AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, tənqidçi-ədəbiyyatşünas Tehran Əlişanoğlunun (Mustafayev) “Ədəbiyyatda Ali Baş Komandan” kitabı çap olunub. “Elm” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçisi millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimovadır.
Kitabda Tehran Əlişanoğlunun Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi fonunda ədəbiyyatda müzəffər obrazını işıqlandıran, təhlil və təsvir edən məqalələri toplanmışdır. Son illərdə Respublika Prezidentinin beynəlxalq arenada və ölkə həyatında, geopolitikada və diplomatiya dünyasında, qlobal problemlərin çözümü və həlli istiqamətində fəal iştirakı Azərbaycanın gücünü nümayiş etdirir. Çağdaş Azərbaycanın gücü ədəbiyyatda və kitabda adekvat təcəssümünü tapmışdır.
“Azərbaycanın gücü”, “Yeganə namizədimiz – İlham Əliyevdir”, “Tarixin fürsəti”, “Qalibiyyət və Ədəbiyyatın dərsləri”, “Ədəbiyyatda Ali Baş Komandan”, “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi”, “Şuşada dirçəliş havası”, “Çağdaş Ədəbiyyat dastanı”, “Bayraq dalğalandı”, “Yubiley saatı və Ədəbiyyatın missiyası”, “Ədəbiyyatda İrəvan konsepti”, “Konstitusiyamız – ədəbiyyatımız, ədəbiyyatımız – konstitusiyamızdır” başlıqlı məqalələrin hər biri Ali Baş Komandan İlham Əliyevin gördüyü masştablı işləri elmi düşüncənin predmetinə çevirir, fikir həyatımızda atdığı müstəsna xidmətləri ədəbiyyatın dili ilə analiz edir. Qeyd olunur ki, hazırda bədii, fəlsəfi-siyasi və humanitar düşüncənin kəsişdiyi ortaq konsepsiya bu tamlıqda və bütövlükdə öz ifadəsini ölkə başçısının ehtiva etdiyi lider obrazında, onun əməlində və işində tapır.
Kitabın üz qabığı Heyran Mustafazadəyə məxsusdur.

.jpeg)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
