Azərbaycan dilinin orfoqrafiya lüğətində əbədi sözü ilə kökdaş, mənşə etibarilə ərəbcə olan bir abidə kəlməsi var. Bu söz bir çox məna çalarına malik olsa da, əsasən, heykəltəraşlıq sənətində işlənir. Görkəmli tarixi şəxsiyyətə, eləcə də ictimai, siyasi, milli əhəmiyyətli bir hadisəyə xatirə olaraq ucaldılan heykəl abidə mənasında anlaşılır. Yaşam mədəniyyətinin nişanəsi olan milli ornamentli qədim bir tikili də özlüyündə abidə adlanır. "Abidə" sözü məcazi mənalarda da işlənilir. Mükəmməl bir sənət əsərinin, yaxud hadisənin böyük təsir gücünə malik olması, insanlarda heyrətamizlik kəsb etməsi onun ictimai fikirdə abidə kimi dəyərləndirilməsini ehtiva edir.
Bu yazıda məqsədimiz çağdaş dövrün söz yaddaşında məcazi, həm də müstəqim mənada milli-mənəvi-tarixilik baxımından ədəbi, elmi ictimaiyyətdə sevgi və qədirdanlıqla qarşılanan bir neçə abidədən bəhs etməkdir. Bu abidələrin yaradıcısı, müəllifi filologiya elmləri doktoru, professor Abid Həmid oğlu Tahirlidir. Onun abidələri Azərbaycan mətbuatı tarixində (xüsusən də, mühacirət mətbuatında) həmişəyaşarlıq qazanmış ədəbi şəxsiyyətlərin şərəfli həyat yolunu, yaradıcılıq istiqamətlərini, mətbu fəaliyyətini, siyasi baxışlarını, türkçülük ideyalarını, maarifçilik görüşlərini... köklü şəkildə araşdırdığı, təhlil süzgəcindən keçirərək tədqiqat postamentində ucaltdığı əvəzsiz və möhtəşəm əsərlərdir. Etiraf edim ki, Abid müəllimin mövzuları, yaradıcılıq diapozonu, toxunduğu problemlərə baxış bucağı o qədər geniş, əhatəli, çoxistiqamətli və zəngindir ki, sözə hardan və nədən başlamaqda çətinlik çəkirəm. Yaxşı ki, müxtəlif vaxtlarda professorun mətbuatda dərc olunmuş çoxçeşidli, çoxşaxəli yazılarını izləmişəm. Və oxuduqlarımdan belə qənaətə gəlmişəm ki, Abid Tahirlinin bütün əsərləri sanbalı, dolğun araşdırma-təhlilləri, özünəxas tədqiqatçı üslubu ilə yazıldığından cəfakeş alimi müasir ədəbiyyatşünaslığın mənəvi sütunlarından hesab etmək doğru olar...

***
Milli azadlıq hərəkatının geniş vüsət aldığı, xalqın öz müstəqilliyini qazanmaq niyyətilə Meydana axışdığı vaxtlarda o, gənclik köynəyindən təzəcə çıxmışdı. Zehni aydın, düşüncəsi iti, ədəbi yaddaşı güclü idi. Zamanın doğurduğu mövzular, ölkədə baş verən siyasi hadisələr, milli oyanış dövrünün insan şüurunda yaratdığı yeni düşüncə forması Abidin qələmində böyük cəsarətlə ifadə olunurdu. Bu, o zamandı ki, əlahəzrət Söz yeni məzmun kəsb etdiyindən təsiri də güclü idi...
Abid Tahirli yaradıcılığa məktəbli çağlarından könül versə də, sonralar Bakı mühiti, Meydan hadisələri onu cəsarətli, vətənpərvər publisist kimi yetişdirdi. Xalqın düşdüyü vəziyyəti ürək ağrısı ilə duyması, hadisələrə vətəndaş mövqeyindən yanaşması jurnalistin bütün yaradıcılıq imkanlarını üzə çıxardı. Bu da elə bir vaxtdı ki, Vətəni azad, müstəqil görmək istəyi ilə meydana axışanların ardı-arası kəsilmirdi. Analitik düşüncəyə malik olan gənc Abid də baş verən hadisələrə həssaslıqla, ürək ağrısı ilə yanaşır, görüb-eşitdiklərinə sərrast sözü ilə ciddi münasibət bildirir. Onun həmin hadisələrdən bəhs edən bir çox yazılarını meydanın içindən qələmə aldığı reportaj da adlandırmaq olar. "Xalq tələb edir, haqsızlığa son qoyulmalıdır" kimi çağırışları xalqı daha da coşdururdu. Azərbaycanın düşdüyü ağır vəziyyət, Vətən dərdləri, insanların acınacaqlı halı qələmində dil açırdı.
