Dünya şöhrətli Rüstəm İbrahimbəyov - Abuzər BAĞIROV

 

Uzun illər Moskvada yaşamış olan və çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə ədəbi ictimaiyyətimiz tərəfindən yaxşı tanınan Azərbaycan ədəbi-mədəni mühitinin ən görkəmli nümayəndələrindən biri sayılan Rüstəm İbrahimbəyov iyirmidən artıq nəsr, pyes və kinossenari kitablarının müəllifidir. Tanınmış nasir, kinodramaturq, kinorejissor, prodüser, Azərbaycanın əməkdar incəsənət xadimi (1976), Rusiya Federasiyasının əməkdar incəsənət xadimi (1995), Azərbaycanın xalq yazıçısıdır (1998). O, 1994-cü ildə "Günəşdən usanmışlar" filminin ssenari müəllifi kimi kino sənəti sahəsində dünyanın ən nüfuzlu kino ödülü sayılan Amerika Kinematoqrafiya Sənəti və Elmi Akademiyasının "Oskar" mükafatını alan ilk və yeganə Azərbaycan kino sənətkarıdır.

Həyatı. İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu 5 fevral 1939-cu ildə, əslən qədim Şamaxıdan olan sənətşünaslıq professoru İbrahimbəyov Məmmədibrahim Əhməd oğlu və Məşədibəyova Fatima Ələkbər qızının ailəsində Bakıda anadan olmuşdur. Rüstəm İbrahimbəyov orta məktəbi bitirdikdən sonra 1956-1961-ci illərdə M.Əzizbəyov adına Bakıda Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsində ali təhsil almışdır. İki il Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda elmi işçi kimi çalışmışdır.

Rüstəm İbrahimbəyov 1963-cü ildə Moskvada SSRİ Kibernetika İnstitutunun aspiranturasına daxil olmuşdur. Aspirant olan dövrdə avtonəqliyyatın idarə edilməsinin nəzəri sistemlərinə dair bir neçə elmi iş ortaya qoymuşdur. Lakin kinoya və ədəbiyyata olan sönməz marağı tezliklə onu elmdən birdəfəlik əl çəkməyə vadar etmişdir. 1965-1967-ci illərdə Ali Dövlət Kinematoqrafiya İnstitutunda (VGİK) məşhur kino korifeyi Sergey Gerasimovun (1906-1985) rəhbərliyilə ali ssenari və 1972-1974-cü illərdə isə ali rejissorluq kurslarını bitirmişdir. 1976-cı ildə kino sənətində əldə etdiyi yüksək nailiyyətlərə görə Rüstəm İbrahimbəyova Azərbaycan SSR əməkdar incəsənət xadimi adı verilmişdir.

"Səhranın ağ günəşi" və "Qum üzərində ev" filmlərinə görə Ümumittifaq Lenin komsomolu mükafatına layiq görülmüşdür. "Ad günü" filmi Bakıda keçirilən VII Ümumittifaq televiziya filmləri festivalında laureat adını almışdır (1979). "Ad günü", "İstintaq" filmlərinin ssenari müəllifi Rüstəm İbrahimbəyova Respublika (1980) və SSRİ Dövlət mükafatı (1981) verilmişdir. Rüstəm İbrahimbəyov uğurlu, məhsuldar kinodramaturq və rejissor kimi də fəaliyyət göstərmişdir. "Uqra - sevgi ərazisi" filminə görə 1993-cü ildə Venesiya, habelə "Feliks" Avropa kinofestivallarının baş mükafatını almışdır. "Günəşdən usanmışlar" kinolentinin ssenari müəllifi kimi R.İbrahimbəyov Kann kinofestivalının Qran-Pri və ABŞ-ın kinematoqrafiya sənəti akademiyasının "Oskar" mükafatlarını almışdır (1995). Rüstəm İbrahimbəyov kino və kinodramaturgiya sahəsində ssenari müəllifi kimi dörd dəfə Rusiya Federasiyasının Dövlət mükafatını alan yeganə sənətkardır: 1993 - "Uqra - sevgi ərazisi", 1996 - "Günəşdən usanmışlar", 1997 - "Səhranın ağ günəşi", 1999 - "Sibir bərbəri" filmləri.

