Azərbaycan SSR Dövlət mükafatı laureatı (1971), Azərbaycanın Əməkdar incəsənət xadimi (1988), Azərbaycan Respublikasının Prezident təqaüdçüsü (2004), tanınmış şairə, nasir, tərcüməçi, kinodramaturq Alla Axundova uzun illərdir ki, Azərbaycan və Rusiya ədəbiyyatları arasında canlı ədəbi körpünün yaradılması kimi nəcib bir missiyanı ləyaqətlə yerinə yetirir, sözün həqiqi mənasında, bu çətin, lakin vacib inşanın istedadlı memarı rolunu məharətlə yerinə yetirir.
Həyatı. Alla Axundova 27 oktyabr 1939-cu ildə Moskva şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əslən Şahbuz rayonundan olan atası Nuru kişi yol mühəndisi ixtisasına yiyələnmiş, uzun müddət Moskvada və Azərbaycanda müxtəlif dövlət qulluğunda işləmişdir. Şairənin anası Moskvanın adlı-sanlı şirniyyatçıları Filipovlar nəslindən olmuşdur. Nuru Axundov Böyük Vətən müharibəsi (1941-1945) zamanı dövlət imtiyazından istifadə edərək müharibəyə çağırılmamış, ailəsini təhlükədən uzaqlaşdırmaq naminə Azərbaycana köçürməyə icazə ala bilmişdir. Alla məktəbəqədər uşaqlıq illərini Bakıda yaşamışdır. Hafizəsində dərin izlər buraxmış həmin dövrün təəssüratları sonralar sənətkarın onlarca şeirinin, bir neçə nəsr əsərinin və kinossenarilərinin bədii materialını təşkil etmişlər. 1946-cı ildə yenidən Moskvaya qayıdan Alla Axundova taleyini həmişəlik bu şəhərlə bağlamış, orta təhsil aldıqdan sonra 1959-1964-cü illərdə SSRİ Yazıçılar İttifaqının A.M.Qorki adına Ədəbiyyat İnstitutunun tərcüməçilik fakültəsində ali təhsilə yiyələnmişdir. Tələbəlik illərində poeziya və bədii tərcümə ilə yanaşı ssenarilər yazmağa da xüsusi maraq göstərmiş, bu sahədə daha ciddi çalışmaq üçün ali təhsilini başa vurduğu 1964-cü ildə dərhal ÜİDKİ-nin (VQİK) ali ssenari kurslarına daxil olmuş, üç il şöhrətli kinorejissor və ssenariçi Lev Aleksandroviç Kulicanovun (1924-2002) yaradıcılıq emalatxanasında kino sənətinin sirlərini mənimsəmişdir.
Alla Axundova şeir yazmağa erkən yaşlarından başlamış, lakin uzun müddət yazdıqlarını üzə çıxarmağa cəsarət etməmişdir. Böyük qardaşı Fikrətin təkidilə yalnız 18 yaşında uşaqlar üçün yazdığı bir şeirini mətbuata göndərmiş və onun ilk şeiri 1957-ci ildə "Moskovskiy komsomolets" qəzetində dərc edilmişdir. Bundan sonra gənc şairə Moskvanın müxtəlif qəzet və jurnallarında, almanaxlarında tez-tez dərc olunmağa başlamış, imzasını ədəbi mühitdə layiqincə tanıtmağa səy göstərmişdir. Uşaqlar üçün şeirlər toplusundan ibarət 24 səhifəlik "Şən atlar" adlı ilk kitabını isə 1969-cu ildə Moskvanın "Detskaya literatura" nəşriyyatında çap etdirməyə nail olmuşdur.
