Birinci Bakı Türkoloji kollokviumuna aparan yol
1985-ci ilin mayında keçirilən Sovet Türkoloqlar Komitəsinin illik toplantısında komitənin sədri, akademik Andrey Nikolayeviç Kononov və SSRİ Elmlər Akademiyasının müxbir üzvü, komitənin sədr müavini Əthəm Rəhim oğlu Tenişevin təklifləriylə mən Komitənin xarici əlaqələr üzrə sədr müavini seçildim. Qarşımda sovet türkoloqlarının zəif olan xarici elmi əlaqələrini canlandırmaq, başqa ölkələrin, birinci növbədə, Türkiyə alimləri və qurumlarıyla təmaslar yaratmaq, beynəlxalq konfranslar keçirmək, düzənlənən elmi forumlarda sovet alimlərinin fəal iştirakını təmin etmək kimi ciddi vəzifələr qoyulmuşdu. Doğrusu, türkologiyanın inkişafından ehtiyat edən və bu elmin sadəcə dilçilik səviyyəsində tutulmasında və yalnız siyasi konyunktura xidmət etməyində görən o dövrün iqtidarının tutumunu nəzərə alsaq, bu vəzifəni həyata keçirmək o qədər də asan iş deyildi. Komitə rəhbərliyi və üzvlərinin əksəriyyəti çox yaxşı başa düşürdü ki, ciddi beynəlxalq koordinasya, müxtəlif ölkələrin alimləri arasında fikir alış-verişi, ortaq elmi araşdırmalar, toplantılar olmadan kompleks bir elm olan türkologiyanın inkişafi mümkün deyildir. Heç şübhəsiz, SSRİ-də yaşayan türk xalqlarının dillərinin öyrənilməsi, qrammatikalarının yazılması, sözlüklərin, elmi-nəzəri əsərlərin hazırlanması, ədəbi və mədəni irsin öyrənilməsi sovet türkologiyasının dünyada da qəbul edilən böyük uğurlarıydı. Söylədiklərimizə örnək olaraq, sadəcə Andrey Kononovun 1956-cı ildə çap olunmuş və bu gün də elmi dəyərini itirməyən, dünya alimlərinin masaüstü kitabı olan "Türk ədəbi dilinin qrammatikası", Əthəm Tenişevin rəhbərliyi ilə hazırlanmış çoxcildli "Türk dillərinin müqayisəli qrammatikası" kimi fundamental əsərləri göstərmək kifayətdir. Türkiyədə isə mətinşünaslıq, xüsusilə də, qədim türk mətnlərinin Türkiyə türkcəsinə çevirisi və nəşri yüksək səviyyədə idi. Reşit Rahmeti Aratın "Qədim Türk şeiri", Tələt Təkinin qədim türk runik yazıları haqqındakı əsərləri, "Divan-ü Lüğat-it Türk"ün faksimilə nəşri və çağdaş türkcəyə tərcüməsi isə türkiyəli məsləkdaşlarımızın başarıları idi. Avropada, özəlliklə Fransada türklərin dinləri və inancları, orta əsr türk xalqlarının mədəni-fəlsəfi düşüncələri üzərinə çox sanballı kitablar yazılmışdı və bizim bunların çoxundan xəbərimiz yox idi. Heç şübhəsiz, Avropa, Türkiyə və Sovet alimlərinin işbirliyi türkologiyanın inkişafi və gələcəyi baxımından böyük önəm daşıyırdı.
Sovet Türkoloqlar Komitəsinin sədr müavini kimi, ilk işim iki ildən bir imzalanan Sovet-Türk mədəni və elmi əməkdaşlıq protokolunun incələnməsi oldu. Burada çox qəribə bir mənzərəylə qarşılaşdım. Sən demə, idmanla bağlı bir-iki maddədən başqa, heç bir maddə işləmirmiş. Halbuki protokolda ildə 2-3 alimin qarşılıqlı olaraq Türkiyə və SSRİ-yə göndərilməsi, ikili konfrans və simpoziumların dəstəklənməsi, ortaq nəşrlərin hazırlanması kimi maddələr varmış və onlar ölü maddələr olaraq bir protokoldan başqasına keçirmiş. Uzun araşdırmalardan sonra mən elmi əlaqələr proqramı hazırladım. Bu proqrama görə növbə ilə Sovetlər Birliyi və Türkiyədə olmaq üzrə hər il Sovet-Türk kollokviumlarının, Əhməd Yəsəviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, "Sovetskaya Turkoloqiya" jurnalında Avropa və türk alimlərinin məqalələrlə çıxışlarının təşkil edilməsi, onların əsərlərinin ruscaya tərcüməsi və bu kimi başqa işlər nəzərdə tutulurdu. Nə üçün konqres, simpozium