Rüstəm İbrahimbəyov uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin katibi, birinci katibi və sədri vəzifələrində çalışmışdır (1967-2014). 1989-1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı olmuş, həmin hərc-mərclik dövründə Moskvada, SSRİ Ali Sovetinin iclaslarında Azərbaycanın maraqlarını hər an qızğınlıqla müdafiə etmişdir. Sağlığında Azərbaycanın dünyada tanıdılması baxımından hərtərəfli istedad sahibi Rüstəm İbrahimbəyovun əvəzsiz xidmətləri olmuşdur. O, doğma Azərbaycanın, SSRİ-nin, Rusiya Federasiyasının və sivil dünyanın bir çox aparıcı ölkələrinin müxtəlif fəxri adlarına, mükafatlarına, orden-medallarına layiq görülmüşdür. Böyük sənətkar 10 mart 2022-ci ildə Moskvada əbədiyyətə qovuşmuş, doğma Bakıda Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Yaradıcılığı. Nəsr əsərləri. İstedadlı qələm sahibi Rüstəm İbrahimbəyov yaradıcılığa nəsrlə başlamışdır. O, 1962-ci ildə "Molodyoj Azerbaydjana" qəzetində dərc etdirdiyi "Mürəbbəsiz çörək" hekayəsilə ədəbi aləmə qədəm qoymuş və ömrünün sonuna qədər bütün əsərlərini rus dilində yazmışdır. İlk hekayələr kitabı "Ezamiyyətdə və evdə" 1970-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görmüşdür (T.Ə.Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı, "Nurlar", 2004. s. 747. 984 səh.).

Onun nəsr əsərlərinin əksəriyyəti rus realist ədəbiyyatının ənənələrindən qaynaqlansa da, qəhrəmanların davranışlarındakı psixoloji dayaqlara üstünlük vermək, obrazların daxili ruhunun dialektikasını qabartmaq, "kiçik" insanın taleyi mövzusunu Şərq düşüncə tərzi zəminində təsvir etmək məqamları müəllifin bədii obrazlarının sırf azərbaycanlı zehniyyəti tərəfindən Azərbaycan milli mentaliteti kontekstində araya-ərsəyə gəldiyini aydın göstərir. R. İbrahimbəyov bir sıra hekayələrin, "Unudulmuş avqust", "Sakit bir gün", "9-cu Xrebtovuda", "İşgüzar səfər", "Nəğmə dərsi", "Mezozoy tarixi", "Park" və digər povestlərin müəllifi olsa da, ən çox dramaturq və ssenarist kimi tanınır. Onun nəsri və pyesləri dünyanın bir çox dillərinə tərcümə edilmiş, demək olar ki, yaradıcılığı bütövlükdə ekranlaşdırılmışdır. Müəllifin ən populyar və əhəmiyyətli nəsr əsərləri Bakı, Moskva və Sankt-Peterburqda nəşr olunan aşağıdakı kitablarda toplanmışdır: "Musiqi tapşırığı", Bakı, "Yazıçı", 1973; "Nəğmə dərsi", Bakı, "Gənclik", 1974; "Unudulmuş avqust. Sakit bir gün". Nəsr toplusu, Moskva, "Gənc qvardiya", 1974; "Mezozoy tarixi", Bakı, "Azərnəşr", 1975; "Povestlər və hekayələr", Bakı, "Azərnəşr", 1978; "Park", Moskva, "Sovet yazıçısı", 1982; "Təbəssümlə oyanmış", Bakı, "Yazıçı", 1986; "Seçilmiş əsərləri", Bakı, "Azərnəşr", 1989; "Köçəri" romanı, Sankt-Peterburq, "Amfora", 2006; "Seçilmiş nəsr əsərləri", Sankt-Peterburq, "Amfora", 2008 (Abuzar Baqirov. Moskovskaə azerbaydjanskaə literaturnaə sreda. Moskva, "Xudojestvennaə literatura", 2017. s. 118. 336 s.) və s.

Rüstəm İbrahimbəyovun yaradıcılıq irsində Rusiyada azərbaycanlıların həyat tərzinin müxtəlif məqamlarda əks olunduğu milli mövzularda povestlər və hekayələr az deyildir. "Ezamiyyətdə" (1970) hekayəsində əsərin qəhrəmanı - bakılı Altay Mərdanov Moskvada təsadüfən həmyerlisi ilə görüşür və həmşəhərlisi bütün varlığı ilə ona şəxsi həyatı necə qurmağın zəruriliyini anlatmağa çalışır: "Kitablar kitab yerində, iş iş yerində, amma yaşamaq da lazımdır. Sənin uşaqlarının günahı nədir? Əgər sən bu gün də masa arxasında otursan, onlar sənin kimi keçəl və eynəkli doğulacaqlar..." (Rustam İbraqimbekov. "V komandirovke" [Glektronnıy resurs]. Rejim dostupa: http://www.libros.am/book/ read/id/251488/sluq/v-komandirovke-1). Paytaxtdakı sərgüzəştlər o illərdə moskvalı qızlar arasında qafqazlılara münasibətdə mövcud stereotiplərlə daha da çətinləşirdi: "qafqazlıların hamısı alverçi və aldadıb qadınları yoldan çıxaranlardır". Bu səbəbdən də qızla, qadınla tanış olan alim sübut etmək məcburiyyətində qalırdı ki, qafqazlılar arasında, xüsusən də, azərbaycanlılar arasında, "yalnız dəfnə yarpağı alverçiləri və qadın aldadanlar deyil, həm də layiqli insanlar vardır" və şübhəsiz ki, Altay Mərdanov da onlardan biridir. Stereotipləri məhv edən "cəsarətli" ziyalı azərbaycanlı qızla tək qalsa da, klassik versiyada olduğu kimi, qadının dəvətindən sui-istifadə etmir, ona toxunmur və hekayənin sonunda bacısının tanımadığı bir adamla görüşmək naminə mənzilə buraxmadığı bir yeniyetməyə alimin kömək etmək kimi nəcib istəyi qalib gəlir. Altay Moskvaya veyillənməyə, eyş-işrətə gələn "laübali" qafqazlılardan daha çox, XX əsr rus ədəbiyyatı və kinosunun klassik qeyri-adi obrazlarına bənzəyən, "əhli-hal" olmayan qəribə bir ziyalı təsiri bağışlayır.

