Mətndə keçid cümlələri mövzusunun Azərbaycan dili dərsliyində izahı: problemlər və tövsiyələr - Könül AYDIN Nəhmətova

Azərbaycan dili dərsliklərində Oxu məzmun xətti üzrə mövzuların izahında bir çox elmi-nəzəri və metodik səhvlərə təsadüf edirik. Anlayışlara, terminlərə verilən təriflərdə ya elmi əsaslarına uyğunsuzluq, ya da yanlış nümunələrlə izah edilmələri müşahidə olunur. Bunlarla yanaşı, əsas problemlərdən biri də mövzunun tədrisinə sadədən mürəkkəbə, tipik konstruksiyadan qeyri-tipik struktur nümunələrinə doğru inkişaf prinsipi gözlənilmir.  Dərsliklərdə problem həlletmə strukturlu mətn, mətnin üçhissəli tərkibi, mətndə keçid cümlələri mövzuları bu baxımdan xüsusi diqqət çəkir. Məqaləmizdə 4-cü sinif Azərbaycan dili dərsliyində “Mətnin keçid cümləsi” mövzunun izahı ilə bağlı problemləri və onların həlli yollarını nəzərdən keçirəcəyik.

Mətn məna və struktur  baxımından əlaqələnmış cümlələr məcmusudur. Buna görə də mətndə hər bir cümlə özündən əvvəlki ilə növbəti cümlə arasında keçid rolunu oynayır. Eləcə də mətnin kompozisiya elementləri digər elementləri hərəkətə keçirir. Məsələn, mətnin problem cümləsi mövzu ilə tezis arasında keçid rolunu oynayır. Arqumentlər tezisin inkişaf etdirilməsi üçün keçid təşkil edir. Bəs bu cümlələrə biz mətndə keçid cümlələri kimi baxa bilərikmi?

Mətnin kompozisiyasıda hər bir cümlənin öz funksiyası var və onlar mətnin strukturunda bir elementdir. Strukturu təhlil edərkən hər bir cümlənin funksiyasını nəzərə alıb mövzu, problem, tezis, arqument, dəlil, izah cümlələri kimi xarakterizə edirik. Yuxarıda qeyd etdiyimiz kimi, mətnin keyfiyyətli qurulması üçün bu cümlələr biri digəri üçün keçid rolunu oynayır və məna əlaqələrindən asılı olaraq, aralarında keçid kəlmələr və ifadələrlə  bağ qurulur. Fikrimizi türk dilçiləri Gülşad Aksunqur, Prof. Dr. Kəmaləddin Dəniz “Türkçe Geçiş ve Bağlantı İfadelerine Ait Dil İşlevleri” məqalələrindəki bir tezislə dəstəkləyə bilərik: “Bir mətni meydana gətirən cümlələr təsadüfən yan-yana gəlmir, bir-birindən qopuq və əlaqəsiz deyil. Bir mətn uyğun və doğru əlaqə yaradan ifadələrlə bir araya gətirilir. Mətnin bölmələrini bir arada saxlayan, mətn daxilindəki mənaca əlaqələri nizama salan ünsür əlaqələndiricilərdir.

Bu baxımdan keçid və əlaqə ifadələri mətnin əlaqələndirmə səviyyəsini müəyyənləşdirən əsas dil vasitələrindən biridir. Bu ifadələr cümlələr arasında məntiqi əlaqə yaradır, fikirlərin axıcılığını və bütövlüyünü təmin edir. Əgər bu ifadələr düzgün və yerində işlədilməsə, mətnin mənası pozular, fikirlər arasında əlaqə qırılar və oxucu üçün düşüncə axını çətinləşər.” (Journal of Education and New Approaches 2025, 8(1), 65-93). Göründüyü kimi, müəlliflərə görə, “keçid və əlaqələndirmə təşkil etmək funksiyası ilə istifadə edilən ifadələr bir mətnin qurulmasında əsas rol oynamaqdadır”. Keçid kəlmələri və ifadələri  özünü mətnin müxtəlif finksiyalar daşıyan və sturktur elementi kimi çıxış edən cümlələrdə göstərir – fikri inkişaf etdirir, mövzudan problemə, problemdən tezisə keçid edir, fikirləri, faktları əlaqələndirir, və s..   Bununla yanaşı, mətndə müstəqil olaraq elə cümlələri olur ki, bunlar  yalnız keçid funksiyasını daşıyır. Bunlar funksional olaraq elə keçid cümlələrdir, özünü geniş, mürəkkəb strukturlu mətnlərdə daha çox göstərir.

