Fikrimizcə, professor Elman Quliyevi Azərbaycan elmi ictimaiyyətinə, xüsusilə filoloqlara təqdim etməyə ehtiyac yoxdur. O, bir ədəbiyyatşünas alim kimi, son onilliklərin elmi-ictimai arenasında yaxşı tanınır. Kifayət qədər elmi nüfuza, hörmət və sanbala malikdir. Ancaq onun nüfuzu, hörməti və sanbalı yalnız Azərbaycan coğrafiyası ilə məhdudlaşmır. Belə ki, bir sıra türkdilli (türk mənşəli) ölkələrdə də elmi ictimaiyyət professor Elman Quliyevi yaxşı tanıyır, onu məhsuldar, istedadlı və cəfakeş türkoloq alim kimi qəbul edir, tədqiqatlarından faydalanır. Şəxsən mən Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, həmçinin TÜRKSOY-da filoloqlar arasında və ümumən elmi ictimaiyyətdə Elman müəllimə bir türkoloq alim kimi necə qaynar, səmimi münasibət göstərildiyinin şahidi olmuşam. Biz buraya cəsarətlə müstəqil dövlətləri olan türk respublikalarının Azərbaycandakı səfirliklərinin rəsmi yetkililərinin onun elminə və şəxsiyyətinə isti münasibətini də əlavə edə bilərik. Həmin rəsmi yetkililər E.Quliyevi türk xalqları arasında körpü yaratmağa çalışan, onlar arasındakı ədəbi-mədəni əlaqələri yaxınlaşdırmağa, yüksəltməyə səy göstərən, turançılıq və türkçülük idealına xidmət edən, bu yolda əməli addımlar atan cəfakeş bir tədqiqatçı, elm adamı, türkoloq kimi tanıyırlar. Heç şübhəsiz ki, bunun səbəbi alimin bu sahədə gördüyü işlər, ortalıqda olan əsərləri, atdığı addımlarla gördüyü işlərin miqyası, çəkisi, əhəmiyyətidir. Əlbəttə, onun deyilən sahədə gördüyü işlərin miqyası, sferası geniş, çoxşaxəli, çoxparametrlidir. Ancaq fikrimizcə, bu işlərin içərisində ən çox diqqəti çəkən, xüsusi təqdimata ehtiyacı olan, istər bu gün, istərsə də gələcəkdə fəxarətlə xatırlanan və xatırlanacaq bir iş var: "Türk xalqları ədəbiyyatı" (Bakı, "Elm və təhsil", 2025, 864 səh.) dərsliyi. Onu da deyək ki, bu, adını çəkdiyimiz dərsliyin son nəşridir. Bu nəşrə qədər dərslik 2009-cu ildən indiyə qədər bir neçə dəfə nəşr olunub. Fərq burasındadır ki, hər nəşr əvvəlkinə nisbətən daha da təkmilləşdirilmiş, zənginləşdirilmiş şəkildə ortalığa çıxır. Yəni müəllif otuz ildən çoxdur ki, bu dərslik üzərində çalışır, işlərini davam etdirir, ona yeniliklər və əlavələr edir. Kitabın 2025-ci il nəşri, yəni yuxarıda adını çəkdiyimiz son nəşri dərsliyin ən mükəmməl variantı hesab oluna bilər. Və yəqin ki, Elman müəllim bu istiqamətdə işini daha da davam etdirəcək və kitabın gələcəkdə daha təkmil nəşrləri meydana çıxacaqdır.
Haqqında danışdığımız "Türk xalqları ədəbiyyatı" kitabının həcmi böyükdür, yəni 864 səhifədir. Bu da təbiidir. Çünki dərsliyin ehtiva etdiyi obyekt istər məkan, istərsə də zamanca geniş, əhatəli və tutumludur. Onun coğrafiyası məkanca Uzaq Şərqdən, Çin sərhədlərindən başlamış, balkanlara qədər Asiya və Avropanın türk xalqları yaşayan geniş bir məkanını əhatə edir. Zamana gəldikdə isə, türklərin varlığının tarixinin min illərlə ölçüldüyü bəllidir. Tarixin dərinliyinə uzandıqca qaranlıqlaşan həmin tarixdə türklərin ilk söz, sənət abidələrinin, bədii ədəbiyyat nümunələrinin ilk dəfə nə vaxt, zamanın hansı çağında yarandığı konkret şəkildə bəlli deyil. Ancaq bu məchulluq içərisində bəlli olan həqiqət odur ki, qədim türklərin yaratdığı söz sənəti örnəklərinin tarixi də min illərlə ölçülür. Əski Oğuz dastanları bunu aydın şəkildə sübut edən bədii faktlardır. Deməli, E.Quliyevin dərsliyinin obyekti zaman baxımından da çoxəsrlik bir tarixi dövrü əhatə edir.

