Arif Buzovnalıya vida - Vaqif Yusifli, Vüsalə Musalı və Əsəd Cahangirin yazıları

"Ey bəlakeşlər, sizə həmdərd olan Arif mənəm"

Hacı Arif Buzovnalının əziz xatirəsinə

 

"Ölüm var ki, həyat qədər dəyərli" - Hacı Arif Buzovnalının uzun sürən xəstəlikdən sonra dünyasını dəyişməsi məni də sarsıtdı və indi onunla belə vidalaşmağımı heç cür ağlıma gətirə bilmirəm. Mikayıl Müşfiq Cəfər Cabbarlının vəfatına bir şeir həsr etmişdi. "O ki söz atından tərpəndi, düşdü, Sanki şeirimizin bir bəndi düşdü". Arif Buzovnalı itkisiylə də qəzəl ədəbiyyatımızın bənzərsiz bir şairini itirdik. Əruzu təbliğ etməkdən yorulmayan, Bakı-Abşeron şeir mühitində onlarla qəzəlkeş cavanları ətrafına toplayıb saatlarla onlara müəllimlik etməkdən zövq alan, bu müəllimliyini naşirlik-redaktorluq fəaliyyəti ilə birləşdirib "Xəzər təzkirəsi" toplusunu tərtib edən Arif deyildimi? Heç elmlər namizədi olmadan klassik poeziyamızın bir çox problemlərini araşdıran, ürfan, sufi poeziyasını incəliklərinə qədər mənimsəyən Arif deyildimi? Dini dəyərləri, "Quran" təfsilələrini də mükəmməl mənimsəyən və poeziya ilə dini dəyərləri vəhdət halında işıqlandıran Arif deyildimi? Və bütün bunlar onun Qəzəlxan missiyasını daha geniş anlamda dərk etməyə gətirir bizi.

Neçə əsrdir ki, Azərbaycan şeirinin Qəzəl deyilən bir gözəli, bir əfsunçusu var ki, biz onun tilsimindən, sehrindən qurtula bilmirik və qurtulmaq da istəmirik. Zaman dəyişir, ədəbiyyatda yeni cərəyanlar, yeni poetik formalar meydana gəlir, şairlər yeni ideyaların bədii təcəssümünə can atır, qəzəl isə öz taxt-tacını, əbədi yaşam haqqını itirmir. Olsun ki, zamanın hansı dönəmindəsə qəzəl bir qədər arxa plana keçir, hətta "köhnəlik" nümunəsi elan edilir, amma yenə boy göstərib öz missiyasını yerinə yetirir. Bu gün - XXI əsrin birinci çərəyində qəzəl özünün yeni bir dövranını yaşayır. Amma qəzəli eksperiment xatirinə yazanların qələmində yox, onu mükəmməl dərk eləyib hünər göstərənlərin qələmində sevirik. Heç şübhəsiz, Hacı Arif Buzovnalı Əliağa Vahiddən, Hacı Maildən, Hacı Ələmdardan sonra "Qəzəl bildirir şairin qüdrətin" kəlamının layiqli icraçılarından biridir. Arif qəzəlin şəklini çəkmirdi, özünü yaradırdı.

 

Atəşi-eşqə yanan hər kəs demə pərvanədir,

Hər səsi bənzətmək olmaz bülbülün əfqanına.

Aşiqi-nalan cahan içrə həmin hal əhlidir,

Şövq ilə kafər də olsa lütf edər mehmanına.

Eşq ilə İsa dəmiylə Azərə can bəxş edən,

Eşq idi göndərdi Musanı Xuda ünvanına.

Eşq idi məqsəd Məhəmməd Mustafa meracına,

Eşq idi ilkin səbəb Şahi-Şəhidin qanına.

Arifa, gəl əhli-eşqəm söyləməkdən ar elə,

Vəsli yarə yetməz aşiq dözməsə hicranına.