Hələ 1960-cı illərin əvvəllərində məşhur rus şairəsi Anna Axmatova (1889-1966) onun ilk yaradıcılıq nümunələrinə diqqət yetirmiş, gənc şairənin poetik istedada malik olduğunu, gələcək uğurlarına inandığını söyləmiş, "məşəqqətli" yaradıcılıq zəhmətinə qatlaşmasını tövsiyə etmişdir. Alla ustad şairənin gümanını gerçəkləşdirmiş, bütün ömrü boyu rəsmi olaraq heç bir işdə çalışmamış, yalnız yaradıcılıqla məşğul olmuşdur. Daha sonralar Vasili Belov (1932-2012), Boris Vasilyev (1924-2013), Lev Ozerov (1914-1996), Tatyana Bek (1949-2005), Alla Marçenko (1932), Henrix Mitin (1931) və digər tanınmış rusiyalı yazıçı və tənqidçilər onun yaradıcılığını yüksək qiymətləndirmiş, şairənin şeirlərindəki poetik vüsəti, fəlsəfi dərinliyi, səmimiyyəti iki mədəniyyətin simbiozundan yaranmış məziyyətlər kimi şərh etmiş, bütövlükdə Alla Axundovanın ədəbi fəaliyyətini mədəniyyətlərin dialoqu, Azərbaycan və rus xalqları arasında etibarlı, canlı körpü adlandırmışlar.
Hazırda Alla Axundova 30-dan çox orijinal poetik və nəsr kitablarının müəllifidir, rus dilində işıq üzü görmüş irili-xırdalı 40-a yaxın tərcümə topluları şairənin gərgin və məhsuldar yaradıcı əməyinin bəhrəsidir. Ana kitabımız olan "Kitabi-Dədə Qorqud" eposunun rus dilinə ilk bədii tərcüməsi də Alla Axundovaya məxsusdur. Onun ssenariləri əsasında 10 bədii tammetrajlı, 3 animasiya filmi lentə alınmışdır. Şairə 1969-cu ildə SSRİ Yazıçılar İttifaqının, 1971-ci ildə isə SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur.
Yaradıcılığı: Poeziyası. Sürətlə qloballaşan müasir dünyada müxtəlif xalqların yaratdığı ədəbiyyatların dialoqu məsələsi son vaxtlar xüsusi kəskinliklə qaçılmaz zəruriyyətə çevrilmişdir. Transmilli iqtisadi qazanc, mənfəət uğrunda, daha çox maddiyyət əldə etmək naminə aparılan çəkişmələrdə qalaqlanan mənfi emosiyalar yığınının külünü göyə sovurmaqda, insanlar arasında qarşılıqlı anlaşmanın yaranmasında, geniş pərvəriş tapmasında məhz ədəbiyyat həlledici rol oynaya bilər. Mədəniyyətlərin dialoqu, xüsusən də, dünya xalqlarının zəngin ədəbiyyatlarının qarşılıqlı təması bəşəriyyəti xaosdan, qəddarlıq və məhv olmaqdan xilas edə bilər...
Müqayisəli ədəbiyyatşünaslığın - komparativistikanın vəzifəsi müxtəlif milli ədəbiyyatlarda tipoloji oxşar halların müqayisəsilə bərabər, həm də vahid dünya ədəbi prosesinin ümumi tendensiyalarının axtarılıb tapılmasıdır. Rusiyalı tanınmış tənqidçi, ədəbiyyatşünas, "Voprosı literaturı" jurnalının baş redaktoru, professor İqor Şaytanov (1947) haqlı olaraq müasir komparativistikanın əsasını üç amillə əlaqələndirir: "qloballaşma, intertekst, mədəniyyətlərin dialoqu" (İ.O.Şaytanov. Triada sovremennoy komparativistiki: qlobalizaüiə - intertekst - dialoq kulğtur. Moskva, 2005, jurnal "Voprosı literaturı" №6. S.130. 130-137 s.).
Məşhur filosof-estet, professor Vladislav Kellenin (1920-2010) fikrincə, qloballaşma "qarşılıqlı tanışlıq və mədəniyyətlərin yaxınlaşması üçün çox geniş imkanlar açır, bu isə qarşıdurma və antaqonist münasibətləri aradan qaldırır" (V.J.Kelle. Znanie. Ponimanie. Umenie: Proüessı qlobalizaüii i dinamika kulğturı. Moskva, 2005, №1. İzd-vo Moskovskoqo qumanitarnoqo universiteta (Soüium) S.70. 69-70 s.).
