş proses idi, qadın hüquq və azadlıqlarının təmin edilməsi də həmin prosesin təməl sütunları arasında idi.

Müəllifin bu məsələdə polemikaya açıq olan mövqeyini onun düşüncə azadlığının təzahürü kimi görürəm. Ümid edirəm ki, mənim qeydlərim həm müəllif, həm də kitabın naşirləri tərəfindən anlayışla qarşılanacaq. Yarpaqlar öz budağından müxtəlif səbəblərdən qopsa da, bizi birləşdirən köklərə sədaqət hamımızın mənəvi borcudur...

Kitabı dilimizə gənc türkoloq, BDU-nun Türkologiya kafedrasının doktorantı Məleykə Mirzəli tərcümə edib. Bundan əvvəl o, "Çağdaş tatar hekayələr antologiyası"nı, eləcə də "Türk dünyasından hekayələr" kitabını tərtib və tərcümə etmişdi. Bu cür davamlı təşəbbüslərin türk xalqları arasında mədəni və mənəvi bütövlüyün dərinləşməsinə layiqli töhfə olduğunu düşünürəm...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!