 

Göründüyü kimi, Hacı Arif eşqi və aşiqliyi bir dairədə götürmür, çoxçalarlı bir məfhum kimi mənalandırırdı. Eşq və Aşiq kəlmələri mənaca müxtəlif və zəngindir. Bu Aşiq dünyanı dərk etməyə, onun sirlərinə vaqif olmağa can atır. Həyatdakı, aləmdəki dəyişmələr, insan dünyasının təzadları, iman və din məsələləri... bütün bunlar Hacı Arifin yalnız eşq tematikasına qapılmadığını göstərir. Deyir ki: "İnsanda artmış iştəha, dünya malı candan baha, Məcnun və Leyla yox daha, səhra həmin səhra deyil. Nəfəs ilə göz olmuş taraz, dürr axtaran çox. Dərinləri olmuş dayaz, dərya həmin dərya deyil". Deməli, dünyadan eşq dolu zərrələr əksilmiş, həyatın, gözəlliyin məna və mahiyyətinə xələllər gəlmişdir. Və deyəndə ki:

 

Fani dünyada bəşərdən mehribanlıq görmədim,

Etinasızlıqdan üstün bir yamanlıq görmədim.

Xoş günümdə vermək baş-başa yaddır mənə,

Gənc yaşımda dərdgir oldum, cavanlıq görmədim.

Qan deyib meydanda gərdiş eyləyən çox,

Kimsədə pəhlivanlıq gördüm, amma qəhrəmanlıq görmədim.

 

Əlbəttə, Hacı Arif də ustad qəzəlçilərin o ənənəsinə sadiq qalır, Nəsimi, Füzuli, Seyid Əzim Şirvani,Vahid kimi zamanın, yaşadığı dövrün onun mənəvi dünyasına kəskin reaksiyasını etirazla qarşılayırdı. Arifin qəzəlləri o ustad sənətkarların dövrə, zəmanəyə qarşı etirazlarının yeni əsrimizdə, bəlkə sonuncu meydangirliyi idi.

 

Ayrılıq dərdin vüsal zövqündən üstün bilmişəm,

Dost olub duşmanıma, dostumla düşmən olmuşam.

Yad edib Leylaları, sinəmdə Məcnunlar gəzər,

Bağrı göz yaşı ilə doymuş biyaban olmuşam.

Mən də dünya görmüşəm, azdırma, ey dünya, məni,

Çox müsibətlər çəkəndən sonra insan olmuşam.

 

Hacı Arif Azərbaycan qəzəlinin yeni dönəmində ən yaxın dostu İlqar Fəhmi ilə birgə onun məzmun planına, forma strukturuna yeniliklər gətirirdi. Təbii ki, onun təsvir etdiyi Aşiq XXI əsrdə yaşayır. O, klassik eşq "nizamnaməsinə" sadiq olsa da, bu günün reallıqları içindədir. Və bu günün reallıqları XXI əsr insanının hiss və həyəcanlarını qəzəl formasında ifadə etmək tələb edir. Hacı Arifin qəzəllərinin dili və ifadə vasitələri də öz yeniliyilə seçilirdi. Son illərin qəzəllərində dil və ifadə vasitələri ilə bağlı iki fikir gündəmdədir. Birincisi odur ki, qəzəl gərək klassik nümunələrdə olduğu kimi, fars və ərəb tərkibləri ilə dolu ola. İfadə vasitələri də klassik poeziyada olduğu kimi sabit qala. İkincisi odur ki, qəzəl mümkün qədər fars və ərəb tərkiblərindən xilas ola, yalnız azərbaycanca yazıla, müasir oxucular onu asan anlasınlar, dərk eləsinlər. Hacı Arifin qəzəllərində bu iki tendensiya birləşir, amma əsas yeri bizim öz sözlərimiz təşkil edir. Təbii ki, indiki dövrdə, xüsusən, gənclərin klassik poeziyanı və qəzəli mənimsəməyə çətinlik çəkdikləri bir zamanda dilin sadəliyi əsas şərtdir, amma unutmayaq ki, qəzəl əsrlərdən bəri belə bir xüsusiyyətilə seçilmişdir ki, obrazlı fikir, sözün məcaziliyi ənənəvi kanonlarla bağlıdır. Bu kanonları qırmaq isə göründüyü qədər də asan deyil. Amma Hacı Arif yeni dövrün qəzəlini yaradanda klassika ilə müasirlik arasında körpü yaradırdı:

 

Könlündə vüsal nəğməsi vardırsa, sevirsən,

Sevda dolu qəlbin vardırsa, sevirsən.