Mübaliğəsiz demək olar ki, Azərbaycan ədəbiyyatı bütövlükdə mədəniyyətlərarası dialoqun örnəyidir, qarşılıqlı zənginləşmənin genişlənməsi sahəsində, mədəni-mənəvi əlaqələrin inkişafında böyük bir missiya yerinə yetirmiş və yetirməkdədir. Milli ədəbiyyatlar yalnız ümumdünya ədəbi prosesi kontekstində mükəmməl inkişaf edərək, bir-birlərini qarşılıqlı şəkildə zənginləşdirə bilər. Yazılı Azərbaycan ədəbiyyatı tarixi taleyin hökmü və həmçinin şəraitdən asılı olaraq, sanki yarandığı andan çoxdilli olub və mədəniyyətlərin dialoqu funksiyasını yerinə yetirməyə başlayıb. Azərbaycan ədəbiyyatı heç vaxt özünü lokal düşünməyib, özünün müstəsnalığına qapanmayıb, əksinə, Şərq, Qərb, daha sonralar isə həm də Rusiya mədəniyyəti ilə əlaqədə olub. Moskvalı Azərbaycan yazıçılarının yaradıcılığı milli mədəniyyəti monoloq deyil, dialoq formasında parlaq əks etdirir. O, Azərbaycan və rus ədəbiyyatları arasında vasitəçidir, çünki hər iki mədəni kontekstə məxsusdur: "Heç bir mülahizə, fikir nə birinci və nə də sonuncu ola bilər. O, yalnız silsilənin bir həlqəsidir və bu silsilə xaricində öyrənilə bilməz" (M.M.Baxtin. Gstetika slovesnoqo tvorçestva. Moskva, "İskusstvo", 1979. S.370. 390 s.).
Moskvada yaşayan Azərbaycan yazıçıları mənşələrinə, milli mentalitetlərinə görə rus mədəniyyətinə aid deyillər və bu mədəniyyətlə qarşılıqlı əlaqəyə girərkən onlar bu dialoqa öz daxili-mənəvi mühitlərini gətirirlər: milli mentalitet, milli folklor, milli kolorit, ailə mifologiyası, adət-ənənələr, vərdişlər, xatirələr, mənəvi dəyərlər, dini təsəvvürlər və s. Nəticədə, "inoetnoteks" - "əcnəbi etnomətn" termini ilə ifadə edilən bir ədəbiyyat yaradırlar, rus mentallığı mühitində öz mədəniyyətlərinin təmsilçiləri kimi çıxış edirlər və eyni zamanda onlar mədəniyyətlər arasındakı dialoqun bilavasitə iştirakçılarına çevrilirlər.

Moskvalı azərbaycanlı yazıçılar tərəfindən yaradılan ədəbiyyat Şərq, Qərb və Rusiya arasında uzaq keçmişdən başlayan mədəni dialoqun qovuşuğunda meydana çıxır. Bu mənəvi qaynaqdan bəhrələnmə həmişə öz müsbət təsirilə diqqətçəkən olmuşdur. Moskvalı müəlliflər tərəfindən yaradılan Azərbaycan ədəbiyyatı milli ədəbiyyatın ənənələrini davam etdirməklə yanaşı, rus ədəbiyyatı ilə də dialoq kontekstinə daxil olur. Rus dilində yazan milli yazıçıların yaradıcılığını "milli köklərdən ayrılmış" kimi deyil, mədəniyyətlərin dialoqu, dünyanın dil mənzərəsi və estetik sistemlər vasitəsilə milli mədəniyyətin çərçivələrinin genişləndirilməsi kimi təhlil etmək lazımdır. Özgədilli mədəni mühitdə milli bədii ədəbiyyatın yaranması məsələsinin araşdırılması ədəbi prosesin tədqiqində ən aktual istiqamətlərdən biridir. Öz əsərləri ilə nəinki milli, həm də rus mədəniyyətini zənginləşdirən qüdrətli və çoxsaylı azərbaycanlı müəlliflər üçün Rusiya və rus dili xarici mədəni mühit olmuşdur. Burada iş təkcə dillə bitmir, məsələ daha çox mədəniyyətlərin qarşılıqlı nüfuzetmə prosesində paradoksal şəkildə həm özünü, həm də təmasda olduğu mədəniyyəti inkişaf etdirmək və zənginləşdirmək üçün digər mədəniyyətlə dialoqda öz identikliyini üzə çıxaran ədəbiyyatla əlaqədardır. Bu prosesdə yazıçı transmədəni identiklik əldə edir, həm özününkünü, həm də başqa mədəniyyəti yeni dərketmə səviyyəsinə qaldırır.
