BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib

Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə fakültənin məzunu - Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş "Azərbaycanda elm, təhsil və mədəniyyətin inteqrasiyalı inkişafında informasiya mühitinin rolu" mövzusunda Respublika Elmi Konfransı öz işinə başlayıb.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qonaqları və iştirakçıları rektor Elçin Babayevin adından salamlayıb. Əliş Ağamirzəyev bildirib ki, BDU-nu indiyə qədər 200.000-dən çox məzun bitirib. Vurğulayıb ki, hər bir universitetin nüfuzu elm, təhsil, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlarla yanaşı, eyni zamanda görkəmli məzunları ilə qiymətləndirilir: "Əlbəttə ki, BDU-nun ən böyük və dünya şöhrətli məzunu Ümummilli Liderimiz Heydər Əliyevdir. Həm sovet dövründə, həm də müstəqillik illərində Ulu Öndərimiz Heydər Əliyev Universitetin elm və təhsil ocağı kimi şöhrətlənməsinə şərait yaradıb, ona hər cür dəstək verib. Bu gün isə həmin tarixi missiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Prorektor qeyd edib ki, BDU-nun tarixi ənənələrindən biri də görkəmli məzunların irsinin öyrənilməsi, tədqiqi və eyni zamanda təbliğidir. Bu il BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu, Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi tamam olur. Zəlimxan Yaqubun yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızın kökləri üzərində formalaşmış və inkişaf etmişdir. Onun əsərləri bütün Türk dünyasında hər zaman rəğbətlə qarşılanmış, geniş oxucu kütlələri tərəfindən sevilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Zəlimxan Yaqubun irsinə və parlaq şəxsiyyətinə yüksək qiymət vermişlər. Zəlimxan Yaqub Ulu Öndərimiz Heydər Əliyev tərəfindən "Şöhrət" ordeninə, cənab Prezidentimiz İlham Əliyev tərəfindən isə "Xalq şairi" adına və "Şərəf" ordeninə layiq görülüb. Hesab edirəm ki, Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr edilmiş Respublika elmi konfransı görkəmli şairin ədəbi irsinin tədqiqi, qiymətləndirilməsi, təbliği, kitabxana-informasiya resurslarında bu irsə dair mənbələrin sistemləşdirilməsi və təhlili baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatları Elnarə Akimova, Musa Urud, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, professor Rüstəm Kamal, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, şair Vaqif Bəhmənli, AMEA-Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, tənqidçi Əsəd Cahangir, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu çıxışlarında Zəlimxan Yaqub yaradıcılığının çoxtərəfli istiqamətləri və məziyyətləri barədə danışıblar.

Sonda Xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov atasının irsinə verilən yüksək qiymətə və Respublika elmi konfransının təşkilinə görə BDU-nun rektoru Elçin Babayevə, məruzəçilərə və iştirakçılara ailələri adından minnətdarlığını bildirib. 

Qeyd edib ki, 2 gün ərzində davam edəcək konfransda Xalq şairi Zəlimxan Yaqubun çoxşaxəli yaradıcılığı barədə, eyni zamanda sənəd və informasiya menecmenti, informasiya logistikası, mütaliə mədəniyyəti, oxucu zövqü, oxucu məmnunluğu, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar, mədəni irs, muzey, arxiv işi kimi sahələr üzrə ümumilikdə 40-dan çox məruzə dinləniləcək, müzakirələr aparılacaqdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!