"Kitabi-Dədə Qorqud" dastanları və çağdaş Azərbaycan şeirində K.Abdulla "gizlinləri" - Yeganə İSMAYILOVA

 

"Sirr nə vaxtsa açılacaq sirdisə, heç əvvəldən yaranmayıb sirr kimi". "Həyat insanın qara boşluq adlanan kainatla sonsuz oyunudur". "Mənim hüququm həm də düşüncə və fantaziya sərbəstliyimdədir. Bu mənim ədəbi azadlığımdır, özgürlüyümdür".

"Sevimli əsərlərim "Dədə Qorqud dastanları" və "Don Kixot"dur"...

"Yeganə, vahid oxunuş hər hansı, xüsusilə də, "Dədə Qorqud mətninin təbiətinə əzəldən yaddır. Yeganəlik əlahiddəyə gətirən yoldur. Oradan da büt qayırmağa bir addım qalır.

"Mən "Kitabi-Dədə Qorqud"un söz lüğətini hazırlamışam"...

K.Abdulla

 

"Kitabi-Dədə Qorqud" Kamal Abdullanın istər elmi, istərsə də bədii yaradıcılığında mühüm yer tutur və sənətkarın bu mövzudakı bədii yaradıcılığı öz müasirlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir, lakin yazıçının elmi yaradıcılığı bədii yaradıcılığından erkəndir. Yazıçı-dramaturq, dilçi-alim, akademik Kamal Abdulla "Kitabi-Dədə Qorqud" dastanlarını hamıdan fərqli oxumağı bacarır və başqalarının fikir vermədiyi "gizli" məqamları tutub, onların ardınca mətnin daxili aləminə, dərin qatlarına, mətnaltı deyilən məkana enir. Yazıçı-tərcüməçi, akademik K.Abdulla üçün eposun mətnaltı "sirlər" dünyasına gedən yol dastanın dilindən başlanır və "Kitabi-Dədə Qorqud" iki səviyyədən ibarətdir: adi gözlə görünən və görünməyən səviyyələr. Müəllif onlardan birini "ifadə planı", ikincisini "mahiyyət planı" adlandırmışdır, ifadə planı hamının görüb bildiyi "Kitabi-Dədə Qorqud", mahiyyət planı isə özünün adlandırdığı kimi "Gizli Dədə Qorqud"dur.

Gözəl şairimiz Vaqif Bayatlı Odər yazır ki: "K.Abdulla elə ilk şeirlərindən sübut elədi ki, o, nəinki necə yazmağı çox gözəl bilir, hətta hər səsin, hərfin üstündə indiyə qədər heç bir şairin əsə bilməyəcəyi qədər əsir və indiyə qədər heç kəsinki olmayan səslərə "mənim ol" deyir və onlar onun şeiri olur. İstər bu mənada, istərsə də çox misraları, şeirləri iç mənzərələrilə Kamal Abdulla mənim ən doğma şairimdir". "Günahı etiraf etməyin dili şeirdir". Etiraf edən hökmən şeirlə danışır.

Akademik K.Abdulla "Kədərli seçmələr"də "Sirr içindən nəğmələr" başlığı altında 4 nəğmə verir və bu nəğmələr sənətkar üçün tarixin və zamanın, keçmişin, bu günün və gələcəyin bir-birinə qovuşduğu sehrli və müqəddəs məkandır.

1. Dədə Qorqud: "Mənlik deyil".

2. Boğarca Fatma: "Ümid qaldı sabaha".

3. Dədə Qorqud: "Mən nə edim?!"

4. Bəkilin xatunu: "Dilim, dilim, vay dilim..."

K.Abdulla sərbəst düşüncə tərzinə malik müasir yazıçıdır. O, dastandan gələn süjet və obraz qəliblərinin alt qatına - mahiyyət planına enmiş, eposdan bizə məlum olan obrazları öz əsərlərində fərdi psixoloji portretlərin daşıyıcısı kimi təqdim etmişdir. Onun yaradıcılığı sübut edir ki, "Kitabi-Dədə Qorqud" bir epos kimi milli düşüncəmizi tarixin bütün zamanlarında aktual saxlayacaq.