Moskvada yaranmış Azərbaycan ədəbiyyatı bütövlükdə milli mədəniyyətimizin bir hissəsi, eləcə də rus ədəbiyyatının bədii faktı kimi qəbul olunmalıdır. Bu ədəbi hadisə çoxmədəniyyətli bir fenomendir və bu zaman dialoq axtarışındakı mədəniyyətlərin hər birinin özəllikləri bütövlükdə açıq-aşkar bəlli olur. Alla Axundovanın zəngin və çoxşaxəli yaradıcılığı bütövlükdə iki böyük mədəniyyətin - Azərbaycan və rus mədəniyyətlərinin üzvi surətdə qovuşmasından yaranmış, ədəbiyyatların dialoquna parlaq nümunə ola biləcək ədəbi faktdır. Alla Axundovanın yaradıcılığında uşaq şeirləri başlıca yer tutur. O, Moskva ədəbi mühitində incə və lirik uşaq poeziyasının "canlı klassiki" kimi məşhurdur. Onun adı hələ sovet dönəmindən Rusiyada şöhrət qazanmış uşaq ədəbiyyatının məşhur simaları Aqniya Barto (1901-1981), Sergey Mixalkov (1913-2009), Boris Zaxoder (1918-2000), Valentin Berestov (1928-1998), İrina Tokmakova (1929-2018), Eduard Uspenski (1937-2018), Yunna Moris (1937-2024), Yuri Entin (1935) və digərlərilə eyni cərgədə yer almışdır. Şairəyə şöhrət qazandıran uşaq şeirlərinin toplandığı əsas kitabları bunlardır: "Baltasız odunçu" (Alla Axundova. Drovosek bez topora. Priskazka-nebıliüa. Stixi dlə doşkolğnoqo vozrasta. Moskva, "Detskaə literatura", 1970. 12 s.); "Ağ, qırmızı, sarı alma" (Alla Axundova. Beloe, krasnoe, jeltoe əbloko. Stixi dlə detey s azerbaydjanskim koloritom. Moskva, "Detskaə literatura", 1977. 24 s.); "Zümzüməçi qızcığaz" (Alla Axundova. Devoçka-pripevoçka. Stixi dlə doşkolğnoqo vozrasta. Moskva, "Detskaə literatura", 1978. 16 s.); "Niyə olur?" (Alla Axundova. Poçemu bıvaet? Stixi dlə doşkolğnoqo vozrasta. Moskva, "Detskaə literatura", 1982. 24 s.); "Nərdivanlar" (Alla Axundova. Stupenğki. Stixi i skazki dlə doşkolğnoqo vozrasta. Moskva, "Detskaə literatura", 1989. 112 s.); "Zınqırov oyuncağı" (Alla Axundova. Poqremuşka. Stixi dlə çteniə vzroslımi detəm. Moskva, "Samovar", 2004. 44 s.) və s.
