XIX əsr Qarabağ ədəbi mühiti və dövrün çoxsaylı şairlərinin zəngin poetik irsi daim ədəbiyyatşünasların diqqət mərkəzində olmuşdur. Mənbəşünas tədqiqatçılar hər dəfə ilkin əlyazma qaynaqlarına baş vurduqca, çağdaş oxucuların indiyədək, ya heç vaxt adını belə eşitmədiyi yeni bir müəllif ədəbi müstəviyə gətirilir, ya da uzun illər tanıyıb-bildiyimiz hansısa ədibin işıq üzü görməyən yeni-yeni əsərləri aşkara çıxarılır.
Son günlər görkəmli ədəbiyyatşünas alim, uzun illərdən bəri XIX əsr Qarabağ ədəbi mühitinin mükəmməl araşdırıcısı və həmin dövrün şairlərinə aid çoxsaylı tədqiqat əsərlərinin müəllifi, professor Raqub Kərimovun XIX əsrin birinci yarısında yaşayıb yaratmış Baba bəy Şakirin həyat və yaradıcılığına aid araşdırması ilə bərabər, şairin əlyazma mənbələri əsasında müxtəlif şeir nümunələrindən ibarət tərtib etdiyi kitabı çapdan çıxmışdır (Baba bəy Şakir. Əsərləri. Ön söz və yeni əlavələrlə tərtib edib nəşrə hazırlayan: filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov. Rəyçi: akademik Teymur Kərimli. Redaktor: filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu. Naşir: Turan İbrahimov. Bakı, SkyF, 2025, - 96 s.).
R.Kərimovun nəşrə yazdığı "Baba bəy Şakir" adlı giriş sözü bu cümlə ilə başlayır: "Azərbaycan ədəbiyyatında ictimai satiranın təməlini qoyan sənətkarlardan biri Pənahəli xan Cavanşirin böyük qardaşı Fəzləli bəyin nəvəsi Baba bəy Məhəmmədəli bəy oğlu Cavanşir təqribən, 1778-ci ildə Qarabağın Mehribanlı kəndində anadan olmuş, 1845-ci ildə vəfat etmişdir" (s.3). Qeyd edək ki, Baba bəy Şakirin yaradıcılığı bugünkü geniş oxucu kütləsinə, eyni zamanda çağdaş ədəbi mühitə də çox az tanışdır. Bunun başlıca səbəbi şairin yazmış olduğu əsərlərin əlyazmalarının böyük hissəsinin bizə gəlib çatmaması və bundan başqa, XIX əsrdə Mirzə Yusif Qarabaği, Adolf Berje, Mir Möhsün Nəvvab kimi təzkirə müəlliflərinin tərtib etdikləri ədəbi toplularda Baba bəy Şakirə yer verilməməsidir. Son illərədək Azərbaycan ədəbiyyatında şairin həyat və yaradıcılığı bir sıra kiçik tədqiqatlar istisna olmaqla, demək olar ki, çox az araşdırılmışdır. Əski mənbələrdə onun haqqında yalnız XIX əsrin məşhur təzkirəçisi Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin" ədəbi toplusuna Baba bəy Şakirin vəfatı ilə əlaqədar Qasım bəy Zakirin qələmə aldığı "Müsibət salinin tarixi amma oldu tarixim; Köçüb ustad, Zakir, bihünər şagird mən oldum" məqtəli bir qəzəlini və şairin özünün yalnız bir fərdini daxil etmişdir [M.Müctəhidzadə. "Riyazül-aşiqin", 2024, s.76]. Beytdən də aydın görünür ki, Qasım bəy Zakir kimi qüdrətli bir şair Baba bəy Şakiri özünün ustadı hesab etmişdir.