"Xalqlar dostluğu" jurnalında (2001, №8) nəşr olunan "Hava məbədi" povestində azərbaycanlı qəhrəmanların həyatı bir neçə müvəqqəti zaman kəsimində təsvir edilmişdir. Əsərin qəhrəmanlarından biri olan Əmirhüseyn, süfrəyə kabab veriləndə yuxuya gedib, kababdan əli üzüldüyünə görə ayılanda toyda qalmaqal sala bilən, Fransanın Marsel şəhərində aşpaz işləyə bilən və bütün dostlarına, tanışlarına faizlə pul verə bilən bir kosmopolit bakılı obrazını təcəssüm etdirir. O, ən adi gülməli bir şeydən qəzəblənərək, həddindən artıq əsəbiləşib özündən çıxa bilən, dostlarını və qohumlarını söz alovu ilə yandırmağa hazır olan bir adamdır: "Lənətə gəlin! Bütün ailəlikcə! Sizin üzünüzdən doğma şəhərimdən qaçdım, amma siz məni burada da tapdınız. Sizin ucbatınızdan heç yerdə mənə həyat yoxdur! İki ay bu dovşanı böyütdüm, içirtdim, yedizdirdim. İndi hər şey hədər getdi, sous yandı və qovurma acı tam verəcək..." (Rustam İbraqimbekov. "V komandirovke" [Glektronnıy resurs]. Rejim dostupa: http://www.libros.am/book/ read/id/251488/sluq/v-komandirovke-1). İkinci daha irihəcmli plandakı təhkiyə Azərbaycanda müharibədən sonrakı dövrləri təsvir edir, "hətta tanımadığı bakılılar da bir-birlərini salamlayırdılar, günahsız insanlara böhtan atan möhtəkirlərin belə özünəməxsus şərəf kodeksi vardı və nəhayət, müharibədən şikəst qayıdan qanuni ərini atıb sevgilisilə qaçan gənc arvada adamların mənfi münasibəti anlaşılan əxlaqi yanaşma idi" (Yenə orada). Keçmişin faciəli hadisələri müasir dövrdə əks olunur və povestin əsas həll olunmamış problemi Allahın lütfü mövzusudur - varmı Yaradanın lütfü? Günahsız insanlar hansı səbəbdən əziyyət çəkirlər? Kislovodskdakı ən yaxın restoranın adı ilə "Hava məbədi" adlanan ev, çoxşaxəli qohumluq əlaqələrini ehtiva edən çoxrəngli xalça kimi zamanları və ailələri birləşdirən əsas məkana çevrilir. Povestin Azərbaycan materialına və koloritinə söykənməsinə baxmayaraq, yenə də klassik rus ədəbiyyatı ənənəsində qalır, seçilmiş yola şərəf, sədaqət, sadiqlik məsələlərinə toxunulur.

R.İbrahimbəyovun "Xalqlar dostluğu" jurnalının eyni sayında dərc olunan "Dalğaların toplanması" adlı başqa bir povesti də zamanın müxtəlif qatlarını əhatə edir. Təhkiyə müasir zamandan sovet dövrünə üz tutur, qəhrəmanlardan birinin atası oğluna, yəni "Murtuza at minməyi, qoç kəsməyi və kabab çəkməyi öyrətməyə macal tapır", lakin tezliklə ölür: "onu məsciddə tələsik yudular və bir parça ağa bükdülər - ata partiyanın üzvü idi və mərasim gizli keçirildi" (Yenə orada). Azərbaycanda qəssab olan Murtuz mağazasını genişləndirərək ölkənin dil siyasətindəki dəyişikliklər səbəbindən uzun müddət populyar olmayan qonşu kitabxananı ələ keçirməyə çalışır: "Kitabların yarıdan çoxu rus dilində olduğuna görə praktik olaraq onları oxuyan yox idi. Qalan hissəsi kiril əlifbasındadır və ölkə isə latın əlifbasına keçmişdi" (Yenə orada). Müəllif bu sadə, gündəlik faktla ölkəni bürüyən mədəni böhranın dərinliyini göstərir, çünki müasir Azərbaycan XX əsrdə üç dəfə öz əlifbasını dəyişmişdir: 1929-cu ildə ərəb əlifbası latın əlifbası ilə əvəzlənib, 1940-cı ildə kiril əlifbası qəbul olunub və 2001-ci ildə yenidən qətiyyətlə latın qrafikasına keçildi.