deyil, kollokvium keçirilməsini təklif edirdim? Uzun illər iştirak etdiyim bir çox elmi toplantıların bir özəlliyi vardı - hərə çalışdığı sahə ilə bağlı konkret və dar mövzuda çıxış etdiyi üçün nadir istisnalarla ciddi müzakirələr, dartışmalar olmurdu. Bu səbəbdən, çıxışdan sonra məsləkdaşlarımızın bir qismi foyelərdə çay içərək dost söhbəti edir, bir qismi də şəhərə gəzməyə gedirdi. Belə elmi toplantıların elmi dəyəri bir o qədər də yüksək olmurdu. Kollokviumlarda isə məhdud sayda bəlli sahənin alimləri iştirak edir və onlar əvvəlcədən təsbit edilmiş bir necə problem ətrafinda məruzələr hazırlayırlar. Odur ki, bu toplantılarda daha çox yeni, orijinal fikirlər səslənir, müzakirələr professional səviyyədə aparılır, zidd fikirlər söylənilir. Bu da, heç şübhəsiz, konkret bir elmi problemin hərtərəfli öyrənilməsinə təkan verir. Kollokviumların bir başqa özəlliyi də var - iştirakçılardan başqa heç kim nə çıxış edə bilər, nə də dartışmalara qatıla bilər. Bu səbəbdən kollokviumlar elmi-praktik baxımdan daha verimli olurdu. Bu təklif və düşüncələrimi əvvəlcə Türkoloqlar Komitəsinin sədr müavini Əthəm Tenişevlə paylaşdım, onun tam dəstəyini aldıqdan sonra Leninqradda yaşayan və yay istirahətini Akademiyanın Moskvadakı "Uzkoye" sanatoriyasında keçirən Andrey Kononovun yanına getdim. Orada qaldığım 6-7 saat ərzində biz Andrey Nikolayeviçlə hazırladığım proqramı ətraflı müzakirə etdik və belə qərara gəldik ki, daimi sovet-türk kollokviumlarının təşkil edilməsi təklifi ilə komitənin adından SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətinə məktub göndərək. Belə də etdik. Çox keçmədən SSRİ Elmlər Akademiyası bizə təklifimizin dəstəkləndiyini və bu məsələ ilə bağlı SSRİ Xarici İşlər Nazirliyinə rəsmi yazı göndərdiyini bildirdi. Bir müddətdən sonra yeni imzalanan Sovet-Türk Mədəni və Elmi Əməkdaşlıq Protokoluna sovet-türk kollokviumlarının keçirilməsilə bağlı maddənin salındığını öyəndik.

Sovet-türk kollokviumları
Sovet-türk kollokviumlarının keçirilməsinə Türk tərəfindən dəstək ala bilmək məqsədilə SSRİ Elmlər Akademiyasının təklifi və Türkiyə Xarici İşlər Nazirliyinin dəvətilə 1986-cı ilin oktyabrında Türkiyə Xarici İşlər Nazirliyinin qonağı kimi Türkiyəyə getdim və bir ay müddətində bu məsələ ilə bağlı onlarca görüş keçirdim. Ankarada olduğum 10 gün ərzində Xarici İşlər Nazirliyinin rəsmiləri, Ankara Universitetinin rektoru, professor Tarık Somer, Dil, Tarix və Coğrafya fakültəsinin dekanı, professor Ruçan Arık və bölüm başkanları Kazım Yaşar, Yücəl Özkaya, İsmail Akayla, Hacettepe Universitetinin rektoru və müəllimləri, Ali Təhsil Nazirliyinin funksiyasını üstlənən Yüksək Öğretim Kurumunun yetkilisi Leyla Şahinlə, Atatürk Dil, Tarih Kurumu başqanı Suad İlhan, Türk Tarih Kurumu başqanı, professor Yaşar Yücəl, Türk Dil Kurumu başqanı Həsən Erenlə görüşərək, iki ölkə türkoloqları arasında əlaqələrin qurulmasının əhəmiyyətindən, sovet-türk kollokviumunun önəmindən söz açırdım. Çox qəribə də olsa, məsləkdaşlarım məni yüksək səviyyədə qarşılayır, təkliflərimi maraqla dinləyir, amma söyədiklərimə ehtiyatla yanaşırdılar. Açığını desək, onların heç biri kollokvium fikrinin reallaşmasına inanmırdı. Ona görə görüşlərimiz, söhbətlərimiz diplomatik, yəni maraqlı niyyət məxrəcində keçirdi. Ankarada 10 gün qaldıqdan sonra, nazirliyin əvvəlcədən hazırlanmış proqramına görə İzmirə yollandım. Orada mənə köhnə dostum, professor Fikrət Türkmən ev sahibliyi edirdi.