Alla Axundovanın əksər uşaq şeirlərinin mayalanıb araya-ərsəyə gəlməsində həmişə iki aparıcı qaynaq mühüm rol oynamışdır: zəngin Azərbaycan folklorunun əbədiyaşar nəzm, nəsr inciləri və müəllifin kiçik yaşlı uşaqların psixologiyasına dərindən bələdliyi. Şairə təkcə uşaqlar üçün yazdığı şeirlər, mənzum nağıllar, kiçik həcmli poemalarında deyil, bütöv yaradıcılığında milli folklorumuzdan gen-bol bəhrələnmiş, şifahi söz xəzinəmizin motivləri, süjetləri əsasında rus dilində yüksək vətənpərvərlik və qürur hisslərilə təqdim edilən, oxucularda rəğbət oyadan mükəmməl bədii sənət nümunələri yaratmışdır. "Ağ, qırmızı, sarı alma" kitabının məlumat səhifəsindən toplunun bütövlükdə "Azərbaycan koloritli uşaq şeirləri" qeydindən hər şey aydınlaşır. "Ağ, qırmızı, sarı alma" şeirilə açılan kitab sona qədər milli folklorumuzdan qaynaqlanan poetik nümunələrdən ibarətdir:
Esli tri əbloka s neba upalo,
Krepko derji to, çto v ruki popalo.
Kuşayte, sluşaə skazku za skazkoy,
Əbloko s priskazkoy azerbaydjanskoy (S.3)
Sətri tərcümə:
Əgər göydən üç alma düşsə,
Əlinə düşəni möhkəmcə saxla.
Yeyin nağıllara qulaq asa-asa,
Azərbaycanın nağıllı almasını.
(Sətri tərcümələr məqalə müəllifinindir).
"Musiqili ölkə" şeirində müəllifin qürur hissi, vətən sevgisi zirvə nöqtəyə qalxır:
...Vsə strana - kak muzıkalğnıy instrument
Vse poöt, a ne poöhix prosto net!
Plaçet muzıka, smeetsə, qovorit,
Slovo skazannoe muzıkoy zvuçit.
Mejdu nebom i zemleö mnoqo stran.
No takaə lişğ odna - Azerbaydjan (S.12.)
Sətri tərcümə:
...Bütün ölkə - musiqi aləti kimidir
Hamı oxuyur, oxumayan heç yoxdur!
Musiqi ağlayır, gülür, danışır,
Deyilən hər söz musiqitək səslənir.
Yer arasında çox ölkələr var.
Ancaq bu cür tək bircədir - Azərbaycan!
Şairənin uşaqlar üçün yazdığı şeirlərdə dəcəl oyunlardan ciddi, fəlsəfi mövzulara asan keçidlər edilir. İncə psixoloq olan Alla Axundova uşaq lirikasında oğlanların gözəl qızlara qarşı nadinclikləri kimi gülməli davranış paradokslarına ironik çalar verir, "Gözəl qız" adlı süjetli şeirində uşaqlarda yüksək əxlaqi-mənəvi məziyyətlərin yaranmasına çalışır, böyüyəndə onlara ciddi və zərif məxluqlar olan qızlarla, qadınlarla ehtiramla, məsuliyyətlə davranmağı təlqin edir:
Nu çto mne delatğ? Kak mne bıtğ?
Terpetğ - nevınosimo!
Nu ne moqu je ə s ney drujitğ?
Pridetsə, vidno, otlupitğ,
Çtob ne bıla krasivoy!
(Alla Axundova. Poqremuşka. Stixi dlə çteniə vzroslımi detəm. Moskva, "Samovar", 2004. S.43. 44 s.)
Sətri tərcümə:
Bəs mən nə edim? Neyləyim?
Dözmək mümkün deyil!
Mən onunla dostluq edə bilmərəm ki,
Görünür, əzişdirmək lazım gələcək onu,
Qoy heç gözəl olmasın o!
Moskvanın tanınmış tənqidçisi Stanislav Lesnevskinin (1930-2014) məşhur kəlamı var: "Rusiyanın qadın poeziyası üç "Ax"-dan ibarətdir: Axmatova, Axmadulina, Axundova" (Alla Axundova. Poqremuşka. Stixi dlə çteniə vzroslımi detəm. Moskva, "Samovar", 2004. S.43. 44 s.).