Süjetin daha dəhşətli bir dönüşünü ölkədə hörmətli bir insanın, akademik Əsədovun kitabxananın ləğvi problemilə əlaqədar öldürülməsi və akademikin yaxın dostunun şərlənməsi, günahlarını boynuna almağa məcbur etmək üçün ona verilən işgəncələrin realistik cizgilərlə təsviri təşkil edir. Əsərin adı Bakıda baş verən hadisələrin əsas münaqişəsini və mahiyyətini, şəhəri bürüyən zorakılıq dalğalarını, yuvarlanan, qarşısıalınmaz zəncirvari hərəkət dalğalarını əks etdirir: "Eldar başa düşməyə çalışırdı ki, müxtəlif, həm yaxın, həm də ondan uzaq insanlar tərəfindən törədilən bəd əməllər, daha doğrusu, bu bəd əməllərin nəticələri çətinliklə görünən dalğalar kimi bir-birinin üzərinə yığılaraq, birdən bütöv bir hala gəldi, basqın edərək taleyin diqqətlə təşkil edilmiş, məkrli nəhəng zərbəsi kimi onun üzərinə düşdü?.." (Yenə orada). Qəssabın kitabxana üzərindəki "qələbəsi" dürüst bir insan üzərində qələbə kimi qəbul edilir; ədalətsiz fəsadların dalğaları dayanmazdır: "Üçüncü minilliyin əvvəllərində kiçik kitabxananın ləğvi səbəbindən Bakı şəhərində yaranan dalğanın gələcək nəsillərimizdən kimi, nə vaxt, harada və necə basmarlayıb məhv edəcəyini kim bilir?!" (Yenə orada). Povestin məyusedici nəticəsi müəllifin doğma torpağının taleyi ilə bağlı dərin narahatlığından, ləyaqətsiz hərəkətlərin və onların nəticələrinin bəzən dönməz xarakter ala biləcəyindən qaynaqlanır və bu, müstəqil bir ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin inkişafı yolunda çox təhlükəlidir.

Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun nəsri onun fəal vətəndaş mövqeyini parlaq şəkildə əks etdirərək, müəllifin Azərbaycanın taleyi ilə bağlı fikirlərinin aktuallığını təsdiqləyir. O, XX əsrin həm Azərbaycan, həm də rus ədəbiyyatını formalaşdıran realist istiqamət vasitəsilə doğma mədəniyyətimizin tarixi qanunauyğunluqlarının gözəl araşdırıcısı kimi, çoxsaylı bədii sənət nümunələrinin böyük istedada sahib olan dəyərli müəllifidir.

Dramaturgiyası. Görkəmli dramaturq Rüstəm İbrahimbəyov 20-dən artıq pyesin müəllifidir: "Yaşıl qapı arxasındakı qadın" (1971), "Şirə bənzər" (1972), "Öz yolu ilə" (1973), "Unudulmuş avqust" (1974), "Toxunma" (1974), "Qum üzərində ev" (1975), "Qaçış (Səyahətçilər)" (1975), "Həqiqət məqamı" (1978), "Park" (1979), "Kaliforniyada dəfn" (1981), "Ailə mühiti" (1982), "Qəti tələb" (1983), "Vivaldinin musiqi sədaları altında ("Unutma" mehmanxanası)" (1984), "Qum təpəsi arxasından atəş" (1985; Valentin Yejovla həmmüəllif), "Kabinet tarixçəsi" (1985), "İlgək" (1996), "Arabir görüşmək üçün tərəfdaş axtarıram" (2002), "Siçovul" (2002), "Buninin son bəhsi" (2007), "Tartüf Agaevich" (2008), "Dumanlı səhər" (2019) və s.

Onun "Toxunma" pyesi vətənpərvərlik mövzusunda yazılmış ən yaxşı pyeslərin müsabiqəsində birinci yerə layiq görülmüşdür (1975). Milli kolorit, dialoqların kinematoqrafik lakonikliyi, süjetin yığcamlığı, çevikliyi, fəlsəfi yükü, həyat həqiqətlərinin məharətli bədii şərhi pyesin yüksək sənətkarlıqla araya-ərsəyə gəldiyindən xəbər verir, müəllifin nadir peşəkarlığına dəlalət edir.