Sovet dövründə isə Baba bəy Şakirin yazılı mənbələrdən toplanmış az sayda əsərləri iki dəfə çap olunmuşdur. Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz ilk dəfə Baba bəy Şakirlə bağlı qələmə aldığı yazısını və bundan başqa, şairin 6 şeirini də əlavə etməklə, 1927-ci ildə əski əlifbada kiçik kitabça şəklində nəşr etdirmişdir (Azərbaycan ədəbiyyatı. Baba bəy Şakir. "Azərnəşr", 1927). Nəşrdə "Ön söz" başlığı ilə getmiş yazını bugünkü oxucular üçün də əhəmiyyətini nəzərə alan R.Kərimov əski əlifbadan çağdaş əlifbaya çevirərək təqdim olunan hazırkı kitabına daxil etmişdir (s.33-37). Baba bəy Şakirin məlum əsərləri sonuncu dəfə araşdırıcı Fərhad Yəhyayev tərəfindən nəşr olunmuş ("Yazıçı" nəşriyyatı, 1985) və tanınmış tədqiqatçı-alim Ənvər Çingizoğlu da şair haqqında yığcam da olsa, bəzi yeni faktları aşkara çıxarmışdır. Mövzu uzun müddət ədəbi müstəvidə aktual olaraq qalırdı. Bu zərurətdən irəli gələrək, R.Kərimov son illərdə apardığı araşdırmalar nəticəsində şairin həyat və yaradıcılığı haqqında bəlli olan bilgiləri yeni-yeni ədəbi faktlarla zənginləşdirmək üçün, öncəki nəşrlərdən fərqli olaraq, Baba bəy Şakirin həyat və yaradıcılığına aid yeni qaynaqlardan - müxtəlif əlyazma cünglərindən, klassiklərimizin şəxsi fondlarından indiyədək məlum olan şeirlərin fərqli nüsxələrini aşkara çıxarmış və bu da öncəki nəşrlərdəki hər bir ədəbi mətnin müqayisəli-tekstoloji üsulla dürüstləşdirilməsində tədqiqatçıya geniş imkanlar yaratmışdır.
Baba bəy Şakir xan nəslindən olsa da, güzəranı, həyatıboyu o qədər də xoş keçməmişdir. Bütün bunlara baxmayaraq, şair heç kəsə boyun əyməmiş, el içində qürur və ləyaqətini qoruyub saxlaya bilmişdir. Tədqiqatçı yazır: "Çox güman ki, şairi müasirlərinə, xüsusilə, yaxın dostu və qohumu Qasım bəy Zakirə sevdirən də onun qürurlu, əyilməz, ötkəm xarakterə malik olması idi. Qasım bəy Zakirin qardaşı Şahsevən bəyin qızı ilə Baba bəyin oğlu İbrahim bəyin izdivacı onların qohumluq əlaqəsini daha da möhkəmlətmişdi. Lakin onları yaxınlaşdıran əsas cəhət xarakter oxşarlığı, hər ikisinin eyni xasiyyətə - mərd, qorxmaz, sözübütöv olması idi. Bu səbəbdən əksər dönəmlərdə onların düşmənləri, tənqid hədəfləri də eyni olmuşdur" (s.3). Onların dünyagörüş, məslək, ədəbi məfkurə yaxınlığını görən Salman Mümtaz yazırdı ki, "Seyid İmadəddin Nəsimi öz təxəllüsünü Şah Fəzlullahın təxəllüsü olan "Nəimi" vəznində intixab etdiyi kimi, Qasım bəy Zakir də təxəllüsünü öz ustadı, pişvazı olan Baba bəyin təxəllüsü olan Şakir vəznində seçmişdir" (s.36). Baba bəy Şakirin qələmə aldığı şeirlərdə ictimai mövzu əsas yer tutmuş, cəmiyyətdə baş verən hər cür haqsızlıqlara, ədalətsizliklərə biganə qalmayaraq, daha çox rus məmurlarının o zaman yerlərdə yaratdığı üsul-idarədən narazılığını bildirmiş, hakimiyyətdəkilərə arxalanan və hər cür özbaşınalıqlar törədən əyalət çinovniklərini də tənqid edirdi:
Quberniya bina olandan bəri,
Oğrunun hər biri bir xana dönüb.
Yox, yetişib ərzə divan eyləyən,
Dağılıb vilayət, virana dönüb.
Murovlar buyurur: "Oğurlayın at,
Naçalnikdən eləməyin ehtiyat!"
Olmaz urusluqda eləmək isbat,
Onunçün tülkülər aslana dönüb (s.44).
Tədqiqatçı öncəki nəşrlərə tənqidi yanaşaraq, şairin bəzi şeirlərində bu və ya digər səbəbdən bir sıra səhvlərə yol verildiyini qeyd etmişdir. O, bu nöqsanları az sayda bizə gəlib çatmış ilkin qaynaqları köçürən katiblərin diqqətsizliyi, yeri gələndə, onların mətnə yersiz müdaxiləsilə əlaqələndirir və müəllifin avtoqraf nüsxəsinin ortada olmadığı halda, klassik ədəbi mətnin dürüstləşdirilməsi üçün müxtəlif nüsxələr arasında arxetip nüsxənin olmasının vacibliyini bildirmişdir. Amma təəssüf ki, şairin avtoqraf nüsxələri bizə gəlib çatmadığına görə, problemin həllinin yalnız nəşrə hazırlanan əsərin müxtəlif əlyazma nüsxələrinin müqayisəsi ilə mümkünlüyünü qeyd etmişdir. Vaxtilə tərtib olunan "Əlyazmalar kataloqu"nun II cildində (1977-ci il) Baba bəy Şakirə aid 17 mənbə göstərilməsinə baxmayaraq, onlardan yalnız bir neçəsində şairin şeir nümunələri verilmişdir. Məhz mənbə məhdudluğuna görə az sayda aşkar olunan şeirlər üzərində öncəki tədqiqatçılar üçün müqayisəli-tekstoloji təhlilin aparılması mümkün olmamış və nəticədə, tədqiqatçılar böyük çətinliklərlə üzləşmişlər. Son vaxtlar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna yeni əlyazmaların daxil olması ilə, bu gün artıq Baba bəy Şakirin vaxtilə nəşr olunan əsərlərindəki bir sıra qüsurları aradan qaldırmaq üçün müəyyən şəraitin yarandığını tədqiqatçı yazmışdır.