Alla Axundovanın poeziyasında vətənpərvərlik və fəlsəfi lirika əhəmiyyətli yer tutur. Onun mükəmməl lirik əsərləri bir neçə sanballı kitabda toplanmış və müxtəlif illərdə oxuculara təqdim olunmuşdur: "Ağ işıq" (Alla Axundova. Belıy svet. Stixi. Baku, "Qəndjlik", 1971. 136 s.), "Bazar günü bağçası" (Alla Axundova. Voskresnıy sad. Kniqa stixotvoreniy. Moskva, "Sovetskiy pisatelğ", 1982. 158 s.), "Görüntülü açıqcalar" (Alla Axundova. Otkrıtki s vidami. Stixotvoreniə. Moskva, "Stilistika", 1999. 112 s.), "Quş" (Alla Axundova. Ptiüa. Kniqa stixotvoreniy. Moskva, "İzoqrafC", 2005. 127 s.), "Şam" (Alla Axundova. Sveça. Stixi. Baku, "Azerneşr", 2007. 192 s.), "Karnaval" (Alla Axundova. Karnaval. Stixotvoreniə, pogmı. Moskva, "AATRONİK", 2009. 133 s.), "Yeddi kitab: seçilmiş əsərləri" (Alla Axundova. Semiknijie: izbrannıe proizvedeniə v 7-mi kniqax. Moskva, "AATRONİK", 2009.) və s.
Şairə heç zaman doğma Azərbaycanda baş verən vacib hadisələrə biganə qalmamış, dərhal vətənpərvərlik qeyrəti nümayiş etdirmiş, poetik səsini var gücü ilə ucaltmışdır. "İordaniyada müqəddəs suyaçəkmə bayramı" adlı üsyankar ruhlu vətənpərvər şeirində etiqadca özü xristian dininin daşıyıcısı olan Alla Axundova Sovet tanklarının Bakıya daxil olduğu 1990-cı ilin "Qara yanvar"ını özünəməxsus şəkildə mənalandırır, xristian İlahisindən haqq-hesab tələb edir:
...Qospodi! Tı bıl v Azerbaydjane
Devətnadüatoqo ənvarə?
V svetlıy prazdnik Tvoeqo Kreheniə.
Kak je Tı pozvolil ubivatğ?!
(Alla Axundova. "Sveça". Stixi. Baku, "Azerneşr", 2007. S. 62. 192 s.)
Sətri tərcümə:
...İlahi! Sən Azərbaycanda idin
On doqquzu yanvarda?
Sənin müqəddəs Xaç bayramında.
Bəs necə Sən qətlə izn verdin?!
Şairə xristianlığın hər şeyi bağışlamaq haqqındakı mərhəmət qanununu pozaraq, Azərbaycan xalqına qarşı törədilən ağır cinayətin bağışlanmasının qeyri-mümkünlüyündən söz açır:
Qospodi! Prosti mne preqreşenğe -
Vse prohaə, gto ne prohatğ.
(Yenə orada. S.62.)
Sətri tərcümə:
İlahi! Bağışla mənim günahlarımı -
Hər şeyi bağışlayarkən, bunu bağışlama.
Alla Axundovanın lirikasında doğma xalqının taleyi haqqında düşüncələr şərti olaraq "Şərq" obrazlarında təzahür edir. "Üzüm" şeirində bu meyvə canlı obraz kimi mənalandırılır, insan xarakterilə müqayisə olunur, yaşam, dözüm və mətanət simvoluna çevrilir, Azərbaycan xalqına xas səciyyəvi cizgilərlə təqdim edilir:
Vı loktəmi tak porabotayte,
Kak rabotaet vinoqrad!
Protiv vetra probitğsə poprobuyte,
Zavedə oba loktə nazad...
V kajdoy pleti - po sotne vıvixov,
V kajdoy pleti - po sto loktey.
Vot poprobuy, kak gtot, vımaxay,
Ne slomav po puti kostey...
(Yenə orada. S. 37.)
Sətri tərcümə:
Siz dirsəklərinizlə elə işləyin ki,
Üzüm əlləşən kimi!
Küləyə qarşı getməyi sınayın,
Hər iki dirsəyinizi tutaraq geri...
Hər bir budaqda - yüz çıxıq yeri
Hər bir gövdədə - yüz dirsək.