Abid müəllimin həmin dövrün aynası timsalında qələmə aldığı publisistik yazıları ilə ilk tanışlığım dövrün ən cəsarətli mətbu orqanlarından biri, "Odlar yurdu" qəzeti və "Sözlə yarananlar, sözü yaşadanlar" kitabı oldu. Ermənilərin içimizdə davamlı olaraq törətdiyi vəhşiliklər, ölümlə nəticələnən hadisələr, 1990-cı ilin Yanvar qırğınları... Həmin vaxtlar Abid müəllimin səsi Ağdamın Mərzili, Novruzlu, Kərkicahan, Qaybalı... kəndlərindən gəlir, ordakı vəziyyətdən, ermənilərin törətdiyi qırğınlardan, sakinlərin əhvalından, gördüklərindən ürək ağrısı ilə məlumat verirdi. Qələmindən od püskürən bu gəncin hadisələrə yaşından, başından böyük və güclü olan düşüncə tərzi, sərrast baxışlarının səssiz harayı ilə qələmə aldığı məqalələri Meydanda əldən-ələ gəzirdi. Çünki, Abid Tahirli qətiyyətli, əqidəli qələm sahibi kimi həqiqəti öz rəngində görür, hadisələri düzgün qiymətləndirməyi bacarırdı.
Milli ideologiyanı mətbuatda təbliğ etməsi, xalqın azadlıq amalı ilə yaşaması siyasi hadisələrə baxışlarının yetkinliyini göstərirdi. Abid müəllimin bu istiqamətdə ərsəyə gətirdiyi qələm məhsulları "Vətən" Cəmiyyətində, "Odlar yurdu" qəzetində fəaliyyət göstərdiyi vaxtlarda özünü aydın şəkildə büruzə verir. O dövrdə "Vətən" Cəmiyyətinin xarici ölkələrdə yaşayan həmvətənlərimiz arasında gördüyü işlərdən bəhs edən jurnalist yazırdı: "Vətən" cəmiyyətinin fəaliyyəti bilavasitə həmvətənlərlə mədəni əlaqələrlə bağlı olsa da, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, xüsusilə də Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr haqqında beynəlxalq ictimaiyyətə operativ və obyektiv məlumat ötürür, xaricdə Azərbaycan həqiqətini yayır, mövcud informasiya blokadasını yarmağa çalışırdı..." Bu fikirlər həmin dövrdə bəzi mühüm məqamların diqqətə çatdırılması baxımından xarakterikdir. Belə ki, xalqın milli oyanış dövründə ictimai şüurun dirçəlişi və yenilənməsində "Vətən" Cəmiyyəti mühüm işlər görmüşdür. Gənc jurnalist Abid Tahirli yeni epoxaya keçid mərhələsində bu hadisələrin gerçək üzünü projektor işığında aydınladan materiallarla həmin dövrün tarixinin yazılmasında iştirak etmişdir. Başqa bir tərəfdən, onun mühacirət mətbuatına marağı "Vətən" Cəmiyyətinin xarici ölkələrlə əlaqəsi dövründə, "Odlar yurdu" qəzetində çalışdığı vaxtlarda yaranmışdır. Həm də bu, adi maraq deyil, ömrü boyu onu bu sahədə araşdırmalar aparmağa, bir faktın, sənədin izi ilə başqa ölkələrin arxiv və kitabxanalarında işləməyə sövq etmişdir. Nəticədə müəllif bir-birindən maraqlı milli, ictimai əhəmiyyətli mövzulara işıq salaraq böyük yola qədəm qoymuşdur. "Odlar yurdu", "Vətən" cəmiyyətində fəaliyyəti gənc jurnalistin yaradıcılıq potensialını üzə çıxarır. Müəllif bütün araşdırmalarını ilkin, orijinal əlyazmalar, tarixi sənədlər, klassik mətbuat səhifələrindəki mətnlər, səhih, mötəbər mənbələr əsasında aparır.
