Professor İbrahim Yıldırımın xatirəsi anıldı

Noyabrın 20-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə “Yeni Klinika”da dünya şöhrətli cərrah, dəyərli alim, milli məfkurəli ziyalı, əslən Qazax rayonundan olan İstanbul Universitetinin sabiq professoru İbrahim Yıldırımın əziz və işıqlı xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Anım tədbirində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, İstanbuldakı Fulya Kardiologiya və Ürək-Damar Cərrahiyyə Akademiyasının baş həkimi, professor Bingür Sönmez,  Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Kastamonu Universitetinin sabiq rektoru Seyit Aydın, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Qələndər, Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev, Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayev İbrahim Yıldırımın keçdiyi şərəfli və mənalı həyat yolundan, bir sıra xarici ölkələrdəki çoxşaxəli elmi-ictimai fəaliyyətindən söhbət açaraq, onun müdriklik, yüksək ziyalılıq keyfiyyətlərini vurğuladılar. Peşəkar cərrah, tələbkar elm təşkilatçısı olaraq, zəngin mənəviyyatı, geniş dünyagörüşü ilə ad-san qazanan İbrahim Yıldırımın respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etdiyini qeyd edərək, onun elmi, ictimai fəaliyyəti ilə bağlı xatirələrini bölüşdülər. Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, tarixi şəxsiyyətləri ilə bağlı İbrahim Yıldırımın araşdırmalarının, müəllifi olduğu kitabların əhəmiyyətindən danışdılar.

Çıxışlarda professor İbrahim Yıldırımın ötən əsrin sonlarında  Bakıya gəlişi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti ilə sıx qarşılıqlı faydalı əməkdaşlıq etməsi,   Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr seçərək, onların Türkiyədə müvafiq fakültələrdə təhsillərini davam etdirmələri, təqaüd almaları, yataqxanada yerləşmələrinin təmin olunmaları, həmin tələbələrin hazırda xalqımıza xidmət etmələri haqqında geniş söhbət açılıb. Professor İbrahim bəyin şəfalı əlləri ilə 1-ci Qarabağ savaşında yaralanmış əsgərlərimizin üzərində yüzlərcə estetik cərrahiyyə əməliyyatı apararaq, onlara şəfa bəxş etməsi, Ümummilli liderimiz Heydər Əliyevin şəfalı əllərini Azərbaycandan əsirgəməyin türk həkimlərininin tərkibində professor İbrahim Yıldırımı da qəbul edərək, onlara minnətdarlığını bildirməsi xüsusilə vurğulanıb.

Anım tədbirinin sonunda professor İbrahim Yıldırımın həyat yoldaşı - Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Semra Füqen Orkun Yıldırım tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib. 60 illik ömür gün yoldaşı ilə bağlı xatirələrini bölüşərək, bildirib ki, İbrahim Yıldırım görkəmli alim olmaqla yanaşı, gözəl insan, əsl dost, sevən və sevilən ailə başçısı idi. Semra Füqen Orkun Yıldırım   ömür-gün yoldaşı İbrahim Yıldırımın ömrünün qürub çağlarında onu tək qoymayan azərbaycanlı dostlarının, xüsusilə Əməkdar həkim, istefada olan polkovnik Bəhruz Səfərəliyevin qayğısını dəyərləndirərək, minnətdarlığını bildirib.

Anım tədbirində İbrahim Yıldırımın ömür yolundan dəhs edən video çarxlar nümayiş olunub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!