Bir yoxla, bunun kimi boy at,
Yolda sümüklərini sındırmadan...
Moskvalı tərcüməçi və ədəbi tənqidçi Lüdmila Lavrova (1946) yazır ki, Alla Axundovanın poeziya və nəsri üçün vasitəçilik, mədəniyyətlərarası moderatorluq səciyyəvidir: "Allanın bu və ya digər şəkildə doğma Azərbaycanla, onun mədəniyyəti, məişəti, tarixi, həyatı ilə bağlı olan şeirlərinin mütaliəsi rus oxucusunu özünə cəlb edir, tamamilə əsrarəngiz uzaq bir aləmə çəkib aparır, lakin bu aləmin xarakterik cizgilərinə diqqətlə nəzər salarkən, gözlənilmədən sən orada özünə məxsus olanları da görürsən..." (Lödmila Lavrova. "Axundova Alla - pogt, dramaturq, süenarist").
Moskvalı azərbaycanlı şairə Alla Axundovanın yaradıcılığı, heç şübhəsiz ki, özlüyündə bizim doğma ədəbiyyatımızda önəmli poetik hadisədir, onun yüksək siqlətli bədii nümunələri iki zəngin, rəngarəng mədəniyyətin qarşılıqlı yaradıcı potensialının üzə çıxmasına yardım edir, eləcə də rus və Azərbaycan ədəbiyyatlarının bir-birini anlamalarına və dialoquna şərait yaradır. Müasir Azərbaycan ədəbiyyatında belə yüksək istedada malik, vətən sevgisilə yaşayan, dəyərli əsərlər yaradan "ikiqanlı" bir ədibimiz var. O, artıq yetmiş ilə yaxındır ki, ruh yüksəkliyi ilə "rus qızlarının gümültülərini və Asiya qızlarının şən nəğmələri"ni oxuyur və çəkinmədən bu barədə öz şeirlərində fəxrlə deyir:
Ni dvuəzıkoy, ni dvukrovkoy
Ə nazıvatğsə ne boösğ...
Ujelğ boösğ, çto çernoy korkoy
Ə k xlebu belomu leplösğ?
(Alla Axundova. "Sveça". Stixi. Baku, "Azerneşr", 2007. S.28. 192 s.)
Sətri tərcümə:
Nə ikidilli, nə ikiqanlı
Adlanmaqdan qorxmuram...
Məgər qorxaram ki, qara qazmağımla
Mən ağ çörəyə yapışam?
Alla Axundova Azərbaycan dilinin daşıyıcısı deyil, onun dil bilgisi şairəyə doğma dilimizdə poetik nümunələr yaratmaq imkanı vermir. Lakin o, Azərbaycan dilini fəal istifadəçi səviyyəsində yetərincə öyrənib. Rus dilində təhsil alsa da, yaradıcılıq prosesində ədibin təxəyyülündə doğma yurdun, xalqın folkloru, realiləri dolaşır, yeri gəldikcə bunlar şüuraltı qatdan süzülüb yazı dilinə müdaxilə edirlər. Məhz belə yaradıcılıq təzahürünü "şüuraltı bilinqvizm" adlandırmaq olar. Alla Axundovanın poeziyasında "müləmmə" xarakterli bilinqv örnəklər arasında "Xoş gördük" şeiri orta əsrlərdə rast gəlinən mənzum lüğətlərə bənzəyir. Orta əsrlərdə Yaxın Şərqdə, həmçinin Azərbaycanda uşaqlara xarici dili daha asan öyrətmək üçün nəzmlə yazılmış mənzum lüğətlərdən istifadə edilib. Bu zaman şeiri əzbərləyən uşaq həm xarici dildəki sözləri, həm də onların doğma dildəki qarşılığını asanlıqla yadda saxlayırdı. Alla Axundova da özünün Vətən sevgisini məhz bu cür "bilinqv lüğətin" köməyi ilə izhar etmişdir:
Zdravstvuy, qora - "daq",
Zdravstvuy, reka - "çay",
Zdravstvuy, vetka - "budaq",
...Slışitsə v slove - "yol"?