İzmirdə 9 Eylül və Ege universitetlərinin rəhbərləri və müəllimlərilə çox sayda görüşlər keçirir, təkliflərimizi onlara aydınlatmağa çalışırdım. Ankarada söylədiklərimizə heç deyilsə maraq vardı, İzmirdə isə bu, yox deyiləcək səviyyədə idi. Orada daha çox rəsmi görüşlərim oldu. Milli Təhsil müdiri Mətin Danışı, şəhərin meri Burhan Özfaturanı, onun yardımçısı Yusuf bəyi ziyarət etdim və şəhərin görməli yerlərini gəzdim. Odur ki, mənim İzmir proqramıma daha cox turistik səfər demək daha doğru olardı. Oktyabrın 19-da növbəti dayanacağım olan İstanbula gəldim. Burada da rəsmi qarşılanma, rəsmi ziyarətlər, universitet rektorları və müəllimlərilə görüşlərim oldu, tələbələr qarşısında bir-iki məruzə ilə çıxış etdim. İstanbul səfərim də bu səpkidə davam edirdi. Kollokvium məsələsinə gələndə, hamı bir ağızdan -"gözəl fikirdir, ancaq onu yuxarılar həll edə bilər", deyirdi. Doğrusu, məyus olmağa başlamışdım. Türk məsləkdaşlarım bir tərəfdən, elmi əlaqələrin qurulmasını, rus, sovet türkologiyasına böyük ehtiyacları olduğunu deyir, o biri tərəfdən də, bu işə çox ehtiyatla yanaşırdılar. Proqramıma görə, oktyabrın 23-də İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümünün professor və müəllimlərilə görüşməliydim. Bu universitet və bölüm mənə yad yer deyildi. 1985-ci ildə İstanbul Universitetinin keçirdiyi Beynəlxalq Türkoloji Konqresində məsləkdaşlarımın çoxuyla yaxından tanış olmuş, bəziləri ilə də dostluq münasibəti qurmuşdum. Rəsmi görüşlərdən sonra o zaman yardımçı dosent olan dostum Osman Fikri Sərtqaya məni otağına çay içməyə dəvət etdi. Söhbət zamanı mən diplomatik dili bir kənara qoyaraq, ona kollokvium mövzusunu təkrar açdım, Ankarada, İzmirdə bu işə, nədənsə çox sərin baxdıqlarını dedim. Osman bəy özünəməxsus üslubuyla: "Yanlış qapı çalmısan, qardaşım. Bu məsələni həll etsə, ancaq bizim bölüm başqanımız, professor Muharrəm Ergin hoca həll edər. Belə işlərə onun kimi sözü keçən adam lazımdır. Bir dəqiqə gözlə, ona məsələni danışım, görək nə deyir". Bir azdan Osman bəy qayıtdı və "Hoca səni gözləyir, gedək", - dedi. Muharrəm bəy məni diqqətlə dinlədikdən sonra, "Bu kollokviumlarda hansı problemləri ələ almaq istəyirsiniz?" - deyə soruşdu. Mən, ilk öncə türklərin, özəlliklə də oğuz türklərinin ortaq problemlərinin - qədim türk şeiri, dastan yaradıcılığı, runik türk yazıları, "Dədə Qorqud" eposunun problemlərinə ağırlıq vermək istədiyimizi, mənim şəxsi arzumun isə ilk kollokviumun "Dədə Qorqud" dastanına həsr olunması və Bakıda keçirilməsi olduğunu dedim. Muharrəm bəy, "Söylədiklərinizin ikisi də - kollokvium da, ilk toplantının Bakıda olması da yaxşı fikirdir. Yəqin bilirsiniz, mən də azəriyəm, tərəkəmələrdənəm. Nəsib olsa, mən də o toplantıya qatılaram, Bakını da görmüş olaram", - dedi və Osman bəyə dönərək: "Xarici İşlər Nazirliyinə, yetkili qurumlara mənim imzamla məktublar hazırla, kollokviuma dəstək verdiyimizi yaz." Osman bəyin otağına döndüyümuzdə o, " Muharrəm Hoca "tamam" dedisə, demək ki, bu iş baş tutacaq", - dedi...
Bir aylıq Türkiyə səfərimi başa vurub, oktyabrın 31-də Moskvaya döndüm. İki həftədən sonra Sovet Türkoloqlar Komitəsi Bürosunun toplantısında Türkiyə səfəri ilə bağlı hesabatla çıxış etdim, geniş müzakirələrdən sonra Sovet-Türk Kolokviumlarının təşkil olunması və birinci toplantının "Mədəniyyət abidəsi olaraq "Kitabi-Dədə Qorqud" dastanı" mövzusunda Bakıda keçirilməsi haqqında qərar alındı və bu qərar SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətinə yazılı olaraq bildirildi. Akademik Andrey Kononov və Akademiyanın müxbir üzvü Əthəm Tenişevin fəaliyyətləri və görüşləri sonucunda tezliklə kollokviumların Sovet Türkoloqlar Komitəsinin himayəsində keçirilməsi haqqında SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti də qərar qəbul etdi. Komitənin növbəti toplantısında mən kollokviumların sovet tərəfi başqanı təyin olundum. Həmin toplantıda mənə ləngimədən birinci kollokviumun hazırlıq işlərinə başlanılması tapşırıldı. İlk iş olaraq filologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin professoru, tanınmış folklorçu və qorqudşunas Xalıq Koroğlu ilə görüşdüm və durumu ona danışdım. Xalıq müəllim belə bir toplantının keçiriləcəyi xəbərinə çox sevindi, eyni zamanda tərəddüdlərini də dilə gətirdi: "Sən də bilirsən ki, xalqlar dostluğunu pozduğu bəhanəsiylə uzun illər "Dədə Qorqud" dastanının öyrənilməsinə və yayılmasına bəzən açıq, bəzən qapalı yasaqlar qoyulub. Bu gün belə, Türkmənistanda yasaq davam etməkdədir. Bu səbəbdən dastanı araşdıran, incələyən türkoloq, folklorçu, tarixçilərin sayı çox azdır. Odur ki, sovet heyətini təşkil etmək sənin üçün çətin olacaqdır. Şəxsən