Rüstəm İbrahimbəyovun pyeslərinin əksəriyyəti bu günün mənəvi problemlərinə həsr olunmuşdur. Müəllif gündəlik işlərdə və qayğılarda böyük insan xarakterlərini, onların daxili mürəkkəbliyini, zənginliyini görməyi və göstərməyi bacarır. Onun qəhrəmanları passiv həyat tərzindən, var-dövlət hərisliyindən, gecə-gündüz pul qazanmaq ehtirasından, zamanı boşuna keçirməkdən, tüfeyli həyatdan, karyerizmdən uzaq insanlardır. Aydın mövqeli, vətəni ürəkdən, hay-küysüz sevən yetkin və dolğun obrazlar qalareyası R. İbrahimbəyov dramaturgiyasının yüksək bədii mahiyyətini təşkil edir və bu səbəbdən də onun pyesləri təkcə tamaşaçılar üçün deyil, həm də oxucular üçün cəlbedicidir. Pyeslərin çoxunda ailə dəyərlərinin təsvirinə geniş yer verilir, Azərbaycan ailələrinin yaşam tərzi müəllif tərəfindən yüksək qiymətləndirilir, iftixarla oxucu və tamaşaçıya örnək kimi təqdim olunur. Rüstəm İbrahimbəyovun pyeslərini fərqləndirən, onlara sonsuz maraq doğuran məxsusi cəhətlərin çoxluğu dramaturqun öz soydaşlarına tələbkarlıqla və pozitiv yanaşma üslubundan irəli gəlir. Onun azərbaycanlı obrazlarının başqa etnomühitdə özlərini ədəb-ərkanlı aparmaları, nümunəvi mənəvi-əxlaqi davranış tərzi nümayiş etdirmələri, ciddi, yerini, sözünü bilən adam təsiri bağışlamaları, yetərincə intellekt səviyyəli olmaları müəllifin mənsub olduğu doğma yurda, doğma millətə minnətdar övlad sevgisindən rişələnir.

Dramaturqun qələmindən çıxan pyeslərin hamısında ən dərin mətləblər tam anlaşıqlı dillə ifadə olunur, personajların səhnədəki ən kiçik hərəkətlərinin şərhi müəllif remarkaları ilə təmin edilir, hadisələr sanki kino lenti kimi axarınca gedir. Bütün bu keyfiyyətlər sənətkarlıq baxımından müəllifin səhnə əsərlərini səciyyələndirir, onların məzmununun uzun müddət yaddaşlarda qalmasına xidmət edir, oxucu və tamaşaçıda yüksək zövq formalaşmasına vəsilə olur.

Dünyamiqyaslı sənətkar Rüstəm İbrahimbəyov "İbrus" adlı həm teatr, həm də kino şirkətinin təsisçisidir (bu qısaldılmış ad müəllifin soyadının və adının ilk hecalarından ibarətdir). "İbrus" dünyanın bir sıra kinostudiyaları ilə müştərək filmlər çəkmişdir. Bakıda yerləşən "İbrus" teatrı əslində iki şəhərin teatrıdır: Moskva və Bakının. Aktyorlar tamaşalarda rus və Azərbaycan dillərində oynayırlar.

Rüstəm İbrahimbəyovun pyesləri əsasında səhnələşdirilən tamaşalar bütün teatr səhnələrində həmişə böyük uğurla keçib və bu, təsadüfi deyil. Axı, həm kino, həm də teatr dramaturgiyasında ruhən güclü qəhrəmanlara, xüsusən də, Azərbaycan milli mentalitetinə malik personajlara xas olan güclü hisslər əks olunur. Milli orijinal mədəniyyətə eyhamlar, hətta qəhrəmanların adlarında da nəzərə çarpır. Müəllifin ilk pyeslərindən olan "Aslana bənzər"də qəhrəmanlar milli adlar daşıyırlar (Murad, Solmaz, Ramiz, Mahmud). Burada ehtiraslar daşıb-coşur, ipə-sapa yatmır, bir qadının sevgisi üçün iki kişinin döyüşü onlardan birinin ölümü ilə başa çatır: "Ramiz qayıdır. Əlində bir stəkan onların başı üstündə dayanır. Baş verənlərdən tamamilə özünü itirib. Və həyatında ilk dəfə bunu gizlətməyə çalışmır. Muradın Lenaya sevgisi üzündən ölmək qabiliyyəti birdən-birə onun bütün həyat təcrübələrini və insanlar haqqında fikirlərini alt-üst etdi. O, həmişə bilirdi ki, həyat bahasına qalib gəlmək olar, amma Murad tipli insanların buna qadir olduğuna heç vaxt inanmırdı" (Rustam İbraqimbekov. "Poxojiy na lğva". Glektronnıy resurs]. Rejim dostupa: http://www.litmir.net/br/?i=58314).