Keçid sözlər, ifadələr və cümlələr – mövzunu tədris etməyə haradan başlamalı?

Keçid cümlələri anlayışını tədris etmədən öncə şagirdlərə mətnin struktur elementlərini tanıtmalı,  həmçinin yuxarıda qeyd etdiyimiz mənbədə də adı çəkilən keçid sözləri və keçid ifadələri vasitəsilə  cümlələr arasındakı əlaqələri təhlil etməyi, aydınlaşdırmaq bacarığını formalaşdırmaq lazımdır. Bu mövzulardan sonra daha  mürəkkəb strukturlu mətnlər əsasında müstəqil keçid cumlələrini tanıtmaq olar.

Bəs Azərbaycan dili dərsliklərində vəziyyət necədir?

Burada bir haşiyə çıxım və yeri gəlmişkən qeyd edim ki, ayrıca abzasa çıxarılmış öncəki sual cümləsi keçid cümləsidir. Mətnin bir mövzusundan və problemindən digər mövzu və probleminə keçid edir. Mətnin bura qədərki problematik mövzusu keçid cümləsinin mətndə yeri və dilin tədrisində  məqamı idi.  İndi isə mətnin qarşısına yeni məsələ qoyduq. Azərbaycan dili dərsliklərində keçid cümləsinin təqdim edildiyi ilk nəzəri izaha qədərki elmi-nəzəri  zəmini qısaca araşdıracağıq.

İbtidai siniflərdə mətnin səbəb-nəticə, ardıcıllıq əlaqəsi mövzuları tədris edilsə də, bunlar tanışlıq xarakterlidir, praktik iş üçün alqoritmlər müşahidə edilmir. Məsələn, “Qarabağ xanlığı” mətni əsasında xronologiya mövzusu haqqında nəzəri məlumat verilir və anlayış izah edilir: “Xronologiya – hadisələrin tarixi ardıcıllıqla əks olunmasıdır. Tarixi-informativ mətnlərdə hadisələr xtonoloji ardıcıllıqla təsvir edilir.” Mövzu ilə bağlı iki-üz tapşırıq verilib. Dərslikdə bundan başqa  ardıcıllıq, zaman əlaqəsinin mənimsənilməsi üçün öyrədici tapşırıqlara raast gəlmirik. Məntiqi əlaqələrə uyğun olaraq, mətnin qurulmasında keçid sözlər və ifadələrin rolu izah edilməmiş qalır. Belə bir halda birdən-birə mətndə keçid cümləsinin öyrədilməsi əlaqəsiz və vaxtsız görünür.

 

Nümunəyə baxaq.

4-cü sinif “Azərbaycan dli” dərsliyi, səh. 87 

SÖZLƏRDƏN İŞARƏLƏRƏ

Danışarkən fikrimizi düzgün və dəqiq çatdırmaq üçün intonasiyadan istifadə edirik: səs tonumuzu dəyişirik, sözlər, cümlələr arasında pauza veririk. Yazıda isə funksiyaları durğu işarələri yerinə yetirir. Durğu işarələri mətnin daha asan qavranılmasına kömək edir.

Bəs bu işarələr necə yaranmışdır?

Əvvəllər yazıda durğu işarələrindən istifadə olunmurdu. Sözlər və cümlələr heç ara məsafəsi də olmurdu. Sonralar cümlələr arasında məsafə qoyuldu. Amma yenə də mətnləri oxuyub anlamaq çətin olurdu. Bu problemi aradan qaldırmaq üçün durğu işarələrinə ehtiyac var idi. İlk yaranan durğu işarısi nöqtə oldu.

Vergül işarəsinin yaranması ərəb dili ilə əlaqələndirilir. Ərəb dilində “və” bağlayıcısı “vav” hərfi ilə ifadə olunurdu. Sonradan bu hərf vergül işarəsi kimi istifadə edildi.

Sual işarəsinin yaranması 600 il əvvəl İtaliyada tətbiq edildi. İlk dəfə Manutsi adlı naşir sual cümlələrinin sonunda “quaestio” sözünü yazmağa başladı. Bu sözün mənası “cavab axtarıram” demək idi. Sonradan naşir bu sözün ilk və son hərflərindən istifadə etdi: qo. Nəhayət, o bu iki hərfdən xüsusi işarə yaratdı. Zaman keçdikcə həmin işarə indi bildiyimiz sual işarəsinə çevrildi.

Nida işarəsi də latın dilindəki “İo” sözündən yaranmışdır. Bu söz sevinc, heyrət bildirirdi. 