mən o kollokviumda olmaq istərdim." Doğrudan da, "Dədə Qorqud" dastanıyla ciddi bir şəkildə məşğul olan alimlərin siyahısını tutmağa başladığımda çox acınacaqlı bir tabloyla qarşı-qarşıya gəldim. Sonsuz Sovetlər Birliyi ərazisində sadəcə iki bilgin - Moskvada Xalıq Koroğlu, Bakıda professor Şamil Cəmşidov bu dastanı professional və davamlı şəkildə araşdırırdılar. Qazaxıstanlı gənc alim Şakir İbrayev Moskvada Xalıq Koroğlunun rəhbərliyi ilə "Dədə Qorqud" mövzusunda namizədlik dissertasiyası yazsa da, vətənə qayıtdıqdan sonra bu temadan uzaqlaşmışdı. Doğrusu, çaşqınlıq içindəydim, bu vəziyyətdən necə çıxacağımı bilmirdim. Moskvada aspiranturada oxuduğum üç il müddətində hər gün bərabər olduğum, qardaşım kimi sevdiyim, istedadına, yetənəyinə inandığım və Sovet Turkoloqlar Komitəsi tərəfindən "Sovetskaya Türkologiya" jurnalına baş redaktorun müavini təyin olunmasında müəyyən rol oynadığım Aydın Məmmədova narahatlığımı bildirəndə, o, Azərbaycanda bir necə alimin "Dədə Qorqud dastanı" mövzusunda qısa müddətdə və istənilən səviyyədə məruzə hazırlaya biləcəklərinə və bizi lazımi şəkildə təmsil edə biləcəklərinə inandığını söylədi. Aydın iki gənc və istedadlı alimdən - Kamal Abdullayev və Kamil Vəliyevdən ağızdolusu danışır və onların sovet heyətinə salınmalarını israrla təklif edirdi. Mən Kamili və Kamalı istedadlı dilçi alim kimi tanıyırdım, ədəbiyyatla maraqlandıqlarını da bilirdim, ancaq bizim mövzumuzla bağlı olduqlarını bilmirdim. Aydın məni Tofiq Hacıyev və Süleyman Əliyarlı ilə də tanış etdi. Söhbətlərimiz sırasında bu hər iki tanınmış alimin dastanla əlaqədar çox maraqlı görüşləri olduğunu öyrəndim. Moskvaya döndükdən sonra məsləkdaşlarımın köməyilə sovet heyətinə daxil edilə bilinəcək alimlərin siyahısını tutdum. 25 nəfərlik bu siyahıda Leninqrad Universitetinin professoru S.N.İvanov, Özbəkistandan professor Törə Mirzəyev, Türkmənistandan akademik B.Çarıyarov, Moskva Universitetindən İya Borolina kimi tanınmış bilginlərin adları vardı. Ancaq onların çoxunun "Dədə Qorqud dastanı" üzərində incələmə, araşdırmaları yoxdu. Uzun çalışmalardan sonra perspektivli gənc alimlərin çoxluqda olduğu heyətin siyahısını hazırlayıb, təsdiq olunması üçün Sovet Türkoloqlar Komitəsinə təqdim etdim. Komitə mənim təklifimi dəstəklədi və beləliklə, Xalıq Koroğlu (Moskva), Tofiq Məlikov (Moskva), Şamil Cəmşidov, Süleyman Əliyarov, Tofiq Hacıyev, Kamal Abdullayev, Kamil Vəliyevdən (Azərbaycan) oluşan sovet heyətini təsdiqlədi. Bundan başqa, kollokviuma Qazaxıstandan Şakir İbrayev və Erdən Kajıbekovun, Qırğızıstandan Süleyman Kayıpovun, Türkmənistandan Bekmuradov və Annaqurban Aşirovun muşahidəçi kimi dəvət olunmaları qərarlaşdırıldı. Beləliklə, birinci sovet-türk kollokviumunun keçirilməsi üçün bütün formal məsələlər həll olunmuş və sıra toplantının elmi cəhətdən yüksək səviyyədə hazırlanmasına gəlmişdi. Heyət üzvlərinə əvvəlcədən çıxışlarını hazırlamaq və mümkün olduqca "Sovetskaya Türkologiya" jurnalında çap etdirmək təklif olundu. Kollokviumun Bakıda keçirilməsini, heyət üzvlərinin çoxunun Azərbaycandan olmasını və mənim Moskvada işlədiyimi nəzərə alaraq, Aydın Məmmədovdan mənim Bakı təmsilçim kimi orada təşkilati işləri koordinə etməsini xahiş etdim. Yeri gəlmişkən, kollokviumun uğurlu keçməsində dostum Aydının böyük zəhməti olduğunu demək istərdim. Bakıdakı təşkilati işlərin əsas yükü onun üstünə düşmüşdü. Mən Osman Sərtkaya ilə daima əlaqə saxlayır, hazırlıqla bağlı bilgi verirdim. O da, öz növbəsində, Türkiyədə kollokviuma hazırlıq işlərindən məni xəbərdar edirdi. Osman bəy də orada bir çox problemlərlə qarşılaşır, onları özünəməxsus təşkilatçılıq qabiliyyətilə həll etməyə çalışırdı. 1988-ci ilin mayında Osman bəy mənə türk heyətinin siyahısını göndərdi. Kollokviumun Türkiyə tərəfi başqanı təyin olunan Osman Fikri Sertkaya rəhbərliyindəki heyətə "Kitabi-Dədə Qorqud"un ilk naşirlərindən və araşdırmaçılarından olan Orxan Şaik Gökyay, Ankara Universitetinin professoru, ümumtürk mədəniyyəti tarixinin dünyaca ünlü bilicisi Bahəddin Ögəl, Egey Universiteti Türk Dili və Ədəbiyyatı Bölümü başqanı, professor Fikrət Türkmən, Ankara Qazi Universitetinin professoru Əhməd Bican Ərcilasun, Elazığ Universiteti Sosyal Araşdırmalar İnstitutunun müdiri, dosent Tuncər Gülənsoy, Ərzurum Universitetinin dosenti Saim Sakaoğlu salınmışdı. Sonradan öyrəndim ki, tanınmış alim Zeynəb xanım Qorxmaz da kollokviuma qatılmaq istəyirmiş, ancaq böyük alim və insan Bahəddin Ögəl ağır xəstəliyinə baxmayaraq, Bakını görmək həsrətində olduğunu bildirincə, heyətə o alınmışdı. Heyiflər olsun ki, kollokvium keçirildikdən bir müddət sonra Bahəddin Hoca dünyasını dəyişdi.
