Bu torpağın qoxusunu hiss eləyirsən?
Bax, bu torpaq... bu torpaq bir zaman həsrətin, yanğının, susqunluğun idi.
Biz uzun illər boyu o tərəflərə baxdıq…
Dumanlı dağların arxasında qalan evlərə, məzar yerlərinə, yarımçıq arzulara...
Və bir gün gəldi — torpaq bizi çağırdı. Dedi: “Mən sizi gözləyirəm, oğullarım”.
Və biz getdik... Qorxmadıq.
Çünki bilirdik, bu torpağa dönməyin dəyəri həyatdan da ucadır.
Bəli... həsrət bitdi!
Qırx dörd günün hər dəqiqəsi illərin ağrısını yudu, yüz illərin qürurunu oyatdı.
O qara xəbərli payızlar, həsrət məktubları, yarımçıq arzular indi bir bayraq kimi ucalıb göylərə.
Torpaq geri döndü, amma bu dönüş şəhidin canı, qazinin qanı, xalqın səbrilə yazıldı.
Bu torpaq müqəddəsdir. Hər dənəsində bir şəhidin ruhu yatır, bir qazinin nəfəsi dolanır.
Bu torpağın hər daşında bir iz var... şəhidin qanı, ananın göz yaşı, qazinin mərd addımları...
Bu gün bu torpaq rahat nəfəs alır, “Mən azadam!” deyir.
Şəhidlərimiz... siz torpaq oldunuz ki, torpaq biz ola bilsin.
Siz susdunuz ki, Vətən danışa bilsin.
Siz getdiniz ki, bayraq dalğalansın, göylərdə ucalıb desin:
“Bu mənim rəngimdir, bu mənim xalqımdır, bu mənim Zəfərimdir!”
Ey şəhidin anası, başını dik tut — sənin oğlun torpağı diriltdi, tarixdə iz qoydu!
Ey qazi qardaş, sənin yaraların bu torpağın bərpasının möhürüdür, sənin hər addımın bir millətin fəxridir!
Ey xalqım, sən səngərdə vuruşan əsgərin dualarısan, sən qələbənin səsi, Zəfərin nəfəsisən!
Bu gün göz yaşımız sevinclə qarışıb.
Bu gün hər evdə bir dua var: “Ruhları şad olsun!”
Çünki bu gün — qələbənin, səbrin, inamın, vətən sevgisinin günüdür.
Mən fəxr edirəm ki, bu torpağın övladıyam!
Mən fəxr edirəm ki, bu gün bayrağım şəhidin ruhu, qazinin fərəhi, xalqın qüruru kimi dalğalanır!
Zəfər bir tarix deyil — Zəfər bizik, bizim ruhumuz, bizim qəlbimiz, bizim sonsuz sevgimizdir!
Bu torpaq daha heç vaxt əsirlik görməsin, bu xalqın alnı həmişə ağ olsun!
Zəfər Günün Mübarək, Vətən!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