Yox qorxusu yaş ötsə, xəzan tutsa vücudun,

Ruhunda bahar müjdəsi vardırsa, sevirsən.

Həsrətlə baxan gözlərinin səcdə zamanı,

Yarın qaşıtək qibləsi vardırsa, sevirsən.

Eşq içrə sevinc umma səadət günəşindən,

Üstündə qəmin kölgəsi vardırsa, sevirsən.

Arif, əsil aşiqdə, deyirlər, ağıl olmaz,

Səndə dəlilik rütbəsi vardırsa, sevirsən.

 

Onunla tanışlığım Hacı Ələmdar Mahirin rəhbərlik etdiyi "Məclisi-üns" verilişlərinin birində başladı. Klassik poeziyamızın təbliğinə həsr olunan bu veriliş bütün əruz heyranlarını öz ətrafına toplamışdı. Elə ilk tanışlıqda hiss elədim ki, bu cavan oğlan Füzulini və ümumiyyətlə klassikanı dərindən bilir. Özü də qəzəl yazır və demək olar ki, əruzu, onun bütün bəhrlərini çox gözəl mənimsəyib. Bu tanışlıq getdikcə səmimi dostluğa da çevrildi. Günlərin birində İTV-nin "Ustad dərsi" verilişində Əliağa Vahid yaradıcılığından ikilikdə söz açdıq. Amma mən onu təkcə qəzəlxan kimi deyil, həm də klassik poeziyanın, ürfan və sufi elmlərinin bilicisi kimi tanıdım. Keçən il "Azərbaycan" jurnalının sonuncu sayı Məhəmməd Füzuliyə həsr olunmuşdu və bu sayda Arifin "Nəsimi... Xətai... Füzuli..." məqaləsi də dərc edilmişdi. Və onda hiss elədim ki, Hacı Arif həm də orijinal düşüncələrə malik bir alimdir. Natiqliyinə də söz ola bilməzdi. Həm öz qəzəllərini, həm də Füzuli şeirlərini onun kimi ifa edən ikinci bir şəxs tanımıram.

Hacı Arif "Xəzər təzkirəsi" toplusunu ərsəyə gətirdi, bütün Bakı-Abşeron qəzəlçilərinin şeirlərindən nümunələr var o topluda. O toplunun son sözünü də Arif yazmışdı. Son sözdə ürəyindən keçən belə bir arzunu da ifadə etmişdi ki, Azərbaycan şeiri yeni Vahidimizi qazansın. Amma haqq naminə deyim ki, Hacı Arif Buzovnalının özü də qəzəl dünyamızda Vahid məktəbinin kamal mərtəbəsinə layiq bir üzvü idi.

Cəmi 53 il yaşadı Hacı Arif Buzovnalı. Vaxt tapmadı yazmaq istədiklərini yaza bilsin, amma yazdıqları da bir şair-alim ömrünü bu fani dünyada ölümsüzlüyə çevirdi.

 

Vaqif YUSİFLİ

 

***

 

Mən yox olmaqdan qaçıb, yoxluqçün ünvan olmuşam...

Arif Buzovnalı

 

Azərbaycan ədəbiyyatı 22 noyabrda ağır bir itki ilə üzləşdi. Şair, qəzəlxan, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri, klassik poeziya ənənəsinin müasir dövrdə yaşadılmasına özünəməxsus töhfə vermiş Hacı Arif Buzovnalı haqq dünyasına qovuşdu.

Arif Buzovnalı müasir Azərbaycan ədəbiyyatında klassik şeir estetikasını, xüsusilə, əruz vəznini, qəzəl janrını, ədəbi məclis ənənəsini yaşadan və inkişaf etdirən Bakı şairlərindəndir. Onun poeziyasında sevgi və eşq, vətənpərvərlik, dini, irfani düşüncə, ictimai-tənqidi baxış klassik poetik sistem daxilində yüksək bədii ifadəsini tapmışdır. Şair Azərbaycan poeziyasında ilk dəfə sərbəst əruzu tətbiq etməsi ilə də ədəbi prosesdə yeni mərhələ açmışdır.