Türk heyəti iyun ayının 31-də Moskvaya gəldi. Onları Şeremetyevo hava limanında mən və köməkçim Yelena Napolnova qarşıladıq. Hamımız - türklər də, biz də çox həyəcanlıydıq, yeni və böyük bir işə başladığımızın fərqində idik, bu da bizi, təbii olaraq, həyəcanlandırırdı. Görüşüb-qucaqlaşdığımız zaman Bahəddin Ögəlin pıçıldadığı "Şükür bizi qovuşdurana" sözləri bu gün də qulaqlarımdadır. Qonaqlarımızı Akademiyanın Oktyabr meydanındakı otelinə yerləşdirdikdən sonra bərabər axşam yeməyini yemək üçün restorana düşdük. Bu emosional ab-hava orada da davam edirdi. Həyatında içki içməyən, ağırbaşlığı ilə bilinən Saim Sakaoğlu içdiyi şampan şərabının etkisiylə həyəcanını gizlətmir və təkrar-təkrar şərab badəsini qaldırırdı. Türk dostlarımızdan kimsə, " Gəlin, Saim bəyin soyadını dəyişdirək, Şampanskiy qoyaq, olsun Saim Şampanskiy", dediyində, hamımız yaman gülmüşdük. Bu hadisədən sonra Türkiyəyə hər gedişimdə və Saim bəylə görüşəcəyimi bildiyimdə ona bir şüşə şampan şərabı aparardım...
İyul ayının 1-də türk heyəti, Xalıq Koroğlu və mən Bakıya gəldik və "Azərbaycan" otelinə yerləşdik. Bizi qarşılayan Aydın Məmmədov Bakıda hazırlıq işlərinin tamamlandığını, proqramda nəzərdə tutulduğu kimi, kollokviumun sabah Əlyazmaları İnstitutunda başlayacağını bildirdi. Axşam yeməyindən sonra Osman bəy, Aydın və mən bir araya gələrək, kollokviumun Bakı proqramını, sabahkı toplantının nə şəkildə keçəcəyini görüşüb qərarlaşdırdıq. Bəzi məqamları diqqətə alaraq, Dövlət Radio və Televiziya Komitəsinin sədr müavini, məsləkdaşım Aqşin Babayevə telefon edib, kollokviumdakı çıxışların lentə alınmasında bizə yardımçı olmasını xahiş etdim. Sağ olsun, Aqşin bəy bu məsələni o saat həll etdi. İyulun 2-sində Əlyazmaları İnstitutuna gəldiyimizdə böyük izdihamla qarşılaşdıq. Toplantının keçirilməsindən xəbər tutan bir çox türkoloq, filoloq məsləkdaşımız və saysız gənclər kollokviumun işini izləmək, türk alimlərini görmək həvəsilə buraya gəlmişdilər. Kollokviumun yuxarıda açıqladığım şərtlərini və toplantı zalının kiçik olmasını nəzərə alaraq, içəriyə ancaq iştirakçılar və dəvət olunan qonaqlar buraxılırdı. Dəvətlilər arasında akademik Ziya Bünyadov, xalq yazıçısı Anar, Ədəbiyyat İnstitutunun direktoru, professor Yaşar Qarayev və başqa tanınmış elm və mədəniyyət adamları vardı.