Tədqiqatçı-alimin Əlyazmalar İnstitutu xəzinəsində mühafizə olunan B-1369/2992 şifrəli cüngdə Baba bəy Şakirin Qarabağda deputat seçkiləri haqqında yazdığı və yaxın dostu Zakirə ünvanladığı 49 bənddən ibarət mənzuməsinin mətni üzərində apardığı müqayisəli-tekstoloji təhlil yolu ilə mətnin səhihliyinə necə nailolma metoduna diqqət yetirək:
- Kitab variantında (Seçilmiş əsərlər, 1985 - Ə.M.) XIII bəndin "O heys-beysdə gəlib qubernat" misrasındakı "heys beysdə" birləşməsi cüngdə "heysü bəhsdə" kimi verilmişdir ki, bu da düzgün variantdır.
- Kitab variantında XIV bəndin ikinci: "Deyiblər urusa haman əhvalı" misrası cüng variantında "Qubernata deyib olan əhvalı" kimi verilmişdir. Fikrimizcə, cüng variantı daha məqbuldur. Çünki burada müraciət olunan obyekt konkret olaraq qubernator göstərilir və məsələni müzakirə edib nəticə çıxaran da odur.
- Kitab variantında XVII bəndin I misrasında "kəşakəş" sözü səhv olaraq "kəşə-kəş" kimi, XXI bəndin IV misrasında "Herat" sözü kiçik hərflə yazılmışdır.
- XXXI bəndin kitab variantının birinci: "Çünki Allah alıb ağılların" misrası cüngdə "Çünki Allah alıb ağlın bunların" kimi verilmişdir ki, bu da daha məqbuldur.
Tədqiqatçı bu cür müqayisəli-tekstoloji üsul ilə şairin şeirlərinin indiyəqədərki çap variantını son illərdə araşdırıb üzə çıxardığı yeni-yeni əlyazma mənbələrilə tutuşdurmuş və mənzumənin bütün mətnini dürüstləşdirməyə nail ola bilmişdir.
Baba bəy Şakirin əsərlərini müxtəlif əlyazma məcmuələrindən, toplularından araşdırıb üzə çıxaran R.Kərimov yazır: "Baba bəy Şakirin əlimizdə olan şeirləri təsdiq edir ki, o həm lirik və həm də satirik üslubda yazan istedadlı şair olmuşdur. Əfsuslar olsun ki, çox müasirləri kimi, onun şeirlərinin də cüzi bir hissəsi - cəmi 7 satirik mənzuməsi, 2 aşiqanə qoşması, bir gəraylı və bir neçə natamam beyti gəlib bizə çatmışdır. Lakin əminliklə deyə bilərik ki, Baba bəy Şakir kimi istedadlı bir şairin yaradıcılığı əldə olan bir neçə şeirlə məhdudlaşa bilməz. Heç şübhəsiz, onun müxtəlif janrlarda yazdığı çoxlu sayda şeirləri olmuşdur" (s.23).
Tədqiqatçı-alim Baba bəy Şakirin yeni əsərlərinin axtarışını davam etdirərək, daha bir gizlində qalan mənbədə - Əlyazmalar İnstitutu xəzinəsinin şəxsi arxivlər fondunda böyük mütəfəkkir, filosof, dramaturq Mirzə Fətəli Axundzadənin arxivində F-2, saxlama vahidi 418 şifri altında saxlanılan Qasım bəy Zakirə məxsus Divanda iki şeirini aşkara çıxarmışdır. Hər iki şeir dövrün konkret bəlli şəxslərinə ünvanlanaraq qələmə alınmışdır. Bunlardan biri Qasım bəy Zakirin yaxın qohumu, yaşca ondan kiçik olmasına baxmayaraq, şairin zarafatla "əmi", deyə müraciət etdiyi Şuşanın tanınmış bəylərindən olan Behbud bəyin oğlu Böyük bəyə, başqa biri isə yenə də Zakirin dostlarından olan Kərbəlayi Səfi Valehə ünvanlanmışdır.