Hacı Arif Buzovnalı yalnız fərdi yaradıcılığı ilə deyil, həm də təşkilatçı fəaliyyəti ilə seçilirdi. 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair, 2016-cı ildə təsis edilmiş Xəzər Yazıçılar Birliyinin, 2017-ci ildən isə "Poeziya klubu"nun sədri kimi klassik poeziya ənənəsinin müasir mühitdə yenidən formalaşmasına xidmət etmişdir. Onun ətrafında toplaşan gənc şairlər - Elsər Qədri, Kamal Hüseynzadə, Vəlixan Vəli, Zaur Rəxşan və başqaları qəzəl və klassik forma üzərində yeni yaradıcılıq istiqamətləri açmış, ustadın yaratdığı poeziya mühiti XXI əsr Azərbaycan şeirində mühüm hadisəyə çevrilmişdir.

Arif Buzovnalının yaradıcılıq irsi zəngindir. "Ömrün ötən anları", "Mərifətdən həqiqətə", "Səhərimə nə qalıb ki?", "Xəzərim", "Sarı güllər", "Vadi", "Qəzəllər" kimi kitabları, eləcə də "Xətai və Füzuli... Düşüncələr", "Nəsimi bir baxışda", "Qırx qəzəl - Qırx şərh", "Çün "əhsəni təqvim" idi" kimi məqalələri onun həm şair, həm də ədəbiyyatşünas təfəkkürünə malik olduğunu təsdiq edir. Xüsusilə, "Xəzər Təzkirəsi"nin tərtibi müasir dövrdə klassik şeir məktəbinin sənədli şəkildə qorunması baxımından mühüm elmi-ədəbi hadisə hesab olunur.

Arif Buzovnalının poeziyasında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Şair Təbrizi "şəhərlər şahı", "Şərqin rəşadət rəmzi" kimi təqdim edir, otuz milyon soydaşımızla bağlı milli yaddaşı dirçəldir, ictimai şüurun formalaşmasına töhfə verirdi.

2020-ci il Vətən müharibəsində qazanılmış qələbə onun poeziyasında yeni mərhələ yaratmış, həsrət notlarının yerini zəfər, qürur və dirçəliş ruhu tutmuşdur. "Zəngəzurdan məktub" kimi nümunələr bu dəyişimin poetik ifadəsidir.

Hacı Arif Buzovnalının yaradıcılığı ənənə ilə çağdaş düşüncənin sintezidir. O, əruzun rəməl, müzare, həzəc, müctəs, münsərih və xəfif bəhrlərindən ustalıqla istifadə etmiş, eyni zamanda heca və sərbəst vəzndə şeirlər yazaraq poetik əhatəsinin genişliyini nümayiş etdirmişdir. Bu xüsusiyyətlər onun həm klassik məktəbin davamçısı, həm də yenilikçi sənətkar olduğunu göstərir.

"Xatirə" rədifli qəzəlin məqtə beyti Arif Buzovnalının poetik özünüdərkini və sənətə münasibətini ən dolğun şəkildə ifadə edən nümunələrdəndir:

 

Arifin canı qəzəldir, canını qurban dedi,

Hər sözü qalsın sizə bu canfədadan xatirə.

 

Bu beyt yalnız poetik bir deklarasiya deyil, şairin yaradıcılıq fəlsəfəsinin, həyat mövqeyinin və sənətə sədaqətinin bədii manifestidir. Arif Buzovnalı poeziyanı sadəcə ifadə vasitəsi kimi deyil, varlığının mahiyyəti, nəfəsi və mənəvi dayağı kimi qəbul edir. O, "canını qurban" deməklə, sənət uğrunda fədakarlığını, sözə bağlılığını, poeziyanın onun üçün yaşamağın özü olduğunu bəyan edir. Bu misralarda şairin gələcək nəsillərə ünvanladığı mənalı bir vəsiyyət də gizlənir: dünya fani olsa da, şairin sözü, qəzəlləri xatirə olaraq oxucuların qəlbində yaşamağa davam edəcək. Bu beyt Arif Buzovnalının ədəbi ömrünün simvolik yekunu kimi dəyərləndirilə bilər.