Saat 10-da öz işinə başlayan kollokviumu giriş sözüylə Azərbaycan Elmlər Akademiyasının elmi katibi, akademik Bəkir Nəbiyev açdı. Səhər toplantısı mənim, axşamki isə Osman bəyin sədrliyi ilə keçdi. Üç gün davam edən kollokviumda Xalıq Koroğlu "Təpəgöz və polifem", Tofiq Hacıyev "Dədə Qorqud Kitabı dilinin iki sintaktik xüsusiyyətləri haqqında", Süleyman Əliyarlı "Kitabı Dədə Qorqut: tarixi-filoloji araşdırma təcrübəsi", Şamil Cəmşidov "Dədə Qorqud Kitabı haqqında", Tofiq Məlikli "Kitabi-Dədə Qorquddakı şeir mətnlərinin strukturu", Kamal Abdulla ""Dədə Qorqud Kitabı strukturunun iki planda öyrənilməsi", Kamil Vəli Nərimanoğlu "Kitabı Dədə Qorqud şeirləri haqqında bir neçə söz", Orxan Şaik Gökyay "Dədə Qorqut Kitabı üzərinə", Bahəddin Ögəl "Dədə Qorqut Kitabının əski və yazılı qaynaqları haqqında", Əhməd Bican Ərcilasun "Dədə Qorqut Kitabı ilə Oğuz Dastanı arasındakı əlaqələr", Tuncər Gülənsoy "Dədə Qorqut Hekayələrinin Anadolu və Rumelində izləri", Oman Fikri Sərtkaya "Dədə Qorqut Kitabındaki bəzi şeir parçalarının heca vəzni və məzumə türü açısından yenidən oxunması", Fikrət Türkmən "Dədə Qorqut hekayələrinin Anadolu və Rumelində yaşayan qolları", Saim Sakaoğlu "Bəy Böyrək hekayəsindəki qiyafət dəyişdirmə motivi ilə digər motivlərin Anadolu nağıllarında görülməsi" mövzusunda çıxış etmiş və bu çıxışlar ətrafında olduqca geniş, maraqlı müzakirələr aparılmışdı. 6 il sonra, 1994-cü ildə bu məruzələr "Türk Dili Araşdırmaları Yıllığı"nın özəl sayında çap olunmuşdur. Heyiflər olsun ki, biz kollokviumun materiallarını ayrıca kitab şəklində nə azəricə, nə də rusca çap etdirə bildik. Kollokviumun keçirilməsindən 23 il sonra qətiyyətlə deyə bilərəm ki, bu, böyük bir tarixi hadisə idi. 1926-cı il Birinci Bakı Türkoloji Qurultayından bu yana, ilk dəfə idi ki, Türkiyədən bir heyət Bakıya gəlir və orada Azərbaycan və Türkiyə alimləri birlikdə elmi konfrans keçirirdilər. Bu, türk məsləkdaşlarımızın Bakıya, Azərbaycana ilk gəlişləriydi. Bakı səfəri onlar üçün, Fikrət Türkmənin dili ilə desək, "xəyal deyil, xəyal ötəsi" bir şeydi.
Kollokvium öz işini tamamladıqdan sonra, türk və sovet heyətinin üzvləri İsmayıllı rayonunu, Lahıcı ziyarət etdilər, Azərbaycanın gözəl yerləriylə tanış oldular. Bakıda başlayan hər iki ölkə alimlərinin həyəcanlı, emosional görüşlərini sözlə ifadə etmək mümkün deyil. Adlarını əzbər bildiyimiz qocaman Orxan Şaik Gökyayı və Bahəddin Ögəli Bakıda görmək, əsərlərini əldə etmək, o zaman gənc olan, sonralar Türkiyə türkologiyasının aparıcı alimlərinə çevrilən Saim Sakaoğlu, Əhməd Bican Ərcilasun, Tuncər Gülənsoy, Fikrət Türkmən, Osman Sərtkaya ilə görüşüb-danışmaq, dostluq əlaqələri qurmaq bizim alimlərimiz üçün həqiqətən, olduqca böyük hadisə idi. Eyni zamanda türk məsləkdaşlarımızın Ziya Bünyadov, Abbas Zamanov, Tofiq Hacıyev, Şamil Cəmşidov və başqa alimlərimizlə olan görüşləri yeni işbirliyinin başlanğıc nöqtəsiydi. Bakı kollokviumu Türkiyədə, özəlliklə də Azərbaycanda Qorqudşünaslıq elminin inkişafina qüvvətli təkan verdi. 1988-ci ildən sonra "Dədə Qorqud ensiklopediyası"nın, onlarla maraqlı kitabların, yüzlərlə məqalələrin çap olunması, dastanın 1300 illiyinin beynəlxalq səviyyədə qeyd edilməsi, "Dədə Qorqud" elmi jurnalının nəşri söylədiklərimizə dəlalət etməkdədir. Bakı kollokviumunun 10 illiyi 1998-ci ildə Türkiyənin Konya şəhərində, 20 illiyi isə 2009-cu ildə Bakıda Slavyan Universitetinin və onun rektoru Kamal Abdullanın təşəbbüsüylə geniş şəkildə qeyd olunmuş, bu toplantılarda kollokviumun oynadığı tarixi roldan, keçən illər ərzində Qorqudşünaslıqda əldə edilən uğurlardan söz açılmışdı. Bütün bunlar sonralar oldu. Kollokviumun ikinci pərdəsi isə qonaqları ölkələrinə yola saldıqdan və mən işlədiyim Şərqşünaslıq İnstitutuna qayıtdıqdan sonra başladı. İşə gələn kimi, o zaman SSRİ Elmlər Akademiyası Dil-Ədəbiyyat Bölümünün akademik katibi və İnstitutda Ədəbiyyat Şöbəsinin müdiri olan akademik Yevgeniy Çelışev