"Yol" - gto znaçit putğ,
"Yol" - gto znaçit budğ.
"Yol" - gto znaçit vseqda...
(Alla Axundova. Otkrıtki s vidami. Stixotvoreniə. Moskva, "Stilistika", 1999. S. 20. 112 s.)
Şeirin ilk misraları tam bir mənzum lüğət təsiri bağışlayır və müəllif salamlaşdığı "dağ", "çay", "budaq" sözlərinin rusca tərcüməsini - qarşılığını da verir. Son bənd də qüvvətli vətənpərvərlik notları ilə yadda qalır və müəllifin duyğularının səmimiliyinə şübhə yeri qoymur:
O net, ne zabıla ə,
Çto gta zemlə - moə,
Çto gto otvet: "ay djan!",
Çto gto Azerbaydjan!"
(Yenə orada. S.210.)
Sətri tərcüməsi:
Ey, yox, unutmadım mən,
Ki bu torpaq -mənimdir,
Ki bu cavab: "hay candır!",
Ki bu Azərbaycandır!
Alla Axundovanın yaradıcılığında yer adlarının şəxsləndirilməsi yolu ilə "coğrafi bilinqvizm"lər də yaradılmış və onların bəlli sətiraltı mənalarının assosiativ anlamları şairənin vətənpərvərlik hisslərinin ifadəsinə çevrilmişdir. "Doğma dilə tərcümələr" (Yenə orada. S.30) şeirində müəllif Krımla bağlı təəssüratlarını ifadə edir, hər hansı coğrafi obyektin adının başqa dilə tərcüməsini özgələşmə, yadlaşma, qəribsəmə kimi mənalandırır: "Qaradağ"ı - "Çernoqorye", "Qara dəniz"i - "Çernomorye" adlandırmağın əleyhinə çıxır, bununla yerlərin identikliyinə xələl gəldiyi, azadlıqlarının, özgürlüklərinin əllərindən alındığı fikrini irəli sürür. Müəllifə görə, yüz illər boyu "tatar"ca danışan Qara dənizi anlamaq üçün onun dilini bilmək gərəkdir...
Nəsri. İndiyəcən Alla Axundovanın üç nəsr kitabı nəşr olunub: "Şərikli çörək" (Alla Axundova. Xleb porovnu. Rasskazı i povesti. Baku, "Əzıçı", 1984. 236 s.), "Üzün ifadəsi" (Alla Axundova. Vırajenie liüa. Pətğ povestey. Moskva, "Sovetskiy pisatelğ", 1984. 334 s.), "Böyük Arişa" (Alla Axundova. Bolğşaə Arişa. Povesti. Moskva, "AATRONİK", 2009. 202 s.). "Şərikli çörək" kitabında toplanmış hekayə və povestlərin bədii materialını əsasən müəllifin Böyük Vətən müharibəsi illərindəki uşaqlıq təəssüratları təşkil edir. Bu əsərlərdə həm də müharibədən dərhal sonra başlanan nəhəng bərpa dövründə Bakıda cərəyan edən bir sıra maraqlı hadisələrin təsviri də yer almışdır. "Üzün ifadəsi" kitabındakı povestlər nasirin uzunmüddətli həyatı müşahidələrindən rişələnərək onun ətraf aləmə, tez-tez rastlaşdığı müasirlərinə, onu əhatə edən sosial mühitə diqqətli baxışını əks etdirən fəlsəfi-psixoloji yönümlü hekayətlərdən ibarətdir. Alla Axundovanın nəsr dili rəvanlığı, səlistliyi, lakonikliyi, dolğun fikir tutumluluğu və poetik nəfəsi ilə diqqəti cəlb edir, bu əsərlərin birnəfəsə oxunuşunu şərtləndirir. Hər iki kitabdakı nəsr nümunələrinin milli kolorit və tolerantlıq tarazlığı baxımından da maraqlı və özünəməxsus cəhətləri mövcuddur.
(Davamı gələn sayımızda)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