Prof. E.Quliyevin "Türk xalqları ədəbiyyatı" dərsliyi təsadüfi, ötəri bir həvəsin məhsulu deyil. Onun ərsəyə gəlməsini, tədricən təkmilləşməsini, uğurunu, mükəmməl bir tədris vəsaiti kimi formalaşmasını təmin edən əsaslı səbəblər vardır. Bu səbəblərin bir tərəfi tədris həyatının ehtiyacları, tələbləri ilə bağlıdırsa, digər tərəfi də türkoloq alimin şəxsi qabiliyyəti, uzun illər tədris etdiyi "Türk xalqları ədəbiyyatı" fənninə marağı, türk xalqlarına və onun ədəbiyyatına sevgisi, türkçülük və turançılıq sevdası, türk xalqları arasında körpü yaratmaq arzusunu bir alim missiyasına çevirmək istəyi ilə əlaqədardır.
Bəllidir ki, rus müstəmləkə rejiminin modern forması olan SSRİ dönəmində indi müstəqil dövlətləri olan türk respublikalarının əksəriyyəti "Sovet İttifaqı" deyilən rus-sovet siyasi rejiminin sərhədləri daxilində idi. Türk mənşəli xalqların bir-birinə inteqrasiyası, sıx ədəbi-mədəni əlaqələr saxlaması və vahid ideya ətrafında birləşməsi, turançılıq ideallarının təbliği və bir sözlə, türkçülüklə bağlı hər şey yasaq mövzular sırasında idi. Türk xalqlarının bir-birindən uzaq düşməsi üçün nə lazımsa, edilirdi və bu, ədəbiyyata da aid idi. Xoşbəxtlikdən 1991-ci ildə SSRİ dağıldı, sovet respublikaları, o cümlədən, formal dövlətləri olan türk respublikaları (təəssüf ki, bir sıra türk xalqları və toplumları indi də rus imperiyasının müstəmləkə boyunduruğu altındadır) müstəqillik qazandı. Bu tarixi hadisə türk xalqlarının bir-birinə yaxınlaşması, qarşılıqlı əlaqələrinin hərtərəfli mənada inkişafı üçün şərait yaratdı. Azərbaycan Respublikasında ali məktəblərin filoloji yönümlü fakültələrində 1995-1996-cı tədris ilindən etibarən tədris planına "Türk xalqları ədəbiyyatı" deyilən yeni bir fənn daxil edildi. ADPU-da bu fənnin tədrisi gənc alim və müəllim Elman Quliyevə tapşırıldı. Və gənc alim və müdərris həvəslə işə başladı. Əlbəttə, fənni tədris edərkən, E. Quliyev hər şeyi "yoxdan var etməli" idi. Çoxsaylı türk xalqlarının çoxəsrlik ədəbiyyatının onlarla ədəbi şəxsiyyətinin yüzlərlə əsərini, həyat və yaradıcılığını oxuyub öyrənmək, onları ələmək, ən aparıcı ədəbi simaları və onların ən aparıcı əsərlərini seçmək, ümumiləşdirmək, tədrisə gətirmək asan bir məsələ deyildi. Bu, həm uzun vaxt, həm böyük zəhmət, həm yüksək erudisiya və intellekt, həm də səbir və həvəs tələb edən bir problem idi. Elman müəllim tədricən bütün çətinliklərin öhdəsindən uğurla gəldi. Əvvəlcə fənnin proqramını tərtib etdi. Sonra dərslik yazmağa başladı və dərsliyin ilk nəşri 2009-cu ildə işıq üzü gördü. Lakin bu, dərsliyin ilk variantı idi. Bundan sonra müəllif dərslik üzərində işini davam etdirdi. Yeni axtarışlar, yeni materiallar, yeni sənətkarlar, yeni yanaşma və təhlillər nəticəsində dərsliyin müxtəlif illərdə yeni nəşrləri ərsəyə gəldi. Hər nəşr əvvəlkinə nisbətən daha təkmil, daha dolğun və zəngin şəkildə meydana çıxırdı. Beləliklə, kitabın son, yəni 2025-ci il nəşrinə gələn yol otuz ildən də çox bir zaman məsafəsini, bir müəllim həvəsini, türkçü ləyaqətini və əxlaqını, alim cəfakeşliyini və erudisiyasını əhatə edir. Göründüyü kimi, dərsliyin uğurunu təmin edən faktorların sayı çoxdur. Ən başlıcası, bu çoxsaylı keyfiyyətlərin bir şəxsiyyətdə qovuşmasıdır.