məni otağına apardı və: "Bakıda kollokvium necə keçdi? Mənə düzünü söylə, orada nələr oldu?" - deyə soruşdu. Çox sevdiyim və dərin hörmət ediyim Yevgeniy Petroviçin sualı bu tərzdə verməsi məni şübhələndirsə də, hər şeyi olduğu kimi ona danışdım. Yevgeniy Petroviç gülümsəyərək: "Kollokvium başlayan kimi Yerevandan Akademiyaya və İnstituta çox sayda teleqram gəldi. Onlarda deyilirdi ki, azərbaycanlılarla türklər kollokvium adıyla bir araya gəlib, ermənilərə qarşı yeni soyqırımının planlarını görüşüblər. Burada bəziləri istəyirdi ki, səni təcili olaraq Moskvaya geri çağıraq. Bunun əleyhinə çıxdıq, çünki bu, beynəlxalq skandala səbəb olardı. Çox qəribə də olsa, bəzi məsləkdaşların da Bölməyə məktub yazaraq, orada sənin hesabatının dinlənməsini və lazımı tədbirlər görülməsini təklif edirlər", - dedi. Nə gizlədim, ermənilərin haradasa canfəşanlıq edəcəklərini gözləyirdim, odur ki, Aqşin Babayevdən kollokviumdakı çıxışların hamısının başdan sona qədər lentə alınmasını xahiş etmişdim. Ancaq uzun illərdir bir yerdə çalışdığım bəzi insanların bu hərəkəti mənə çox pis təsir etmişdi. "Yevgeniy Petroviç, yazılanların hamısı cəfəngiyyatdır, yalandır. Kollokvimdakı çıxışların hamısı lentə alınıb. Xahiş edirəm, ya siz, ya da təyin edəcəyiniz komissiya onları dinləsin. İstədiyiniz zaman Bölmədə hesabat verməyə də hazıram", - dedim. Yevgeniy Petroviç gülümsəyərək, "mən də bilirdim ki, yazılanlar yalandır, ancaq məsləkdaşlarımızın məktubuna reaksiya verməliyik", - dedi. Yevgeniy Petroviçdən sonra məni İnstitut direktorunun müavini, professor Georgiy Kim yanına çağırdı və söhbətə həmişəki zarafatcıl üslubuyla, "Eşitmişəm Bakıda inqilab eləmisən" sözləriylə başladı. Ona da uzun-uzadı durumu başa saldım. Sabahısı gün SSRİ Yazıçılar Birliyində işləyən Vera Feonova telefon edib, ermənilərin Bakı kollokviumu ilə bağlı Birliyə bir sürü teleqram göndərdiklərini, bu məsələyə aydınlıq gətirlməsi üçün katibliyin ona tapşırıq verdiyini söylədi. Sonradan məlum oldu ki, ermənilər Mərkəzi Komitədən tutmuş, bir çox təşkilata teleqramlar, məktublar göndəriblərmiş. Mən bir neçə ay işimi-gücümü atıb, "inqilab etmədiyimizi", ciddi elmi problemlərlə məşğul olduğumuzu isbat etməyə çalışdım. Nəhayət, 1988-ci ilin noyabrında Dil-Ədəbiyyat Bölməsi ilə Sovet Turkoloqlar Komitəsinin Yevgeniy Petroviç Çelışevin başqanlığında birgə toplantısı keçirildi və orada mənim geniş hesabatım dinlənildi. Şərqşünaslıq İnstitutunun Ədəbiyyat şöbəsində işləyən Svetlana Uturgauri və onu dəstəkləyənlər çıxışlarında həm kollokviuma, həm də "Dədə Qorqud" dastanının öyrənilməsinə qarşı olduqlarını gizlətmirdilər. Ancaq Çelışev, Əthəm Tenişev və özəlliklə kollokviumun iştirakçısı olan Xalıq Koroğlu, Bakı toplantısı və sovet heyətinin işinə tam dəstək verərək, elmi siyasi konyunktura alət etməməyə çağırdılar. Müzakirədən sonra qəbul edilən Bölmənin qərarında kollokviumun və sovet heyətinin fəaliyyəti yüksək qiymətləndirilir və kollokviumların davam edilməsi istənilirdi.
Sovet Türkoloqlar Komitəsinin sədri, SSRİ EA müxbir üzvü Əthəm Tenişev 1988-ci il oktyabrın 10-da Şərqşünaslıq İnstitutunun direktoru, SSRİ EA müxbir üzvü M.S.Kapitsaya ünvanladığı məktubunda yazırdı:
Hörmətli Mixail Stepanoviç!
SSRİ ilə Türkiyə Respublikası arasında imzalanmış protokola dayanaraq SSRİ EA Ədəbiyyat və Dil Bölməsi Azərbaycan Elmlər Akademiyası ilə birlikdə 1988-ci ilin 1-8 iyul tarixlərində Bakıda türk filologiyası problemlərinə həsr olunmuş birinci Sovet-Türkiyə kollokviumu keçirilmişdir. Bakı toplantısı "Oğuz dastanı "Kitabi-Dədə Qorqud" türk mədəni abidəsi kimi" mövzusuna həsr olunmuşdu.
Sovet-Türkiyə elmi əlaqələri tarixində belə bir forum ilk dəfə keçirilirdi. İki ölkənin alimləri bir yerdə toplanaraq unikal türk abidəsinin öyrənilməsi, incələnməsilə bağlı problemləri müzakirə etmiş, çağdaş türkologiyanın məsələləri haqqında fikir mübadiləsi aparmış, görüləcək konkret işlərin planlarını görüşmüşlər.