Dörd şəxsiyyət - qəhrəman və onun üç daxili mənliyi (adi mübahisədən silahlı toqquşmaya qədər) qarşıdurmasında təcəssüm olunan "Qəti tələb" pyesindəki qəhrəmanın daxili dünyasının mürəkkəb quruluşu, şübhəsiz ki, yalnız müasir insan şəxsiyyətinin daxili parçalanması ilə deyil, həm də Şərq və Qərb zehniyyətlərinin daxili qarşıdurması ilə əlaqəlidir. Eynilə, "Həqiqət anı" pyesindəki qəhrəman obrazı da beləcə, daxilən ikiləşir.

"Qum üzərində ev" pyesinin adı simvolikdir: həm qəhrəmanın qoca valideynlərinin güc-bəla qurduqları evə, həm də qəhrəmanın özünün qurmağa çalışdığı münasibətlərə aiddir. Ailəni bir yerə yığmaq üçün bütün səylərə baxmayaraq, bu ailə pərən-parça olub və xəstə ananın övladlarını bir yerə toplamaq cəhdi də qum üzərində münasibətlər qurmaq səyinə bənzəyir. Sovet ölkəsinin tarixində azərbaycanlıların rolu məsələsinə aşkar eyhamlar tamaşa boyunca nəzərə çarpır: bağ kottecində bir-birinin həyat materialları əsasında dissertasiya yazan bir çox alim var. Tamaşanın adı ekzistensial xarakter daşıyır: hərəkətlərin görünən məntiqsizliyinə baxmayaraq, iltifatlı qonşu tərəfindən təklif olunan traktor xidmətindən imtina edərək, ailənin qalıqları birlikdə qayanı yerindən tərpədib itələməyə çalışır - bu, absurd bir hərəkətdir, lakin bu höcət əzmkarlıq yeganə düzgün hərəkət kimi görünür. Tamaşanın sonunda qəhrəmanlar hər hansı zəifliyə qarşı qeyri-insani gücün qüdrətini nümayiş etdirməyə çalışırlar: "Bütün ailə - ata, ana, qız və oğul - eyni zamanda onu yerindən tərpətmək ümidi ilə qayanı itələməyə girişirlər. Dörd insan fiquru normal həyati məntiqə zidd olan gərgin bir vəziyyətdə donub qalırlar" (Rustam İbraqimbekov. "Dom na peske". [Glektronnıy resurs]. Rejim dostupa: http://tululu.org/read64459/28/).

Mənzil şəraiti, sevgi və nəsillərin münaqişəsindən bəhs edən "Ailə mühiti" pyesində "normal həyati məntiq" münaqişəsi Azərbaycan millətinə məxsus olan qəhrəmanın əzmkarlığı, prinsipiallığı, ekzistensial cəsarəti ətrafında cəmləşir. Bu pyesdə də "Park", "Yaşıl qapı arxasındakı qadın" pyeslərində olduğu kimi, yenidən irreal bir məkan qurulur - hadisələr sanki eyni məkanda baş verir, lakin sevən ürəklərin xüsusi həssaslığı sayəsində süjetdə cərəyan edən hadisələr qəhrəmanlara bütövlükdə görünür, hadisələrin sinxronik təsviri realist təəssürat yaradır.

Qafqaz milli mövzusu müəllifin "Kaliforniyada dəfn" tragikomik Qərb antiutopik pyesində təqdim edilmişdir. Qafqazlı öz adının ölmüş bir qəhrəman kimi, az qala, müqəddəsləşdirildiyi qızıl mədənçilərinin "qapalı" şəhərinə düşür. Lakin qəhrəman diri olsa da, şəhəri bürüyən yalan, manipulyasiya, pozğunluq şəbəkələrini məhv edə bilmir. Qeyd etmək vacibdir ki, qəhrəmanı əvvəlcə rus kimi qəbul edirlər, Qərbdə SSRİ-nin əksər xalqlarına belə yanaşardılar. Dramaturq xalqlara belə basmaqəlib münasibətin Amerika mədəniyyətinin xarakterik xüsusiyyəti olduğunu xüsusi vurğulayır.

Rüstəm İbrahimbəyovun pyesləri ingilis, alman, fransız, ispan, türk, polyak, çex, gürcü, qazax, qırğız, türkmən, özbək və digər dillərə tərcümə edilmiş,  dünyanın 100-dən artıq ölkəsində teatr səhnəsində tamaşaya qoyulmuşdur: Bakı, Moskva, Sankt-Peterburq, Krasnoyarsk, Kiyev, Minsk, Kişinyov, Riqa, Tallin, Vilnüs, Tbilisi, Astana, Daşkənd, Bişkek, Aşqabad, Ankara, Sofiya, Berlin, Praqa, Budapeşt, Buxarest, Varşava, Belqrad, Nyu-York, Paris, Los-Ancelos, London, Stokholm və b.