Onu da əlavə edək ki, dərsliyin ilk nəşrinə qədər və ondan sonra prof. E.Quliyevin türk xalqları ədəbiyyatına dair bir neçə dərs vəsaiti, monoqrafiyası, məqalələri və s. də işıq üzü görmüşdür. Bunlardan: "Müasir özbək ədəbiyyatı tarixi" (Bakı, 1999), "Türkiyə türk ədəbiyyatı" (Bakı, 2003), "Özbək ədəbiyyatı" (Bakı, 2009), "Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri" (Bakı, 2010, həmmüəlliflə), "Orta əsrlər türk xalqları ədəbiyyatı" (Bakı, 2010), "Şərq xalqları ədəbiyyatı" (2 cilddə, Bakı, 2011), "Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı" (Bakı, 2012), "Abay Kunanbayev" (Ankara, 2020), "Şərq xalqları ədəbiyyatı antologiyası" (Almaniya, 2023, həmmüəlliflə) və s. kitabları göstərə bilərik. Biz buraya müəllifin Mirzə İbrahimov, Məhəmmədhüseyn Şəhriyar, habelə Azərbaycan və Şərq ədəbiyyatının müxtəlif problemləri və ədəbi şəxsiyyətləri ilə bağlı çoxçeşidli tədqiqatlarını, monoqrafiya və məqalələrini də əlavə edə bilərik.
Elman müəllim ilk azərbaycanlı müəllifdir ki, onun ali məktəb dərsliyi (haqqında danışdığımız "Türk xalqları ədəbiyyatı" dərsliyi) özbək dilinə tərcümə edilərək, 2022-ci ildə Daşkənddə nəşr olunmuşdur. Eyni zamanda dərslik 2019-cu ildə Almaniyada, 2024-cü ildə Türkiyədə işıq üzü görmüşdür. Kitabdan həm Özbəkistanın, həm də Türkiyənin bir sıra ali məktəblərində dərslik kimi istifadə olunur. Hal-hazırda kitab Qazaxıstanda ali məktəblərdə tədris məqsədilə qazax dilinə tərcümə edilir.
Biz iftixar hissi ilə deyə bilərik ki, barəsində söz açdığımız kitab yalnız Azərbaycanda deyil, bütün türk dünyasında "Türk xalqları ədəbiyyatı tarixi" fənni ilə bağlı ilk və hələ ki yeganə dərslikdir. Müxtəlif türk xalqları arasında kitaba olan marağın başlıca səbəblərindən biri də budur.