Türk və sovet alimlərinin ümumi fikirlərinə görə, Bakıda keçirilən elmi tədbir türkoloji elmində olduqca böyük hadisəyə çevrilmiş və iki ölkə arasında elmi əlaqələrin yaranmasında yeni bir səhifə açmışdır. Sovet və türk mətbuatında çıxan saysız məqalələr bunun bir sübutudur. Maraqlıdır ki, sovet-türk kollokviumundan sonra İngiltərə, Almaniya və ABŞ-ın elmi təşkilatları türk tərəfinə belə kollokviumların keçirilməsini təklif etmişlər.
İkitərəfli belə elmi forumların keçirilməsi ideyası Sovet Türkoloqlar Komitəsinə və şəxsən Komitənin sədr müavini, sizin institutun baş elmi işçısı Tofiq Məlikova aiddir. O, birinci Sovet-Türk kollokviumunun təşkil olunmasında və keçirilməsində böyük rol oynamışdır. Eyni zamanda ona sovet heyətinə rəhbərlik etmək də tapşırılmışdır.
Sovet Türkoloqlar Komitəsində xarici elmi əlaqələrdən məsul olan T.Məlikov, eyni zamanda sovet heyətinin İstanbulda keçirilən VI Beynəlxalq Türkoloji Konqressində (19-25 sentyabr 1988) və Ankarada Türk Dil Qurumunun Beynəlxalq qurultayında (26 sentyabr-3 oktyabr 1988) uğurla iştirak etməsində önəmli rol oynamışdır. O, həmçinin VI Konqressin bir seksiyasına başçılıq etmiş, hər iki toplantıdakı elmi-nəzəri çıxışları böyük marağa səbəb olmuş və onların ətrafında ciddi diskussiyalar aparılmışdır.
Sovet-Türk kollokviumunun hazırlanması və keçirilməsindəki məhsuldar işinə, beynəlxalq konqreslərdəki aktiv fəalliyyətinə görə Sovet Türkoloqlar Komitəsi Tofiq Məlikliyə təşəkkür elan etmiş və SSRİ EA Şərqşünaslıq İnstitutunun da onun fəaliyyətini eyni şəkildə yüksək dəyərləndirəcəyinə ümid edir.
Tenişev Ə.R.
Sovet Türkoloqlar Komitəsinin sədri,
SSRİ EA Müxbir üzvü.
Bir müddətdən sonra Birinci Sovet-Türk kollokviumunu uğurla hazırlayıb keçirdiyimizə görə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin Sərəncamı ilə mənə və başqa təşkilatçılara təşəkkür məktubu göndərildi.
Bütün bu çətinliklərə və əngəlliklərə baxmayaraq "Kitabi-Dədə Qorqud" dastanlarına həsr olunmuş ilk Sovet-Türk kollokviumu qardaş türk xalqları arasında önəmli elmi və tarixi hadisəyə çevrildi. Bunun nəticəsiydi ki, 1998-ci ildə türkiyəli həmkarlarınız Konya şəhərində Birinci kollokviumun 10 illiyini və 2009-cu ildə isə Bakı Slavyan Universiteti onun 20 illiyini maraqlı tədbirlərlə qeyd etdilər. Bakıda keçirilən tədbirlə bağlı Slavyan Universitetinin hazırladığı broşurda bu böyük elmi hadisə belə dəyərləndirilirdi: "Sovet rejiminin son illərinə təsadüf edən bu böyük hadisə XX əsrin sonlarında Azərbaycan və Türkiyə alimləri arasında ilk mənəvi-elmi körpü oldu. Rusiyalı, türkiyəli, azərbaycanlı, türkmənistanlı, qazaxıstanlı filoloqların iştirakı kollokviumun dəyərini təkcə elm adamları arasında deyil, geniş ictimaiyyət arasında da yüksəklərə qaldırdı. İlk dəfə Azərbaycana Türkiyədən adını eşidib əsərlərini böyük məhəbbətlə oxuduğumuz ustadlarımız və sonrakı dövrlərdə dostlarımıza, qardaşlarımıza çevrilən gənc həmkarlarımız gəldi. Ustad Orxan Şaik Gökyaya, ustad Bahəddin Ögəl, indi özləri ustadlara çevrilmiş Əhməd Bican Ercilasun, Osman Fikri Sərtqaya, Fikrət Türkmən, Saim Sakaoğlu, Tuncər Gülənsoy ilə görüşlərimiz, elmi müzakirələrimiz, söhbətlərimiz unudulmaz xatirələrə çevrildi.
Tofiq Məlikli, Osman Sərtqaya, Aydın Məmmədov kollokviumun həqiqətən, ciddi professional dəyərləndirmələr məclisinə çevrilməsində əvəzsiz xidmət göstərdilər. Azərbaycan və Orta Asiyalı alimlər - Tofiq Hacıyev, Süleyman Əliyarlı, Kamil Vəliyev, Şakir İbrayev, Xalıq Koroğlu, Erdən Kajibəyov, Süleyman Qayıbov, Annaqurban Aşırov, Kamal Abdulla Dədə Qorqud abidələri üzərinə məruzələri ilə ümumi filoloji "cəbhə xətti"ni bir qədər də görümlü etdilər.
O zaman kim deyə bilərdi ki, qısa bir zaman keçəcək və bizim birliyimiz, əməkdaşlığımız virtual müstəvidən reallığa çevriləcəkdir?!"

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