Qeyd etdiyimiz kimi, prof. Abid Tahirlinin ədəbi, elmi yaradıcılığında mühacirət mətbuatı və ədəbiyyatı başlıca yer tutur. Belə ki, o, həyatının ən məhsuldar dövrünü mühacirətdə yaşayan görkəmli siyasi xadimlərin, tarixi şəxsiyyətlərin irsinin tədqiqinə həsr edib. Tədqiqatçının mühacirət mətbuatı tarixinə verdiyi töhfələri böyük dəyərlər məcmusunda qiymətləndirən xalq yazıçısı Elçinin bu fikirlərinə diqqət edək: "Abid Tahirli bir çox məqalələrin, kitabların müəllifi kimi tanınmış bir publisist olmaqla bərabər, bu gün mühacirət problemləri, xüsusən, mühacirət mətbuatı sahəsində, bizim mühacirətdə yazıb-yaradan Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Şəfi bəy Rüstəmbəyli və b. mütəfəkkirlərimizin, lazımınca tanımadığımız və qiymətləndirmədiyimiz qələm sahiblərinin fəaliyyətinin və yaradıcılığının öyrənilməsində tanınmış bir mütəxəssis tədqiqatçıdır". Biz də bu qənaətdəyik ki, Azərbaycan mühacirət mətbuatı onun tədqiqatlarında mövzularının ciddiliyi, dərinliyi ilə diqqət çəkir. Araşdırmalar, etibarlı məxəzlər, klassik mətbuatda, ümumən çoxlu sayda qəzet, məcmuə materialları üzərində apardığı araşdırmalar gördüyü işə bütöv, həm də məsuliyyətlə yanaşdığını göstərir. Əsas olan budur ki, tədqiqatçı ilkin mənbələrlə işləyir və mövzu ilə əlaqədar digər mətbuat xadimlərinin də fikirlərinə həssaslıqla yanaşaraq, münasibət bildirir, müqayisələr aparır. Müəllif ciddi, əhatəli araşdırma materiallarının əsasında yaratdığı abidələri mükəmməl formada meydana gətirir. Heç şübhəsiz, alimin əsərləri bu gün də, sabah da tədqiqatçılar üçün ciddi mənbələr statusundadır. Tədqiqatçı-alimi ilkin mənbələrlə işləməkdən ötrü uzaq məsafələr qət etməyə sövq edən əlbəttə ki, Vətəndən ayrı düşmüş aydınlarımızın qürbət ellərdə Azərbaycanın intibahı naminə, milli qeyrət hissilə gördüyü işləri, mətbuat tariximizə xidmətini gələcək nəslə çatdırmağı özünün mənəvi borcu hesab etməsidir. Bu yerdə onu da deməliyik ki, Abid Tahirlinin elmi əsərlərinin dili, araşdırma metodu, müqayisə üsulları, ilkin məxəz-mənbələr, sənədlərlə işləməsi tarixiliklə müasirliyin qarşılaşdırılması prinsipinə əsaslanır. Tədqiqatçı mühacirət jurnalistikası tarixində yer almış mühacirət mətbuatının inkişaf meyillərini, mərhələlərini, publisistikasının sənətkarlıq xüsusiyyətlərini, məcmuə və qəzetlərin aparıcı mövzularını zaman-zaman yeni faktların işığında tədqiq edib.
Qeyd etdiyimiz kimi, prof. Abid Tahirlinin elmi, ədəbi yaradıcılığının əhatə dairəsi çox genişdir. Bu baxımdan bir məqalədə tədqiqatçının mətbuat tariximizə, ədəbiyyatşünaslığa gətirdiyi elmi yeniliklərindən geniş şəkildə bəhs etmək mümkün deyil. Onun yaradıcılığı bir neçə elmi, monoqrafik əsərin mövzusudur. Digər tərəfdən, Azərbaycan mətbuatının, xüsusən də mühacirət mətbuatının öyrənilməsi, yeni istiqamətdən tədqiqi bu sahənin bilicisi olan görkəmli tədqiqatçı-alim Abid Tahirlinin açdığı böyük yoldan keçir...
(Davamı gələn sayımızda)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