Araşdırma nəticəsində Əlyazmalar İnstitutu xəzinəsində saxlanılan cünglərdə və ayrı-ayrı əlyazma mənbələrində "Şakir" təxəllüslü bir neçə şairin şeirləri aşkara çıxarılmışdır. "Əlyazmalar kataloqu"nun II cildinin indeksasiyasından məlum olur ki, burada "Şakir Baba bəy" adı ilə 17, "Baba bəy" adlı 4 və "Baba bəy Qarabağlı" adı qarşısında isə 2 əlyazmanın şifri göstərilmişdir. Nəhayət, araşdırmanın nəticəsi olaraq buradakı əlyazma cünglərindən yalnız bir neçəsində köçürülmüş bəzi şeirlərin Baba bəy Şakirə məxsus olduğu təsdiqlənmişdir. Tədqiqatçı, bəzən cünglərdəki şeirlərin üslubca Baba bəy Şakirə mənsub olmasında qəti qərara gəlmədiyinə görə, bir sıra şeirləri şairin hazırkı təqdim olunan kitabının Əlavələr bölməsinə daxil etməklə kifayətlənmişdir.
Baba bəy Şakir Qarabağdan kənarda da məşhur olmuşdur. Onun qonşu regionların şairləri ilə sıx yaradıcılıq əlaqəsi olmuş və tədqiqatçının aşkara çıxardığı yeni əlyazma mənbələrindən məlum olur ki, Baba bəy Qarabağ şairlərindən başqa, Ordubad ədəbi mühitinin şairləri, ən çox da şair Qüdsi Vənəndi ilə qarşılıqlı əlaqə yaratmışdır. O, hər iki şairin sıx yaradıcılıq əlaqəsindən bəhs edərək yazır: "...Qüdsi Vənəndinin Qarabağ ədəbi mühitində daha çox əlaqə saxladığı şairlərdən biri Baba bəy Şakir olmuşdur. Qüdsinin bu seçimi etməsi təsadüfi deyildir. Bununla o, həm də özünün epiqonçuluqdan uzaq, realizmə meyli olan bir sənətkar olduğunu sübut etmişdir" (s.30). Qüdsi Vənəndi Baba bəy Şakirə həsr etdiyi "Baba bəy" rədifli qəzəlində onu böyük şairimiz Füzuli və Əbdi ilə müqayisə etməklə bərabər, Qarabağ şairləri arasında onu istedadlı şair və xoştəb, xoşəxlaq biri kimi səciyyələndirir, özünü isə onun şagirdi hesab etməkdən qürur duyur:
Ey şairi-xoştəbi-Qarabağ, Baba bəy!
Ey əhli-məzaq içrə xoşəxlaq, Baba bəy!
Əbdimi deyim mən sana, yaxud da Füzuli?
Sən kimi gərəkməz ola zəri-çağ, Baba bəy!
Mülki-Qarabağ içrə şövkəti-təbin,
Salmış şüəra didəsinə ağ, Baba bəy!
Bu mülkdə çox dürr çəkib rişteyi-nəzmə,
Nəzm əhli, dutubsan vəli sən tağ, Baba bəy!
Ovsafını qayətdə eşitdim, vəli könlüm
Olmuş yüzünü görməyə müştaq, Baba bəy... (s.30)
Filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov uzun illərdir ki, klassik ədəbiyyatımızın, xüsusilə, Qarabağ ədəbi mühitinin öyrənilməsində və əlyazma mənbələrini araşdıraraq yeni-yeni ədəbi nümunələrin üzə çıxarılmasında böyük rolu olan tanınmış ədəbiyyatşünas alimdir. Onun hazırda haqqında bəhs etdiyimiz "Baba bəy Şakir. Əsərləri" kitabı ilə eyni vaxtda işıq üzü görən "Qasım bəy Zakir. Əsərləri" kitabı da alimin böyük zəhmət hesabına araya-ərsəyə gətirərək ədəbiyyat tariximizə verdiyi növbəti yeni bir töhfədir. Sonda bildirmək istəyirəm ki, hər iki kitabın meydana gəlməsində himayədarlığını, qayğıkeşliyini əsirgəməyən, vaxtilə Əlyazmalar İnstitutunda çalışmış böyük yazıçımız, professor Əzizə xanım Cəfərzadənin yadigarı, çox hörmətli Turan bəy İbrahimova "gizlində" qalmış əlyazma mənbələrimizin aşkara çıxarılması və onların nəşr olunmasında göstərdiyi köməkliyə görə sonsuz təşəkkürümüzü bildiririk.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