Beləliklə, deyə bilərik ki, bu gün istifadə etdiyimiz durğu işarələri çox maraqlı inkişaf yolu keçmişdir.

 

Qeyd etdiyimiz kimi, 4-cü sinif Azərbaycan dili dərsliyində mətndə keçid cümləsi mövzusunu öyrətmək üçün belə bir izahedici mətn təqdim edilib. Keçid cümləsi mətnin tərkib hissələri arasında əlaqə yaradan cümlə kimi izah edilir. Qərb mənbələrində isə orta məktəb səviyyəsində keçid sözləri və ifadələrindən istifadə olunur və belə izah olunur: “Keçid sözlər və ifadələr ideya, cümlə və abzasları əlaqələndirir və davam etdirir. Onlar cümlə və abzaslar arası qarşılıqlı əlaqəni nəzərə alaraq ideyanın məntiqi inkişafını təmin edir. Nəsrdə hadisənin inkişafı təkcə mətnin ardıcıllığı (onun yerləşməsi) ilə şərtlənmir, həm də ardıcıllığı, qarşılıqlı əlaqəni və hərəkəti bildirən bağlayıcılarla dəstəklənir.

(https://www.mdc.edu/kendall/collegeprep/documents2/transitional%20words%20and%20phrasesrevised815.pdf)  Bununla yanaşı, başqa bir məsələni də nəzərə almaq vacibdir.

 Mətnin tərkib hissələri dedikdə giriş, əsas hissə və nəticə hesab edilir. Nəzərdən qaçırmaq olmaz ki, qeyri-bədii mətnin tərkib hissələri arasında əlaqənin keçid kəlmə və ifadələri ilə yaradılması şərt deyildir. Bu, sadəcə, tezislərin arqumentləşdirilməsi yolu ilə də olur.  Və yaxud mətnin nəticə hissəsində də keçid kəlməsindən istifadə olunmaya bilər. Birbaşa ümumiləşdirmə aparmaqla, qənaət çıxarmaqla mətni yekunlaşdırmaq olar.

Dərslik proqramını yazarkən mövzunu öncə tipik mətnlər əsasında öyrədib strukturu mənimsətdikdən sonra qeyri-tipik mətn nümunlərəindən istifadə etməyi nəzərdə tutmaq məqsədəuyğun olar. 4-cü sinif dərsliyində verilən mətnin strukturunu tipik hesab etmək olmaz. Çünki izahedici mətnin tipik strukturunun girişi mövzu-problem-tezis-arqument cümlələr ardıcıllığından ibarətdir. Mətn nümunəsində isə birinci abzas mətnin predmetini – durğu işarələrini təqdim edir. İkinci abzasa çıxarılmış sual cümləsi predmetlə problematik mövzu arasında keçid cümləsidir və mətnin mövzu və problemini özündə ehtiva edir: durğu işarələrinin yaranması – mövzu və durğu işarələrinin necə yaranması – problem. Növbəti abzas mətnin problemini və tezisini ehtiva edir. Göründüyü kimi, mətndə keçid cümləsi həmçinin onun problematikasını əks etdirir. Hətta deyə bilərik ki, informativ-izahedici mətnin qavranılmasını asanlaşdırmaq üçün bir yarımbaşlıq rolunu da oynayır. Çünki problematik sual fikirlərin ardıcıllığını pozaraq məna əlaqəsinə əsasən məqamına görə deyil,  öncə istifadə edilmişdir. Əslində, bu sualın yeri məntiqi əlaqə baxımından növbəti abzasın sonudur. 

Dərslikdə verilmiş mətn nə qədər sadə görünsə də, struktur baxımından qeyri-tipik mətndir və şagirdin keçid cümlə anlayışı ilə belə bir nümunə əsasında tanış edilməyi onda mövzu ilə bağlı dəqiq təsəvvür yaratmayacaqdır. Belə bir nümunə şagirdin yaş səviyyəsinə uyğun deyildir, həm də mövzunun inkişafını növbəti sinif dərsliklərində izləmədiyimiz üçün bu mövzunun mənimsəniləcəyi şübhə doğurur. 

İbtidai təhsil səviyyəsində 3-4-cü siniflərdə şagirdləri keçid sözlər və ifadələrlə tanış edib onların cümldə yaratdığı məntiqi əlaqələri anlamağa yönəltməyi tövsiyə edirik.

