VAHİD ƏZİZ - 80

Görkəmli söz ustası, Azərbaycanın Xalq şairi Vahid Əzizi 80 illik yubileyi münasibətilə təbrik edirik.

Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın  Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəsi Azərbaycanın Tərtər rayonuna köçdüyü üçün orta məktəbi orada bitirmişdir. 1971-ci ildə Azərbaycan Texniki Universitetindən məzun olmuşdur. "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971–1976), Bakı şəhər Partiya Komitəsi təbliğat və təşviqat şöbəsində təlimatçı (1976–1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982–1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989–1991) Azərbaycan Yazıçılar Birliyinin katibi (1991–1997) vəzifələrində işləmişdir. Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər Tərtibatı Departamentində reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsinin müdiri olmuşdur. "Ergün" şirkətini, eyni adlı nəşriyyatı təsis etmişdir.

Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlamışdır. 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində ilk mətbu şeiri işıq üzü görmüşdür. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. “Mən küləyi görürəm” adlı ilk şeirlər kitabı 1969-cu ildə çapdan çıxmış, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. “Aylı pəncərə”, “Əllərimin kölgəsi”, “Dözmək olmur”, “Səninlə...” kimi kitabları, “Seçilmiş əsərləri” şairə geniş oxucu auditoriyası qazandırmışdır. Şeirlərinə mahnılar bəstələnmişdir. Publisistika və bədii tərcümə ilə də məşğul olur.

Şairin ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, o, 2019-cu ildə “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülmüşdür. Prezidentin Fərdi təqaüdçüsüdür. Mədəniyyət Nazirliyinin təsis etdiyi  “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib.

Hörmətli Vahid müəllimi bir daha yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!