Kino sənətindəki fəaliyyəti. "Azərbaycanfilm", "Mosfilm" və digər respublikaların kinostudiyalarında Rüstəm İbrahimbəyovun ssenariləri əsasında 50-dən artıq bədii və televiziya filmləri çəkilmişdir. Onun ssenarisi əsasında 1969-cu ildə rejissor Eldar Quliyevin "Azərbaycanfilm"də lentə aldığı ciddi mənəvi-etik problemlərə həsr olunmuş "Bir cənub şəhərində" filmi gənc kinodramaturqun kino sənətində ilk uğurlu addımı sayılır.

"Səhranın ağ günəşi" filminin ssenarisi Valentin Yejovla (1921-2004) birlikdə yazılmışdır və 1969-cu ildə rejissor Vladimir Motıl (1927-2010) tərəfindən "Mosfilm" kinostudiyasında lentə alınmışdır. Sovet İttifaqında böyük uğur qazanan və sonradan tamaşaçıların bir neçə nəslinin pərəstiş etdiyi və şah əsərə çevrilən film Rüstəm İbrahimbəyova Ümumittifaq şöhrəti qazandırmışdır. Məşhur sovet kosmonavtı Aleksey Leonovun (1934-2019) ifadəsinə görə, "Səhranın ağ günəşi" filminin lent yazısı əvvəlcə sovet, daha sonra rus kosmonavtları üçün mütləq sehrli əşyalar sırasında kosmosa aparılırdı. Uçuşdan əvvəl həm əsas, həm də ehtiyat heyət həmişə bu filmə birlikdə baxardılar. Başqa bir maraqlı fakt: düz 28 il sonra (1997) ssenari müəllifi Rüstəm İbrahimbəyov məhz bu filmə görə Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülüb.

Gənc rejissor Nikita Mixalkov (1945) Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1970-ci ildə "Müharibənin sonunda sakit bir gün" adlı filmi diplom işi kimi çəkib. Bu iki istedadlı sənətkarın dostluğu sonralar bütün dünya tamaşaçılarının dərin rəğbətini qazanan bir neçə sənət əsərinin meydana gəlməsinə səbəb oldu: "Avtostop" (1990), "Uqra - sevgi ərazisi" (1993), "Günəşdən usanmışlar" (1994), "Sibir bərbəri" (1998) filmləri.

Rüstəm İbrahimbəyovun ssenariləri əsasında müxtəlif illərdə və dünyanın müxtəlif kinostudiyalarında bir çox başqa dəyərli filmlər də çəkilib: "Çekist haqqında povest" (1969), "Onda da dedim - xeyr!"(1973), "Bir ailə üçün bağ evi" (1978), "Risk strategiyası" (1978), "Ad günü" (1978) - bu filmə görə 1980-ci ildə Azərbaycan SSR Dövlət mükafatı alıb, "İstintaq" (1979) - 1981-ci ildə bu filmə görə SSRİ Dövlət mükafatı alıb, "Anın quruluşu" (1980), "Bağlı qapı önündə" (1981), "İşgüzar səfər" (1982), "Park" (1984), "Məni qoru, mənim duam" (1986), "Sərbəst düşmə" (1987), "Başqa həyat" (1987), "Xəfiyyə" (1987), "Vəhşi" (1988), "Hava məbədi" (1989), "Çalışqan adam" (1996), "Ailə" (1998), "Şəbih" (2000), "İnam telefonu" (2001), "Dişi ayının ürəyi" (2001), "İşıqlı gecə "(2004), "Köçəri" (2004), "Əlvida, cənub şəhəri!" (2006), "Cənnət quşları" (2008), "Qorxulu zaman" (2010), "Qəzəbli, azğın, qudurğan..." (2011), "Kabusun gözlərilə" (2011) və s.

Rüstəm İbrahimbəyov rejissorluqla da məşğul olmuş, öz ssenariləri əsasında aşağıdakı filmləri çəkmişdir: "Süita" - film-novella, "Bir gözəl gündə" (1976), "Çalışqan adam" (1996), "Ailə" (1998), "İnam telefonu" (2001) və digər. Dünya şöhrətli kinematoqrafçı bəzən prodüserlik fəaliyyətində də çoxşaxəli istedadını nümayiş etdirmişdir: "Taksi-blyuz" (1990), "Düba-düba" (1991), "Dağıdılmış körpülər" (Azərbaycan-ABŞ, 1993), "Ailə" (1998), "SSRİ xalqlarının dostluq muzeyi" (2000), "Köçəri" (2004), "Aleksandr Nevski döyüşü " (2009) və b.

Rüstəm İbrahimbəyovun ssenariləri əsasında Azərbaycanın tarixi keçmişinə və müasir zamanına həsr olunmuş filmlər çəkilib: "Hava məbədi" (1989), "İstanbul əhvalatı" (1995), "Ailə" (1998). Rüstəm İbrahimbəyovun ssenariləri əsasında rejissor Rasim Ocaqovun lentə aldığı bir sıra filmlər bu gün də öz müasirlik və aktuallıqlarını itirməyiblər və haqlı olaraq "Azərbaycanfilm" kinostudiyasının uğurlu filmlərindən sayılırlar: "İstintaq", "Ad günü", "Bağlı qapı önündə", "Park", "Başqa həyat", "Hava məbədi", "Qətldən yeddi gün sonra".

