Noyabrın 22-si şair, qəzəlxan, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri Hacı Arif Buzovnalı vəfat edib.
Yaxınlarının mətbuata verdiyi açıqlamaya görə, şair Buzovnada yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Arif Buzovnalı imzası ilə tanınan Əliyev Arif Rauf oğlu 1972-ci ilin 6 sentyabrında Bakının Buzovna qəsəbəsində anadan olub. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, 1993-1994-cü illərdə Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.
Ədəbi yaradıcılığa erkən yaşlarda başlayan və əsasən klassik üslubda şeirlər qələmə alan şairin müxtəlif vaxtlarda "Ömrün ötən anları", "Mərifətdən həqiqətə", "Səhərimə nə qalıb ki?", "Xəzərim", "Sarı güllər", "Vadi", "Qəzəllər" kitabları çap olunub. Məqalələri, düşüncələri isə "Xətai və Füzuli... Düşüncələr", "Nəsimi bir baxışda", "Qırx qəzəl - Qırx şərh", "Çün "əhsəni təqvim" idi" kitablarında toplanıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
