Milli Kitabxanada Çağdaş Azərbaycan poeziyasının görkəmli və qüdrətli nümayəndəsi, Xalq şairi Vahid Əzizin anadan olmasının 80 illik yubileyi münasibətilə “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə şairin qələmə aldığı poetik nümunələr - şeirləri, poemaları, tərcümələri, publisistikası, tərtibçi və ön söz yazdığı ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.
Xalq şairi Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanda, qədim Dərələyəz mahalında qulluqçu ailəsində anadan olub. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirib.
1965-ci ildə ilk və bir neçə şeiri “Politexnik” qəzetində nəşr olunub. “Mən küləyi görürəm” adlı ilk şeirlər kitabı 1969- cu ildə işıq üzü görüb.
Nəğməkar şair Vahid Əzizin çox sayda şeirinə mahnı və musiqi bəstələnib.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 24 may 2019-cu ildə “Xalq şairi” fəxri adına layiq görülüb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