Bir neçə kəlmə də müxtəsər olaraq kitabın son 2025-ci il nəşrinin detalları, təfərrüatı barədə. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, rəyçiləri bir neçə tanınmış filoloq alimlərdir. Məsləhətçilər isə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, TÜRKSOY-un Baş katibi Sultan Rayev, hal-hazırda Türkiyənin (prof. Birol Akgün), Özbəkistanın (Bahrom Aşrafxanov) və Qırğızıstanın (Maksat Mamıtkanov) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri olan yüksək səviyyəli rəsmi dövlət yetkililəridirlər. Kitab yalnız Azərbaycanda deyil, digər türk respublikalarında da eyniadlı fənnin dərsliyi kimi tövsiyə olunmuşdur və ondan həmin ölkələrdə də istifadə edilir. Kitaba millət vəkili, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev "Böyük türk ideallarına xidmət edən kitab" sərlövhəli dəyərli Ön söz də yazmışdır. Qədirşünaslıq naminə onu da əlavə edək ki, dərslik məhz C.Feyziyevin təşəbbüsü və dəstəyi ilə çap olunmuşdur. Millət vəkili kitaba yazdığı Ön sözdə haqlı olaraq deyir: "Sevindirici haldır ki, "Türk xalqları ədəbiyyatı" kitabı digər türk dövlətlərinin universitetlərində də dəyərli tədris mənbəyi kimi istifadə olunur. Professor Elman Quliyevin ...dərsliyinin 2022-ci ildə özbək dilinə tərcümə olunaraq böyük tirajla Daşkənddə, 2024-cü ildə isə Türkiyədə çap olunması, geniş mənada, türk dünyasında bu kitaba olan sevgi və tələbatın göstəricisidir. TÜRKSOY tərəfindən həm bu kitaba, həm də onun müəllifi, prof. Elman Quliyevin türkçülük fəaliyyətinə verilən diqqət və qayğını da vurğulamaq yerinə düşərdi".
Dərslikdə çəkilən əziyyətin, görülən işin miqyasını, tutumunu, çəkisini, əhatə dairəsinin genişliyini anlamaq və təsəvvür etmək üçün onun bölmələrinin adları ilə tanış olmaq kifayətdir: 1.Giriş. 2.Türk dastan yaradıcılığı. 3.Mahmud Kaşğari. 4.Təsəvvüf cərəyanı. 5.Ümumtürk yazılı ədəbiyyatı. 6.Türkiyə türk ədəbiyyatı. 7. Azərbaycan ədəbiyyatı. 8.Özbək ədəbiyyatı. 9.Türkmən ədəbiyyatı. 10.Qazax ədəbiyyatı. 11.Tatar ədəbiyyatı. 12.Qırğız ədəbiyyatı. 13.İraq-türkman ədəbiyyatı. Kitabın daha sonrakı 3 bölməsində qədim türk eposlarından, poeziyasından və nəsrindən bədii nümunələr verilmişdir. Dərslik zəngin və çoxsaylı kitabiyyatla tamamlanır. Ümumiyyətlə, kitabda 14 Türkiyə, 8 Azərbaycan, 12 özbək, 2 türkmən, 3 qazax, 3 tatar, 1 qırğız, 4 İraq-türkman sənətkarı haqqında əhatəli oçerklər yer alır. Kitabın yazılması və tərtibi zamanı müəllif həm tarixi-xronoloji, həm də "seçmə və ələmə" prinsipinə əməl etməli olmuşdur. "Seçmə və ələmə" prinsipi dedikdə, biz onu nəzərdə tuturuq ki, hər bir türk xalqının ədəbiyyatını təmsil edən onlarla və yüzlərlə sənətkar vardır. Təbii ki, həmin sənətkarların hamısını dərsliyə gətirmək mümkünsüzdür. Buna lüzum da yoxdur. Deməli, ədəbiyyatın aparıcı simalarını, əsas təmsilçilərini, belə demək mümkünsə, qaymaqlarını kitaba daxil etmək lazım idi. Müəllif doğru olaraq bu cür də hərəkət edib.
Kitabdakı oçerklər kifayət qədər dolğun, ümumiləşdirici səciyyəyə malik olub, istər elmi, istərsə də tədris-metodiki baxımdan səviyyəli təsir bağışlayır. Müəllifin dili, üslubu yetərincə sadə, anlaşıqlı, bir o qədər də elmidir. Kitab türk xalqlarının ədəbiyyat tarixinin əsas mənzərəsini canlandırmağa, təsəvvür etməyə yetərincə imkan verir. Cəsarətlə deyə bilərik ki, bu dərslik yalnız prof. E.Quliyevin yox, bütövlükdə Azərbaycan türkologiyasının uğuru kimi dəyərləndirilə bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