Şairin "Apardı" rədifli şeirinin misraları bu gün, elə bil özünün dünyadan köçməsini əvvəlcədən xəbər verirmiş kimi səslənir:

 

Fələk yelə verdi insan karvanın,

Hərəsin bir yana çəkib apardı.

Bir ömür rəngbərəng bəzədi onu,

Sonda ağ əskiyə büküb apardı.

 

Və sonda ürəkləri titrədən həmin kədərli etiraf:

 

Arif, sən də öldün, başladı adət,

Bir az qurdalanıb getdi cəmaət,

Bircə çadır qaldı yasdan əlamət,

Onu da sahibi söküb apardı.

 

Bu misralar onun poeziyasının acı taleyini, dünyanın faniliyi ilə bağlı poetik fəlsəfəsini əks etdirən sanki bir vida sözüdür.

Bakı ədəbi mühitinə bələd olanlar bilirlər ki, hal-hazırda Buzovnada klassik şeir, irfan və təsəvvüf mövzusunun iki bilicisi var: Hacı Soltan Əlizadə və Hacı Arif Buzovnalı. Artıq Hacı Arif haqq dünyasına qovuşub və onun yoxluğu həm Bakı ədəbi mühiti, həm də bütövlükdə Azərbaycan ədəbiyyatı üçün böyük boşluq yaratdı. İndi bütün yük və məsuliyyət Hacı Soltanın çiyinlərində qaldı.

Bu gün klassik irfani şeirlə bağlı mürəkkəb mövzularda dolaşıq suallar ortaya çıxanda cavabı yalnız, ya Hacı Soltan, ya da Hacı Arif verir. Onlar klassik poeziyanı universitet auditoriyalarında yox, birbaşa mənbəyindən, köklərindən öyrənmiş, hər sözün, hər misranın ruhunu dərindən qavramış, irfani düşüncə və təsəvvüfi zənginliyi gənc nəslə ötürmüşlər.

Hacı Arif Buzovnalının vəfatı Azərbaycan ədəbiyyatı üçün böyük itkidir. O, klassik poeziya ənənəsinin qorunması, yaşadılması və yeni məzmunla zənginləşdirilməsi sahəsində xidmətlər göstərmiş, yaratdığı məktəb və yetişdirdiyi şagirdlər vasitəsilə özünün mənəvi və ədəbi ömrünü davam etdirəcəkdir.

Azərbaycan poeziyasının yaddaşında onun səsi qəzəl ahəngi ilə yaşamağa davam edəcək.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

 

Vüsalə MUSALI

 
***
 

Arif Buzovnalını ilk dəfə Alim Qasımovun televiziya ilə yayımlanan ustad dərslərində muğam üstə oxunan qəzəlləri şərh edəndə görmüşəm və gözlərindəki işıqdan dərhal diqqətimi çəkib. Bu, istedad işığı idi. Elə bu işığa görə "Məclisi-üns" teleproqramının redaktoru Yaqub müəllimdən xahiş elədim ki, Arifi də məclisə dəvət eləsinlər. Bir müddət sonra o gəldi və biz bir neçə il, demək olar ki, hər həftə onunla proqramda birlikdə çıxış elədik. Mənə həmişə deyirdi ki, bizim ikimizin məclisdəki dialoqumuz yaxşı alınır. Bu müddətdə mən onu bir ziyalı kimi gördüm - zahiri səliqə-sahmanından tutmuş, ağır oturub batman gələn davranışı, təmkinli danışığı, klassik divan ədəbiyyatına bələdliyinə qədər. Arifin ölüm xəbərini İlqar Fəhmidən telefonda eşidəndə özümdən asılı olmadan qışqırdım. Hiss etdim İlqar da telefonun o başında susub deməyə söz tapmır. Biz Arifin timsalında Füzuli və Seyid Əzim ənənələrinin istedadlı davamçısını, AYB Xəzər bölməsində onlarla gənc şairə yol göstərən ustad sənətkarı itirdik. Yeri həmişə görünəcək, xatirəsi həmişə yaşayacaq.

Allah rəhmət eləsin.

 

Əsəd CAHANGİR

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!