Dədə Qorqud bir el ağsaqqalı, elin bilicisi, dərd-sirr yeri, insanın dar ayağında, elin, yurdun çətin günündə dada çatan, milli mənlik və  kimliyin qaynağı, güvənc yeri, yurd yerinin xeyir-bərəkəti, yurd ocağının hamisi, milli soykökün iftixarı, yurd insanının ömrünü mənalandıran müqəddəslik məqamı, insanın ruhani-mənəvi rahatlıq qaynağı, dünyanın pozulmuş düzəninə harmoniya gətirən müdrik, ən başlıcası isə şeir-sənət hamisi, qəlbə, könülə, təxəyyülə ilham verən pir-ozan kimi tərənnüm olunmuşdur. Dədə Qorqudun Kamal Abdulla şeirlərində əksini tapmış obrazı son dərəcə geniş məna tutumuna malikdir. Lakin diqqəti cəlb edən Dədə Qorqud obrazının bu genişliyindən daha çox, ümumiləşən cizgilərinin arxaik-milli tipologiyasıdır. Əsas məqam ondan ibarətdir ki, Qorqud atanın bu obrazı onun mənbələrdən bizə məlum olan arxaik semantikası ilə üst-üstə düşür. Yəni bu oğuz ozanının çox qədim zamanlarda arxaik düşüncədə mövcud olmuş, sonra aktiv yaddaş üçün unudulmuş və indi tədqiqatlar yolu ilə üzə çıxan obrazının cizgiləri sanki müasir Azərbaycan şeirinə yayılmış, canına, ruhuna hopmuşdur. Kamal Abdulla şeirlərində Dədə Qorqudun milli yaddaşla bağlılığı, bu yaddaşın başlanğıcı və əsas atributu kimi tərənnüm olunması bu obrazın arxaik-mifoloji düşüncədəki semantikası ilə tam təsdiq olunur.

"K.Abdulla əsərlərində əsas konflikt Miflə Yazının münasibətləridir..." K.Abdulla etiraf edir ki, "Dədə Qorqud" kitabı nə qədər aşkarlanırsa, o biri tərəfdən yenə də tül pərdəyə bürünür, sirlər açıldıqca, yeni sirlər aşkarlanır. Ya milli yaddaşımızı daim bərpa edəcəyik, soyumaq bilmədən, boşalmaq bilmədən, dayanmaq bilmədən və bu yaddaşımızda "Dədə Qorqud" axtarışları, "Dədə Qorqud" yazıları, "Dədə Qorqud" təcəssümləri ən mühüm yer tutacaq, ...ya da milli huşsuzluğun "qara dəliyi"nə yuvarlanacağıq.

"Gizli" sözü yeni-yeni mənaların sonsuzluğuna, deyilmiş sözün hələ deyilməmiş mənasının ortaya çıxarılmasına işarədir. Müəllif "gizli" məqamların birini belə açıqlayır:

"Dastanda Beyrək ölüm ayağında naiblərinə belə deyir: "...özünüzü Qazan xana yetirin, dayın Aruz Beyrəyi öldürdü deyin. Aruz oğlu Basat gəlmədən, elimi-obamı, qızımı-gəlinimi əsir edib aparmadan (!!!) Qazan özünü mənə yetirsin". Beyrəyin qatilinin Basatın atası Aruz Qoca olduğunu da nəzərə alsaq, əlavə şərhə ehtiyac varmı?!"  

 

Qisas dedi bəy yigidim,

Beyrək qisas dedi getdi.

Aman dedi, Salur Qazan,

qisasım al.

Bir də dedi:

Əlim yaxasında Qazanın olsun,

qiyamət günü almazsa qisasımı.

Taxsırlar Qazanın olsun,

almazsa qisasım dedi.

Bir də dedi:

Az qalıb qiyamət gününə,

Bu boyda toya-düyünə

Üç-beş namərdin küyünə

Min igidlik yas düşəcək.

 

***

Salur Qazan,

bu qan səni tutar ola,

sən Aruza can dadlısın göstərməsən.

Salur Qazan,

elin-yurdun batar ola -

istərmisən?

Qız-gəlinin göy üzünə qatar ola -

istərmisən?

Qiyamətin bir günündə

Beyrək sənin boğazından

dartar ola -

istərmisən?

Bu qan səni tutar ola,

Sən Aruza can dadlısın göstərməsən.