Rüstəm İbrahimbəyovun "Bir cənub şəhərində" adlı debüt filmində cənub şəhəri Bakının urbanist və xəlqilik prinsiplərinin toqquşması tarixçəsi parlaq şəkildə əks olunub. Otuz ildən çox vaxt keçdikdən sonra, məhz müəllifin təşəbbüsü və "Təbəssümlə oyanmaq" hekayəsinin motivləri əsasında yazdığı öz ssenarisi əsasında Bakı mövzusunu davam etdirən "Əlvida, cənub şəhəri" (rejissor Oleq Səfərəliyev) filmi çəkilmişdir. Bakının 1920-ci illər dövrünə həsr olunmuş həmin kinolentdə əsas rolu Moskvada yaşayan tanınmış Azərbaycan şairi İlham Bədəlbəylinin oğlu - Rusiya Federasiyasının əməkdar artisti Timur Bədəlbəyli oynamışdır. Bu film bakılıların bənzərsiz multikultural həyat tərzindən bəhs edir, yumor və yerli koloritlə zəngindir, geri dönməz zaman üçün nostalji hisslər və caz melodiyaları bütün film boyu bolluqla nəzərə çarpır. Film "Qızıl çıraq" (2006) Azərbaycan milli film mükafatının beşinci mərasiminin lideri olub, XI Beynəlxalq "Şərq-Qərb" festivalının mükafatını qazanıb və bir neçə beynəlxalq festivalda nümayiş etdirilib.

Rüstəm İbrahimbəyovun ssenarilərini yazdığı "O biri Sahil" postsovet Tbilisi haqqında (2009), "Köçəri" Qazax tarixi haqqında (2004), "Sehrbaz" (2003), "Vəhşi" (1988) özbək şəhəri haqqında və digər filmlərdə geniş mənada Şərq mövzusuna toxunulub.

Rüstəm İbrahimbəyov, demək olar ki, yarım əsr ərzində bütün yaradıcılığı ilə təkcə Azərbaycanda deyil, həm də Sovet İttifaqında, Rusiyada və dünya miqyasında öz xalqının müsbət imicinin yüksəlməsinə ləyaqətlə xidmət etmişdir. Əlbəttə, belə dünya şöhrətli sənətkarın təqdimində Azərbaycan reallıqları və Azərbaycan həqiqəti həmişə başqa etnomədəni mühitdə tamamilə adekvat, inamla və qərəzsiz qəbul edilib. Qeyd etmək lazımdır ki, belə mötəbər söz sahibi olmaq heç də təsadüfi deyil, bu, çoxillik, yorulmaz və düzü-düz, əyrini-əyri göstərən şərəfli yaradıcı əməyin nəticəsidir. Rüstəm İbrahimbəyov ilk əsərlərindən başlayaraq, nəsrdə, səhnədə və ekranda oxucuları, tamaşaçıları ilə həmişə səmimi, etibarlı söhbət aparıb, dərhal uğur qazanmaq üçün onlara kələk gəlməyib, reallığı bəzəməyib, həqiqətin bədii etibarlılığı üçün tələb olunarsa, hətta milli tənqiddən də çəkinməyib. Bədii materiala bu cür obyektiv, həqiqətpərəst yaradıcı yanaşma Rüstəm İbrahimbəyova layiqli dünya şöhrəti və nüfuzu qazandırıb, ona görə də hər zaman öz əsərlərində doğma xalqı haqqında dünyaya təqdim etdiyi hər bir xoş, müsbət söz planetimizin bütün guşələrində özünün layiqli ünvanlarını maneəsiz tapıb, Azərbaycanın adına yetərincə mənəvi dividendlər gətirib və ümidvaram ki, onun ölməz əsərləri bu şərəfli missiyanı uzun zaman yerinə yetirəcəkdir. Etiraf etmək lazımdır ki, bütün dünyada məşhur olan belə parlaq, böyük şəxsiyyətlər öz xalqı üçün nadir bir şansdır, böyük bir tapıntıdır, daha doğrusu, qiymətli təbii külçədir, Yaradanın millətə bəxşidir. Məhz Yaradanın xoş məramı və lütfü sayəsində belə seçilmiş yaradıcı insanlar, ümumbəşəri mənəvi-mədəni dəyərlər xəzinəsinin yaradılması naminə milli dəyərlərin daşıyıcısı olmaq və onları dünyanın digər xalqları arasında yaymaq yolunda nəcib bir missiyaya sahibdirlər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!