Mətndə istifadə edilə biləcək keçid sözlər və ifadələr

 

Məntiqi əlaqə

Keçid ifadələri

Uyğunluq. Eyniyyət

Həmçinin, eynilə belə, buna bənzər olaraq, oxşar olaraq, bunun kimi, o cümlədən, eyni zamanda

İstisna. Ziddiyyət

Lakin, baxmayaraq, digər tərəfdən, ən azı, fərli olaraq, əksinə, yenə də, istisna olaraq

Ardıcıllıq. Sıralama

Birinci, ikinci, üçüncü, öncə, əvvəla, növbəti, nəhayət

Zaman

Sonra, nəticəsində, nəhayət, əvvəllər, hazırda, vaxtında, erkən, eyni zamanda

Misal

Məsələn, nümunə olaraq, xüsusilə, bunu təsvir etmək üçün

Vurğu

Hətta, həmçinin, həqiqətən, əlbəttə, gerçəkdən də

Yer. Mövqe

Yuxarıda, aşağıda, bunun ardıyca, bununla yanaşı, burada, əvvəldə, sonda

Səbəb-nəticə

əlaqədar olaraq, bunun nəticəsi olaraq, buna görə, beləliklə

Əlavə dəstək və ya isbat

Bundan başqa, həmçinin, əlavə olaraq, bir daha, təkrar olaraq, sübut olaraq

Mənbə

Bu barədə, mənbəyə görə, istinadən

Ümumiləşdirmə Nəticə

Nəhayət, bir sözlə, qısaca olaraq, sonda, nəticə olaraq, beləliklə, yekun olaraq, ümumiyyətlə, xülasə

 

Yazı işlərində keçid sözlər və ifadələrin tətbiqinə nəzarət etməklə mövzunun mənimsənilməsini yoxlamaq  vacib şərtdir.

Mövzu ilə tanışlıq məqsədilə sadə tapşırıqlardan başlamaq olar. Nümunə:

Keçid ifadələrin istifadə məqsədlərini izah edin.

Bunun üçün:

I. İşlənmə yerlərinə diqqət edin.

II. Məntiqi əlaqəni müəyyən edin.

Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 millimetr, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a ünvanlanan maarifləndirici materialda deyilir.

           

Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda, yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 kilometrədək məsafə qət edə bilir.

 

Ümumi orta təhsil səviyyəsində 5-ci sinifdən etibarən sadə nümunələrdən başlayaraq keçid cümlələrini tanıtmaq və yazı işlərində tətbiqini izləmək tövsiyə edirik.

Mətndə keçid cümlələrinin yerini təyin etmək üçün belə bir sxemdən istifadə etmək olar.

Giriş:

Mövzu cümləsi. .........................................................................................

Problem cümləsi.......................................................................................

Tezis ........................................................................................................

Arqument 1..............................................................................................

Arqument 2..............................................................................................

Əsas hissə:

Abzasın tezisi (Arqument 1) .................................................................

Şərh cümlələri. .......................................................................................

Nümunə  1  (dəlil, təcrübə və s.) ...........................................................

Tezislə əlaqələndirici cümlə....................................................................

Yeni nümunəyə keçid cümləsi.................................................................

Nümunə 2 (dəlil, təcrübə və s.)..............................................................

Yekun cümlə............................................................................................

Yeni abzasa keçid cümləsi........................................................................

 Abzasın tezisi (Arqument 2)...................................................................

Şərh cümlələri.........................................................................................

Nümunə  1  (dəlil, təcrübə və s.) ............................................................

Tezislə əlaqələndirici cümlə.....................................................................

Keçid cümləsi............................................................................................

Nümunə 2 (dəlil, təcrübə və s.)...............................................................

Əlaqələndirici cümlə.................................................................................

Yekun cümlə..............................................................................................

Nəticə:

Arqumentlərin ümumiləşdirilməsi..............................................................

Qənaət.........................................................................................................

 

 

Ədəbiyyat:

Rafiq İsmayılov, Ülkər Nurullayeva, Şəhla Zahidova,İradə Bayramova, Aysel Xanalıyeva, Könül Məhyəddinova. Azərbaycan dili (tədris dili), 4-cü sinif. 2023, səh. 87

Gülşah Aksunqur, Prof. Dr. Kemalettin Deniz. Türkçe Geçiş ve Bağlantı İfadelerine Ait Dil İşlevleri. Journal of Education and New Approaches 2025? 8(1)? 65-93

Transitions. https://writingcenter.unc.edu/tips-and-tools/transitions/#:~:text=A%20transition%20can%20be%20a,of%20what%20has%20come%20before).


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!