 

Akademik K.Abdulla poeziya ilə bağlı düşüncələrini bölüşdürərkən yazır: "Kədərli seçmələr"də bir səhvim olub ki, bəlkə də, hər nəğmənin əvvəlində mən o mənzərəni necə gördüyüm barədə gərək izahatvari bir şey yazaydım. Bəlkə də "Sirlərin sərgüzəşti"ndən uyğun yerlərə istinad edəydim. Bunu etməmişəm. Lazım bilməmişəm. Bəlkə də, o vaxt bu, ağlıma gəlməyib. Qoy kimə xoşdu, inansın mənim uydurmama. Təkzib etmək ki, mümkün deyil. Ola da bilər, olmaya da bilər. Mən deyirəm - olub.

O biri nəğmələr də təxminən, bu tipli "uydurmalar"a (bəlkə fantazilərə, bəlkə  oyunlara?) söykənir. Beyrəyin ölüm səbəbindən tutmuş, Oğuzdakı casusa qədər, Təpəgözün sirrindən Dədə Qorqudun və Baybecan məliyin Şöklü Məliklə "sazişi"nə qədər, Dəli Qarcarın Dədə Qorquda qarşı etik, mənəvi, hətta hüquqi qanunlara zidd hərəkətlərindən tutmuş, Boğazcanın "dumanlı" keçmişinə qədər, əlbəttə və əlbəttə, mənim uydurmalarımdır. Bəlkə, bu uydurmalar mənim öz-özümlə oyunumdur?! Bir şeyi də açım deyimmi?! Bu uydurma-oyunların sayı artmaqdadı, onlar bu gün də davam edir".

Kamal Abdullanın şeiri nəsrini tamamlayır, nəsri ədəbi düşüncələrini...

Məqaləni K.Abdullanın sözləri ilə bitirirəm:

"İnam, şübhə və günah - yazmaq üçün bundan artıq bir şey lazım deyil. Bu dünyaya baş vurdunsa, geriyə qayıtmaq mümkünsüzləşir - qərq edəcək. Sənət dünyasının dərinliyi Aidin yeraltı səltənəti kimi ölüm və qaranlıqdan yox, işıq və sevgidən ibarətdir. K.Abdulla özü üçün yazan yazıçıları daha səmimi hesab edir. Ədəbiyyat məqamlardan ibarət bir ruhi, mənəvi prosesdir. Ruhən doğmalar bir-birinin yanında durmağı bacarmalıdırlar.

Səmimiyyət nədir? Sənin içinlə içindən alıb köçürdüyün yazı arasında ziddiyyət olmamalıdır. Ədəbiyyatımızda bir hiss çatmır. Günah... "Kitabi-Dədə Qorqud" dastanlarındakı Təpəgöz obrazı bütün ədəbiyyatımızda ilk və son qəhrəmandır ki, əsl günah hissini, ancaq çox gizli şəkildə yaşayır. Biz hələ də miflərin buxovundayıq. Biz hələ də Kopernik kimi düşünüb, Ptolemey kimi danışırıq. "Günəş çıxdı, Günəş batdı" deyirik. Günəş isə nə çıxır, nə də batır. Yer kürəsi özü günəşin ətrafında  fırlanır. Babəkə ulu babamız deyirik - islama sitayiş edirik, Koroğlunun nəvələriyik deyirik - halbuki Koroğlu əslində dövlətçiliyə, öz xanına (nə qədər pis olsa da) qarşı çıxan asidir. Şah İsmayılı büt edirik - türkçülüyümüzü öyürük. Sabiri də sevirik, Cavidi də. Bunlar eyni zamanda ola bilməzlər. Həyatı doğru əks etdirən ədəbiyyat - nəyimə lazımdır? Mən onsuz da informasiyanı həyatdan və tarixi kitablardan öyrənə bilərəm. Nitsşe deyir ki, incəsənət, o cümlədən, ədəbiyyat bizə ona görə verilib ki, biz həqiqətin əlində məhv olmayaq. Deməli, ədəbiyyat - həqiqətlə, həyatla mübarizə vasitəsidir. Qanlı Troya müharibəsi olmasaydı, Homerin "İlliada"sı yaranmazdı. Bizim zəmində yada "Kitabi-Dədə Qorqud" düşür. Ədəbiyyat heç vaxt xalq üçün, yəni oxucu üçün yaranmır. Əsər xalq üçün yazıla bilər, amma xalq üçün yaranmaz.

Dünyada yeni olan heç nə yoxdur. Hər bir yeni yaxşı unudulmuş köhnədir."

Kamal müəllimə möhkəm cansağlığı, uğurlar arzu edirəm. Yazın, yaradın, Kamal müəllim!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!